Balakən rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatıyla uşaq dünyaya gətirən zaman qadının qarın boşluğunda tamponu unudub, əməliyyatı başa çatdırıblar. Bir müddət keçəndən sonra durumunun pisləşdiyini görən Nərmin Məmmədova bu dəfə Zaqatala Müalicə Diaqnostika mərkəzinə üz tutub. Məlum olub ki, aylardır qarın boşluğunda qalan tampon «çənbər bağırsağın perforasiyası və irinli peritonitin inkişafı»na səbəb olub. Birinci əməliyyatdan düz 6 ay sonra təkrar əməliyyat olunan 29-yaşlı qadının bağırsağının bir hissəsini kəsib götürüblər.
Bu olaya görə Balakən rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri, baş mama-ginekoloq Nərgiz Bicilova cinayət məsuliyyətinə cəlb olunub. Qeysəriyyə əməliyyatını o aparıb. Həkim qarın boşluğunu yoxlamadan tikib, orada tamponu unutmaqla yanaşı, həm də tibbi göstəriş olmadığı halda, qadını qeysəriyyə əməliyyatı etməkdə suçlanıb. CM-in 314.2 (səhlənkarlıq-ağır nəticələrə səbəb olduqda) maddəsiylə ittiham edilən N.Bicilova həbs olunmayıb. Həm istintaq, həm də məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Balakən rayon Məhkəməsi də bu maddə ilə onu təqsirli bilsə də, 2 il şərti cəza kəsib.
Buna da bax: Xəstə səhv müalicədən ciyərinin deşildiyini iddia edirTərəflər hökmdən narazı qalıb
Həkim də, iş üzrə zərərçəkən qismində tanınan N.Məmmədova da hökmdən narazı qalıb. Hər ikisi hökmdən apellyasiya şikayəti verib. Amma nəticə dəyişməyib. Ardınca hər iki tərəf Ali Məhkəməyə kassasiya şikayəti verib.
Zərərçəkənin fikrincə, həkimə çox yüngül cəza verilib. N.Məmmədova onun həbs olunmasını tələb edir. Hesab edir ki, başına gələnlərin səbəbkarı təkcə N.Bicilova deyil. O, həm də Balakən rayon Mərkəzi Xəstəxanasının əməliyyat blokunun tibb bacısı Elnarə Bodurovanı (o, bu iş üzrə şahid qismində həm istintaqda, həm də məhkəmədə dindirilib-red.), xəstəxananın ginekologiya şöbəsinin mama-ginekoloqu Sevil Mehdiyevanı da günahlandırır. Onların da cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmədən də adları çəkilən tibb işçiləri haqqında xüsusi qərar çıxarıb, prokurorluğa göndərməyi xahiş edib.
Buna da bax: ‘Yaxşı həkim Azərbaycanda qalmır…’N.Bicilova isə, əksinə, təqsirsiz olduğunu deyir və yuxarı instansiya məhkəmələrində şikayətlərində də ona bəraət verilməsini istəyib. Təqsirləndirilən həkim bildirir ki, qeysəriyyə əməliyyatını düzgün aparıb, uğurla da başa çatdırıb. O, zərərçəkmiş N.Məmmədovanın qarın boşluğunda tənzif qalmasına və bu üzdən onun səhhətinin ağırlaşmasına şübhə etdiyini vurğulayıb: «Maddi sübut sayılan tənzif, kəsilmiş bağırsaq ekspertizaya təqdim olunmayıb. Xəstənin qarnından tampon aşkar edildiyi iddia olunsa da, bu barədə akt və ya protokol tərtib olunmayıb».
Amma cinayət işinin materiallarından belə görünür ki, N.Bicilova Balakən rayon Məhkəməsinin sonunda müdafiə çıxışı vaxtı özünü təqsirli bildiyini deyib, ona yüngül cəza verilməsini istəyib.
Bugünlərdə Ali Məhkəmə də bu işi araşdırıb, tərəflərin heç birinin şikayəti təmin olunmayıb – aşağı instansiya məhkəmələrinin çıxardığı hökm və qərarlar qüvvədə saxlanıb.