Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:47

«Hakimiyyət dəyişmədikcə, islahat getməyəcək»


Leyla Yunus: islahatlara məhz məhkəmələrdən başlamaq lazımdır
Leyla Yunus: islahatlara məhz məhkəmələrdən başlamaq lazımdır
«Nə olar, olar da. Mənim bir ümidim qalıb prezidentə. Vəssalam. Məhkəmədən sonra prezidentə yazacam…»

Astaranın Ərçivan kəndindən Allahverdi Xəlilov kimi ümidi polisdən, məhkəmədən üzülənlər prezidentə, Prezident Aparatına müraciət edirlər, ondan kömək istəyirlər.

Və bunu rəsmi qurumlar da etiraf edir. Prezidentin İcra Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmiyev ötən həftə «Azərbaycan» qəzetindəki illik icmalda yazır ki, Prezident Aparatına gələn şikayətlərin böyük əksəriyyəti məhkəmələr və hüquq-mühafizə orqanlarının işiylə bağlıdır.

Şöbə müdiri bildirir ki, vətəndaşlar məhkəmələrdə qərar və qətnamələrin birtərəfli, qeyri-obyektiv qəbul edilməsindən, bəzi hakimlərin süründürməçilik hallarına yol verməsindən şikayətlənirlər.

Daxili işlər orqanlarının fəaliyyətinə dair şikayətlərdə yol polisi işçilərinin sürücüləri əsassız incitməsindən, cinayətlərlə bağlı polisin operativ tədbirlər görməməsindən narazılıq bildirilir.

Məqalədə o da deyilir ki, daxili işlər orqanlarının fəaliyyəti haqqında şikayətlərin faizi Ağsu, Bərdə, Kürdəmir və Suraxanı rayonlarında daha yüksəkdir.

Beləliklə, Prezidentin İcra Aparatının rəsmisi illik icmalda şikayətlərin daha çox gəldiyi dörd rayonun adını çəkir.

Bəs Daxili İşlər Nazirliyi həmin rayonlarda kadr islahatı aparmağı planlaşdırırlarmı? Eləcə də ölkə boyu polisdən gələn şikayətlərin azaldılması yönündə addım atmağı düşünürlərmi?

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov Prezident Aparatının rəsmisinin sadaladığı faktlardan xəbərsizdir:

«Məlumatım yoxdursa, özümdən nə uydurum deyim?»

Bəs başqa hüquq-mühafizə orqanları ölçü götürməyi planlaşdırırlarmı?

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Aydın Ağazadə sualımızı cavablandırmaq üçün vaxt istədi və daha sonra dəstəyi götürmədi…

Respublika Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə suala sualla cavab verdi:

- Bunu biz necə müəyyən edək ki, şikayət daha çox polisdən gedir və ya prokurorluqdan? O sənədlə tanışıq. Sənəddə deyilir ki, ötən illərə baxanda bizdən gedən şikayətlər azalıb.

- Nəyin sayəsində bu şikayətlər azalıb? Və daha hansı addımları atacaqsız ki, bu şikayətlər azalsın?

- Hər kəs öz işini vicdanla görməlidir, onda şikayət də azalacaq...

Bakının Cəfər Cabbarlı küçəsində söhbətləşdiyim adi vətəndaşların çoxu isə hüquq-mühafizə orqanlarının işi haqda ya danışmamağa üstünlük verdilər, ya da çox qısa danışdılar:

- Onlardan razı deyiləm, lazım olanda tapa bilmirik.

- Qanun işləmir.

- Elə şey var demək olmur.

- Polisə, məhkəməyə inanıram.

- Hər şey pulla həll olunur.

Bu, yolu məhkəməyə düşməyən vətəndaşların dedikləriydi. Yolu məhkəməyə düşən Səmayə xala isə neçə ildir məhkəmələrin qarşısında qalıb:

- Məhkəmə dedi evi sat, oğlunun işini bağlayım. Dörd oğlumla çöldə qaldım. Mən kimə deyim dərdimi?

Söhbətləşdiyim ekspertlərsə hesab edirlər ki, hüquq-mühafizə orqanlarının işinin dəyişməsi üçün ilk növbədə ortaya siyasi iradə qoyulmalıdır. Məsələn, keçmiş polis rəisi Mahmud Hacıyevə görə, islahatlar aparmaq lazımdır:

«Gürcüstan, Ukrayna, Moldovada aparıldığı kimi…Bilmirəm bizimkilər niyə risk etmək istəmirlər? Niyə çəkinirlər?»

M.Hacıyevin cavab verməkdə çətinlik çəkdiyi sualı hüquqşünas Ənnağı Hacıbəyli cavablandırır. Onun qənaətincə, hakimiyyətin dayağı məhz hüquq-mühafizə orqanlarıdır. Buna görə də hər seçki öncəsi onların maaşları artırılır, imtiyazları genişləndirilir, hətta beynəlxalq qurumların tənqidlərinə rəğmən prezident dinc mitinqi zorakılıqla dağıtdığına görə, polisi cəzalandırmaqdan belə imtina edir:

- Hüquq-mühafizə orqanları, məhkəmə ictimai asayişi qorumaqdan çox hakimiyyətin möhkəmləndirilməsinə çalışır. Bu vəziyyət hakimiyyəti də, hüquq-mühafizə orqanlarını da qane edir.

Hüquq müdafiəçisi Leyla Yunusa görəsə, ən böyük problem odur ki, məhkəmə azad deyil:

- Azərbaycanda müstəqil, azad məhkəmə yoxdur.

Leyla Yunusun sözlərinə görə, islahatlara da məhz məhkəmələrdən başlamaq lazımdır:

- Azərbaycan vətəndaşlarının hüquqlarını təkcə polis pozmur. Məhkəmə ədalətli olsa, cinayət törədən polisə iş kəssələr, başqaları işgəncədən imtina edəcəklər.

Ənnağı Hacıbəylisə əmindir ki, hakimiyyət dəyişmədikcə, hüquq-mühafizə orqanlarında islahat getməyəcək. Və beləcə Prezident Aparatına gedən şikayətlər də həmişə başqa qurumlara nisbətən çox olacaq.

Prezident Aparatında şöbə müdiri Süleyman İsmiyevsə deyir ki, 2008-ci ildə Daxili İşlər Nazirliyi ilə bağlı gələn ərizələrin sayı 22, prokurorluq orqanlarının işiylə bağlı ərizələrin sayı isə 20 faiz azalıb.
XS
SM
MD
LG