Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54

Obama Türkiyədə hər kəsi məmnun etdi


Barak Obama İstanbulda tələbələrin dəyirmi masasında iştirak edir, 7 aprel 2009
Barak Obama İstanbulda tələbələrin dəyirmi masasında iştirak edir, 7 aprel 2009
ABŞ prezidenti Barak Obama Türkiyəyə səfərində verdiyi mesajlarla həm ölkədəki islamçıları, həm Atatürkçü mühafizəkarları, həm də dünya müsəlmanlarını məmnun etdi. Amma Avropa Birliyinə üzvlüklə bağlı dediyi, «erməni soyqırımı» ilə bağlı isə demədiyi sözlərlə bəzilərini hirsləndirib də.

Obama aprelin 7-də Ayasofya və Sultan Ahmet Camisində olub. Məscidlərə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın müşayiəti ilə gedən Obama içəri girəndə ayaqqabılarını çıxarıb, onun tərcüməçisi olan xanım da məscidə girəndə başına örpək örtüb.

Amma bu məscidlərə gələnə kimi, Obama artıq İstanbuldakı müsəlman, yəhudi, xristian və erməni dini icmalarının rəhbərləri ilə qaldığı oteldə görüşmüşdü.

Məscidlərə baş çəkib İstanbulla tanış olandan sonrasa ABŞ prezdienti türk universitetinin tələbələriylə görüşüb. Və canlı yayımda onların suallarına da cavab verib.

Tələbələrlə görüşdə də, Obama bir gün öncə Türkiyə parlamentində söylədiyi fikirləri təkrarlayıb:

«Amerika və Türkiyənin dostluğu, müttəfiqliyi sadəcə hansısa maraqlardan doğmur. Nə terrorla birgə mübarizə, nə də başqa sahələrlə məhdudlaşmır».

Dünya mediasının fikrincə isə, Obamanın Türkiyəyə səfərinin əsas mesajı islam dünyasına əl uzatması olub:

«ABŞ-ın müsəlman icmasıyla, müsəlman dünyasıyla əməkdaşlığı ancaq terrorla mübarizə üstündə qurula biməz və qurulmayacaq da. Biz qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa can atırıq. Biz diqqətlə dinləyəcəyik, anlaşılmazlıqları həll edəcəyik və ortaq məxrəc arayacağıq».

Obama Türkiyəyə səfəri zamanı müsəlman kimliyini də arxa plana keçirməyib. O, Keniyada müsəlman qohumlarının olmasından, əsasən dünyanın ən çox müsəlmanının bir arada yaşadığı İndoneziyada keçən uşaqlığından danışıb. Və Türkiyə parlamentində də uzun müddət istifadə etmədiyi Barak Hüseyn Obama adıyla təqdim olunub.

Dünya mediasının fikrincə, Obama Türkiyədəki həm islamçıları, həm də Atatürkçü mühafizəkarları məmnun etməyi bacarıb. «Nyu York Tayms» yazır ki, Obama Atatürkə hörmətlə yanaşmaqla, müasir Türkiyənin önəmini qeyd etməklə mühafizəkarları da razı salıb: «Hər iki düşərgəni məmnun etməyi bacarıb».

ABŞ prezidentinin Türkiyəyə səfərində verdiyi mesajlardan biri də Avropa Birliyinə üzvlüklə bağlı olub. Avropa mətbuatı yazır ki, Obama Türkiyənin Avropa Birliyinə üzvlüyünü açıq-aşkar dəstəkləməklə Fransa və Almaniyanı belə demək mümkünsə çox əsəbiləşdirib.

Amma Obama Türkiyədə dedikləri üzündən təkcə rəsmi Paris və Berlini əsəbiləşdirməyib. Erməni soyqırımı iddiaları haqda fikirləyilə Barak Obama ABŞ-dakı erməni diasporasının da tənqidinə tuş gəlib.

Obama Abdullah Güllə görüşündə, Türkiyə parlamentindəki çıxışında və jurnalistlərin suallarını cavablandıranda bu iddialarla bağlı əvvəlki mövqeyini inkar etməyib. O, vurğulayıb ki, Türkiyə öz tarixinə baxmaqdan, onu qiymətləndirməkdən çəkinməməlidir. Amma hətta jurnalistlərin israrla verdiyi suallara cavab verəndə də ABŞ prezidenti «soyqırımı» ifadəsini işlətməyib, sadəcə Birinci Dünya müharibəsi vaxtı öldürülənlərdən danışıb.

Obama İstanbulda səfərinin son günü Ermənistan və Türkiyə Xarici İşlər nazirləriylə birgə görüşündə də vurğulayıb ki, iki ölkə arasındakı münasibətləri aydınlaşdırmaq üçün Türkiyə rəsmilərinin başladığı cəhdləri yüksək qiymətləndirir.

Barak Obamanın Türkiyədə bir dəfə də olsun «erməni soyqırımı» ifadəsini işlətməməsinə bu gün ABŞ-dakı Erməni Milli Komitəsindən sərt reaksiya gəlib. Komitə hesab edir ki, Obama erməni soyqırımının tanınması üçün əlində olan nadir imkandan faydalanmayıb. Bununla da seçki kampaniyası dövründə vediyi vədə də əməl etməyib.
XS
SM
MD
LG