«525» Təhsil naziri Misir Mərdanov deyib ki, universitetlər köçürüləcək ərazilərdə yeni komplekslər, müəllimlər üçün evlər, tələbə yataqxanaları tikiləcək. Onların arasında həm dövlət, həm də özəl ali məktəblər olacaq.
Təhsil naziri deyib ki, Azərbaycanda ali təhsilin keyfiyyəti daha da yaxşılaşdırılmalı, müəllimlərin əvvəlki nüfuzu bərpa edilməli, ali məktəblərin verdiyi diplomlar dünyada tanınmalıdır. Ölkənin elmi potensialının 50 faizinin ali məktəblərdə cəmləşdiyini deyən M.Mərdanov elmlər namizədləri, elmlər doktorlarının əksər hissəsinin ali məktəblərdə çalışdığını bildirib.
«Azadlıq» qəzeti yazır ki, «Seçki Məcəlləsi daha da mürtəceləşdi». Milli Məclisin son iclasında məcəlləyə bir sıra texniki xarakterli dəyişikliklər edilib. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn dəyişikliyin anti-demokratik olduğunu deyib: «Bu dəyişikliklər texniki dəyişikliklər deyil. Burada mahiyyət xarakterli dəyişikliklər var. Namizədliyin ləğvi mövcud qanuna görə, xəbərdarlıq nəzərə alınmaqla həyata keçirilirdi. Hazırkı layihədə isə xəbərdarlıq edilmədən namizədliyin ləğvi mümkündür. Bu, hakimiyyət opponentlərinə qarşı açıq siyasi təzyiqdir».
«Bizim Yol» Yeni İl gecəsi «Azadlıq» meydanında baş tutacaq tədbirlər barədə araşdırma aparıb: «Öyrəndiyimizə görə, Yeni İl şənliyinin təşkili üçün 7 milyon manata yaxın vəsaitini xərclənməsi nəzərdə tutulub. Ötən il isə bu rəqəm 5 milyon manat olub. Maliyyə böhranı şəraitində milyonlarla vəsaiti bir diskotekanın təşkilinə ayırmaq ağlasığmaz görünür».
«Yeni Müsavat»: İqtisadçı-ekspert Nüsrət İbrahimov deyir ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlər düşəcək. Qəzet yazır ki, ekspertlərin araşdırmalarına görə, hazırda paytaxtın əmlak bazarında durğunluq müşahidə olunur.
«Yeni Azərbaycan»: xalq rəssamı Tahir Salahov hesab edir ki, dövlət başçısının iki dəfədən artıq seçilmək hüququna qadağa qoyulması «özlüyündə demokratik seçkilər prinsipinə ziddir. Əslində, bu, ayrıca bir şəxsin seçilmək hüququnun deyil, xalqın seçmək hüququnun məhdudlaşdırılmasıdır». Bu barədə rəssam prezidentə göndərdiyi məktubunda yazır. «Hesab edirəm ki, prezident vəzifəsinə iki dəfədən artıq seçilmək hüququ haqqında qanunun qəbul edilməsi ədalətli, vaxtı çatmış və düşünülmüş qərar olar».
«Üç nöqtə» iqtisadçı millət vəkili Vahid Əhmədov hesab edir ki, 2009-cu ildə ölkənin iqtisadi vəziyyət builkindən pis olacaq. Onun sözlərinə görə, gələn il dünya bazarlarında neftin qiyməti orta hesabla 50 dollar ətrafında dəyişəcək: «Bu fakt özü-özlüyündə narahatçılığa əsas verir. Əgər vəziyyət belə davam etsə, büdcənin formalaşmasında problemlərin yaranması gözləniləndir».