Xəbərlər
Hacı Vəliyev haqqında həbs qərarı qüvvədə saxlanıb

Bu gün, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə "Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında verilən həbs qərarı qüvvədə saxlanıb.
Bu barədə həmin birlikdən məlumat verilib.
"Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib", - qurumun açıqlamasında vurğulanır.
"Gənc Qazilər" Birliyinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
1 aprel
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib
Aprelin 1-də Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və H.Vəliyev barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
H.Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi deyilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıb. Bu barədə məlumatı onun yaxınları verib.
Məlumatlara görə, onu martın 31-də gecə saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.
Onun saxlanması ilə bağlı deyilənləri yerli saytlara Daxili İşlər Nazirliyindən (DİN) də təsdiqləyiblər. Vurğulandığına görə, H.Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə cinayət işi mövcud olub.
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb, sərbəst buraxıldığı bildirilmişdi.
Gənc Qazilər Birliyi 2021-ci ildə "Qarabağ qaziləri" İctimai Birliyinin nəzdində yaradılıb.
Britaniya vətəndaşlarına Azərbaycanın cənub-qərbinə getməməyi tövsiyə edir

Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib. Bununla bağlı Britaniya hökumətinin saytında məlumat dərc olunub.
"Ermənistanla sərhəd bağlıdır. FCDO Azərbaycan ilə Ermənistan arasındakı gərginliklər səbəbindən Ermənistanla sərhədin 5 kilometrindən yaxın ərazilərə səyahət etməməyi tövsiyə edir", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu tövsiyə 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələri - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarını əhatə edir. Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına, hələlik, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
İran birbaşa nüvə danışıqları ilə bağlı Trampın çağırışını rədd edir

İranın xarici işlər naziri ABŞ-nin Tehranın nüvə ambisiyaları ilə bağlı birbaşa danışıqların keçirilməsi ilə bağlı təkliflərini rədd edib. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp üzbəüz danışıqlara çağırış etmişdi.
İran Xarici İşlər Nazirliyinin aprelin 6-da yaydığı bəyanatda Abbas Əraqçi Tehranın Vaşinqtonla dolayı danışıqlara hazır olduğunu bildirib.
"İran bütün mümkün və ehtimal olunan hadisələrə qarşı hazırlıqlıdır. Necə ki diplomatiya və danışıqlarda ciddi və prinsipial mövqe tutur, eyni qətiyyət və ciddiyyətlə də milli maraqlarını və suverenliyini müdafiə edəcək", – onun sözlərindən sitat gətirilib.
Əraqçinin bu açıqlamaları Trampın Tehrana "birbaşa danışıqlar" təklif etməsindən üç gün sonra səslənib. Tramp bildirmişdi ki, belə danışıqlar "daha sürətlidir" və qarşı tərəfi daha yaxşı anlamağa imkan verir.
Ötən ay prezident Tramp İranın ali dini rəhbəri Əli Xameneiyə məktub göndərərək danışıqlara çağırıb və diplomatiya uğursuz olacağı təqdirdə hərbi tədbirlər barədə xəbərdarlıq edib.
İran prezidenti Məsud Pezeşkian isə aprelin 5-də bildirib ki, Tehran "bərabər əsaslar üzərində" dialoqa hazırdır.
2015-ci ildə İran nüvə fəaliyyətini məhdudlaşdırmaq üçün ABŞ, Fransa, Çin, Rusiya, Britaniya və Almaniya ilə mühüm razılaşma əldə edib.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il sazişi İran iqtisadiyyatına tətbiq olunmuş sanksiyaları yüngülləşdirib.
Trampın ilk prezidentliyi dövründə ABŞ sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.
Rəsmi Tehran İranın nüvə silahı yaratmağa çalışması ilə bağlı Qərbin iddialarını rədd edir və bunun elektrik enerjisi istehsalı kimi mülki məqsədlərə yönəldiyini bildirir.
Hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir

Azərbaycanda bir hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir.
Hərbi Prokurorluqdan yerli saytlara verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Musazadənin partlayış nəticəsində ölməsi faktı əsasında müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib.
Məlumata görə, fakt üzrə Füzuli hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.
Hadisənin baş vermə tarixi açıqlanmır. Rəsmi açıqlamaya, hələlik, hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Minaya düşənlər var

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bir əməkdaşının aprelin 6-da minaya düşdüyü bildirilir.
AZƏRTAC-ın məlumatına görə, hadisə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verib.
ANAMA-dan bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".
İki gün əvvəl, aprelin 5-də isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində üç nəfərin yaralandığı açıqlanmışdı. Onlardan birinin ata, digərlərinin isə onun uşaqları olduğu deyilirdi.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Olaylara, hələlik, zərərçəkən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr (2020) sazişindən sonra ölkənin 70 vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar.
Yerevan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan həmin sazişdən sonra işğaldan azad edilən bəzi rayonların mina xəritələrini Azərbaycanda tutulan bir sıra hərbçilərinin qaytarılması əvəzində Bakıya təqdim edib. Sonradan Azərbaycan bu xəritələrin yetərli olmadığını bildirdi. Ermənistan baş naziri Nikol Paşinyan da buna cavab olaraq əllərində olan xəritələri təqdim etdiklərini vurğuladı.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Rusiya Moldova səfirliyinin üç əməkdaşını ölkədən çıxarır

Aprelin 4-də Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona səfirliyin üç əməkdaşının "persona non grata" (arzuolunmaz şəxs) elan olunması barədə nota təqdim olunub.
Rusiya XİN-in saytında bildirilib ki, bu qərar qarşılıqlılıq prinsipi əsasında verilib.
Bu həftənin əvvəlində Moldova Rusiya səfirliyinin üç əməkdaşını "persona non grata" elan edərək ölkədən çıxarıb. Moldova XİN bəyanatında bildirib ki, rusiyalı diplomatların diplomatik statusla bir araya sığmayan fəaliyyətinə dair "aydın dəlillər" var.
Bu qərardan qısa müddət əvvəl isə Moldova rəsmiləri Rusiya səfirliyini Kremlpərəst moldovalı deputatın həbs cəzasından yayınmasına kömək etməkdə ittiham edib.
Rusiya XİN səfirliyin Moldova Respublikasının daxili işlərinə qarışmaqda ittiham olunmasının heç bir əsası olmadığını bəyan edib.
Rusiya dronları Xarkova hücum edib, ölənlər var

Aprelin 3-də Rusiya dronları Ukraynanın Xarkov şəhərində yaşayış binalarını vurub, nəticədə azı dörd nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə regional qubernator Oleq Sinequbov "Telegram"dakı paylaşımında məlumat verib. O, dron hücumunun yanğınlara səbəb olduğunu və yaralananlar arasında iki uşağın olduğunu bildirib. Onun sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış bloku dağılıb və bir binanın damında yanğın baş verib.
Şəhər meri İqor Terexov isə bildirib ki, Rusiya ordusu 40 dəqiqə ərzində Xarkova azı 14 zərbə endirib. O, hücum nəticəsində yaralı sayının 35 olduğunu bildirib.
Dnepr şəhərinə və Zaporojye vilayətinə də dron hücumları olub, dörd nəfər yaralanıb.
Moskva meri Sergey Sobyanin aprelin 4-ü səhər saatlarında bildirib ki, Rusiya hava hücumundan müdafiə bölmələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatını vurublar.
Kənd Təsərrüfatı Nazirliyində ev dustağı olanlar var

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib.
Bu barədə aprelin 3-də Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov rüşvət almaqda şübhəli sayılırlar. Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb: "Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Barələrində... Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib".
Hələlik, ittihamlara sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Bu ittihamlar təsdiqini taparsa, şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər.
Çexiya belaruslu jurnalist və QRU zabitini sanksiya siyahısına salıb

Çexiya Belarus vətəndaşı Natalya Sudlenkova və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti Aleksey Şavrovu sanksiya siyahısına salıb. Bu haqda Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) bildirib.
N.Sudlenkova 1999-cu ildə Çexiyada sığınacaq alıb, belaruslu jurnalistdir. O, vaxtilə Belarusda Aleksandr Lukaşenko rejiminə qarşı müxalifətin tanınmış simalarından olub.
Çexiya xüsusi xidmətinin məlumatına görə, Sudlenkova bu ölkədə qaldığı müddətdə Rusiya strukturları — "Rosatom" korporasiyası, Həmvətənlərin hüquqlarına dəstək və Müdafiə Fondu ilə əməkdaşlıq edib, "Ölməz alay" ictimai təşkilatı ilə əlaqələri olub. Sudlenkova xidmətlərinə görə mükafatlandırılıb, A.Şavrov da ona mükafat verib.
Xüsusi xidmətin direktoru Mixal Kudelka BIS əməliyyatını "uzunmüddətli, uğurlu və mürəkkəb" adlandırıb.
Çexiyanın xarici işlər naziri Yan Lipavski Sudlenkovanın QRU-nun əsas əməkdaşı olduğunu bildirib. Moskvanın tapşırıqları əsasında o, Çexiya mediasında məqalələr dərc etdirib, sanksiyalar altında olan rusiyalı işadamı Əlişir Usmanovun xeyrinə fəaliyyət göstərib.
Sudlenkova Çexiyanı 30 gün ərzində tərk etməlidir. Çex mediasının məlumatına görə, Şavrov Rusiyadadır.
Çexiya Respublikasında Sudlenkova rusdilli həftəlik "Praqa teleqrafı"nın baş redaktoru vəzifəsində çalışıb. O, vaxtilə Azad Avropa Radiosu/Azadlıq Radioları, "Tyden" və "Lidove noviny" nəşrləri ilə də əməkdaşlıq edib.
Sudlenkova Belarus Xalq Cəbhəsinin fəaliyyətində iştirakına görə üzləşdiyi təqiblərdən dolayı siyasi sığınacaq alıb. Belarus hakimiyyəti onu maliyyə cinayətlərində günahlandırıb və 2002-ci ildə Sudlenkova İnterpolun orderi əsasında Almaniya ilə sərhəddə saxlanıb. Lakin Çexiya Məhkəməsi Minskin ekstradisiya tələbini rədd edib, Sudlenkovaya ittihamları əsassız sayıb.
2011-ci ildə Çexiya televiziyasına müsahibəsində Sudlenkova deyirdi: "Cənab Lukaşenko və komandasındakı insanlarla müəyyən problemlərim olub. Biz eyni ölkədə qala bilməzdik".
Azər Qasımlının həbs müddəti 2 ay uzadıldı

Bu gün, aprelin 3-də Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Yasamal rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmə A.Qasımlının həbs-qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.
21 yanvar
Azər Qasımlının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə aid verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Vəkil qeyd edib ki, A.Qasımlı prosesdə heç bir cinayətin törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirib: "Azər bəy öz həbsini qanunsuz adlandırıb".
A.Qasımlının yoldaşı Samirə Qasımlı da bildirib ki, məhkəmədən heç bir gözləntisi yox idi: "Biz bilirik ki, hakimiyyət Azər Qasımlını nə üçün tutub və tutubsa, onu həmən buraxmayacaq. Sadəcə vəkilin tövsiyəsi ilə növbəti instansiyalardan keçmək üçün bu prosedurlardan keçmək lazımdır. Biz bu hüquqi prosedurlardan keçirik, amma bilirik ki, qərar hüquqi müstəvidə deyil, siyasi səviyyədə qəbul olunur".
Hələlik, bu açıqlamalara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yanvarın 15-də Yasamal rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmamışdı.
A.Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
17 yanvar
Azər Qasımlının xanımı polisdə ifadə verib
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bu gün, yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.
Bu barədə onun özü məlumat açıqlayıb.
S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".
Ermənistan ordusunun keçmiş başçısına əlavə ittihamlar verilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyana yeni ittihamlar irəli sürülüb. O, baş nazir Nikol Paşinyanı 2020-ci il Qarabağ müharibəsini düzgün idarə etməməkdə suçlamışdı.
M.Akopyana ittihamlar 2016-cı ildə Rusiyadan, prokurorların dediyinə görə, "qüsurlu" hərbi avadanlıq almaqdan qaynaqlanır. İşi aparan prokuror Karen Karapetyan Ermənistan İctimai Televiziyasına deyib ki, 2017-ci ildə Ermənistan ordusuna mobil atəşə nəzarət sistemləri verilib. Onlar "qarşıya qoyulan tapşırıqları icra edə bilməyib, praktik şəraitdə taktiki və texniki xüsusiyyətlərinə uyğun gəlməyib". Karapetyanın sözlərinə görə, Akopyan və digər aparıcı generalın "səhlənkarlığı" dövlətə 4.3 milyard dram (11 milyon dollar) ziyan vurub.
Akopyan 2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. O, vəkili Muşeğ Aleksanyan vasitəsilə ittihamları rədd edib. Vəkil silah sazişinin onunla heç bir əlaqəsi olmadığını, ali qurum tərəfindən təsdiqləndiyini bildirib. Vəkil detallı danışmayıb.
Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, müvəkkili iddianın müddətinin keçməsi məsələsini qaldıra bilərdi. Akopyan isə təqsirsizliyini məhkəmədə sübuta yetirmək qərarı verib.
Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gələndən az sonra Akopyanı vəzifədən uzaqlaşdırıb, sonradan onu baş hərbi müfəttiş təyin edib. General isə Ermənistan 2020-ci ildə Azərbaycanla müharibədə uduzandan sonra istefa verib. O, məğlubiyyətə Paşinyanın fəlakətli qərarlarının səbəb olduğunu iddia edib.
Akopyan 2020-ci ilin noyabrında ölkə rəhbərliyini silah alışına görə tənqid edib. Xüsusilə Rusiyadan "Su-30SM" qırıcılarını, ikinci əl havadan müdafiə sistemlərini göstərib, bunların müharibədə faydalı olmadığını deyib. Paşinyan ittihamları rədd edib.
60 yaşlı Akopyan 2021-ci ilin mayında dövlət sirlərini yaymaqda ittiham olunub. Bu məhkəmə hazırda qapalı keçirilir.
Bir neçə general da müxtəlif maddələrdə suçlanır, özləri ittihamları rədd ediblər. Onlar Ermənistanın məğlubiyyətinə görə Paşinyanı, o isə keçmiş liderləri ittiham edir.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir

ABŞ ordusu regional təhdidlərə cavab vermək məqsədilə ikinci təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndəriləcəyini açıqlayıb. ABŞ qüvvələri Qırmızı dənizdəki gəmilərindən Yəməndəki husi qruplaşmalarını vurmağa davam edir.
Pentaqonun sözçüsü Şon Parnell aprelin 1-də açıqlamasında bildirib ki, "Karl Vinson" təyyarədaşıyan gəmisi "regional sabitliyi təşviq etmək, təcavüzün qarşısını almaq və regionda sərbəst ticarət axınını qorumaq üçün" hazırda Yaxın Şərqdə olan digər təyyarədaşıyan "Harri Trumen"ə qoşulacaq.
Bu açıqlama ABŞ qüvvələrinin Yəməndə husi döyüşçülərinə hər gün hava zərbələri endirdiyi bir vaxta təsadüf edir. Bu zərbələrin bölgədəki mülki və hərbi gəmilər üçün husilərin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədi daşıdığı bildirilir.
Ş.Parnellin sözlərinə görə, müdafiə naziri Pit Heqset açıq şəkildə bəyan edib ki, "İran və ya onun proksiləri Amerika personalını və regiondakı maraqlarını təhdid edərsə, ABŞ xalqımızı müdafiə etmək üçün qətiyyətli addımlar atacaq".
Husilər (ABŞ tərəfindən terrorçu qrup kimi tanınıb) 2023-cü ildə Qəzza müharibəsinin başlamasından sonra Qırmızı dəniz və Ədən körfəzindəki gəmiçilik fəaliyyətlərini hədəf alırlar. Onlar fələstinlilərlə həmrəylik göstərdiklərini iddia edirlər.
Husilərin hücumları gəmilərin Süveyş Kanalı vasitəsilə keçməsinə mane olub, bir çox şirkətləri mallarını cənubi Afrika ətrafından, daha uzun və baha başa gələn bir yol ilə göndərməyə məcbur edib.
Prezident Donald Tramp martın 31-də bildirib ki, husilərə qarşı zərbələr gəmiçilik üçün təhlükə qalmayana qədər davam edəcək.
"Husilər üçün seçim aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq. Əks halda, biz yeni başlamışıq və həm husilər, həm də onların İrandakı sponsorları üçün əsl ağrı hələ gəlməkdədir", - Tramp özünün "Truth Social" postunda yazıb.
Dövlət katibi Marko Rubio hücumların "İrana mesaj" olduğunu və husilərə dəstək verməyi dayandırmalarını tələb etdiyini söyləyib.
Əli Kərimlinin sürücüsü 30 sutka həbs edilib

Aprelin 1-də Nərimanov rayon Məhkəməsində AXCP üzvü Zaur Rzalı inzibati qaydada 30 sutka həbs edilib.
AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb.
Partiyadan onun şərləndiyi bildirilir.
Hələlik, AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
"Repressiya maşınına legitim hədəf"
AXCP-dən daha öncə verilən məlumata görə, Z.Rzalı sədr Əli Kərimliyə könüllü sürücülük edir: "AXCP Binəqədi rayon şöbəsinin üzvü Zaur Rzalı Nərimanov rayonu ərazisində avtoyuma məntəqələrinin birində avtomobilini yuduzduran zaman üç mülkigeyimli şəxs tərəfindən saxlanıb".
AXCP sədri Ə.Kərimli isə bildirib ki, o, bu gün, aprelin 1-də Z.Rzalı ilə həbsdə olan jurnalistlərin məhkəməsinə getməli idi. Ə.Kərimlinin vurğulamasına görə, hakimiyyət onun ətrafındakı adamları "repressiya maşınına legitim hədəf" kimi təqdim edir.
Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü (onlardan ikisi AXCP sədrinin mühafizəçiləridir) həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
'Gürcü arzusu' parlamentdə mübahisəli qanun layihələrini təsdiqləyib

İqtidarda olan "Gürcü arzusu" partiyasının nəzarətindəki Gürcüstan parlamenti kütləvi informasiya vasitələri (KİV ) və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini məhdudlaşdıran bir sıra qanunlar və qanunlara əlavələri üçüncü oxunuşda qəbul edib.
Parlamentin üçüncü və sonuncu oxunuşda təsdiqlədiyi bir neçə mübahisəli qanun layihələri arasında ABŞ-nin "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA) əsasında hazırlanan yeni "xarici agentlər" haqqında qanun da var. Lakin Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, bu qanun Amerika analoqundan fərqli olaraq, xarici təsirlərə qarşı deyil, daha çox müstəqil vətəndaş cəmiyyəti təşkilatları və KİV-lərə qarşı yönəlib.
Parlamentin təsdiqlədiyi "Yayım haqqında" qanuna dəyişiklik çərçivəsində yayımçıların xaricdən maliyyələşdirilməsi tamamilə qadağan edilir, jurnalist fəaliyyətinə, o cümlədən informasiya mənbələrinin qorunmasına yeni məhdudiyyətlər tətbiq olunur, pozuntulara görə nəzarət və sanksiyalar gücləndirilir. Qanun onlayn yayım platformalarına da təsir edir.
Üçüncü oxunuşda təsdiqlənən digər bir düzəliş gender bərabərliyi ilə bağlıdır. Belə ki, qüvvədə olan 15-ci qanundan "gender" termini çıxarılır. "Gender bərabərliyi" ifadəsi "qadın və kişilərin bərabərliyi" ilə əvəz edilir, "gender identikliyi" anlayışı isə tamamilə ləğv olunur. Ekspertlər bu dəyişiklikləri ifrat sağçı seçicilərə güzəşt kimi qiymətləndirir.
Parlament həmçinin Gürcüstanda QHT-lərin qanunvericilik prosesində məcburi iştirakının ləğvini də təsdiqləyib. Hakim "Gürcü arzusu" partiyası bunu "antidemokratik" və "təxribatçı" fəaliyyətlə mübarizə kimi izah edir. Lakin QHT-lərin siyasətdə iştirakı Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün əsas tələblərdən biri idi.
Üçüncü - yekun oxunuşdan sonra parlament qanunları imzalanmaq üçün prezident Mixeil Kavelaşviliyə göndərir. Yayım, gender bərabərliyi və QHT-lərin qanunvericilik prosesində iştirakı ilə bağlı dəyişikliklər prezidentin imzasından dərhal sonra, "Xarici agentlərin qeydiyyatı haqqında" qanun isə imzalandığı gündən 60 gün sonra qüvvəyə minəcək.
Artıq dörd aydan çoxdur ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan geri çəkilməsini elan etdikdən sonra etirazlar daha da alovlanıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, hakimiyyəti avtoritarizmdə və demokratik prinsiplərdən uzaqlaşmaqda günahlandırırlar.
Marin Le Pen mənimsəmədə təqsirli bilindi, seçkilərdə iştirakdan məhrum edildi

Fransa məhkəməsi ifrat sağçı lider Marin Le Peni Avropa İttifaqının (Aİ) vəsaitinin israfında təqsirli bilib və onu 5 il müddətinə vəzifəyə namizədliyini irəli sürməkdən məhrum edib. Bu qərar 2027-ci il prezident seçkilərinin əsas favoriti olan Le Peni yarışdan kənarda qoya bilər.
Məhkəmə martın 31-də "Milli Cəbhə" partiyasının üzvü olan Le Peni 4 il həbs cəzasına məhkum edib. Onun 2 ilini ev dustaqlığında keçirməsi, qalan 2 ilinin isə şərti cəza kimi təxirə salınması qərara alınıb.
Le Pen kimi, Avropa Parlamenti üzvü olmuş, partiyanın hazırkı və keçmiş səkkiz üzvü, eləcə də Le Penin və partiyasının 12 köməkçisi "Milli Cəbhə"nin xeyrinə Aİ vəsaitlərini israf etməkdə təqsirli biliniblər. Le Pen 2011–2021-ci illərdə partiyaya rəhbərlik edib.
Təqsirləndirilən bu şəxslər vəsaitləri şəxsi məqsədləri üçün mənimsəməkdə deyil, 2004–2016-cı illərdə partiya üçün çalışan işçilərin maaşlarını ödəmək məqsədilə Avropa Parlamentinin vəsaitlərini qanunsuz istifadə etməkdə ittiham olunublar. Halbuki bu vəsaitlər Avropa Parlamentinin köməkçiləri üçün nəzərdə tutulub.
"Araşdırmalar göstərdi ki, bunlar sadəcə inzibati səhvlər deyil... Əksinə, partiyanın xərclərini azaltmaq məqsədilə qurulmuş bir sistem çərçivəsində mənimsəmə hallarıdır", – hakim öz hökmündə bildirib.
56 yaşlı Marin Le Pen və digər müttəhimlər ittihamları rədd edir və qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin Le Penin seçkilərdə iştirakına qoyulan qadağa dərhal qüvvəyə minir və yalnız apellyasiyanın nəticəsi uğurlu olarsa, ləğv edilə bilər.
2017 və 2022-ci il prezident seçkilərində Emmanuel Makrona məğlub olan Le Pen 2027-ci ilin onun üçün sonuncu prezidentlik yarışı olacağını bildirib.
Məhkəmə prosesində ifrat sağçı lider prokurorların onun siyasi ölümünü hədəflədiyini deyib. O, hökm elan olunmazdan əvvəl məhkəmə zalını tərk edib.
Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub

Martın 31-də Azərbaycan prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı əsnasında iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub: "Hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb".
Bu telefon danışığı son günlər Azərbaycanın cənub qonşusu ilə ABŞ arasında gərginliyin artması fonunda gerçəkləşib.
ABŞ prezidenti Donald Tramp İranı yeni sanksiyalar, tariflər, hərbi addımlarla hədələyib. Buna İran prezidentinin ölkəsinin sürətlə genişlənən nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlardan imtina etməsi səbəb olub.
"Görək nəsə edə biləcəyikmi. Alınmasa, durum pis olacaq", – Tramp martın 30-da Floridadan Vaşinqtona uçarkən jurnalistlərə deyib.
Bundan əvvəl nüvə proqramına görə Vaşinqton Tehrana bir sıra sanksiyalar tətbiq edib.
Xatırlatma
İran-Azərbaycan münasibətlərində indi bir elə gərginlik müşahidə edilmir. Amma bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Son illər Azərbaycanda uşaq və ana ölümü artıb

Sabirabad rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son 10 gün ərzində iki döl və bir körpə tələf olub.
Bu barədə martın 31-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hər üç ananın müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətlərinin stabil olduğu bildirilir. Rəsmi qurumlar məsələ ilə bağlı araşdırma aparır.
Son illər Azərbaycanda həm ana, həm də uşaq ölümündə artım olduğu bildirilir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə (2024 hələ açıqlanmayıb) 2395 beş yaşına qədər uşaq vəfat edib. 2022-ci ildə bu rəqəm 1256 olub. Ana ölümü də müvafiq qaydada 18-dən 33-ə yüksəlib.
Bəzi ekspertlər reallıqda həmin rəqəmlərin rəsmi göstəricidən daha yüksək olduğunu düşünürlər.
Həkimlər mənfi artımı onlara gec müraciətlə, ailə planlaşdırılmasının düzgün aparılmaması və risk faktorlarının nəzərə alınmaması ilə izah edirlər.
Amma bəzi ekspertlərə görə, bu, bir çox ailələrin maddi durumlarının getdikcə pisləşməsi və ölkədə səhiyyənin durumu ilə bağlıdır.
Litvada içində 4 ABŞ hərbçisinin də olduğu batmış zirehli maşın tapılıb

Litvada xilasetmə qrupları dörd ABŞ hərbçisini daşıyan batmış hərbi nəqliyyat vasitəsini tapıb çıxarıblar. Ancaq hərbçilər hələ də itkindir.
Litva müdafiə naziri Dovile Şakalene dörd hərbçinin taleyinin hələ qeyri -müəyyən olduğunu bildirib.
"Bu barədə hazırda danışa bilmərik, çünki, birincisi, hələ heç bir məlumat yoxdur və məlumat aldıqdan sonra belə, ciddi bir razılaşma var ki, ilk açıqlamanı amerikalılar verəcək", – Şakalene martın 31-də Litva dövlət radiosuna açıqlamasında deyib.
"M88 Hercules" zirehli təmir-təxliyə maşını martın 25-də Belarusla sərhədindəki Pabrade poliqonunda bataqlığa batmış vəziyyətdə aşkar olunub.
Avropa İttifaqı və NATO üzvü olan Litva rotasiya əsasında Baltikyanı ölkələrdə yerləşən mindən çox ABŞ əsgərinə ev sahibliyi edir.
ABŞ tərəfi açıqlamasında bildirib ki, martın 25-də itkin düşmüş dörd amerikalı hərbçi planlaşdırılmış taktiki təlimdə iştirak edirmişlər.
Xilasetmə əməliyyatının ilk saatlarında ziddiyyətli məlumatlar ortaya çıxmışdı. NATO baş katibi Mark Rütte dörd ABŞ hərbçisinin öldüyü bildirmiş, daha sonra NATO-nun sözçüsü bu şərhi geri götürmüş və yanlış anlaşılma olduğunu bildirmişdi.
31 mart olaylarından 107 il keçir
107 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 2-nə kimi daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.
Azərbaycan tarixçilərinin yazmasına görə, həmin vaxt Bakıda memarlıq abidəsi "İsmailiyyə" binası yandırılıb.
Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.
Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri "bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi" kimi təqdim etmişdi.
Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də ona xüsusi diqqət yetirib. AXC Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.
Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib (kütləvi qətllərin daha çox həmin gün törədildiyi deyilir).
AXC Rusiyanın işğalı nəticəsində ləğv edildikdən sonra Azərbaycanda sovet hakimiyyəti illərində (1920-1991) bu tarix qeyd olunmayıb.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) bir qədər sonra, 1998-ci ildə bu hadisələrlə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr "soyqırımı" kimi dəyərləndirilir.
Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr olub

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 26-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasına səfər edib. Əlavə edilir ki, martın 28-də Pekin şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycandan E.Məmmədov, Çin tərəfindən isə xarici işlər nazirinin müavini Lyu Bin başçılıq ediblər.
"Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanıb.
Xatırlatma
Ötən il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Həmin vaxt prezident İlham Əliyev Çinə səfər etmişdi.
Eyni zamanda, Azərbaycan rəsmiləri Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəklədiklərini açıqlayıblar. Çin hökumətinin 2013-cü ildə qəbul etdiyi həmin layihə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədi daşıyan infrastruktur inkişaf strategiyasıdır.
Azərbaycan müxalifəti hökumətin Çin və Rusiya kimi ölkələrə yaxınlaşmasını tənqid edir, Qərbə inteqrasiyanı vacib sayırlar.
Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Türkiyə Prezident Ofisinin yaydığı məlumata görə, tərəflər Türkiyə - Rusiya münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
"Prezident Ərdoğan telefon danışığı zamanı... Türkiyənin Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün başladılan prosesi yaxından izlədiyini, ləyaqətli və davamlı sülhün təmin olunması üçün Türkiyənin hər cür dəstəyi göstərməyə, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib", - prezident Ərdoğanın ofisinin yaydığı məlumatda deyilir.
O, həmçinin Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq "xoşniyyətli" addımların sülh prosesinə töhfə verəcəyinə inandığını deyib.
Türkiyə prezidenti, eyni zamanda, əlavə edib ki, rəsmi Ankara Suriyada Rusiya ilə əməkdaşlığa dəyər verir və hər iki ölkə Suriyada məzhəb zorakılığını qızışdıran hərəkətlərə son qoymaq, sanksiyaların ləğvinə və davamlı sabitliyə nail olmaq üçün birlikdə işləməlidir.
Rusiya vətəndaşlığı alan xaricilərin sayı son 5 ildə ən aşağı həddə düşüb
Getdikcə daha az əcnəbi Rusiya vətəndaşlığı alır və ya bu ölkədə yaşamaq icazəsi üçün müraciət edir. Rusiyanın "Kommersant" nəşri ölkənin Daxili İşlər Nazirliyinin (DİN) statistikasına istinad edərək yazıb ki, keçən il 209 min əcnəbi Rusiya vətəndaşlığını alıb ki, bu da son beş ildə ən aşağı rəqəmdir. 2023-cü ildə bu göstərici 378 min, 2022-ci ildə isə 691 min olub.
"Kommersant"a müsahibə verən ekspertlər hesab edir ki, bu azalma Rusiyanın Ukraynada apardığı müharibə, "Crocus City" konsert zalında baş vermiş terror aktı və Rusiyaya qayıtmaq istəyən rusların repatriasiyası üzrə "məqsədli işin" aparılmaması ilə bağlıdır.
Bununla belə, ötən il Rusiyadan qovulan əcnəbilərin sayı əvvəlki illərlə müqayisədə artıb. 2024-cü ildə Rusiyadan 190 min nəfər deportasiya edilib. DİN bunu miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə izah edir.
Prezident: 'Azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır'

"Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır". Bunu prezident İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.
Onun deməsinə görə, ilin sonuna qədər də təqribən 30 min, 40 min insan qayıtmalıdır: "İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə".
Baş nazir Əli Əsədovun deməsinə görə, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17.6 milyard manat, o cümlədən 2024-cü ildə 5.3 milyard manat ayrılıb. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Onda Qarabağdan Ermənistana erməni əhalinin köçü baş verdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Zelenski və Makron Rusiyanı qeyd-şərtsiz atəşkəsə çağırıb

Martın 26-da Fransa prezidenti Emmanuel Makron və onun ukraynalı həmkarı Volodimir Zelenski Parisdə birgə mətbuat konfransında bildirib ki, Rusiya ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsi qeyd-şərtsiz qəbul etməlidir.
Eyni gündə Yamaykada keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio isə deyib ki, Vaşinqton Moskvanın atəşkəs şərtlərini nəzərdən keçirəcək: "Biz bunu qiymətləndirəcəyik. Həmin şərtlərdən bəziləri bizimlə bağlı deyil – onlar Avropa İttifaqına aiddir".
Rusiyanı "müharibə istəyi" nümayiş etdirməkdə ittiham edən prezident Makron mətbuat konfransında atəşkəsin əhəmiyyətini vurğulayıb: "Bu, təcavüzkar müharibəyə son qoymaq üçün həlledici mərhələdir".
Fransa dövlət başçısı Rusiyaya qarşı sanksiyalara da toxunaraq əlavə edib ki, bu sanksiyaların qaldırılmasını nəzərdən keçirmək üçün "hələ çox tezdir": "Biz sanksiyaları qaldırmayacağıq, ona görə ki, bu, hələ çox tezdir. Nəticə etibarilə, sanksiyalar yalnız Rusiyanın təcavüz seçimindən asılı olduğu üçün onların ləğvi də yalnız Rusiyanın beynəlxalq hüquqa əməl etmək qərarından asılıdır".
V.Zelenski isə Rusiyanın Qara dənizdə atəşkəslə bağlı irəli sürdüyü şərtlər qarşısında Ukraynanın tərəfdaşlarını "heç olmasa bizim qədər" dözümlü olmağa çağırıb.
"Biz dözümlülüyümüzü göstərmişik. İndi tərəfdaşlarımızın da ən az bizim qədər dözümlü olması çox vacibdir, baxmayaraq ki, onların bunun üçün daha çox imkanları var", – o, jurnalistlərə bildirib.
"Onlar sanksiyalarla bağlı Amerika tərəfinə şərtlər irəli sürürlər. Əgər Amerika möhkəm dayansa... biz öz torpağımızda dayanmışıq və özümüzü müdafiə edirik", – Zelenski əlavə edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent martın 26-da "Fox News"a verdiyi müsahibədə Trampın əgər bu, danışıqlarda ona üstünlük verərsə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən çəkinməyəcəyini bildirib. Amerikalı rəsmi əlavə edib ki, sanksiyaların sərtləşdirilməsi və ya yüngülləşdirilməsi Rusiya rəhbərliyinin növbəti addımlarından asılı olacaq.
Rusiya məhkəməsi 'Azov' üzvlərinə 23 ilədək həbs cəzası verib

Mariupolun mühasirəsi zamanı əsir götürülmüş 23 ukraynalı Rusiya məhkəməsi tərəfindən 13 ildən 23 ilə qədər həbs cəzasına məhkum edilib. Məhkəmə onları terrorçuluqda təqsirli bilib. Kiyev bu məhkəmə prosesini beynəlxalq hüququn pozulması və "hərbi cinayət" adlandırıb.
Təqsirləndirilənlərin əksəriyyəti 2023-cü ilin iyununda Rostov şəhərində məhkəmə qarşısına çıxarılıb. Təxminən iki ildən sonra məhkəmə hökmü elan edib. İlkin olaraq təqsirləndirilən 24 şəxsdən 11-i əsir mübadiləsi nəticəsində Ukraynaya qayıtdıqdan sonra qiyabi olaraq məhkum edilib, biri isə ötən il həbsdə vəfat edib.
Rusiya mediası və hüquq müdafiəçiləri bildirib ki, təqsirləndirilənlər arasında Ukraynanın elit "Azov" briqadasının 14 hazırkı və keçmiş üzvü, eləcə də aşpaz və yardımçı heyətdə çalışan doqquz qadın və bir kişi olub. Rusiya "Azov" briqadasını terrorçu qrup kimi tanıyır.
Haqqında hökm oxunan bu şəxslər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin ilk aylarında Azov dənizi sahilində yerləşən Mariupol şəhərinin mühasirəsi zamanı əsir götürülüb. "Azov" döyüşçüləri aylarla Rusiya qoşunlarına qarşı müqavimət göstərsələr də, 2022-ci ilin mayında təxminən 2 min 500 nəfər təslim olub.
Onların çoxu Mariupoldakı Azovstal polad zavodunda sonadək müqavimət göstərib.
Müttəhimlərdən birinin vəkili bildirib ki, Rusiyada saxlanılan 12 nəfər hökmə qarşı apellyasiya şikayəti verəcək. Lakin Rusiyada bəraət qərarları və uğurlu apellyasiyalar çox nadir haldır.