Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:56

Məhkəmədə sürücünün döyülməsini əks etdirən videoçarxa baxış keçirilə bilər


Sürücü Mehman Əmirquliyev
Sürücü Mehman Əmirquliyev
Noyabrın 2-də Dəvəçi rayon Məhkəməsində Bakı-Xaçmaz yolunun Dəvəçi ərazisində Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin 1 saylı Yolların Mühafizə Xidmətinin müfəttişləri tərəfindən döyülmüş sürücü Mehman Əmirquliyevin məhkəməsi davam edib.

İttihama görə, bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində müfəttişlərlə sürücü Mehman Əmirquliyev arasında mübahisə yaranıb. Nəticədə sürücü müfəttiş Vüsal Səmədovu döyüb.

ŞAHİD OLAY YERİNDƏ OLDUĞUNU, AMMA HADİSƏNİ GÖRMƏDİYİNİ DEYİR

Bugünkü prosesdə şahid qismində Yolların Mühafizə Xidmətinin Quba bölməsinin rəisi Aydəmir Manafov və Xaçmaz bölməsinin rəisi İskəndər Hacıyev ifadə verib.

İskəndər Hacıyev ifadəsində bildirib ki, olay yerində olsa da, ortada maşın dayandığından hadisəni görə bilməyib. Mehman Əmirquliyev şahidin ifadəsinə etiraz edib. Məhkəmənin nəzərinə çatdırıb ki, «həmkarları məni döyəndə bu adam da orda idi və hər şeyi aydın görürdü».

Hakimsə təqsirləndirilən şəxsə bildirib ki, onun döyülməsi faktı ilə əlaqədar Dəvəçi rayon Prokurorluğunda ayrıca cinayət işi başlanıb və həmin faktın hazırkı məhkəmə işinə aidiyyatı yoxdur. Məhkəmə onun cinayət işini araşdırır, döyülməsinin isə bu məhkəmə işinə aidiyyatı yoxdur.

Digər şahid Aydəmir Manafov isə ifadəsində göstərib ki, sürücü Mehman Əmirquliyevin müfəttiş Vüsal Səmədovu döydüyünü görüb.

«O DA MƏNİ DÖYƏNLƏRİN İÇİNDƏ OLUB»

Sonra hakim deyib ki, Yolların Mühafizə Xidmətinin Şimal bölməsinin rəisi, prosesə şahid qismində cəlb olunmuş Mübariz Paşayev məhkəməyə teleqram göndərib. Həmin teleqramda səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirib. Lakin təqsirləndirilən şəxs həmin şahidin məhkəmədə mütləq dindirilməsini xahiş edib. «O da məni döyənlərin içində olub. Xahiş edirəm mütləq məhkəməyə gətirilsin», - deyə M.Əmirquliyev bildirib. Hakim həmin şahidə bir daha çağırış vərəqəsi göndərəcəyini söyləyib.

Sonra M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov sürücünün döyüldüyünü əks etdirən videoçarxa məhkəmə iclasında baxış keçirilməsini hakimdən xahiş edib. Hakim bildirib ki, növbəti prosesdə videoçarxa baxış keçirilə bilər.

Növbəti məhkəmə prosesi noyabrın 4-də keçiriləcək.

Mehman Əmirquliyev ittihamları qəbul etməyib və istintaqa ifadəsində müfəttişlər tərəfindən döyüldüyünü bildirib.

Cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda məhkəmə qarşısında dayanan sürücü onu döymüş müfəttişlər barədə Dəvəçi rayon Prokurorluğuna şikayət verib və Cinayət Məcəlləsinin zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. M.Əmirquliyev həmin iş üzrə zərərçəkmiş qismində tanınıb. Onu döyən müfəttişlər isə hələlik cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Həmin hadisə təsadüfən ərazidən keçən digər bir sürücü tərəfindən mobil telefonun yaddaşına köçürülüb. M.Əmirquliyevin müfəttişlər tərəfindən döyüldüyünü əks etdirən videogörüntü AzadlıqRadiosunun saytı tərəfindən yayılıb.
XS
SM
MD
LG