Dünya xəbərləri
Hindistan və Pakistan hərbi əməliyyatları dayandırdı

Hindistanın baş naziri Narendra Modi Pakistandakı "terror" infrastrukturunu hədəf alan "Sindur" ordu əməliyyatını dayandırdığını bəyan edib, o, Hindistanın İslamabadın bundan sonrakı hərəkətlərinə göz qoyacağını vurğulayıb.
"Pakistandan bizə müraciət olunanda əmin etdilər ki, onların tərəfindən bundan sonra terror fəaliyyəti və ya hərbi təcavüz olmayacaq. Yalnız bundan sonra Hindistan öz cavabı barədə düşünüb", - o bildirib.
"Terrorçular Hindistanın belə ciddi addım ata biləcəyini hətta xəyallarında da düşünə bilməzdilər", - Modi sözlərinə əlavə edib.
Pakistan da Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı "Banyan-ul-Marsus" əks-hücum əməliyyatının başa çatdığını elan edib. Bu barədə Pakistan ordusunun mətbuat xidməti bəyanat yayıb. "Hər dəfə suverenliyimiz təhlükə altına düşəndə cavabımız qətiyyətli və güclü olacaq", - "SamaaTV" bəyanatdan sitat gətirir.
Aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhərində terror aktı baş verib, 26 nəfər həlak olub. Hücuma görə məsuliyyəti "Müqavimət Cəbhəsi" (TRF) öz üzərinə götürüb, Yeni Dehli onu Pakistanda yerləşən "Laşkar-e-Tayba" terror təşkilatı ilə əlaqələndirir.
Bundan sonra Hindistan və Pakistan bir-birini hücumlarda günahlandıraraq sərhədyanı ərazilərə qarşılıqlı hücumlar edib. Mayın 7-nə keçən gecə Hindistan Pakistan ərazisindəki "terror" obyektlərini hədəf alan "Sindur" əməliyyatını elan edib, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, terrorçularla əlaqəli doqquz obyektə raket zərbələri endirib.
Pakistan Hindistan ərazisini atəşə tutmaqla cavab verib. Pakistan ordusu həmçinin beş Hindistan qırıcısının məhv edildiyini açıqlayıb. Yeni Dehli bunu "yalan" adlandırıb. Mayın 10-na keçən gecə İslamabad genişmiqyaslı "Banyan ul-Marsus" əməliyyatını elan edib.
Həmin gün ABŞ prezidenti Donald Tramp Vaşinqtonun vasitəçiliyi ilə tərəflərin tam və dərhal atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Tərəflər razılaşmanı təsdiqləyiblər. Hindistan xarici işlər naziri Vikram Misri dəqiqləşdirib ki, döyüşlər mayın 10-u yerli vaxtla saat 17:00-dan dayandırılmalıdır. Lakin sonradan Hindistan Pakistanı atəşkəsi pozmaqda ittiham edib. "The Indian Express"in yazdığına görə, Udhampur və Srinaqar şəhərləri hücuma məruz qalıb, Cammu və Kəşmir və Racastan ştatlarında dronlar görülüb. Xarici İşlər Nazirliyi hərbçilərin bu pozuntulara "adekvat" cavab verdiyini bəyan edib.
Pakistan atəşkəs rejiminin pozulması ilə bağlı ittihamları rədd edib. Xarici İşlər Nazirliyi əmin edib ki, İslamabad əvvəlki kimi razılaşmaya sadiqdir.
Cammu və Kəşmir
Cammu və Kəşmir Hindustan yarımadasının şimal-qərbində 1947-ci ildən Hindistan və Pakistan arasında mübahisə predmeti olan bir bölgədir. Hindistan və Pakistan üç dəfə-1947-1948, 1965 və 1971-ci illərdə Cammu və Kəşmir uğrunda müharibə aparıb. 2003-cü ildən ölkələr arasında qeyri-sabit atəşkəs rejimi qüvvədədir, lakin regionun statusu həll olunmayıb.
Cammu və Kəşmirin Hindistan hissəsində separatizm əhval-ruhiyyəsi güclüdür. 1980-ci illərin sonlarından bölgənin öz müqəddəratını özünün təyin etməsini və ya Pakistana birləşdirilməsini müdafiə edən üsyançı və terrorçu qruplaşmalar fəaliyyət göstərir. Yeni Dehli mütəmadi olaraq İslamabadı onlara maddi və maliyyə dəstəyi verməkdə ittiham edir. Əvvəlcə Hindistan (1974), sonra isə Pakistan (1998) nüvə silahı əldə etdikdən sonra Kəşmir münaqişəsinə diqqət artıb.
ABŞ və Çin artırdıqları rüsumları 90 günlüyə azaldır

Mayın 12-də Ağ ev məlumat yayıb ki, ABŞ və Çin qarşılıqlı olaraq 90 gün müddətində gömrük rüsumlarının azaldılması barədə razılıq əldə edib. Ağ evin mətbuat açıqlamasında qeyd olunub ki, ABŞ və Çin hökumətləri ikitərəfli iqtisadi və ticarət münasibətlərinin əhəmiyyətini nəzərə alaraq, mayın 14-dən etibarən rüsumların azaldılmasına qərar veriblər.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, hər iki ölkə qarşılıqlı rüsumları 115 faiz azaldacaq. Bununla da ABŞ tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirəcək.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp, demək olar, bütün ölkələrdən idxal olunan mallara ticarət rüsumları tətbiq ediləcəyini elan edib. Aprelin 9-da isə o, bütün ölkələr üçün tariflərin tətbiqini müvəqqəti dayandırdığını və əsas rüsumu 10%-ə endirdiyini bəyan edib. Ancaq bu, yalnız Çinə aid edilməyib və bu ölkə üçün rüsumlar artırılıb. Pekin də Vaşinqtona cavab olaraq idxal tariflərini yüksəldib.
Tramp administrasiyasının addımlarına cavab olaraq Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bəyanat göndərib və bu bəyanatda qlobal ticarətin sabitliyinə təhlükə yarandığı qeyd olunub.
Ağ evin yaydığı məlumatda deyilir ki, tərəflər iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaradacaqlar: "Bu müzakirələrdə Çin tərəfdən nümayəndə Dövlət Şurasının rəhbərinin müavini He Lifen, ABŞ tərəfdən isə maliyyə naziri katibi Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir olacaq. Bu müzakirələr növbə ilə Çin və ABŞ-də və ya tərəflərin razılığı ilə üçüncü ölkədə aparıla bilər".
Vurğulanıb ki, tələb olunduqda hər iki tərəf müvafiq iqtisadi və ticarət məsələləri üzrə işçi səviyyəsində məsləhətləşmələr apara bilər.
Polşa Rusiya konsulluğunu bağlayır

Polşa Rusiyanın Krakovdakı konsulluğunu bağlayır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. O, bu qərarı ötən il Rusiya kəşfiyyat orqanlarının Varşavada ticarət mərkəzində təşkil etdiyi təxribatla əsaslandırıb.
Konsulluğun tam olaraq nə vaxt fəaliyyətini dayandıracağı, hələlik, açıqlanmayıb.
Mayın 11-də Polşa hökuməti rəsmi olaraq Rusiya kəşfiyyat orqanlarını 2024-cü ilin mayında Varşavadakı "Marywilska 44" ticarət mərkəzini yandırmaqda ittiham edib.
Polşanın daxili işlər naziri Tomaş Semonyak və ədliyyə naziri Adam Bodnar X platformasında birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, "Marywilska 44" ticarət mərkəzindəki yanğın "Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş qəsdən yandırma nəticəsində baş verib".
"Biz yanğının törədilmə qaydası və gedişatı, həmçinin onun cinayətkarlar tərəfindən necə sənədləşdirildiyi barədə ətraflı məlumata sahibik. Onların fəaliyyəti Rusiya Federasiyasında yerləşən və şəxsiyyəti müəyyən edilmiş bir şəxs tərəfindən təşkil olunub və idarə edilib. Cinayətkarların bir neçəsi artıq saxlanılıb, digərləri müəyyən edilib və axtarışdadır", –bəyanatda qeyd olunub.
Varşavanın şimalında yerləşən ən iri ticarət mərkəzlərindən biri olan "Marywilska 44"də yanğın 2024-cü ilin mayın 12-də olub. Yanğın nəticəsində təxminən 1500 icarə obyekti məhv olub.
Alov çox qısa müddətdə və geniş ərazini əhatə etdiyi üçün ekspertlər elə o vaxt binanın qəsdən yandırılmasını ehtimal etmişdilər. Təxminən eyni vaxtda Avropa İttifaqına üzv başqa bir neçə ölkədə də oxşar aktlar törədilmişdi. KİV-lər öz mənbələrinə istinadən yazırdı ki, hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarını şübhəli hesab edir. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları bu insidentləri törətmək üçün kriminal dairələri ələ alıblar.
Rusiya tərəfi, hələlik, Polşa tərəfinin açıqlamalarına və Krakovdakı konsulluğun bağlanmasına şərh verməyib.
Taliban Əfqanıstanda şahmat oyunlarını qadağan edir

Əfqanıstanda hakimiyyətdə olan Taliban idarəçiliyi ölkədə şahmat oyunlarının keçirilməsini "dini mülahizələrə" istinad və bu oyunun bir növ qumar olduğunu iddia edərək "dayandırıb".
Mayın 11-də Taliban rəsmisi deyib ki, ölkənin idman departamentinin himayəsi altında şahmatın ölkədə oynanılmasının mümkün bərpası ilə bağlı qərar veriləcək. Lakin o, bu qərarın nə zaman veriləcəyini deməyib.
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə yenidən qayıdan Taliban ölkədə idman və digər mədəni tədbirlərə bir sıra məhdudiyyətlər qoyub.
Əfqanıstanda qadınlara və qızlara idmanla məşğul olmaq qadağan edilib, idmançılara isə yarışlar zamanı hakimlərə və tamaşaçılara ayaqlarını göstərməyə icazə verilmir.
İdman idarəsinin sözçüsü Atal Maşvani AFP-yə bildirib ki, "şəriətdə şahmat qumar vasitəsi sayılır".
O, həmçinin Şahmat Federasiyasının rəhbərlik səviyyəsində bəzi problemlərinin olduğunu söyləyib.
"Bu məsələlərə diqqət yetirilməyənə qədər Əfqanıstanda şahmat idmanı dayandırılır", - o əlavə edib.
Kabildə sahib olduğu kafesində qeyri-rəsmi şahmat yarışları keçirən Əzizullah Gülzadə isə AFP-yə deyib ki, müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrdə şahmata icazə verilir və bu oyunun qumarla müqayisəsi doğru deyil: "Bu gün gənclərin çoxunun əyləncə fəaliyyəti yoxdur, ona görə də bura çox adam gəlirdi. Onlar bir stəkan çay içər, dostlarını şahmat oyununa çağırardılar".
Amerikalı kardinal Roma Papası seçildi

Birləşmiş Ştatlardan olan kardinal Robert Frensis Prevo Roma Katolik Kilsəsinin 267-ci rəhbəri seçilib. O, XIV Leo adını götürüb.
Prevo 1955-ci ildə Çikaqoda doğulub. O, seminariya təhsili ilə yanaşı, Villanova Universitetində riyaziyyat üzrə bakalavr, daha sonra Çikaqodakı Katolik ilahiyyat ittifaqında ilahiyyat üzrə magistr dərəcəsi alıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub və sonra uzun illər Peruda avqustinlərin missiyasında xidmət edib.
R.F.Prevo ilk amerikalı Roma Papasıdır.
ABŞ prezidenti Donald Tramp kardinal Prevonun seçilməsini alqışlayıb. "Roma Papası seçilən kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun ilk amerikalı Papa olduğunu bilmək böyük şərəfdir", - Tramp "Truth Social" paylaşımında bildirib.
"The New York Times"ın yazdığına görə, XIV Leo Birləşmiş Ştatlarda doğulsa da, italyan və ispan dillərini bilir, lakin ingiliscə danışmır.
Roma Katolik Kilsəsinin əvvəlki rəhbəri Fransisk aprelin 21-də 88 yaşında insultdan ölüb. O, aprelin 26-da dəfn edilib.
Ukrayna Rusiyanın elan etdiyi atəşkəsi 'saxta' adlandırır

Ukraynanın baş diplomatı Rusiyanın elan etdiyi atəşkəsi “saxta” adlandırıb, Moskvanı 72 saatlıq atəşkəsin birinci günündə bütün cəbhə xətti boyunca yüzlərlə pozuntuda suçlayıb.
Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində atəşkəs gecəyarısı qüvvəyə minəndən sonra sakitçilik olub, dron, yaxud raket zərbələri haqda məlumat gəlməyib.
Amma xarici işlər naziri Andrey Sibiha X postunda yazıb ki, 1200 km-lik cəbhə xətti boyunca fərqli mənzərə yaşanıb:
“Rusiya qüvvələri bütün cəbhə boyu hücumları davam etdirirlər. Gecəyarısından günortayadək 734 atəşkəs pozuntusu, 63 hücum əməliyyatı baş verib, 23-ü hələ də davam edir”.
Rusiya prezidenti Vladimir Putin Rusiyanın mayın 8-dən 10-dək cəbhədə atəşkəsə əməl olunacağını bildirmişdi. Mayın 9-da Qırmızı meydanda Qələbə paradı keçiriləcək. Rusiya 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbəni məhz həmin gün bayram edir.
Rusiya da Ukraynanı atəşkəsi pozmaqda ittiham edib. Amma Kiyev atəşkəsə əməl etmək öhdəliyi götürməmişdi. Prezident Volodimir Zelenski və digər rəsmilər deyirlər ki, Moskvanın niyyəti müharibəni bitirmək istəməsinin görüntüsünü yaratmaq, Qələbə Günü mərasimləri vaxtı Ukraynanın hücum etməməsinə nail olmaqdır.
Bəzi ölkə liderləri Moskvadakı paradda iştirak edəcək.
Tramp 8 mayı İkinci Dünya müharibəsində Qələbə günü elan edib

ABŞ prezidenti Donald Tramp mayın 8-ni rəsmən İkinci Dünya müharibəsində Qələbə günü elan edib. Bu barədə mayın 7-də Ağ evin saytında məlumat dərc olunub.
Tramp daha öncə "Truth Social" şəbəkəsində yazmışdı ki, 11 noyabrı Birinci, 8 mayı isə İkinci dünya müharibələrində qələbə günləri elan edəcək. O bəyan edib ki, Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində qələbədən ötrü "istənilən başqa ölkədən daha çox iş görüb".
1945-ci il mayın 8-də nasist Almaniyasının kapitulyasiya edib. ABŞ-də bu gün "Avropada qələbə günü" adlandırılır, çünki İkinci Dünya müharibəsi sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatıb. 8 may Avropanın bir çox ölkələrində bayram edilsə də, ABŞ-də rəsmi statusu yox idi.
Tramp Ağ evdə çıxışında deyib ki, ABŞ-yə müharibədə müttəfiqlər kömək edib. O, Rusiyanın da adını çəkib. Amma yenə də qeyd edib ki, qələbə, əsasən, Birləşmiş Ştatların sayəsində əldə olunub.
Nasist Almaniyası ilə müharibəni ABŞ, Böyük Britaniya və SSRİ aparıb. Sovet İttifaqı Qərb müttəfiqlərindən dəfələrlə artıq itki verib. ABŞ isə hərbi ehtiyaclara yönəlik maddi resurslara görə müttəfiqlərini qabaqlayıb. Rusiya hakimiyyəti məhz SSRİ-nin və onun tərkibinə daxil olan Rusiyanın nasizmin darmadağın edilməsinə ən böyük töhfə verdiyini bildirir.
Baş nazir Kobaxidze 'Gürcü arzusu'nun sədri seçilib

Gürcüstanın baş nazir İrakli Kobaxidze hakim "Gürcü arzusu" partiyasının yeni sədri seçilib. Kobaxidzenin baş nazir kimi legitimliyi beşinci prezident Salome Zurabişvili, müxalifət və cəmiyyətin bir hissəsi tərəfindən tanınmır.
""Gürcü arzusu"na sədrlik, əlbəttə ki, çox böyük məsuliyyətdir və, eyni zamanda, təbii ki, çox böyük şərəfdir", - Kobaxidze bildirib.
Cəmi 15 dəqiqə davam edən qurultayda partiyanın siyasi şurasının tərkibi də təsdiqlənib.
Kobaxidze partiyanın yerli hakimiyyət orqanlarına seçkilərə hazırlığa başladığını bildirib və bir neçə həftədən sonra seçki kampaniyasının rəsmən başlayacağını qeyd edib. "Partiya 10-cu yubileyində qələbəyə tam səfərbər olacaq", - o bildirib.
İrakli Qaribaşvili aprelin 25-də partiyanın sədrliyindən ayrıldığını və siyasətdən getmək qərarını elan etdikdən sonra bu post boş qalmışdı.
Rusiya Karneqi Mərkəzinin direktorunu axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Karneqi Berlin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Qabuyevi axtarışa verib. Aprelin əvvəlində "RİA Novosti" mənbəyə istinadən yazmışdı ki, ona qarşı iki maddə üzrə cinayət işi qaldırılıb: "arzuolunmaz təşkilat"ın fəaliyyətində iştirak və "xarici agent" vəzifələrinin icrasından yayınma.
Berlin Mərkəzi 2024-cü ilin iyulunda Rusiyada "arzuolunmaz təşkilat" elan edilmiş Karneqi Fondunun bir bölməsidir.
Çin və onun Rusiya ilə münasibətlərini öyrənən A.Qabuyev 2015-ci ildən Karneqi Fondunda işləyir. O, 2023-cü ilin mayında "xarici agentlər" reyestrinə daxil edilib.
Apreldə politoloq Yekaterina Şulman Berlin Karneqi Mərkəzi ilə əməkdaşlığa görə 10 min rubl cərimə olunub. O, "arzuolunmaz təşkilat"ın fəaliyyətində iştirakda ittiham olunub.
Litva və Latviya Serbiya prezidentinə hava məkanını bağlayır

Latviya və Litva hökumətləri Serbiya prezidenti Aleksandar Vuçiçin 9 May paradına qatılmaq üçün Moskvaya gedərkən bu ölkələrin hava məkanlarından keçməsinə icazə verməkdən imtina edib.
Bu barədə Serbiyanın "Kurir" və "Novosti" nəşrləri məlumat yayıb. Bildirilib ki, Latviya hökuməti qadağanı "uçuşun məqsədinin siyasi həssaslığı" ilə izah edib, Litva isə "texniki və diplomatik həssaslıq" səbəbindən imtina edib.
Müvafiq ölkələrin rəsmiləri, hələlik, bu məlumata münasibət bildirməyib.
Həmçinin, "Kurir" xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitsonun Polşa və Litvanın hava məkanından uçuşu qadağan edilib. Həm Vuçiç, həm də Fitso Moskvada təşkil olunacaq Qələbə günü tədbirlərində iştirak edəcək liderlər siyahısındadır.
Mayın 3-də Serbiya prezidenti A.Vuçiç səhhətindəki problem səbəbindən ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq Belqrada qayıdıb və xəstəxanaya yerləşdirilib. Ertəsi gün, Serbiyanın maliyyə naziri Sinişa Mali bildirib ki, hələlik Vuçiçin 9 mayda Moskvada Qırmızı Meydanda keçiriləcək parada gedib-getməyəcəyi dəqiq deyil.
Maliyyə naziri RTS televiziyasına müsahibəsində deyib ki, prezident sağaldıqdan sonra ictimaiyyətə müraciət edəcək. "Onu tanıyaraq, sözünün adamı olduğunu nəzərə alaraq, o, orada olacağını dedi, güman edirəm ki, vədini yerinə yetirəcək".
Daha əvvəl Vecim mayın 9-da keçiriləcək parad üçün Moskvaya gedəcəyini bildirmişdi. Bunun ardınca Avropa Komissiyası Serbiya prezidentinə xəbərdarlıq edib ki, onun Rusiyaya səfəri ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları çətinləşdirəcək.
Slovakiyanın baş naziri R.Fitso da mayın 9-da keçiriləcək qələbə paradında iştirak etmək üçün Moskvaya səfər planlaşdırdığını açıqlayıb.
'Bloomberg': Aİ Rusiyanın 'kölgə donanması'nın 150 tankerinə sanksiya planlaşdırır

Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 60 fiziki şəxs və təşkilata, həmçinin "kölgə donanması"nın 150 tankerinə qarşı məhdudiyyətlər tətbiq etməyi təklif edib. Bu barədə "Bloomberg" öz mənbələrə istinadən məlumat yayıb.
"The Financial Times" isə bildirib ki, yeni paket çərçivəsində məhdudiyyətlər Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etdiyi güman edilən 20-dən çox şirkətə qarşı tətbiq ediləcək. Bunlardan bəziləri Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Serbiya, Vyetnam və Özbəkistan daxil olmaqla üçüncü ölkələrdə yerləşir.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə görüşəcəkləri zaman, mayın 20-dək yeni sanksiyalar paketini təsdiqləmək istəyirlər. "Bloomberg" qeyd edir ki, sanksiyalar paketi tətbiq olunarsa, sanksiyaya məruz qalan "kölgə donanması" gəmilərinin ümumi sayı 300-ə çatacaq.
Sanksiyalar paketi Aİ-yə üzv olan bütün dövlətlərin təsdiqini tələb edir və sanksiyaların müddəti altı aydan bir uzadılır. Macarıstan dəfələrlə sanksiyalara veto qoymaqla hədələyib.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Aİ 27 üzv dövlətin hamısının təsdiqini tələb etmədən sanksiyaları uzatmağın yollarını araşdırır.
Fridrix Merts Almaniyanın yeni kansleri oldu

Bundestaq ikinci cəhddən Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyini təsdiqləyib. Parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda, onun lehinə 325 deputat səs verib.
Merts ilk cəhdində kansler ola bilmədi
Almaniyada federal kansler postuna namizəd Fridrix Merts mayın 6-da Bundestaqda keçirilən ilk səsvermədə bu vəzifəyə təsdiqlənmək üçün kifayət qədər səs toplaya bilməyib.
Gizli səsvermə zamanı Mertsin lehinə cəmi 310 deputat səs verib, halbuki təsdiq üçün 316 səs tələb olunurdu. 307 parlamentari isə onun əleyhinə səs verib.
Bununla belə, Mertsin lideri olduğu CDU/CSU bloku və onunla koalisiyaya daxil olan sosial-demokratlar Bundestaqda çoxluğa malikdirlər – onların 328 mandatı var. Səsvermənin nəticələri göstərir ki, gələcək hakim koalisiyanın bir sıra deputatları Mertsi dəstəkləməyiblər və ya hətta ona qarşı səs veriblər.
Bundestaqın iclasında fasilə elan olunub. Kansleri seçmək üçün təkrar cəhd 14 gün ərzində baş tutmalıdır. Almaniya mediası ehtimal edir ki, mayın 6-da səsvermə keçirilməyəcək.
Səsvermənin nəticəsini "Almaniya üçün Alternativ" (AfD) ifrat sağçı partiya alqışlayıb. Bu partiya yeni çağırış Bundestaqda ən böyük müxalifət qüvvəsinə çevrilib. Müxalifətdəki Sol və Yaşılların nümayəndələri də Mertsin uyğun namizəd olub-olmaması barədə düşünməli olduğunu bildiriblər.
Agentliklər baş verənləri "şok" kimi təsvir edirlər. Bu, Almaniya Federativ Respublikasının tarixində misli görünməmiş hadisədir. Almaniya Konstitusiyasına görə, əgər kanslerliyə namizəd 14 gün ərzində mütləq səs çoxluğunu toplaya bilməzsə, o, nisbi səs çoxluğu ilə də seçilə bilər. Lakin siyasi baxımdan səsvermənin nəticəsi istənilən halda Merts üçün ciddi zərbə sayılır.
Hazırda kansler vəzifəsini sosial-demokrat Olaf Şolts icra edir.
CDU/CSU və SDP koalisiya sazişi imzalayıblar. Bu saziş, əsasən, kompromis xarakterlidir. Tərəflər miqrasiya siyasətinin sərtləşdirilməsi və müdafiə xərclərinin artırılması barədə razılığa gəliblər. Sənəddə, həmçinin, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanır.
Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişiblər

Ukrayna və Rusiya "205-in 205-ə" düsturu ilə növbəti əsir mübadiləsini həyata keçirib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mübadilə prosesində vasitəçi qismində çıxış edib.
ABŞ Nümayəndələr Palatası Gürcüstanla 'dostluq' aktı qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası "MEGOBARI Act" qanun layihəsini qəbul edib.
Palatanın 433 üzvündən (220 respublikaçı və 213 demokrat) 349-u layihəni dəstəkləyib. 42 konqresmen sənədin əleyhinə çıxıb, 42-si ya bitərəf qalıb, ya da səsvermədə iştirak etməyib.
Qanun layihəsinə palata üzvlərinin 80 faizi səs verib.
Sənədin tam adı belədir: "Gürcüstanda Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının təsirinə qarşı akt".
"Meqobari" gürcü dilində "dost" deməkdir. MEGOBARI həmçinin ingiliscə "Mobilizing and Enhancing Georgia's Options for Building Accountability, Resilience and Independence" (Gürcüstanın Hesabatlılıq, Dayanıqlıq və Müstəqillik İmkanlarının Mobilizasiyası və Genişləndirilməsi) ifadəsinin akronimidir.
Qanun layihəsi hər iki partiyanın dəstəyi ilə ABŞ Senatına da təqdim olunub. Layihədə demokratiyadan geri çəkilmə və Çin, Rusiya və İranla yaxınlaşma üçün məsuliyyət daşıyan hakimiyyət təmsilçilərinə sanksiyalar, Gürcüstanın xarici siyasət kursunda korrektələr olunarsa, ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Qanun qüvvəsinə minməsindən ötrü aktı Senat təsdiqləməli, prezident Donald Tramp imzalamalıdır. Bu il martın 25-də Senatın xarici əlaqələr komitəsi onu dəstəkləyib.
Layihə üzrə debat bir neçə saat çəkib. Onun müəlliflərindən biri, respublikaçı konqresmen Co Uilson deyib: "155 gündən çoxdur azadlıqsevər Gürcüstan xalqı millətin gələcəyini və onun ruhunu müdafiə etmək üçün dinc şəkildə küçələrə çıxır".
Beş aydan çoxdur ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan geri çəkilməsini elan etdikdən sonra etirazlar daha da alovlanıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, hakimiyyəti avtoritarizmdə və demokratik prinsiplərdən uzaqlaşmaqda günahlandırırlar.
Mahaçqalada naməlum şəxslər YPX-yə hücum edib, ölənlər var

Mahaçqalada naməlum şəxslər Yol Patrul Xidmətinə (YPX) hücum ediblər. Polis əməkdaşları ilə atışma olub, ölənlər və yaralananlar var. Bu haqda güc strukturlarına yaxın Telegram kanalları məlumat yayıb.
Atışma anı kameralara düşüb.
Dağıstan lideri də Mahaçqalada atışma olduğunu təsdiqləyib, bunun hansı şəraitdə baş verdiyini araşdırdıqlarını bildirib.
"İlkin məlumatlara görə, DİN əməkdaşları avtomobili saxlamağa çalışıblar, amma sürücü tabe olmayıb və onlara atəş açıb. Xəsarət alanlar var", – Sergey Melikov yazıb.
Hücum edənlərin polisin xidməti avtomobilini qaçırdığı, onda gizləndiyi bildirilir. "Baza" Telegram agentliyi hücum edənləri dörd nəfər ola biləcəyini yazıb. Sonradan yerli rəsmi hücum edən dörd nəfərdən ikisinin öldürüldüyünü açıqlayıb. DİN isə hücum edənlərin dörd deyil, cəmi iki nəfər olduğunu, neytrallaşdırıldığını bildirib.
S.Melikov hücum nəticəsində iki polis əməkdaşının öldürüldüyünü deyib. Dağıstan Səhiyyə Nazirliyi beş nəfərin xəsarət aldığını, onlardan ikisinin polis əməkdaşı, üçünün mülki şəxs, onlardan da birinin 17 yaşlı qız olduğunu bildirib.