Xəbərlər
Oyunda futbolçunun səhhəti pisləşib, xəstəxanaya aparılıb, UEFA məlumat yayıb

Futbolçunun səhhətinə görə dayandırılan Danimarka Finlandiya oyunu komandaların istəyinə uyğun olaraq bərpa olunub.
Qarşılaşma 1-0 Finlandiya yığmasının qələbəsi ilə başa çatıb.
***
Danimarkanın oyunçusun vəziyyəti haqqında UEFA-nın Tvitter səhifəsində məlumat paylaşılıb.
"Christian Eriksen ilə bağlı tibbi təcili yardımdan sonra hər iki komanda və oyun rəsmiləri ilə böhran iclası baş tutdu və əlavə məlumatlar saat 19: 45-də çatdırılacaq. Oyunçu xəstəxanaya köçürülüb və vəziyyəti sabitləşib" deyə məlumatda bildirilir.
***
AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində keçirilən Danimarka – Finlandiya oyunu dayandırılıb. Buna səbəb oyun zamanı futbolçu Kristian Eriksenın qəfil yıxlması olub.
Meydançadan uzaqlaşdırılan futbolçunun xəstəxanaya yerləşdirildiyi deyilir.
Oyun dayandırılıb. Onun davam etdirilib-etdirilməyəcəyi bəlli deyil.
Oyun yenidən davam edir.
***
Bakıda AVRO-2020-nin oyunu, heç-heçə
İyunun 12-də Bakıda AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində Uels və İsveçrə yığmalarının qarşılaşması baş tutub. Oyun heç-heçə başa çatıb: 1-1.
Bu görüşlə A qrupunda ilk tura yekun vurulub.
A qrupunda ilk oyun iyunun 11-də Türkiyə-İtaliya yığmaları arasında olmuşdu. Qarşılaşma italyanların 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.
İyunun 12-də AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.
61 yeni yoluxma aşkarlanıb

Azərbaycanda koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 775 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746, ötən müddət ərzində isə ümumilikdə 3 615 110 test aparılıb.
Nazirlik: Avro-2020 ilə bağlı internet yüksək səviyyədə olacaq

Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Bununla bağlı test işləri aparılıb.
Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbər yayıb.
Nazirlikdən bildirilir ki, oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.
NRYTN nəqliyyat xidmətlərinin təminatı ilə bağlı da plan hazırlayıb. Bakı Taksi Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.
Bu il iyunun 11-dən iyulun 12-dək futbol üzrə Avropa çempionatı keçirləcək, Bakı həmin oyunlardan bir neçəsinə ev sahibliyi edəcək.
Fövqəladə Hallar Nazirliyi də həmin ərəfədə gücləndirilmiş rejimdə işləyəcək
Fövqəladə Hallar Nazirliyi də Avropa çempionatı oyunları keçiriləcəyi günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.
Bu haqda FHN-dən məlumat verilib.
Nazirlikdə bununla bağlı qərargah yaradıldığı bildirilir.
Oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə təhlükəsizlik müayinələri keçirildiyi deyilir.
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Oilprice.com" saytı xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,45 ABŞ dollar və ya 0,6% artaraq 73,98 dollar olub.
73 yoluxma, ölüm yox

Azərbaycanda iyunun 11-də koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda koronavirusa yoluxmadan ölüm faktı yoxdur.
MN: Kəlbəcər istiqamətində mövqelər atəşə tutulub
Müdafiə Nazirliyi iyunun 11-də Ermənistan silahlı qüvvələrinin
Azərbaycan Ordusunun mövqelərini gün ərzində ikinci dəfə atıcı silahlardan atəşə tutması haqda məlumat yayıb.
Məlumata görə, saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətindəki mövqelərə atəş açıblar.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı deyilir.
Ermənistan Müdafiə Nazirliyi atəş açmadıqlarını bildirir və Azərbaycan tərəfin dediklərini təkzib edir.
Nazirlik Azərbaycan tərəfin Geqarkun vilayətinin Kut kəndi yaxınlığında mühəndis işləri görməyə çalışdıqlarını, amma əks cavabdan sonra işə son verildiyini bildirirlər.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan mütəmadi atəşə tutublar.
Nazirlik qeyd edir ki, həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır.
İyunun 10-da da Ermənistan və Azərbaycan Kəlbəcər istiqamətində atışma olması haqda məlumat yaymışdılar.
Çin və ABŞ-ın baş diplomatları telefonla danışıblar

Çinin CCTV dövlət televiziyası telefon söhbəti haqda informasiya versə də detalları açıqlamayıb.
Çinin baş diplomatı Yanq Jieçi və ABŞ-ın Dövlət katibi Entoni Blinken iyunun 11-də telefon söhbəti ediblər. Bu söhbət ikitərəfli münasibətlərin gərginləşdiyi, aparıcı sənaye ölkələrinin İngiltərədə bir araya gəldiyi bir dönəmdə baş tutur. Böyük Yeddiliyin (G7) sammitində Pekinin əsas müzakirə mövzularından biri olacağı gözlənir.
Çinin CCTV dövlət televiziyası telefon söhbəti haqda informasiya versə də detalları açıqlamayıb.
Bu həftə ABŞ Senatının təsdiqlədiyi layihə ölkənin yüksək texnologiyalar sektorunda rəqabətliliyini gücləndirməyi nəzərdə tutur.
ABŞ Prezidenti Co Bayden ədalətsiz ticarət məsələsində Çinə qarşı dirəniş vəd edib. Bu məsələ uzun müddətdir Vaşinqtonla Pekin arasında mübahisə mövzusudur.
Yanq Çinin hakim Kommunist Partiyasının Mərkəzi Xarici Məsələlər Komissiyasının başçısıdır. Martda Bayden prezidentliyi dövründə ilk yüksək səviyyəli ABŞ-Çin iclasında o, Blinken və Birləşmiş Ştatların digər rəsmiləri ilə açıq şəkildə sərt fikir mübadiləsi aparıb.
'Şuşada müqavilə imzalayacağıq' - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərində iki ölkə arasında hərtərəfli müqavilənin bağlanacağını bildirib.
Xəbəri "Anadolu" agentliyi yayıb.
"Bu, Türkiyə və Azərbaycan arasında indiyədək imzalanan ən böyük müqavilələrdən biri olacaq", – prezident deyib.
O, Azərbaycana səfəri zamanı öncə Füzuliyə, oradan da Şuşaya gedəcəyini qeyd edib.
İyulun 15-də Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir.
Metro hər gün işləyəcək
Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək.
Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək. Bu haqda iyunun 11-də "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda deyilir.
"Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək",- qurumun məlumatında qeyd olunur.
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar metropoliten matçlar başa çatandan sonra gecə saat 2-yə qədər fəaliyyət göstərəcək.
Məlumatda o da deyilir ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni göstərərək istifadə edə biləcəklər.
Azərbaycan və Pakistan generalları görüşüb

İyunun 10-da Bakıda Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən xəbər veriblər.
Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətlərinin, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələlərinin müzakirə edildiyi deyilir.
Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.
General-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə gündür Azərbaycandadır, müxtəlif görüşlər keçirir.
Futbol üzrə Avropa çempionatı başlayır

İyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da Romadakı "Olimpiko" stadionunda Türkiyə-İtaliya qarşılaşması ilə futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək. Oyundan əvvəl Avro-2020-nin rəsmi açılış mərasimi keçiriləcək.
Çempionatın oyunlarına Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo, Budapeşt şəhərləri ev sahibliyi edəcək.
Bakının Olimpiya Stadionunda A qrupunun üç və 1/4 mərhələsinin bir oyunu keçiriləcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Azərbaycan paytaxtı 1/4 mərhələsinin qarşılaşmasına isə iyulun 3-də ev sahibliyi edəcək.
Türkiyə-Uels qarşılaşmasını Azərbaycan və Türkiyə prezidentləri stadionda izləyəcəklər.
Avro-2020 koronavirus pandemiyası ucbatından bir il ertələnmişdi.
Avtobus qəzasında azı 23 zəvvar həlak olub

Rəsmi məlumata görə, sürücü dönmə zamanı sürətlə gedən avtobusa idarəetməni itirib
Pakistan polisi sufi məbədinə ziyarətdən qayıdan avtobusun Baluçistan vilayətində magistralda çevrildiyini, azı 23 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirir.
Qəza qurbanları yaxınlıqdakı xəstəxanaya aparılıb.
Rəsmi məlumata görə, sürücü dönmə zamanı sürətlə gedən avtobusa idarəetməni itirib. Zəvvarlar qonşu Sind vilayətindəki Dadu şəhərində məbəddən qayıdırmış.
Yerli media 30 yaralıdan çoxunun ağır vəziyyətdə olduğunu xəbər verir.
Pakistanın yolları, təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində tez-tez nəqliyyat qəzaları baş verir.
Makrona şillə vurana 4 ay həbs

İnsident iki gün öncə Makronun Fransanın cənubuna səfəri zamanı baş verib.
Özünü sağçı kimi təqdim edən 28 yaşlı fransız Prezident Emmaneul Makrona şillə vurduğuna görə 4 ay həbsə məhkum edilib. Damien Tarel barədə hökm iyunun 10-da ölkənin cənub-şərqindəki Valans şəhərində məhkəmə tərəfindən çıxarılıb.
İnsident hökmdən iki gün öncə Makronun Fransanın cənubuna səfəri zamanı baş verib.
Tarel dövlət qulluqçusuna hücumda ittiham olunub. Bu ittihamda maksimum üç il həbs və 45 min avro cərimə nəzərdə tutulur. O, 18 ay həbsə məhkum edilib, onun 14 ayı şərti hesab olunub.
Tarel həmçinin beş il ərzində Fransada dövlət qulluğunda xidmətdən, yaxud silah saxlamaqdan məhrum edilib.
Makronu sol yanağından sillələyən Tarel bir neçə əsr əvvələ aid müharibə şüarı səsləndirib. O, ifadəsində hücumun impulsiv olduğunu, Makronun “ölkəmizdə iflası təmsil etməsi” inancından doğduğunu deyib.
Müstəntiqlərə ifadəsində Tarel özünü ifrat-sağçı baxışlı kimi təqdim edib, amma heç bir partiya, yaxud qrup üzvü olmadığını söyləyib.
Azərbaycan və Ermənistan tərəfi atəş açıldığını bildirir

Ermənistan Müdafiə Nazirliyi iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.
Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.
Azərbaycan Müdafiə Nazirliyi də bu haqda məlumat yayıb. Məlumatda deyilir ki, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.
Hər iki tərəf də bildirir ki, həlak olan və ya yaralanan yoxdur.
“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir” – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Azərbaycan tərəfi baş vermiş hadisəyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.
Son günlər Kəlbəcər istiqamətində vəziyyət gərgindir. Bir müddət öncə Azərbaycan tərəfi Ermənistana aid kəşfiyyat-diversant qruplarının sərhədi keçməsi, onlardan 6 nəfərinin saxlanılması haqda xəbər yaymışdı.
Bir qədər sonra isə Kəlbəcər rayonu Susuzluq kəndində 3 nəfər mülki vətəndaş – ikisi journalist və bir məmur minaya düşərək həlak olub, 4 nəfər yaralanıb.
Baş Prokurorluq: terrorçu olduğu deyilən 26 nəfərin işi məhkəməyə göndərildi

Baş Prokurorluq Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvü olduğu deyilən daha 26 nəfər barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb.
Onların ötən il dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində saxlanıldığı deyilir.
Məlumata görə, silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabrında Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində döyüş mövqeləri tutublar.
Onların dekabrın 13-dək müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdiyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Andranik Mikaelyan, Setrak Soğomonyan, Rafik Karapetyan və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.