Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:39

FƏDAİ. Bəxtiyarnamə (2)


əvvəli

BİRİNCİ VƏZİRİN
PADŞAHA ƏRZ ETMƏSİ


“Sabah oldu yenə xurşidi-ənvər”.
“Çıxıb, dünya üzü oldu münəvvər”.
Sədası gəldi yenə ol vəzirin,
Yetişdi xidmətinə çün əmirin,
Dedi: ey padşahi aləm-ara!
Haramizadəyə rəhm etmə əsla!
Fəramuş eyləsə kim həqqü ne’mət,
Ədalətdir ona qılmaq siyasət.
Eşitdi çün vəzirin sözlərini
Ziyadə oldu şahin xişmü kini,
Gətirsinlər dedi qıldı işarə,
Qəzəbləndi dedi ol Bəxtiyarə:
– Sənə mən eylədim e’zazü ikram,
Məni sən eylədin rüsvayü bədnam,
Səni etmək gərəkdir parə-parə,
Sənə yoxdur ölümdən özgə çarə.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-vala!
Sənin olsun pənahın həqq-təala,
Yamanın olmasın ey şahi-kamil,
Sənə olsun səadət cümlə şamil,
“Təhəmmül eyləmək insan işidir”,
“Ki, tə’cil eyləmək şeytan işidir”.
Deyildi məqsədim, fikrim xəyanət,
Vəlakin boylə oldu mənə qismət.
Görürsən ki, başım cəllad əlində,
Günahsız bir əsirəm yari zində.
Düşündükcə bu hali-zarimi mən,
Keçər biçarə tacir xatirimdən.
Misali-mən muradə yetmədi o,
Cəza aldı, cinayət etmədi o.
– Nə tacirdir? – dedi sultan haman dəm
Onun sən macərasin söylə bir dəm.


BƏXTİYARIN TACİR MACƏRASINI
NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar: ey xanü xaqan!
Əlində daim olsun hökmü fərman,
Var idi Bəsrədə bir varlı tacir,
Ticarət ustası, kirdarlı tacir,
Misirdən mal alar, Hində gedərdi,
Ticarət məqsədilə seyr edərdi.
Yayılmış şöhrəti, olmuşdu məşhur,
Olub sərvət əsiri şəxsi məğrur,
Gecə-gündüz şüarı dövlət idi,
Həmişə fikri-zikri sərvət idi.
Nəhayət zillətə oldu giriftar,
Fənayə getdi dövlət, hər nə kim var.
Fəlakət baş verib hər bir tərəfdən,
Nə kim var malü dövlət çıxdı əldən.
Əlində qalmış idi azca mayə,
Günü oldu mübəddəl ahü vayə.
Alıb çoxlu taxıl verdi paranı,
Töküb ambarə kim, gəlsin zamanı.
Quraqlıq illərində o bazarə,
Aparıb, əldə etsin çoxlu parə.
Vəlakin olmadi məqsudə nail,
Yağış yağdı, taxıl çox oldu hasil.
Bir il də saxladi bəlkə gələn qış,
Ola qıtlıq, bazarda yaxşı satış.
Sonuncu mayə bu sövdadə getdi.
Qalıb ambarda buğda badə getdi.
O bəxti qarə də bir gün səhərdən.
Qılıb tərki-diyar, çıxdı şəhərdən,
Gəmi ilə gəlib Ümmanə düşdü,
Təlatüm başladı, tufanə düşdü.
Çönüb kəşti1, müsafir cümlə batdı,
Üzüb tacir o dəm bir taxta tapdı.
Dəniz üzrə qalıb bir xeyli müddət,
Gəlib bir sahilə çatdı nəhayət.
Gəzib avarə, çöldə gahü bigah,
Uzaqdan bir imarət gördü nagah.
Yaxın gəldi, nə gördü baqi-cənnət,
Yetişmiş hər tərəfdə nazü ne’mət.
Kəramət əhli idi qoca bağban,
Onu etdi neçə gün bağda mehman.
Soruşdu halını ol mərdi-aqil,
Dedi: vardır bu bağda xeyli hasil,
Nə boldur alması, nari, badamı,
Edir məbhut görən hər bir adamı,
Qalıb bağda, əgər, qılsan nəzarət,
Alarsan xidmət üçün müzd, xəl’ət.
Əlavə, hər biçindən pay alarsan,
Əgər meylin ola qış-yay qalarsan.
Olub razı sözündən bağbanın,
Dedi: – Əlbəttə ollam pasibanın2.
Edib xidmət o bağda xeyli müddət,
Gəlib çatdıqda bir gün vəxti-qismət3,
Xəsislik düşkünü, ol qəlbi qarə,
Qılıb diqqətlə məhsulə nəzarə,
– Yəqin qılmaz, – düşündü – kəndli iqrar
Edər bəlkə sözünü sonra inkar.
Mənə lazımdır əlbət gizli ondan
Qılam öz payımı bir yerdə pünhan.
Əgər bağban olarsa əhdə sadiq,
Bölüb qismətimi versə müvafiq,
O dəmdə qaytarıb məhsuli dərhal,
Edim təqdim, qoy olsun bari xoşhal.
Qılıb ətrafa diqqətlə nəzarə,
Yaxın yerdə o tapdı bir məğarə,
Təvəqqüf etmədən ol şəxsi-nadan,
Orada qıldı çoxlu buğda punhan,
Zəmani ki, yetişdi bölgü vaxti,
Qoca bağban gəlib məhsulə baxdi.

__________
1 Gəmi
2 Keşikçi
3 Bölüşmək


Sədaqətlə olub əhdində möhkəm,
Edib qismət payını verdi ol dəm.
Görüncə bağbani doğru insan,
Özü-öz fe’linə oldu pəşiman.
Açıb, izhar qıldı sirri-razi.
Ki, fe’lindən olalar bəlkə razi.
Və lakin aruzisi vermədi bar,
Qoca bağban qəzəblə etdi rəftar.
Onu rədd etdi bağdan, qovdu getsin,
Gedib öz başına bir çarə etsin.
Pəs ol aşuftəyi, zari, pərişan*
Baş alıb gedər idi dər-biyaban.
Biyabanda pərişan hal getdi,
Gəlib ol dəmdə bir dəryayə yetdi,
Yetişdi, gördü çün bir cəm qəvvas1,
Oturmuş, eyləmişlər məcmei-xas2.
Kim olduğunu bildilər təmami.
Durub ona hami verdi səlami.
Olara, ərz qıldı sərgüzəştin,
Güzəşti macəranın şərhi-beytin3.
Bu qissə onlara çün oldu mə’lum,
Onların bağrı sanki oldu çün mum.
Dedilər: nəsnəmiz4 yox sənə layiq,
Vəli böylə gəlir əqlə müvafiq.
Dedilər: enəmüz dəryayə bir yol,
Nə gətirsək, sənə bu dəryadə ol.
Qəmu5 qəvvaslar endi bədərya.
Gətirdi hər biri bir dürri-ziba6,
Ona gətirdilər on dürri-qəltan7.

__________
1 Üzgüçülər
2 Toplanış
3 İzahatın
4 Şey
5 Hamı
6 Gözəl dürr
7 Yuvarlaq dürr


Görəndə cövhəri1, qalırdı heyran.
Dedilər: ol cəvani-məhliqayə,
Bunları sat özünçün eylə mayə.
Ki, hər kimsədə yoxdur malü ne’mət,
Cahanda yox onunçun qədrü qiymət.
Olar on dürri-qəltan, ol cəvanə,
Çü verdilər, cavan oldu rəvanə.
Onun əynində var bir köhnə jində2,
Nihan eylədi onun arasında
Rəvanə oldu, getdi yola doğru,
Pəs ona yoldaş oldu iki oğru.
Başında gördülər yoxdur əmamə,
Geyibdir əyninə, bir köhnə camə3.
Dedilər: işbu miskin və gədadır,
Təsəlli ver, fəqirü binəvadır.
Onun çün dövləti olmuş nikunsar4,
Görübən onları fikr etdi qorxar.
Götürüb səkkizin ağzına saldı,
İkisi dürrlərin cibində qaldı.
Qəzara5 bəxt dönmək oldu mə’lum,
Yerirkən nagahan asqırdı ol şum6,
Dəhanından dağıldı çünki, dürrlər,
Könül oldu müşəvvəş, cismi tərlər.
Götürdülər o dürrü oğrular pak,
Pəs oldular ona ol dəm qəzəbnak.
Dedilər: hanı bunların qalanı?
Tutuban boğdular o binəvanı.
Çalındı ançi7 kim san oldu bican
Dəhanından onun yol eylədi qan.
Ayaqdan düşdü mədhuşü8 heyran,

__________
1 Cəvahirçi
2 Çırıq, çirkli
3 Paltar
4 Dağılmış
5 Qəflətən
6 Bədbəxt
7 Lazımi qədər
8 Bayılmış


Onu salıb, oradan getdi düzdan1,
Yetişdi bir mürrüvətli cavanmərd,
Baxıb gördü, əsər qıldı ona dərd.
Alıb arxasına apardı şəhrə,
Dedi: haqdan görüm mən xeyli bəhrə.
Özünə gəldi ol bərgəştə dövlət2,
Tamam ə’zası məcruhu cərahət3.
Pərişan, müztərib, məcruh, xəstə,
Fələk çövründən olmuş dilşikəstə.
Cahan gözlərinə olmuş qaranqu,
Nəsib olmuş ona ənduhü-qeyqu4.
Pəs ol igid onu əzbəhri mə’bud5,
Neçə gün saxladı, çün oldu behbud6
Yerində gördü qalmış iki cövhər,
Yenə oldu damağı tazəvü, tər.
Dedi mən bunları əzbəhri tuşə7,
Aparım, satayım, cövhər füruşə.
Rəvanə oldu, getdi suyi-bazar8,
Dedi sərrafə: sən varsan xəridar?
Əgər sən alır isən ey bəradər
Sataram, məndə vardır iki cövhər.
Görüb ol dəmdə onu, dedi sərraf:
– Nə verim, söylə gəl əzruyi9 insaf.
Yeriyib ol dəm, ol biçarə, miskin
Bilirdi ərzişin10, dedi bahasın.
Dedi öz-özünə sərrafi-nadan:
“Bilir qiymətini, verməz bu ərzan.
Bu məbləğ mən buna verincə qiymət,

__________
1 Oğrular
2 Var-yox əldən getmiş
3 Yaralanmış
4 Dərd-qəm
5 Allah xatirinə
6 Sağaldı
7 Azuqə almaq üçün
8 Bazara tərəf
9 Üzündən
10 Qiymətin


Qılayım mən buna böhtanü töhmət!”.
Pəs ol dəm eylədi fəryadü əfğan.
Eşidib hər tərəfdən gəldi xəlqan1.
Dedilər: noldu sənə, söylə doğru?
Dedi: çox malımı almışdı oğru,
Həlal idi vəlakin, çinki malim
Əlində gördüm üşbu düzdi2 zalim.
Tutuban ona ənva’i siyasət
Qılar azarü cövri-binəhayət,
Apardılar onu nalan və giryan3
Bənəvdi padşahi əsrü dövran.
Dedi sərraf ki, ey şahi cahandar!
Ki, məndə var idi on dürri-şəhvar.
İkisin bu kişi məndən nihani
Oğurlamış idi, mən tapdım ani.
Səkkiz bu ikidən vardır tamaşa,
Hamı bir-birinə həmcins, həmta.
Gətirib tutdular çünki bərabər,
Qəzara hamısı bir-birə bənzər.
Dedi sultan: bu kişi oğru oldu,
Bu sərrafın nişanı doğru oldu.
Nə lazımdır buna, zəncirü-zindan,
Aparın bunu asın boğazından!
Könül qəmli, əli bağlı, giriftar
Çəkib apardılar, çün canibi dar.
Olub məcmu, mərdum, amü həm xas
Qəzara etdi ol dəm cəm’ qəvvas.
Baxıb gördülər ol dəm, ol fəqiri,
Qalıbdır mübtəla, yox dəstigiri.
Əli bağlı, qızıl qan içrə qəltan,
Həqqə yalvarır, eylər ahü-əfqan.
Yetişdilər ona çün ol cəmaət
Əda qıldılar, əxbari şəhadət.
– Ki, ey xəlqi cahan ümmidgahi,

__________
1 Adamlar
2 Oğru
3 Ağlaya-ağlaya


Hamı biçarələr püştü-pənahi.
Günahi yoxdur, ol sərgəştə heyran
Qılıbdır ona ol sərraf böhtan.
Bizə çün zahir olmuşdur həqiqət,
Olur vacib kim ondan ərzi-xidmət.
O miskinin sərasər sərgüzəştin
Şaha ərz eylədilər, şərhi beytin.
Buyurdu padşah misgin rahət,
Pəs ol sərrafə tədbirü-siyasət.
Siyasət etdilər çün ona büsyar.
Özü öz fe’linə oldu giriftar:
– Nə ki, mən söylədim, məhz xətadır,
Sözüm böhtan idi, üzüm qaradır.
Qılırdı naləvü zarü fəqani
Ağac altında ol tapşırdı cani.
Çü təslim eylədi sərraf canin,
Gədayə verdi onun xanimanin.
Gər istərsən sənə yetməyə nöqsan,
Cahanda heç kimə söyləmə böhtan!
Demə böhtan və töhmət bigünahə,
Düşər hər kimsə öz qazdığı çahə1.
Gədayə eylədi e’zazü hörmət.
Bağışladı ona çox malü ne’mət.
Qılırdı gecə-gündüz xidmət, əzcan2
Ki, ta oldu xəzinadari-sultan.
Kilidü3 qüflü4 sənduqü5 xəzinə
Hamısın verdi şah onun əlinə.
Kilid əlində gördü şadu xürrəm
Bəli olmuş kilid əndək ucu xəm6,
Qəzara bəxtü dövlət olmadı yar.
Kilidi qoydu çün bərruyi7 divar.

__________
1 Quyu
2 Can-başla
3 Açar
4 Qıfıl
5 Sandıq
6 Ucu bir balaca əyilmişdir
7 Üzərinə


Döyər daş ilə möhkəm ol kilidi,
“Düz eləyim bu əyrisin mən indi”.
O zərbətdən olub surax8 divar,
Döyərdi başına əfqan edib, zar.
Edərdi ahu-vaveyla və fəryad,
Qılardı bəxt əlindən dadü bidad.
Bu sözdən gər ola sultan xəbərdar,
Davasız dərdə mən ollam giriftar.
Nöşün bundan əgər qılsa nəzarə,
Hərəm yolu görünüb aşikarə.
Rəvan ol bisəadət, dövləti kəm,
Götürdü palçıq ilə qıldı möhkəm.
Qəzara gördü şahın bir qulami,
Şaha ərz etdi əhvali tamami.
Ki: şaha ol xəzinədar küstax,
Hərəm sarı olan divari surax
Qılıbdır ta edə ondan nəzarə,
Rəvadır qılmaq onu parə-parə.
Eşitdi padşah oldu rəvani:
Baxıb təhqiq gördü ol nişani.
Ona qəhr eyləyib oldu qəzəbnak,
Dedi: ol dəm ki, ey mərdudi-napak.
Sənə mən tapşırım cümlə xəzain
Olasan sən mənə bədxahü xain?
Sənə tənbeh edim mən qala təmsil
Buyurdu gözlərinə çəkdilər mil.
Pəs ol biçarə etdi ahü fəryad,
Qılırdı bəxt əlindən dadü bidad.
Açıb ağzın dedi ol padşahə,
– Eşit ərzim mənim tək bipənahə,
Mənim yox, haq bilir mütləq günahim,
Vəlakin taleü bəxti-siyahim,
Məni uğratdı, çox dərdü bəlayə,
Bəla verdi məni axır fənayə.
Qılırdı nalə ol ahü fəqani,
Rəvan tapşırdı ol biçarə cani.

__________
1 Deşik


Fədai, hər kimə bəxt olmaya yar,
Nə hasil çox tərəddüd, sə’yü büsyar.
Dedi bəs Bəxtiyar: ey şahi-dövran,
Sənə dövlət müyəssər əmrü fərman
Bu gün çün döndü dövlət, bəxtü iqbal,
Mənim əhvalıma bu qissə timsal.
Bu sözlər ta olunca xətm, itmam,
Pəs ol dəm batdı gün, çün oldu axşam.
Dedi sultan kim, oldu vəxti-bigah.
Aparın saxlayın, olsun səhərgah.
Buna mən edəlim öylə siyasət,
Ki, hər bibakə ola pəndü ibrət.


İKİNCİ VƏZİRİN GƏLİB
PADŞAHA ŞİKAYƏT ETMƏSİ

Səhər çün sübh sadiq aşikarə,
Görünməz oldu göylərdə sitarə1,
Var idi padşahın bir vəziri:
Ki, onun yox fəsahətdə2 nəziri.
Deməzdi xeyr, ol bədruy, bədxah3,
Gəlib sultan yanına çəkdi bir ah.
Müəyyən bir həyasız, adı Bəhruz,
Sanarsan səpdi şahın zəxminə4 duz,
Dedi ol dəm driqa, heyf əfsus!
Dəxi qalmadı bizdə nəngü5 namus?
Şəha! Öldürginən bu Bəxtiyari!
Bu bədbəxtü xəsisü bivüqari.
Neçə bu dürrüdür, sözü tükənməz,
Bu ölməzsə səni kimsə bəyənməz.
Bu növü çox dedi Bəhruz çəndan,
__________
1 Ulduz
2 Gözəl danışmaq
3 Böhtançı
4 Yarasına
5 Utanmaq


Ki, döndü qeyrətindən oda sultan.
Tükəndi taqətü, səbrü qərari,
Buyurdu: hazır edin Bəxtiyari!
Dedi sultan: kim ey mərdud1 dərgah!
Ki, haqdır duz əkmək, ol gəl agah!
Dedi: bilirmisən bu nə deməkdir?
Giriftar eləyən nanü nəməkdir!2
Səni bu dərdə saldı çərxi-dövran,
Kim, ona yox, olunmaz heç dərman,


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi sərvər!
Həmişə dövlətin bada3 müyəssər.
Müsəlləm sənə tacü təxti-şahi,
Müqərrər ola əzməh, ta bəmahi4.
Neginin5 ola çün nəxşi Süleyman.
Müti olsun sənə divan6 və insan.
Ki, səbr eylər hər işdə aqil olan,
Ki, səbr eyləməyən olur peşiman.
Ki, səbr edən yetər axır muradə,
Qalır bisəbr sərgərdan aradə.
Əgər səbr eyləyeydi ol bazırgan7,
Nöşün fe’lindən olurdu pəşiman?
Şitab8 eylədi, düşdü cüstücuyə9,
İki oğlun onunçün saldı suyə.

__________
1 Qovulmuş
2 Duz-çörək
3 Olsun
4 Göylərədək
5 Üzük qaşı
6 Divlər
7 Tacir
8 Tələsmək
9 Axtarış


XACƏ HƏSƏN BAZIRGANIN
HEKAYƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi sərvər!
Həmişə dövlətin bada müyəssər!
Eşitdim ravilərdən1 bir rəvayət,
Əcəb şirin, mütəvvəl2 bir hekayət
Məgər var idi bir mərdi-tavana,
Bəqayət4 maldarü, sərvü bala.
Bəsi münəm5, bəsi varlı, Həsən nam6.
Səmənbuyü7 nikuruy8, güləndam.
Həmişə xürrəm, xoşnudü xursənd.
Könüldə həsrəti yox, qeyri fərzənd9.
Könüldə müttəsil oğul xəyalı,
Təsəddüq eylədi çox mülkü malı.
Fəqirə, binəvayə, dərdməndə...
Kənizin eylədi azad-bəndə...
Düzəltdi yol, körpü qıldı bünyad,
Bəqaül-xeyr10 qıldı məscid abad,
Yetirdi çünki nəzrin müstəhəqqə,
Hamı oldu qəbul dərgahi-həqqə,
Pəs ol dəm, hamilə oldu əyali,
Büründü başinə sövda11 xəyali.
Götürdü çox mətaü barixanə12
Ticarət əzminə oldu rəvanə.
Zərü-simü13, məta binəhayət

__________
1 Nağıl danışanlardan
2 Uzun
3 Varlı kişi
4 Son dərəcə
5 Çox nemətli
6 Adı Həsən
7 Çiçək qoxulu
8 Yaxşı üzlü
9 Övlad
10 Xeyirli yadigar
11 Ticarət
12 Yük
13 Qızıl-gümüş

Belə götürdü ol sahib-dəyanət.
Qamu1 fikrin görübən yola düşdü,
Varıb bir mötəbər şəhrə yetişdi.
Mürəsse danələr2, firuzə, mərcan,
Neçə yaqut ilə ləli-Bədəxşan!
Bəsi simü zəru zərbəfti-diba3
Əcayib töhfələr qılmış mühəyya.
Apardı pişkəş ol padşahə,
Götürdü əl dualar qıldı şahə,
Ki: şaha, dövlətin olsun müxəlləd4.
Bəqai dövlətin olsun da payənd5.
Həmişə düşməni mənkub6 və məqhur7,
Pərişan xatir olsun zarü rəncur8.
Ziçövri-hadisat9, zülmi bədxah,
Pənahında səni saxlasın Allah.
Bu növ eylədi çox mədhxanlıq
Şəh ona qıldı lütfü mehribanlıq.
Ona yer göstərib, pəs qıldı hörmət,
Ona başdan-ayağa verdi xələt.
Dedi: – Sənsən nədimim həm vəkilim,
Bu gündən belə sən ol həmnişinim.
Hər işdə sənə verdim ixtiyarım,
Ki, sənsiz yox mənim səbrü qərarım.
Neçə il qaldı orda ol xirədmənd10
Vəlakin canü dil müştaqi-fərzənd11
Götürdü ol zaman çox sim12, çox mal
Yazıb bir namə evə qıldı irsal:

__________
1 Hamı
2 Naxışlı, daş-qaş
3 Gözəl
4 Daimi, əbədi
5 Daimi
6 Döyülmüş
7 Qəzəbə gəlmiş
8 İncimiş
9 Hadisələrin zəhmətindən
10 Ağıllı adam
11 Övlad arzusunda olan
12 Gümüş


“Bizə lütf etdi şah əmhəmdülillah,
Qılıbdır çün bizi məqbuli-dərgah1.
Olular mütəəssil məclisdə həmdəm,
Ola bilməm cida2 bir ləhzə, bir dəm.
Nolur bizə yazasız bir kitabət.
Nə keçmiş hali-əhvali, səlamət,
Nəyizi3 sən zinhar, əlbəttə, zinhar,
Necədir halınız? edin xəbərdar!”.
Yetişdi namə, övrət oldu dilşad,
Həqqə şükr etdi, qəmdən oldu azad.
Nigari-nazənin, gülbərgi-nəsrin4,
Pəs ol dəm eylədi bir kimsə təyin.
Kitabət yazdı ol sərvü güləndam.
Cavab ol əlinə pəs qıldı elam,
“Ki: ey Fərxəndə tale, ol gəl agah!
Bizimçün yoxdur çox təşvişü ikrah.
Vəli səndən yana hər gecə-gündüz,
Çəkərdik hər zaman ahi-ciyərsuz
Bihəmdullah bizə qıldın işarət,
Şirin camın bu sözünə bəşarət.
Sənə mən verəlim bir müjdəgani5,
Nişat əfza çi ömrü zindəgani.
Ki, bari-həmlidən6 məndən nişanə,
Var idi sən səfər qıldın, zixanə7.
Təmam oldu, çi keçdi vəxtü saət.
Sənə, mənə xuda qıldı şəfaət.
Əta qıldı bizə həqq iki oğlan,
Ki, hər birisi bir xurşidi-taban.
Necə ola dedim iqbalü bəxti,
Münəccim rəmlü üstürlabə8 baxdi.

__________
1 Sarayın yaxın adamı
2 Ayrı
3 Nəyiniz – demək istəyir
4 Nəstərən çiçəyinin yarpağı
5 Muşduluq
6 Hamiləlik yükündən
7 Evdən
8 Rəml aləti


Dedi: sən olgilən xoşnud xürsənd1,
Ki, belə hökm edibdir ol xudavənd,
Birisi ol şəhanşahi-cahangir,
Bəqayət sahibi təmkinü tədbir,
Birisi həm olub məqbuli dərgah,
Gecə-gündüz həmişə məhrəmi-şah.
Vəlakin vardır onların qərani2,
O dəryanın belə gəlir nişani.
İkisi dəxi dəryayə olur qərq,
Ölə, ya qala, onu bilməzəm fərq.
Əgər qurtardılar ol vərtədən3 can,
Müyəssər dövlət olar sənə asan.
Onu dedim ki, olur həmdəmi-şah.
Ona həm yüz verir, həm möhnətü ah.
Olur bir töhmətə ol həm giriftar,
Vali olur ona həm dövləti yar.
Ona zahir çox əhvalü əcayib,
Düçar olar yenə əla məratib4,
Bizim əhvalımız xoş, şükr billah,
Səlamət, afiyət, əlhəmdülillah.
Pərişan xatirik, sənsiz bəqayət,
Sən əskik eyləmə bizdən inayət!”.
Bunu yazdı rəvanə qıldı namə.
Apardı qasid ol verdi cəvanə,
Eşitdi bu bişarət çünki Xacə,
Onun gözünə gündüz oldu gecə.
Dedi: – ey padşahi-dinü dünya,
Müdam olsun sənə dövlət mühəyya!
Kərəm qıl, istərəm ver mənə rüxsət.
Ki, yaxdı bağrımı hicranü firqət.
Buna şah vermədi heç bab dəstur5,
Fəraq oduna yandı zarü məhcur,

__________
1 Şad ol, sevin
2 Tale
3 Bəladan
4 Böyük mənsəbə çatar
5 Göstəriş


Şitab etdi necə kim qıldı təcil.
Gedə bilmədi Xacə qaldı on il,
Yenə yazdı evinə bir kitabət,
Fəraqü hicr əlindən çox şikayət.
“Ki: ey arami-can, məqsud, mətlub!
Ki, siz Yusif mənəm qəm-didə Yaqub!
Kəsildi mütləqa səbrü qərarım,
Vəli yoxdur əlimdə ixtiyarım.
Dəxi qalmadı məndə səbrü taqət,
Şahə ərz eylədim, vermədi rüxsət.
Yola düşüb gəlin siz iki qardaş,
Ananızı götürün belə yoldaş!”.
Yazıb bu naməni çün etdi elam.
Özü qaldı bəsç bisəbrü aram.
Rəvan ol dəmdə çün yetdi namə,
Çü bildi məzmunun banuyi-xanə1,
Həman dəm durdu o xatuni-rəna2
Səfər əsbabini qıldı mühəyya,
İki oğlun belə götürdü filhal,
Dəxi heç qalmadı təqsirü ehmal.
Gəlirdi şah yanına Xacə hər ruz,
Ki, nagah çəkdi bir ahi-cigərsuz3.
Rəvan olmuş gözündən əşki-həsrət4,
Könüldə qalmamış aramü taqət.
Çü sultan eylədi ona nəzarə,
Sanasan bağrı oldu parə-parə,
Dedi: Xacə, nədəndir bu məlalın?
Neşə oldu digərgun5 belə halın?
Dedi sultanə: kim ey padişahim!
Başımın yiyəsi, ümmidgahim,
Kimin könlündə var hicrani fərzənd,
Olur zəhri hilahil6, gər yesə qənd.

__________
1 Evin xanımı
2 Gözəl arvad
3 Ciyər yandırıcı
4 Həsrət yaşı
5 Başqa cür
6 Acı, zəhər


Oğul yüzünə baxa kimsə bir dəm,
Şükoftə xatir1 ola şadü xürrəm.
On ildir ey xudavəndi-yeganə,
Oğul görməmişəm mən əhli-xanə,
Rəvanə eylədim, namə olarə,
Ki, olar həm gələlər bu diyarə.
Gözüm yolda qalıbdır, gəlməz onlar.
Nəsib oldu mənə ahü fəqanlar!
Dedi sultan mənimlə beyət et sən!
Yenə tez gələsən, əylənmiyəsən.
Qəsəm yad etdi, and içdi və möhkəm,
Ona verdi icazət, şah dərdəm.
Rəvanə oldu, yola düşdü Xacə,
Həqqin təqdirini gör oldu necə?
Sürüb yetişdi bir dərya kənarə,
Dedi mən neyləyim bu dərdə çarə?
Var idi onda çox məllahi-gəşti2;
Gəmiyə oturub dəryanı keçdi.
Dedi məllah3 ona: “Ey mərdi-huşyar!
Bu yerdə oğru var, gəl ol xəbərdar,
Ki, kim bunda yatar, ya yuxu eylər,
Aparıb malını başın kəsərlər!”.
Eşitdi bu sözü ol mərdi-miskin,
Düşüb qorxu canına oldu qəmgin.
Qəzara ol tərəfdən, ol səmənbər,
İki oğlu belə sərvü sənubər,
Batan gün vaxtı, keçmişdi şəbi-tar,
Dərya qırağına yetişdi şəbi-tar.
Dərya qırağına yetişdi onlar,
Dedi oğlanlara banuyi-xanə:
– Gecə olur məgər gəşti rəvanə?
Gəzin siz, daxil olmun, cani-madər!
Məbadə qalasız biçarə, müztər,
Olasız ta məgər huşyarü didar.

__________
1 Qəmgin
2 Gəmi-gəmiçi
3 Gəmiçi


Gəmi yola düşəndə siz xəbərdar.
Girib gəmiyə dəryanı keçəlim!
Bu uzaq yolu şayəd1 tey edəlim!
Eşidib bu sözü ol iki rəna:
Gedərlər gahi zirü gah bala.
Məgər ol Xacə həm, əz tərsi-duzdan2,
Başı altında qoymuş dürri-həmyan3.
Sərasimə ayılıb yuxusundan,
Qırağa gətirib salmış nühani,
Pəs ol dəm eylədi ahu fəqani:
“– İki oğru budur apardı malım,
Müsəlmanlar, pərişan oldu halım!”.
Pəs ol dəm qopdu hay-huy, hey tut!
Tutub bağladılar onları məzbut4.
Onun əlində oldular giriftar,
Döyüb, söyüb oları, onlar ağlar:
Bəsi cövr eyləyib, olardan istər,
Yükəş ləlü cəvahir, bədrəyi-zər.
Dedi olar ki, ey mərdi müsəlman!
Utan həqdən, bizə sən qılma böhtan!
Dedi: verin malım, mən yoxsa tezrək,
Ataram dəryaya mən sizi bişək.
Necə kim, qıldılar fəryadü əfqan,
Qəbul eyləmədi ol mərdi-nadan!
Qabaqları yığıb qaşları çatdı5,
Gətirib onları dəryaya atdı.
Könüldə rəhm yox, ol bimürüvvət,
Özü özünə qıldı zülmü şiddət.
Mürüvvətsiz kişidə olmaz iman,
Olur felindən axir ol pəşiman.
Əlindən gəldiyin sən etmə zinhar,
Pəşimanlıq çəkərsən, axiri-kar!

__________
1 Bəlkə
2 Oğruların qorxusundan
3 Pul kisəsi
4 Zəbt etmək
5 Qaş-qabağını çatdı


Sənə çün qalib oldu hirsi-şeytan,
Özün saxla, çəkərsən sən pəşiman!
Vəlakin hər kimə həqq olsa qəmxar,
Ona yetişməyə heç gunə1 azar.
Kimə kim, yar olsa həqq-təala,
Onu qərq eyləməz ol abi-dərya2.
Nəzər qıl sən, gəl ol iqbalü bəxtə,
Olara doğru gəldi iki təxtə,
Pəs ol dəm zarü qəmgin, dil-şikəstə,
Hərəsi oturub bir təxtə üstə,
Cida3 düşdü biri-birindən onlar,
İkisi dəxi firqətdən dil-əfkar4.
Olan çün getdi, ol biçarə anə,
Bəlavü möhnətə oldu nişanə,
Baxıb hər dəm çəkərdi intizari,
Kəsildi səbrü aramü qərari.
Sabah olunca, ol biçarə övrət,
Çəkərdi hər zaman yüz ahi-həsrət.
Vəlakin çün vəxti-səhərgah,
Ol övrət dadi-bidad eylədi ah!
Saçın yoldu, üzünə çaldı dırnaq,
Sovurdu başına çox daşü torpaq.
Xüruşi nalə, yüz növhə, fəryad,
Deyərdi eyləyib əfqanü fəryad.
– Mənim tək zarü giryan varmı, ola?
Mənim tək bidilü can varmı, ola?
Düşüb bülbül kimi ayrı gülündən,
Ciyər guşələrim getdi əlimdən.
Bu halə necə səbr eyləsin ana?
Qalıb firqət oduna yana-yana.
Məni yaxdı fəraqü nari-hicran5.
Bu dərdə varmı ola hiç dərman?

__________
1 Cür
2 Dəniz suyu
3 Ayrı
4 Ürəyi qəmgin
5 Ayrılıq atəşi


Məni dərd aldı, dərman getdi əldən,
Yan ey canim ki, canan getdi əldən.
Məni saldı fələk onlardan ayru,
Cidalıq qıldı qarə bağrımı su.
Qılıb rəxtü libasın parə-parə,
Deyər bu dərdə yox dərmanü çarə.
Yetərdi hər kimə eylərdi ilhah1,
Xəbər verdi ona ol dəmdə məllah.
Eşidib bu sözü çün getdi huşi,
Yenə başladı bu növhə xruşi2
Qılırdı hər zaman yüz növhə bünyad,
Keçən günlərini eylərdi həm yad.
O iki qönçeyi-baqi-lətafət,
Açılmadı, olara yetdi firqət,
On ildi olara atası müştaq,
Yetirəydim ona mən onlari sağ.
Atasına aparım mən olari,
Ki, şayəd şad edim ol dilfikari.
Nə yüznən mən daxi oraya varım?
Necə baxım üzünə, şərməsarim!
Driğa bəxti-tale olmadı yar,
Dəvasız dərdə oldum mən giriftar.
Atası yanına mən iki şəhbaz3,
Aparırdım əlimdən qıldı pərvaz.
Hərəsi getdi bir dərya kənarə,
Məni saldı həzaran4 ahü zarə.
Fəqanü növhə edərdi o xatun,
Bu sözləri eşitdi ol ciyərxun.
Başından getdi ağlı, oldu bihuş,
Özünü eylədi mütləq fəramüş.
Sanasan cani yox, getmişdi mütləq,
Özünə gəldi çün ol mərdi-əhməq.
Tanıdı övrətin, gördü iraqdan,
Sanasan gözdən oldu, həm qulaqdan.

__________
1 Təkid etmək
2 Ağlayıb zarıldamaq
3 Laçın
4 Minlərcə


Vurub başə dedi: ahü vaveyla,
Kim ola mən təki bədnamü rüsva.
Gəl ey övrət, bu gün gör neylədim mən?
Özüm öz başıma kül eylədim mən.
Sanasan mən dəli oldum, qorxdum,
Özüm öz ayağıma tişə vurdum.
Varıb mən kimə edim dadü bidad,
Özüm özümə etdim zülmü-bidad.
Belim, arxam qamu xurd1 oldu, sındı,
Nə sud2 eylər peşiman olmaq indi.
Keçən işi qılarmı qeyqu behbud?
Pəşiman olmaq olmaz kişiyə sud.
Qalır canda vəli yüz ahu həsrət.
Tükənməz dərdü qəm, ənduhü3 möhnət.
Xəbər al indi o biçarələrdən:
Ata zülm eyləmiş avarələrdən.
İkisi bir-birindən oldu ayru,
İkisinin dəxi könlündə qeyqu.
Apardı kuçikin çün mövci dərya,
Qırağa düşdü ol gül bərgi rəna,
Həqqə bağlamışdı sidqi-ixlas,
Orada tapdı onu cəmi qəvvas.
Qamusu oldular xoşhal, xoşnud,
Dedilər eyləyübən şükri məbud.
Biz istərdik bu bəhr4 içində gövhər,
Nə gövhərdir ki, ola bundan yektər5.
Böyük oğlan ilə ol çubi-parə6
Çıxardı mövc bir dərya kənarə.
Qəzara ol diyarın padşahi,
Biləsincə7 qamu xeyli sühapi8,
Ova çıxmışdı seyrü tamaşa,

__________
1 Parçalandı
2 Xeyir, nəf
3 Qüssə
4 Dəniz
5 Əla
6 Taxta parçası
7 Arxasınca
8 Qohunu


Yetişdi bir cavanə sərvü bala,
Baxıb gördü ki, bir pakizə oğlan
Qalıbdır arada, nalanü giryan.
Mələksima və bir xurşidi-mənzər1,
Cavanü nazənin fəxrəndə əxtər2,
Gözü nərgis, yüzü gülbərgi xəndan,
Xəcil hüsnündən onun mahi-taban,
Cəmali dilfərib3, qəddi şümşad,
Görən bir gəz yüzün, qəmdən olur şad.
Apardı onu dərdəm şəhriyarə,
Çü sultan eylədi ona nəzarə.
Başından getdi əqli, oldu heyran,
Xəbərləşdi, dedi: əhvalin oğlan?
Varidi çün onun başında dövlət,
Ona həm yar idi, bəxtü səadət.
Pəs ol dəm padşahi-dadgüstər4,
Buyurdu gəlsin ol əvani-ləşgər5,
Vəzirü həm vəkilü, əhli-divan.
Çü hazır oldular, buyurdu sultan:
– Mənimçün sonra yoxdur məndə fərzənd,
Necə olur genə fikr eylərəm mən,
Bu oğlandan bəsi asari dövlət,
Görünür yenə çox həm şanü şövkət.
Səlah olursa, ey əşrafü əyan!
Mənə olsun oğul, sizə bu sultan.
Dedilər: qəbul etdik, ey xirədmənd6,
Hamu biz bəndəyik, sənsən xudavənd.
Kimə oğlum deyər olursa sultan,
Qılalım cani-baş yolunda qurban.
Olalım cani-dildən biz duagu,
Daxi çəkməyəlim ənduhü qeyqu,
Riza verdi hamı ərkani-dövlət,

__________
1 Günəş simalı
2 Ulduz
3 Ürək çalan
4 Ədalətli
5 Qoşun başçıları
6 Ağıllı


Buyurdu şah olara gəldi xələt,
Döyüldü təblü kusu1 şadyanə,
Köçübən şəhrə oldular rəvanə.
Şah ol oğlanə verdi tacü təxti,
Onunçün yar idi iqbalü bəxti.
Nəginü2, möhri-sultan3, həm ona şah,
Verib öz əliylə, etdi4 şahənşah,
Əl əl üstə qoyuban sərfikəndə5,
Ona əşrafü əyan oldu bəndə.
Döyüldü təblü kusü həm nağarə,
Nida qıldı münadi6 aşikarə,
– Xəlayıq, siz bilin təhqiqü yəqin,
Ki, şahın var idi bir oğlu gizlin.
Bu gün şah ona verdi ixtiyari,
Nəginü, tacü, təxti, külli vari,
Oturdu padşah təxtinə oğlan,
Ona ərkani-dövlət oldu fərman.
Ona həqq eylədi, öylə inayət,
Eşit ol kiçik oğlandan hekayət.
Xəbərdar ol, eşit, olma gümanda!
Deyər ravi məgər kim ol zamanda
Ata çün oları atmışdı suya,
Xəbərdar oldu düşdü cüstücuya7,
Ər-övrət həm ikisi belə ağlar,
Tərəddüd edib oldular tələbkar.
Olari aradılar, müddəti çənd,
Ələ girmədi fərzandani8 dilbənd.
Oların ahına daş oldu çün mum,
Gəlib əyləndilər məhrum və məqmum9.

__________
1 Nağara
2 Üzük
3 Padşahlıq möhrü
4 Ayıtdı – dedi
5 Başı aşağı
6 Carçı
7 Axtarış
8 Uşaqlar, övladlar
9 Qəmgin


Dedi övrət ki, görməm səndə təqsir,
Yox imiş, nedəlim təqdirə tədbir.
Dedi Xacə: mənə irdi məlalım,
Bu firqətdən pərişan oldu halım.
Məgər rəf eyləyəlim bu məlali,
Özüm özümə qıldım bu xəyali,
Girim bu kəştiyə, bixof və ikrah1,
Gəzim dərya üzündə gahü-bigah,
Rəvan edim bu dəryayə gəmini,
Ki, şayəd2 tapım onların leşini.
Ki, dərya etməyə nabud, naçiz,
Oları edəlim təkfin3 və təchiz.
Deyərlər ölü özü kim olur sərd,
Görəndən çün mənimçün səhl olur dərd.
Rəvanə oldu dəryayə bəixlas4,
Yetişdi gördü çün bir cəmi qəvvas.
Olubdur əradə hamısı cəm,
Olar ilə bir oğlan var ki, çün şəm.
Cəmali sanasan xurşidi-ənvər5
Sözü şəkkər, boyu sərvü sənubər.
Gözü nərkəs, qaşı yay, tir müjgan6,
Dişi dürr, ləbləri ləli-Bədəxşan,
Yüzündə xali mişkin danə-danə,
Biri qəsd eyləmiş yüz dadlı canə,
Orada gördü xacə, ol cavanı,
Sanasan yanar oda düşdü canı.
Yetişdi onlara kim dedi: ey can!
Nə yerlidir mənə de, sən bu oğlan?
Dedilər: “Ey xridməndi-güzidə!
Bu oğlandır qulami zər-xəridə7”.

__________
1 Qorxub çəkinmədən
2 Bəlkə
3 Kəfənləmək
4 Xilas etmək üçün
5 İşıqlı günəş
6 Kirpikləri ox
7 Qızıl ilə alınmış


Dedi: əgər satarsız bu qulami,
Bahasın verəlim indi tamami.
Pəs ol dəm oğlana oldu xiridar,
Olarə verdi qiymət zər və dinar.
Satın aldı çü xacə ol cavani,
Dedi: ey can, ömri-zindəgani!
Gecə-gündüz işim təşviş idi, ah!
Sənə uğradım, indi həmdülillah!
Mənimçün hər işimdə yar olarsan,
Ağır dəmdə mənə qəmxar olarsan.
Olub həmrah Xacə ol cəvanə,
Yol alıb getdilər bərsuyi-xanə.
Çatıb, birdəm çağırdı övrətini,
Qılıb tərif cavanın xislətini,
Dedi Xacə: gözün aydın, ay arvad!
Mən aldım bu qulami bizə imdad,
Edər xidmət bizə hər bir zamanda
Bu yerdə, ya ki, başqa bir məkanda.
Görüncə oğlanı övrət dayandı,
Vücudi titrəyib, odlara yandı.
Çəkib nərə yıxıldı, oldu bihuş,
Sanasan söndü fanus, oldu xamuş.
Gəlincə huşə, Xacə sordu ondan,
– Səbəb noldu sənə, oldun pərişan?
Dedi övrət: – Məgər sən bixəbərsən?
Bu övladdır sənə, sən də pədərsən.
Qovuşdu bir-birə onlar haman dəm,
Ağır həsrətdən ayrı, şadü xürrəm.
Ata gördü oğulda şövqü sənət.
Ona təlimi qıldı həm ticarət,
Alıb çoxlu cəvahir tacir oldu,
Ticarət məqsədinə azim oldu.
Gəlib çatdı haman bir başqa şəhrə
Ki, bəlkə bu səfərdən gördü bəhrə.
Nə bilsin ki, bu mülkün padşahi,
Onun öz qardaşıdır, yox guvahi.
Hüzuri-şahə tacir oldu dəvət
Edib təqdim ona çox malü dövlət,
Dürrü əlmasü yaqut, dürlü gövhər,
Zümrüd, kəhrəba, mirvari, cövhər.
Qılıb tərifü tövsif öz matahin,
Qazandı hörmətin ol padişahin.
Dedi: malü matahin xeyli zəngin,
Xridar olmamaqsa qeyri-mümkün.
Vəlakin sözlərin qiymətli incu,
Bizi heyran qılıb ey mərdi-xoşgu.
Gözəldir söhbətin, şirin məqalin,
Sözündən bəllidir halin, xisalin.
İradəm var səninlə qardaş olmaq,
Sədaqət məqsədilə sirdaş olmaq.
Qəbul etsən sözüm, burda qalarsan,
Saray içrə mənə həmdəm olarsan.
Qəbulə keçdi söhbət tutdu çün baş,
İki qardaş, yenidən oldu qardaş.
Xəbərsiz bir-birindən olmub agah,
Edib sevda, biri tacir, biri şah.
Meyü badə ilə məclis əhatə,
Günü sərf etdilər eyşu-nişatə.
Şərabın təsirindən şah sərxoş,
Yıxıldı rəxtixabə oldu bihuş,
Kiçik qardaş görüb hali bu münval,
Çəkib şəmşir, ayağa qalxdı dərhal.
Ki, şahə dəyməsin heç bir xəsarət,
Ona çəksin keşik ol bacəsarət.
Durub taxtı başında, əldə şəmşir
Xəyali xeyrikən, baş verdi təqsir.
Gəlib əhli-saray, oldu guvahi
Dedilər: “Qətl edirmiş padşahi!”.
Ayıldı xabi-işrətdən ki, sultan,
Sorub ovzai, qaldı matü heyran.
Buyurdu şah dərdəm gəldi cəllad
O tacir yalvarıbən qıldı fəryad.
Dedi oğlan ona: – Ey padşahim!
Bu dəvadə mənim yoxdur günahim.
Şaha qəsd etməmişəm, bigünahəm,
Qələt fikr etmə ki, mən rusiyahəm1,
Dedim olmuya, nagah, gələ bədxah,
Bu halə ta olunca bəndə agah,
Qılıb öz halimə bir fikrü tədbir
Əlimdə bari hazır ola şəmşir.
Mənim yoxidi, bir özgə xəyalim,
Dönüb tale pərişan oldu halim.
Dedi ol dəmdə yetdi halə düşmən,
Təqafül eyləmə, öldür məni sən.
Dedi sultan: bu söz ki, buna həqdir,
Əgər ki, ölməyə bu müstəhəqdir?
Vəlakin hər kişi gər ola aqil,
Hər işdə var qıla səbrü təhəmmul.
Ölüyə bir daha vermək deyil can,
Vəlakin dirini öldürmək asan.
Bulunur bəhrə səbrilə hər işdən,
Ki, səbr ilə çıxar şəkkər qəmişdən.
Könül bağlagilən bu etiqadə,
Ki, səbriylə yetər hər kim muradə.
Olur qora vəli səbriylə halva.
Olur bir qətrə sudan hüsni-ziba.
Sədəf dəfninə çün yağmuri-baran2,
Düşər səbriylə olur dürri-qəltan.
Eşitdi çünki təcil etdi sultan,
Özü öz felinə oldu peşiman.
Çəkibdir çünki oğlan mənə şəmşir,
Durun möhkəm vurun boynuna zəncir.
Tutuldu çün giriftar oldu oğlan,
Oradan köçdülər, buyurdu sultan.
Rəvan düşmən saruya qıldı ahəng,
Supahi düşmən ilə qıldılar cəng.
İki yandan bərabər durdu ləşgər,

__________
1 Üzü qara
2 Yağış


Sanasən zahir oldu ruzi-məhşər,
Dilavərlər qılıb meydanda cövlan,
Supahilər qanından doldu meydan.
Pəs ol dəm qopdu bir aşubi-qovqa,
Fələk eylərdi ol cəngə təmaşa.
Töküldü gövdələr, başlar kəsildi,
Bular güclü olub, onlar basıldı.
Bulara verdi həqq, basıldı düşmən,
Bular şad olub, onlar etdi şivən.
Kisb1 eylədilər, onlar firavan,
Oradan şadü xürrəm, döndü sultan.
Gəlib yetişdilər bir mürğzarə2,
Neçə gün oldular məşğul şikarə.
Hamu onlar gəlib xoşnudü xoşhal.
Gəl oğlanın atasından xəbər al!
Ona qasid yetirdi çünki namə,
Bişarət verdi o, əsbabi-mayə.
Dedi səd mərhəba, fəxrəndə qasid!
Bizə mətlub idi və həm məqasid3.
Yola düşdü belə4 götürdü malin,
Hamu fərzənd5, əsbabi, əyalin.
Yetişdi çünki ol şəhri diyarə,
Düşüb əyləndi bir xəlvət kənarə.
Xəlayiqdən xəbər eylədi məlum,
Dedilər ona: ey miskin, məzlum!
O igid kim deyirsən şahə pabus6,
Giriftari-bəla zindanə məhbus.
Olubdur gecə-gündüz işi əfqan,
Deyirlər öldürər əlbəttə sultan.
Eşitdi bu sözü çün ol cigərxun,
Özündən getdi, oldu çün digərgun7

__________
1 Qənimət
2 Quşların düşərgəsi
3 Məqsədlər
4 Özü ilə
5 Övlad
6 Ayağından öpmək – təzim etmək
7 Halı dəyişdi


Özünə gəldi o biçarə məhrum,
Olurdu naləsindən daşlar mum.
Pərişan oldu düşdü canə lərzə1,
Rəvan ol padişahə yazdı ərzə.
Ki, şaha dövlətin payəndə2 olsun,
Sənə xəlqani aləm3 bəndə4 olsun,
Ziyadə olsun ol cahü-cəlalin.
Füzun5 olsun kəmali-bizəvalin.
Başın götür, nəzər qıl bir xudayə!
Rəva görmə sitəm mən binəvayə.
Cəfalar çəkmişəm, artıq ölümdən,
Pərişan olmuşam, sən tut əlimdən.
Şəha, qılma mənə sən zülmü bidad!
Əlindən ruzi-məhşər eylərəm dad.
Bu gün mən belə eşitdim ki, sultan,
Qılıbdır bir igid məhbusi-zindan.
Giriftari bəlavü möhnəti-bənd,
Mən atayam ona, ol mənə fərzənd.
Onun var idi bir ayru qardaş,
İkisi belə, anaları yoldaş,
Məni istəməyə gəlmişdi onlar
Mən onlardan deyildim çün xəbərdar.
İkisin bir gecə dəryaya saldım,
Bunu tapdım, qəvvasdan satın aldım.
Birin heç tapmadım, gəzdim cahani,
Canımda həsrəti qalmış nihani.
Onun hicrində bağrım dağ olubdur,
Yenə burada ol dustaq olubdur.
Ümidim var ki, bu dövlətli sultan,
Mənə mən6, etməyə əltafü7, ehsan.
Mənə sata yenə işbu qulami,

__________
1 Titrətmə
2 Möhkəm
3 Dünya xalqları
4 Qul
5 Artıq
6 Mane
7 Lütflər


Verəlim malü əsbabi təmami.
Zərü simü, cəvahir, ləl, mərcan,
Şirin canim onun yolunda qurban!
Yetirdi ərzəni alicənabə,
Oxudular yetişdi ol xitabə.
Eşitdi onda çün dərya sözünü,
İtirdi sanasan sultan özünü.
Buyurdu: gətirin əndər zəmani,
Bu ərzə yiyəsi olan cavani.
Gətirdilər onu əndər hüzurə,
Dedi sultan, pəs ol mərdi-səburə1,
Necədir söylə gəl əhvali-dərya!
Ki, əqlim oldu qayət, səbr yəğma2.
Başından keçdiyin ol Xacə bir-bir,
Bəyan elədi şahə şərhü təqrir3.
Baxıb ağzına onun oldu mail,
Özündən getdi, ağlı oldu zayil.
Zəman keçdi, çün gəldi özünə,
Atası ayağın sürtdü üzünə.
Dedi: baba, mənəm ol böyük oğlan,
Olan müstəqriqi dəryayi-hicran4.
Ata və qardaşım təqdiri Allah,
Yetirdi mənə çün əlhəmdülillah,
Sicud5 eylədi dərdəm şükri yəzdan6,
Rəvanə oldu dərdəm suyi7 zindan.
Qılıb qardaşını zindandan azad,
Ana oğlanlar ilə oldular şad.
Hamısı səbrlə yetdi muradə,
Deməsən dərdü-sər bundan ziyadə.
Fədai, səbr qıl, olduqca imkan!
Ki, kimsə səbrdən olmaz pəşiman.

__________
1 Səbirli
2 Səbrim qarət oldu (əldən getdi)
3 Təfsilatilə
4 Ayrılıq dənizində qərq olmuş
5 Səcdə, təzim
6 Allah
7 Tərəf


Yetər məqsudinə səbrilə hamu,
Ki, səbriylə açılar bağlı qapu.
Bu nəğli Bəxtiyar edincə itmam,
Yenə gün batdı, oldu vəxt axşam.
Onu apardılar zindanə ol dəm,
Yenə bağladılar məzbut və möhkəm.
Səhərgəh çün boşüd1 xurşid taban,
Vəziri-seyyum aməd pişe sultan2.

davamı
XS
SM
MD
LG