Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Elbrus Əliyev qanunsuz reklam çarxları üçün tökdüyü pullardan danışdı


E.Əliyev şirkətin telekanallarda və qəzetlərdə qanunsuz reklamı ilə bağlı epizodlara aydınlıq gətirib

Avqustun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMС-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi davam etdirilib. E.Əliyev şirkətin telekanallarda və qəzetlərdə qanunsuz reklamı ilə bağlı epizodlara aydınlıq gətirib.

E.Əliyev bildirib ki, şirkət 2007-ci ildə «Speys» telekanalında təşkil olunmuş «Azəristar» yarışmasında təşkilati dəstək kimi iştirak edib. Heç bir müqavilə bağlanmadan verilişlərdə «GEN» MMC reklam olunub və buna görə E.Əliyev «Azəristar» yarışmasının təşkilatçısı Kamal Ceng İçtenə 30 min dollar verib:

«Müsabiqənin qalibi Zakir adlı oğlan oldu, verilişin finalında «GEN» MMC-dən Kamran adlı işçim həmin oğlana üçotaqlı mənzilin açarlarını təqdim etdi. Ancaq nəzərdə tutulmuş mənzil tikilmədiyindən hədiyyəni verə bilmədik. «Azəristar»ın yay kampaniyası çərçivəsində «Neapol» restoranında keçirilən verilişlərdə «GEN» MMC-nin reklam çarxı üçün 10 min dollar xərcləmişəm. Ancaq ortada heç bir müqavilə olmayıb, mən bu pulları şifahi xərcləmişəm».

E.Əliyev «Lider TV»də yayımlanmış «Maşın» realiti-şousuna tökdüyü pullardan da danışıb:

«Bir gün Murad Dadaşovun qardaşı Fərid Dadaşov yanıma gəldi, danışdı ki, belə bir veriliş var, reklamlarınızı yerləşdirə bilərsiniz. Şifahi razılaşdıq. Mən Fəridə ayrı-ayrı tarixlərdə üst-üstə 30 min dollar vermişəm. Fərid də həmin pulları qardaşı Murad Dadaşova çatdırıb. Həmin pulların müqabilində şirkət bir ay müddətində «Maşın» realiti-şousunda reklam olundu».

E.Əliyevin aydınlıq gətirdiyi üçüncü epizod əvvəllər «Lider TV»də, sonra isə «Az.TV»də yayımlanan «Tikdim ki, izim qala» verilişinə etdiyi sponsorluğu ilə bağlı olub:

«Veriliş «Lider TV»də yayımlanarkən verilişin Səadət adlı aparıcısına şirkətimin reklamı üçün müqaviləsiz 51 min dollar vermişəm. Səadət xanım öz verilişində 1 il müddətində mənim şirkətimi reklam etməli idi. Təqribən 6-7 ay veriliş «Lider TV»də getdi, sonra Səadət xanım «Az.TV»yə keçdi, verilişin nümayişi də həmin kanalda davam etdi. Beləliklə də şirkətim bir neçə ay da «Az.TV»də müqaviləsiz-filansız reklam olundu».

Şirkət rəhbəri məhkəmədə türkiyəli işadamı Əzmi Bostana verdiyi pulların da taleyinə aydınlıq gətirib:

«Əzmi Bostan Azərbaycanda reklam kampaniyalarının təşkili ilə məşğul olurdu. «Eksklüziv» adlı reklam şirkəti də var. O, mənə təklif etdi ki, sənin şirkətinin reklamını bütün telekanallarda qura bilərəm. Əvəzində sən mənə ikiotaqlı ev verərsən. Mən də razılaşdım. Qiyməti 200 min dollara mənzil verməli idim ona. Əvvəlcədən 20 min dollar ödədi. Yerdə qalan 180 min dolları isə barterlə ödəyəcəkdi. Yəni, mənim reklamlarımı təşkil etməklə. O, həqiqətən də bütün telekanallarda reklamı təşkil etdi. Ancaq sonradan eşitdim ki, Əzmi Bostan reklamlarımı verdiyi telekanallarla heç bir müqavilə imzalamayıb, yəni, qanunsuz verib mənim reklamlarımı. Bundan başqa, Əzmi Bostanın Həsən adlı türkiyəli müavininə də 9 min dollar vermişəm».

E.Əliyev «GEN» MMC-nin reklam olunduğu «Birja», «Supermarket» qəzetlərinə, həmçinin, «ATV» jurnalına da ümumilikdə 30 min manat verdiyini bildirib. Həmin məbləğin 40 faizi rəsmiləşdirilsə də, 60 faiz şifahi razılıq əsasında ödənilib.

Zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərov məhkəmə qarşısında yuxarıda adları çəkilən şəxslərin, o cümlədən qanunsuz reklam çarxları nümayiş etdirilmiş telekanalların reklam üzrə səlahiyyətli işçilərinin məhkəməyə çağırılaraq dindirilmələrinə dair vəsatət qaldırdı.

Növbəti məhkəmə iclaslarında vəsatət müzakirə olunacaq.
XS
SM
MD
LG