Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:55

Türkmənistanda “Ruhnamə” yenə dəbə minir


Türkmənistan hökumətinin dekabrın 15-də keçirilmiş iclasında prezident Berdıməhəmmədov təhsil, elm, səhiyyə, turizm və idman sahələrinə cavabdeh olan baş nazirin müavini Saparliyevdən tələb edib ki, bütün təhsil proqramlarını ciddi nəzarətdə saxlasın.

O vitse-premyerə tövsiyə edib ki, gənclərin tərbiyəsi “Ruhnamə” əsərinə əsaslanmalıdır.

Onun sözlərinə görə keçmiş dövlət başçısı Niyazovun yazdığı bu əsərdə haqqında danışılan "yüksək mənəvi dəyər və prinsiplər həmişə türkmən xalqı üçün xarakterik olub və böyüyən gənc nəsil də həmin dəyərlərə sadiq olmalıdır".

Bu haqda Türkmənistanın dövlət informasiya agentliyi xəbər verir.

Bundan qabaq xarici ölkələrdə təhsil alan və tətildə Türkmənistana qayıdan tələbələrin geri qayıtmasına icazə verilməmişdi.

Niyazov öləndən sonra “Ruhnamə”yə maraq zəifləmişdi.

Bu da yeni prezidentin özünü islahatçı kimi təqdim etməsi ilə bağlı idi.

Türkmənbaşının küçə və meydandakı bir çox şəkilləri çıxarılıb yeni prezidentin portretləri ilə əvəzləndiyi kimi 2009-cu ilin yazında idarə və təşkilatların fondundan da "Ruhnamə"ni çıxarıb, əvəzində ora Berdıməhəmmədovun kitabını daxil edirdilər.

2001-ci ildə Niyazov tərəfindən yazıldığı bildirilən “Ruhnamə” türkmən xalqına ünvanlanmış nəsihətlərdən, eləcə də fəlsəfi düşüncələrdən ibarətdir.

Türkmən xalqının tarixinə ekskurs edilir, türkmənlərin böyük xalq olduğu, tarix boyu 70 dövlət yaratdığı deyilir, həyatın mənasının ədalətli cəmiyyət qurmaq olduğu bildirilir.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Türkmənistanda dünyanın ən repressiv diktaturalarından birinin yaradıldığını, rəhbərlərin gənc nəslin demokratik düşüncə sahibi olmasını özlərinə ən böyük təhlükə saydığını deyirlər.
XS
SM
MD
LG