Azərbaycan xəbərləri
Əfqan Sadıqov həbsdən azad edilib

"Azel TV" saytının Gürcüstanda həbsdə olan təsisçisi Əfqan Sadıqovun dünən, aprelin 16-da məhkəmənin qərarı ilə azad olunduğu bildirilir.
Bu məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb: "Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etdi. Bunu əminliklə deyirəm, yaxın gələcəkdə biz bu saxta cinayət işinin bəraətini də mütləq alacağıq".
Bildirilir ki, Gürcüstan qanunvericiliyinə görə, ekstradisiya həbsi üçün nəzərdə tutulan 9 aylıq müddətin tamamlanmasına bir neçə həftə qalmış Tbilisi məhkəməsi belə qərar çıxarıb.
Hələlik, məsələni Gürcüstanın rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.
Bu il yanvarın 31-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun həbs müddətini 3 ay uzatmışdı. Ondan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirmişdi ki, Avropa Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya olunmamalıdır.
Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi.
Xatırlatma
"Azel TV" saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.
Macarıstan Aİ-nin Ermənistana əlavə hərbi yardımını bloklayır

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində əlavə "qeyri-öldürücü" hərbi yardım ayırmasına blok qoyub. Bu yardım Avropa Sülh Təşəbbüsü (EPF) çərçivəsində ayrılmalıydı.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilin əvvəlində bu yardımın ayrılmasını təklif edib. Təsdiqlənməsi üçün ona Aİ-nin 27 üzv ölkəsinin yekdil dəstəyi lazımdır.
Macarıstandan savayı, qalan üzvlər Kallasın təklifini dəstəkləyib. Bunu Brüsseldəki diplomatik mənbə deyib. O əlavə edib ki, Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt qərara veto qoyub.
"Bugünkü danışıqlardan sonra irəliləyiş əldə olunmayıb", – mənbə aprelin 15-də AzadlıqRadiosunun erməni xidmətinə söyləyib.
Ermənistan Aİ-dən ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir.
Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. Bakı ilə sıx əlaqələri olan Budapeştin vetonu Aİ-nin Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirmək vədi qarşılığında qaldırdığı deyilir.
Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər, hələlik, sülh sazişi imzalamayıb.
Nazirlik qarşıdakı 3 ildə manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdır, amma...

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, bu ilin səviyyəsində götürülüb.
Bu barədə Maliyyə Nazirliyinin bu gün, aprelin 15-də açıqlamasında qeyd edilir.
2017-ci ilin martından Azərbaycanda manatın məzənnəsi sabit saxlanır. O vaxtdan 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabər sayılır. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş vermişdi, nəticədə manat iki dəfə dəyər itirmişdi. Sonrakı 1 il 3 aylıq dönəmdə isə manatın məzənnəsində müəyyən düşüş və artım yaşanmışdı.
Həmin devalvasiyalar öncəsi dünyada neftin qiymətində kəskin ucuzlaşma baş vermişdi.
Son bir ayda da dünyada neftin qiymətində müəyyən azalma baş verir. Hazırda bir barel neftin qiyməti təqribən 65 dollardır. Azərbaycanın 2025-cü il dövlət büdcəsində neftin bir bareli 70 dollar götürülüb.
Müstəqil iqtisadçılardan Zöhrab İsmayıl bugünlərdə AzadlıqRadiosuna bildirib ki, neftin qiyməti 65 dollardan da aşağı düşərsə, manatın kursunu saxlamaq problemə çevrilə bilər: "Hazırkı tarazlıq neftin bir bareli 70 dollar olarsa, qoruna bilir. Hələ keçən ilin son rübündə biz gördük ki, Mərkəzi Bankın ehtiyatları azalmağa başladı. Bu ilin əvvəlindən də görürük ki, Mərkəzi Bank ehtiyatlarını artıra bilmir və ya çox az artıra bilir. Yəni, bu qiymət Azərbaycan iqtisadiyyatında sabitlik üçün son həddir... Bu, uzun müddət davam etsə, yeni bir devalvasiya dalğasına gətirib çıxara bilər".
Azərbaycanın dövlət borcunun artacağı proqnozlaşdırılır
2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manat səviyyəsinə çatacağı gözlənilir.
Bu barədə aprelin 15-də Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Qeyd edilib ki, ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan dövlət borcunun ümumi məbləğinin 32.7 milyard manat səviyyəsinə çatacağı proqnozlaşdırılır.
2024-cü ilin sonunda Azərbaycanın dövlət borcu 27 milyard 380 milyon manat açıqlanıb.
Halbuki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.
Azərbaycanda doğum sürətlə azalır

Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olmuşdu.
Əgər 2023-cü ildə ölkədə 112 min 620 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 102 min 310 olub.
Ölkədə doğum son 10 ildə isə daha kəskin şəkildə azalıb. Doğum nə az, nə çox düz 60 faiz azalıb. 2014-cü ildə Azərbaycanda 170 min 503 uşaq doğulmuşdu.
Bütün bunlarla belə, əhalinin ümumi sayında az da olsa, artım davam etməkdədir. İlin əvvəlindən ölkə əhalisinin sayı 5 min 777 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il martın 1-də 10 milyon 230 min 666 nəfər təşkil edib.
2014-cü ilin sonunda, rəsmi rəqəmlərə görə, Azərbaycanda 9 milyon 593 min insan yaşayırdı.
Rəbiyyə Məmmədova sərbəst buraxılıb

İctimai fəal Rəbiyyə Məmmədova artıq sərbəst buraxılıb. Sosial mediada onun oturaq etiraz aksiyasını davam etdirdiyini göstərən foto yayılıb.
+++
İctimai fəal, "Sapla" tikiş sexinin qurucusu Rəbiyyə Məmmədova bu gün, aprelin 11-də saxlanıb.
Bir qədər əvvəl o, Facebook səhifəsində İqtisadiyyat Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım etmişdi.
Hələlik, məsələyə İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
R.Məmmədova iki gün əvvəl, aprelin 9-da da Sahibkarlığın İnkişafı Fondunun (SİF) qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirdiyini açıqlamışdı. O bildirirdi ki, fevralın 6-dan müraciət etsə də, kredit ala bilmir. Fonddan ona müraciətinin araşdırıldığını bildiriblər.
Məmmədova vurğulayırdı ki, söhbət 15 min manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. O, 2022-ci ildə yaratdığı "Sapla" adlı sosial təşəbbüsün fəaliyyətinə əngəllər yaradıldığını iddia edirdi.
Xanım sahibkar bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanladığını bildirmişdi.
R.Məmmədova 2020-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini vermişdi. O, seçkidən sonra bir çox etiraz aksiyalarına qatılaraq səsvermədə hüquqlarının pozulduğunu, ciddi saxtakarlıq hallarına yol verildiyini açıqlamışdı. Lakin seçki komissiyası onun şikayətini əsaslı saymamışdı.
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi oldu

Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bu barədə təqdimat Milli Məclisin bu gün, aprelin 11-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Bunun ardınca X.Vəliyev Milli Məclisdə and içib.
Üç gün öncə, aprelin 8-də X.Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatmışdı. O, 1995-ci ildən hərbi prokuror vəzifəsini tuturdu. Bu müddət ərzində Hərbi Prokurorluğun apardığı bir çox cinayət işləri cəmiyyətdə müzakirə və şikayətlər doğurub.
Onlardan biri də 2017-ci ildə başlanan "Tərtər işi" olub. Həmin vaxt bir çox hərbçilər dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilmişdi. Onda əsgər və zabitlərə qarşı işgəncələr nəticəsində 11 nəfərin öldüyü vurğulanıb.
2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qaldıqlarını bildirənlərlə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də olub.
Tərtər işgəncələri ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər. Üstəlik, bezi şikayətlərə görə, işgəncələrə görə məsuliyyət daşıyan daha böyük vəzifəli şəxslər məsuliyyətdən kənarda qalıb.
Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.
Bu ay Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb. Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb. X.Vəliyevin ötən ay 70 yaşı tamam olmuşdu.
Azərbaycanda inflyasiya artır, amma...

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin martında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin analoji dövrünə nisbətən 5.9 faiz artıb.
Bu rəqəm qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz təşkil edib.
Martda istehlak qiymətləri əvvəlki aya nisbətən 0.6 faiz yüksəlib.
Müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda reallıqda inflyasiya daha yüksəkdir.
AXCP fəalına 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Quliyevə 30 sutka inzibati həbs verilib.
Bu barədə AzadlıqRadiosuna aprelin 9-da AXCP-dən bildirilib.
AXCP-nin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
8 aprel
AXCP fəalının yeri bilinmir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Elnur Quliyevin yeri bilinmir. Partiyadan onun saxlandığı güman edilir.
AXCP sədri Əli Kərimli bildirib ki, E.Quliyev onun kütləvi tədbirlər zamanı ictimai əsaslarla mühafizəsində iştirak edən gənclərdəndir. Onun vurğulamasına görə, E.Quliyev bu gün, aprelin 8-i səhər onlara gəlməli idi: "Mühafizəçim Kənan Basqal həbs olunduğundan səhər saat 10-da Almaniya səfiri ilə görüşə gedərkən məni o müşayiət edəcəkdi. Elnur bəy təqribən saat 9:15-də artıq metronun "28 May" stansiyasından çıxmışdı və oradan bizim evə piyada gələcəkdi. Ancaq bir azdan Elnur Quliyevə zəng çatmadı... Əminliklə demək olar ki, Elnur Quliyevi də rejim oğurlayıb".
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan ikisi Ə.Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov terroru maliyyələşdirmə və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Ə.Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar da ittihamları qəbul etmirlər.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tanımayacaq?

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər. Bu barədə prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında bəhs edib. O, bunla bağlı fikirləri Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən səsləndirib: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".
Onun deməsinə görə, bu mövqe elan edilib: "Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz, çünki biz səsvermə hüququndan məhrum olmuşuq. Biz o hakimlərin seçilməsində səs verməmişik".
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandıran Azərbaycan nümayəndə heyətinin açıqlamasına görə, baş verənlər ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir.
Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə stop qoyulduğunu açıqlayıb. Bu il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.
AŞPA təmsilçiləri Azərbaycanın son addımlarını əməkdaşlığa ziyan sayaraq tənqid ediblər.
Azərbaycan AİHM-ə ən çox şikayətlər göndərən ölkələrdən sayılır. Şikayətlər, əsasən, mülkiyyət və siyasi hüquqların pozulması ilə bağlıdır.
Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev şərti cəza alıb.
Bu gün, aprelin 7-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 284.1-ci (Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi) maddəsi ilə təqsirli bilinərək 2 il dövlət, habelə yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il həbs olunub. Amma ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə uyğun 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.
Hərbi ekspert məhkəmə zalından azadlığa buraxılıb. Hələlik, hökmə onun ayrılıqda münasibətini öyrənmək mümkün olmayıb.
25 noyabr
Hərbi ekspert həbs edilib
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edilib.
Bu barədə bu gün, noyabrın 25-də Baş Prokurorluq məlumat yayıb.
Vurğulandığına görə, işğaldan azad olunan ərazilərə mediaturda iştirak etmiş Ədalət Verdiyevin Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiya yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirdiyinə dair şübhələr yaranıb: "Şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, öz qulluq səlahiyyətlərindən istifadə etməklə dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə... zərər vurmasına əsaslı şübhələr müəyyən edilib".
Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin maddələrlə şəxsə 7 ilə qədər həbs cəzası verilə bilər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə qədər hissəsinə nəzarəti itirsə də, 2020-ci ildə 44 günlük savaş və ötən il birgünlük hərbi əməliyyatlarla bütün ölkə ərazisində suverenliyini bərpa edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.
Hacı Vəliyev haqqında həbs qərarı qüvvədə saxlanıb

Bu gün, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə "Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında verilən həbs qərarı qüvvədə saxlanıb.
Bu barədə həmin birlikdən məlumat verilib.
"Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib", - qurumun açıqlamasında vurğulanır.
"Gənc Qazilər" Birliyinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
1 aprel
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib
Aprelin 1-də Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və H.Vəliyev barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
H.Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi deyilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıb. Bu barədə məlumatı onun yaxınları verib.
Məlumatlara görə, onu martın 31-də gecə saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.
Onun saxlanması ilə bağlı deyilənləri yerli saytlara Daxili İşlər Nazirliyindən (DİN) də təsdiqləyiblər. Vurğulandığına görə, H.Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə cinayət işi mövcud olub.
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb, sərbəst buraxıldığı bildirilmişdi.
Gənc Qazilər Birliyi 2021-ci ildə "Qarabağ qaziləri" İctimai Birliyinin nəzdində yaradılıb.
Britaniya vətəndaşlarına Azərbaycanın cənub-qərbinə getməməyi tövsiyə edir

Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib. Bununla bağlı Britaniya hökumətinin saytında məlumat dərc olunub.
"Ermənistanla sərhəd bağlıdır. FCDO Azərbaycan ilə Ermənistan arasındakı gərginliklər səbəbindən Ermənistanla sərhədin 5 kilometrindən yaxın ərazilərə səyahət etməməyi tövsiyə edir", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu tövsiyə 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələri - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarını əhatə edir. Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına, hələlik, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir

Azərbaycanda bir hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir.
Hərbi Prokurorluqdan yerli saytlara verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Musazadənin partlayış nəticəsində ölməsi faktı əsasında müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib.
Məlumata görə, fakt üzrə Füzuli hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.
Hadisənin baş vermə tarixi açıqlanmır. Rəsmi açıqlamaya, hələlik, hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Minaya düşənlər var

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bir əməkdaşının aprelin 6-da minaya düşdüyü bildirilir.
AZƏRTAC-ın məlumatına görə, hadisə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verib.
ANAMA-dan bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".
İki gün əvvəl, aprelin 5-də isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində üç nəfərin yaralandığı açıqlanmışdı. Onlardan birinin ata, digərlərinin isə onun uşaqları olduğu deyilirdi.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Olaylara, hələlik, zərərçəkən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr (2020) sazişindən sonra ölkənin 70 vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar.
Yerevan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan həmin sazişdən sonra işğaldan azad edilən bəzi rayonların mina xəritələrini Azərbaycanda tutulan bir sıra hərbçilərinin qaytarılması əvəzində Bakıya təqdim edib. Sonradan Azərbaycan bu xəritələrin yetərli olmadığını bildirdi. Ermənistan baş naziri Nikol Paşinyan da buna cavab olaraq əllərində olan xəritələri təqdim etdiklərini vurğuladı.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.