Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:32

«Ağacların qırılmasına icra başçıları rəhbərlik edir»


«Quduzlaşmış məmurlar ağacları kəsib yüksək mərtəbəli evlər tikir»
«Quduzlaşmış məmurlar ağacları kəsib yüksək mərtəbəli evlər tikir»
«Zeytun bağı»ndan mən reportaj hazırlamışdım. Həmin bağda ağacları kim kəsirdi? Zeytun bağı təsərrüfatı birliyinin rəhbərinin qardaşı Dağbəyi Allahverdiyev. Birbaşa hakimiyyətə bağlı olan adamlardılar. Kimə satırdı? MTN-ə. Bunu ictimaiyyət kəsməyib ki, ictimaiyyətə qadağa qoysunlar. Bunu dövlət, hökumət özü kəsir. Göstərişi də demək özünə tətbiq edir? Bu göstərişə əməl edəcəklərmi?!»

Bu «Azadlıq» qəzetinin Fransada olan müxbiri Aqil Xəlilin prezident İlham Əliyevin ağacların kəsilməsinin dayandırılması ilə bağlı göstərişinə münasibətidir.

Jurnalist keçən ildən xaricdədir. O, «Zeytun bağı» adlanan ərazidə kəsilmiş ağacların şəklini çəkmək istəyərkən döyülüb, sonra həyatına sui-qəsd olub, hadisədən bir qədər sonra ölkəni tərk edib.

Aqil Xəlilin iddiaları MTN və istintaq orqanları tərəfindən təsdiqlənmədi.

Aprelin 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında respublikada ağacların kəsilməsini qadağan edib. Prezident icra orqanları və vəzifəli şəxsləri sonuncu dəfə xəbərdar edib ki, bu hərəkətlərini yığışdırsınlar:

«Əgər bundan sonra da eşidib, bilsəm ki, hardasa, hansısa iş adamı, ya da vəzifəli şəxs gedib yeri hasarlayıb, ağacları kəsib, özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhəri gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaq».

İlham Əliyev Bakı və paytaxt ətrafında azı 3 milyon ağacın əkilməsi üçün göstəriş də verib.

Hələ bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, hər il Azərbaycanda qanunsuz olaraq 45 min kub metrədək ağac qırılır.

Ekoloq Telman Zeynalov isə deyir ki, prezidentin indi ağac məsələsinə qarışmasının sadə izahı var:

Nizami rayonunda ağacların kəsilməsi
«Prezident hiss etdi ki, onların da gücləri çatmır. Ona görə nazirliklərə xəbərdarlıq etməklə, hamısına eşitdirdi ki, mənim xəbərim var, nəzarət edirəm. Ancaq yaxşı olardı ki, prezident bununla bərabər yanında tanınmış QHT-lərdən ibarət nəzarət qurumu da yaradardı. Nəzarət lazımdır. Təkcə Ekologiya Nazirliyinin gücü çatmayacaq».

Hər hansı obyektin tikintisi, yol çəkilişi zamanı ağacların kəsilməsi, hətta budanması belə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalı, ondan rəy alınmalıdır.

Prezident İlham Əliyev deyib ki, ağaclar ancaq o şərtlə kəsilə bilər ki, hansısa infrastruktur layihəsi icra olunur, ya yol genişlənir, ya da dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün ağacların çıxarılması zəruridir.

Vəkil Aslan İsmayılov isə hesab edir ki, Bakıda və regionlarda ağacların kəsilməsinə xeyir-duanı birbaşa icra hakimiyyətləri verir. Ona görə də vəkil bu hərəkətlərə yol verənlərin cəzalandırılmalı olduğunu deyir. Hərçənd A.İsmayılov indiyə kimi ağacların xeyli miqdarda kəsilməsinə görə oliqarxların cinayət məsuliyyətinə cəlb edilmədiyini deyir:

«Vəzifə etibarı ilə bu işi həyata keçirməli olan şəxslər, yəni rayon icra hakimiyyəti başçıları birbaşa ağacların qırılmasına rəhbərlik edir, onların göstərişləri, xeyir-duası ilə həyata keçirilir. Mən istərdim ki, bu göstəriş icra olunsun. Heç olmasa 1-2 başçı - hansı ki, kütləvi şəkildə ağac qırğınının başında durub, vəzifəsindən azad olunsun, cəzalandırılsın. Quduzlaşmış məmurlar ağacları kəsib yüksək mərtəbəli evlər tikir. Axı bizim uşaqlar sabah bu şəhərdə yaşayacaqlar. Onsuz da Azərbaycanda vərəm xəstəliyi baş-alıb gedir. Vərəmin yayılmasına birinci növbədə havanın çirkli olması səbəb olur».

Azərbaycan Cinayət Məcəlləsinin 259-cu maddəsi qanunsuz ağac kəsilməsi haqdadır. Məcəlləyə görə, ağac və kolların qanunsuz kəsilməsində təqsirkar olanlar 1000-2000 min manat məbləğində cərimələnə, ya da 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil isə Bakını indi yaşadığı Parislə müqayisə edir:

«Buradakıların 1-2 faizi Bakıda olsa bəs edər. Təəssüflənirəm ki, niyə bu yaşıllıq bizdə yoxdur. Burada ağılla iş görürlər, amma...»
XS
SM
MD
LG