İlham Əliyev Cozef Baydeni təbrik edib

İ.Əliyev və C.Bayden. 2016

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilmiş prezident seçkilərində qalib olduğu bildirilən Cozef Baydenə təbrik məktubu göndərib.

Azərbaycan dövlət başçısı yazıb ki, “Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.”

O, belə bir inamını ifadə edib ki, Co Baydenin prezidentliyi dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək.

Təbrikdə qeyd edilib ki, 30 ilə yaxın dövr ərzində Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu il sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutub.

Məktubda vurğulanıb ki, bu zaman Azərbaycan tərəfdən 93 mülki şəxs qətlə yetirilib, 400-dən çoxu yaralanıb:

“Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır. Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir.”

Prezident yazıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir:

“Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik”.

Prezident sonda da yazıb:

“Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır.”

Bu il noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Mübarizə Demokrat Partiyasının namizədi Co Bayden və hazırkı prezident, Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedib. Co Baydenin daha çox seçici səsi qazandığı bildirilir.

Buna da bax: Baydeni hələ təbrik etməyənlər də var

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində bu il sentyabrın 27-dən ağır döyüşlər başlayıb.

Azərbaycan açıqlayıb ki, bu 44 gündə 280 civarında kəndi, 4 qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz ), Şuşa və daha 4 şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.