Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:31

Elçin Hüseynbəyli "Dezodorant qız" (HEKAYƏ)


O şəkli, yəqin, çoxları görüb. Metroda qatarların divarlarını bəzəyir.

Qızla oğlan «Caldion» firmasının dezodorantlarını reklam edir: «So him, So her» .

Hər səhər işə gedəndə metroda onlara baxıram.

Cütlüyün üzündə o qədər sevgi və ehtiras var ki, adam gözlərini onlardan çəkə bilmir.

Şübhəsiz, kişilər hamısı, mən qarışıq, qıza baxır.

Qız o qədər gözəldir ki, dərisi, sanki, ipəkdəndir.

Əynində atlas ağ dekolte var, elə bil indicə sürüşüb yerə düşəcək və qız lüt qalacaq.

Düşünürəm ki, yəqin o da Züskindin qəhrəmanı kimi kimyagərdi.

Alman yazıçısının qəhrəmanı ətir düzəldə-düzəldə özü də ətirə çevrilib. Qız da ehtirasından seksual manekenə dönüb.

Oğlan qıza məftunluqla baxır. Qız oğlanın ehtraslı, bir az da sırtıq baxışlarından utanır, onun gözlərinin oduna dözmür və başını azca yana əyir…

Qızın fındıq burnu, ehtiraslı dodaqları var, gözlərindən məsumluq və sevgi tökülür.

Günah kompleksi ona yaddır. Qız, sanki, utandığından ehtiras predmetinə, yəni oğlana yox (onun yerində mən də ola bilərdim), kənara baxır.

Sevən qadının birinci gözlərinə baxmaq lazımdır. Bunu mən yox, klassiklərimiz deyib, o gözləri vəsf eləyib.

Sevən qadının (elə kişinin də) gözləri parıldayır, bəbəkləri genəlir, ağzı azca aralanır, dodaqları ürəyindən qalxan sevgi buxarından yaşlanır, məmələrinin gilələri dikəlir, qanı o qədər durulur ki, yanaqları allanır…

Ona vurulmamaq mümkün deyil. Vurulmaq öz yerində, bəs görən yataqda necədir? Yəqin səhərlər qar altından təzəcə çıxmış novruzgülünə bənzəyir.

Yuxulu gözlərini ovuşdurur, alabəzək yuxusunu xatırlayır.

Və bir gün, bax beləcə həmin şəklə baxırdım, daha doğrusu, gözümü qızın ehtiras tökülən dodaqlarına və ağappaq yumru çiyninə dikmişdim.

Birdən kimsə qolumdan yavaşca çəkdi. Fikir vermədim.

Həmin hərəkət təkrar olundu, ürəyimdə şeytana lənət oxuya-oxuya qanrılıb baxdım.

Köhnə tanışım böyrümdə dayanmışdı. Təəccübləndim.

Çünki o, metroya minməzdi, cavanlıqda atasının xidməti maşınında, böyüyəndən sonra isə öz maşınında işə gedib-gələrdi.

Tanışım hündürboylu, idmançı görkəmli və yaraşıqlıdır. Nəinki qadınların, hətta kişilərin də ona tamahı düşür.

- Yolları elə töküb-dağıdıblar ki, maşınla işə getməyə hövsələm çatmır. Ona görə mən də metroyla gedib-gəlirəm,-deyə o şikayətləndi.

Mən başımla onun dediklərini təsdiqlədim və nədənsə metroya möhtac qalmış tanışıma yazığım gəldi.

Peşəsi vəkillikdir. Dil qabiliyyəti olmadığına görə, proseslərə çıxmır, bir vəkil kontoru açıb, oranı idarə edir.

Pis məşğuliyyət deyil, özü demiş, beş-on manat qazana bilir.

Bir-birimizlə hal -əhval tutduqdan sonra yenidən şəklə baxmağa başladım və fikir verdim ki, tanışımın bir gözü şəkildə, bir gözü də məndədir.

O:

- Gözəl qızdır, eləmi?-deyə qulağıma pıçıldadı.

- Çox gözəldir,-dedim.

- Bilirsən, onun gözəlliyi nədədir?-Mən dinmədim, çünki onun sualına hazır cavabım yoxuydu,-sirdə, onun gözəlliyi sirdədir,-özü mənim əvəzimdən cavab verdi.

- Ola bilər, -dedim və yenidən şəklə baxmağa başladım.

Bu dəfə qızın ehtiraslı dodaqlarının arasından azca görünən sədəf dişlərinə baxırdım.

Yerişini, duruşunu təsvir eliyirdim. «Bu qədər ehtiras və gözəllik onda hardanıdı?»-öz-özümə soruşurdum.

Tanışım:

-Mən onu tanıyıram,-deyə yenidən qulağıma pıçıldadı.

Mən bu dəfə köhnə tanışıma tərəf dönüb diqqət və təəccüblə onun üzünə baxdım.

- Bilirəm, buna inanmaq çətindir, sən desən, mən də inanmazdım. Amma doğrudan da mən o qızı tanıyıram,-tanışım çox inamlı danışırdı və əlavə elədi,-özü də Moskvada yaşayır.

Biz bir müddət susduq, mənə elə gəldi ki, tanışım, nəsə demək istəyir, ancaq çəkinir.

- Onu hardan tanıyırsan ki?

- Sən hardan tanıyırsan, mən də ordan.

- Mən onu tanımıram,-dedim.

- Tanımaq nəyə deyirsən ki? Şəklini görürsən, deməli, tanıyırsan, gecə yuxularında da onu görə bilərsən, deməli, tanıyırsan, sadəcə adını bilmirsən, amma o səni tanımır, bu, başqa məsələ, çünki səni görmür.

Tanışlıq təkcə kiminsə adını bilməklə ölçülmür ki…

İndi köhnə tanışıma rast gəldiyimə peşiman olmuşdum, çünki təxminən yarım saat ala biləcəyim zövqdən məni məhrum eləmək istəyirdi.

- Bilirəm, nə fikirləşirsən, deyirsən, haqq-hesaba basır, tanıyıb eləmir, amma tanıyıram. Çox sirli qadındır. Bu şəklin arxasında hansı sirlər gizləndiyini bilsəydin, ona bu qədər baxmazdın.

- Nə sirr?

- Uzun söhbətdir, amma sənin üçün maraqlı olar, yazıçı adamsan, nə bilmək olar, birdən götürüb yazarsan da, amma mənim adımı çəkmə.

- Gedək bizim otağa, orda danış,-dedim.

- Yaxşısı budur, bizim ofisə gedək. Qızlar, yəqin, bizə çay da verərlər.

Mənim prinsipim belədir, işə gələnə kimi çay hazır olmalıdır, özü də bizim ofis yertənidir, sizinki kimi quş damında deyil.

Razılaşdım, biz onun iş yerinə gəldik.

Ofis «Nizami» kinoteatrından bir az yuxarıda, mağazaların arasında yerləşir, üstündə heç nə yazılmayıb, tanımayan oranı çətin tapa.

Doğrudan da, o deyən kimi oldu, içəri girəndən bir-iki dəqiqə sonra pürrəngi çayı, limonu, qəndi, şirnini, çərəzi qabağımıza düzdülər.

Mən darıxırdım, onun öz hekayətinə başlamasını səbirsizliklə gözləyirdim. Nəhayət, o, danışmağa başladı.

Və inanın ki, o qədər gözəl, səlis danışmağa başladı ki, mən onun danışığına heyrətləndim, dil qabiliyyəti olmayan bir adamın belə rəvan danışması qəribəydi, bəlkə onu danışdıran tamam başqa bir qüvvəydi, özü demiş həmin sirr idi.

Qadın açan dili heç kim aça bilməz.

- İstəyirsən inan, istəyirsən inanma, amma danışacağım əhvalat mənim öz başıma gəlib. Köhnə tanışım danışmağa başladı:

- O gözəl qızın şəkilləri çox yerdə var: jurnallarda, istəsən televizorda da görə bilərsən.

Reklam modelidir. Mən onun şəklini ilk dəfə «Kosmopolitan» jurnalında gördüm.

Qara, qırçınlı alt paltarı reklam eliyirdi. Ağappaq bədən və qara alt paltarı, təsəvvür eliyirsən də!?

Şəklin altında reklam agentliyinin İnternet ünvanı, telefon nömrələri də yazılmışdı. Gözümü ondan çəkə bilmirdim.

«Bu qədər ehtiraslı və gözəl olmaq mümkün deyil»,- deyə düşünürdüm, onu huri-mələyə oxşadırdım.

Gecə-gündüz o şəklə baxmaqdan doymurdum, yuxum də ərşə çəkilmişdi, gecələr onu fikirləşirdim, hətta xəstəlik də tapmışdım, yuxu dərmanı atmasam, yata bilmirdim, axırda həkim dostlarımdan biri dedi ki, bu, ürəyə ziyandır və belə davam eləsə, sən bu gözəl simaynan vidalaşmalı olacaqsan.

Həkim dostum xəstəliyimin səbəbini bilmirdi, amma fəhmnən başa düşürdü ki, mən kiməsə vurulmuşam.

Arvadım da məndən şübhələnmişdi. Amma ciddi əsası olmadığına görə susurdu, yəqin ürəyində qara gününə lənət yağdırırdı.

Bir gecə ağlıma qəribə fikir gəldi. Bəlkə o qızı axtarıb tapım!? Pulum var, ağlımdan da şikayətim yoxdur, ofisi işlətməyə adam nə qədər desən.

Elə həmin gecə İnternet ünvanına məktub göndərdim, o qız barədə məlumat almaq istədim.

Üstündən bir neçə gün keçdi, cavab gəlmədi. Axırda telefonla Moskvaya zəng elədim. Reklam agentliyi orada yerləşirdi.

Agentliyin əməkdaşı dedi ki, modellər haqqında heç bir məlumat vermirlər.

- Heç olmasa deyin görüm, o ərdədir? Telefonun o başında güldülər. Mən Bakıdan zəng eliyirəm,-dedim.

- Bunun məsələyə dəxli yoxdur. Biz modellər barədə məlumat vermirik.

Əlacım kəsilmişdi. İstəyirsən inan, istəyirsən inanma. Moskvaya uçası oldum.
Tələbəlik xatirələrim hələ köhnəlməmişdi, Moskva on beş il əvvəlki kimi araq qoxuyurdu, amma şəhər dəyişmişdi.

Mən tanıdığım mehmanxanalırn əksəriyyəti sökülmüşdü, «Rossiya» mehmanxanası isə olduğu kimi qalırdı, aralıdan tükü yolunmuş qartallara oxşayırdı.

Nömrə aldım, rahatlandım, yuyunandan sonra saçımı qurulaya-qurulaya telefonun dəstəyini götürdüm, tanış reklam agentliyinə zəng elədim. Bakıda eşditdiklərimi yenidən təkrar elədilər:

-Biz modellər barədə telefonla məlumat vermirik, ümumiyyətlə, məlumat vermirik.

May ayıydı, yağış təzəcə kəsmişdi, gün çıxmışdı. Bu cür hava adamda xiffət hissini artırır, arzusuna çata bilməyən adam özünü «uf» demədən asa bilər.

Yəqin, intiharların yazda çoxaldığını bilirsən. Nə başını ağrıdım, həmin agentliyi tapmaq elə də çətin olmadı. «Arbat»ı tanıyırsan da?

Başımı buladım:

-Mən Moskvada olmamışam,-dedim.

- Bizim «Torqovı» kimi bir yerdir, amma çox genişdir. Arbat küçəsində ətir dükanı vardı, agentlik indi onun yerində yerləşirdi.

Qafıqazlı olasan, özü də Moskva qızlarının qabağına əliboş çıxasan. Yüngülvari bazarlıq elədim: duxi, şampan, şokolad aldım.

Zövqümə, yəqin inanırsan. Amma agentlik işçilərinin zövqü xoşuma gəlmədi.

Heç biri o qızı xatırlaya bilmədi. Təsəvvür eliyirsən, heç biri xatırlaya bilmədi. Qızı nə qədər təsvir eləsəm də, yadlarına düşmədi.

Mənim əliboş qayıtmaq fikrim yoxuydu. Agentliyin direktoru yaşlı qadınıydı. Cavanlar «o çox qocadır», yaşlılar «canı suludur», qocalar «cavanlıqda yaman şey olub» deyərdilər.

Bizimkiləri tanımırsan? Nəsə bir şey fikirləşərdilər. Amma mehriban qadınıydı. Onun bu mehribançılığında bağışladığım «Şanel» duxisinin də təsiri varıydı.

Nə olsun ki, imkanı çoxdur, hədiyyə açan qapını heç kim aça bilməz.

Qadının açıq- aydın məndən xoşu gəlirdi. «Kavkazskiy oryol» -elə beləcə utanmadan və yorulmadan təkrar edirdi.

O, fotoqrafları bir-bir çağırıb, həmin qızı tanıyıb-tanımadıqlarını soruşdu. Oleq adlı saqqallı fotoqraf:

- A, bildim kimi deyir, bizim Yuliyanı.

- Yuliyanı!?-agentliyin direktoru təəccübləndi. Düzü, onun təəccübünün səbəbi mənə aydın deyildi.-Nədənsə hamı onu axtarır.

Bednaya Yulya! O, indi bizdə işləmir, -deyə qadın üzünü mənə çevirdi,- hansısa restoranda striptizyorşalıq edir.

Mənim əl çəkmək fikrim yoxuydu. O qədər yolu basa-basa gəlməmişəm ki, əliboş geri qayıdam…

Köhnə tanışım danışdıqca mən onun üzünə baxırdım, danışdıqlarının nə dərəcədə səmimi olmasını öyrənmək istəyirdim. Onun üzündə uşaq təbəssümü vardı, bu cür adamlar yalan danışmağı bacarmır.

- Həmin Oleq dedi ki, Yuliya şəhərin mərkəzindən kənarda, çinlilərin işlətdiyi restoranda striptiz göstərir, çünki ora varlılar tez-tez baş çəkir.

Mən restorana axşam gəldim.

Ona qədər Arbatda xeyli fırlandım, «Leninskiye qorı»da oldum, universitetin yataqxanasına baş çəkdim, amma mühafizəçilər məni bir zamanlar yaşadığım otağa baxmağa qoymadılar.

Pərtliyimi aradan götürmək üçün parkda gəzişən qızlara sataşdım, daha doğrusu, komplimentlər dedim.

Amma mənim komplimentlərim, deyəsən, köhnəlmişdi ona görə də məni vecinə alan olmadı, qızlar eləcə gülüşdülər.

Restoran deyilən yer binaların arasında suvağı tökülmüş, heç kimin diqqətini çəkməyən birmərtəbəli binaydı.

İçəridə iki salon vardı, biri yemək-içmək üçün, biri isə striptizə baxmaq üçünüydü.

Xidmətçilər çinlilər idi, amma başçıları rusuydu.

Mən səhnə ilə üzbəüz oturdum, «Russkiy standart» arağı və göbələk salatı sifariş elədim. Yeməkləri tanımadığıma görə heç nə istəmədim.

Çinliləri tanımırsan, it-pişik əti də yeyirlər. Bir azdan aparıcı elan elədi ki, «Yeddi gözəl» rəqsi başlayacaq.

Onun ardınca rəngbərəng pünyüarlar geymiş gözəllər səhnəyə çıxdılar. Bura kinoda gördüyümüz striptizxanalardan deyildi.

Onlar əsil tamaşa göstərirdilər, sonra paltarlarını soyunmağa başladılar.

Mən qızı dərhal tanıdım, o da sanki məni tanıdı, gözlərimiz bir-birinə sataşdı, həminki ehtiraslı baxışlarıydı.

Gözümü ondan çəkmirdim və nömrə göstərməyə hər dəfə çıxanda birinci ona baxırdım, hərdən araqdan da gillədirdim, qəribədir ki, piyan olmurdum.

Bir qədər aralıda bir qrup çinli oturmuşdu, aralarında xırda, çalsaqqal qoca da vardı.

Qızlar tez-tez onun başına fırlanırdılar və ənam alırdılar. Düzü, qısqanırdım, adını yalnız bu gün eşitdiyim, şəklini curnallarda gördüyüm bir qızdan ötrü az qala dəli-divanəydim.

Qısqanclıq kişini ələ verən ən pis hissdir, cəsus, xəfiyyə kimi bir şeydir.

Birdən hardansa yaşlı bir qadın böyrümdə peyda oldu.

- Xoşuna gəlir, qərib oğlan?-deyə qadın bic-bic soruşdu. Üzünün makiyacı həddindən artıq idi. O saat başa düşdüm ki, bu mama-rozadır.

- Gözəldir,-dedim.

O:

- Hə, gözəldir, canıyanmış çox gözəldir,-dedi.

Mən söhbətin bu yerində köhnə tanışımdan:

- «Canıyanmış» sözü rus dilində necə səslənir?-deyə soruşdum. Onu sınamaq üçün yox, maraq xatirinə.

O:

- Nədi, mənə inanmırsan?-inciyən kimi oldu.
- İnanıram, elə-belə soruşdum.
- Söz yadımda qalmayıb, mənası yadımdadır.

- Davam elə - dedim.

- Mən dedim gözəldir, o da dedi ki, istəsə onu bir gecəliyə mənə arendaya verə bilər və elə bir qiymət dedi ki, onu dilimə gətirmək istəmirəm.

Desəm də inanmazsan, ona görə də qoy bu sirr qalsın.

Gecə saat 1-də restoran bağlandı.

Qadın pulun əlli faizini məndən alandan sonra qızı gətirməyə getdi. Yuliya nazik gödəkcədə və qısa yubkadaydı, fiqurasına söz ola bilməzdi, sanki paltarı onun əyninə yox yox, bədənini paltarın içinə geyindirmişdəlir.

Mama-roza dedi ki, yatacaq problemi onların boynunadır və taksi bizi lazım olan ünvana aparacaq, işimizi sabah saat onbirə kimi görüb qurtarmalıyıq.

Elə belə də dedi: «Vsyo doljno zakançivatsya do odinatsti utra».

Mən arzuma çatmışdım.

Gecə lampasının işıqlandırdığı geniş yataq otağında çoxdannan arzuladığım xanımla bir çarpayıdaydım.

Amma bir şey mənə qəribə gəlirdi. Qızda sanki nəsə çatışmırdı. O, manekenlərə oxşayırdı. Şəkildə gördüyüm ehtiras yoxa çıxmışdı.

O, quru kötük idi. Bədəni o qədər soyuq idi ki, sanki məni hiss eləmirdi, amma xətrimə dəyməmək üçün hərdən məni öpüb sığallayırdı.

Mən ona vurulmağım barədə bir xeyli danışdım, haradan olduğumu dedim. O güldü.

Gülüşündə də qəribə, sirli nəsə vardı, elə bil, onun yerinə başqası gülürdü. Ehtirassız, hissiz.

Mən səhərə kimi yatmadım, onun isə dünya vecinə deyildi, körpə uşaqlar kimi mışıldayırdı.

Səhər açılanda ona dedim ki, Bakıya dönmək istəyirəm. Amma məni bir şey maraqlandırır. O, sözümü ağzımda qoydu:

- Ya tebya razoçorovala, da? -deyə soruşdu.

- Ne to slova ,-dedim.
O bir qədər mənə baxdı, dikəldi, dolabın üstündən bir siqaret götürüb yandırdı, tüstüsünü çölə üfürəndən sonra:

- Çox şeyi bilmək insan orqanizminə zərərlidir,-deyə zarafata saldı və güldü.

- Mən səni tanımadım,-dedim, -qəribəsi də budur.

- Tanıya da bilməzsən,-o yenə zarafata saldı və gülməkdə davam elədi.

- Hər halda, bilmək maraqlı olardı.

- Sən buna əminsən?-deyə o yenidən soruşdu.

Başımla təsdiqlədim. O bir müddət dinmədi, gözlərini harasa zilləyib durdu, sonra diqqətlə üzümə baxıb:

- Bilirəm ki, inanmayacaqsan, amma deyəcəm, çünki əvvəlcə heç kim mənə inanmır.

İnanmırsa, deməli, sevmir. Sevmək inanmaq deməkdir. Bəlkə buna ehtiyac da yoxdu. Bir o qədər yolu…demək istəyirəm ki, bir o qədər yolu gəlmiş adama demək olar, yəqin.

İndi o, hər nə desəydi, inanmağa hazır idim. Hətta kərtənkələ balası olduğunu desə də.

Deyəsən, ürəyimdən keçənləri duydu və çox kədərli, məsum səslə:

- Mən ruham,- dedi. -Həm varam, həm də yox.

O, indi şəkildəkinə oxşayırdı.

- Necə yəni yoxsan?! Əlimi vururam, bu - sənsən.

- Bacım beş yaşında öləndə atamla anam yalnız onun barəsində düşünüblər, hətta yataqda da. Ona görə də bacımın ruhu mənə keçib. Mənə elə gəlir. Bir müddət bu barədə düşünmüşəm, parapsixologiya ilə maraqlanmışam.

Uşaqlıqda elə yuxular görürdüm ki, anama danışanda «Bacının ruhu sənə keçib, çünki bu hadisə həqiqətən də olub» deyirdi.

Məsələn bacımın ağ pişiyi olub, pişiyin ayağı qapının arasında qalıb, qırılıb. Mən həmin yuxunu indi də görürəm. Hadisə var, amma hiss yoxdur.

- Bəlkə sənə elə gəlir?-deyə soruşdum. Ona yazığım gəldi.

- Bəs sənə necə? Sənə elə gəlmir ki, mənim hissiyatım yoxdur?

Yalan danışmaq istəmədim, ona görə də susdum.
- Hərdən elə vəziyyətdə oluram ki, bədənimin bir hissəsini kəssələr, hiss etmərəm.

Bu sözlərdən üşəndim və onu axtararkən agentliyin direktorunun «U neyo bıla dva muja, oba pokonçili s soboy» -sözlərini xatırladım.

O, yatağına uzandı, yerini rahatladı, sanki hansısa yükdən qurtulmuşdu. Mən qapıdan çıxanda o arxamca:

- İstəsən, gələn dəfə pulsuz qala bilərsən,-dedi və güldü.

Mən cavab vermədən qapını örtdüm….

Bakıya qayıdandan sonra onun kəsib saxladığım şəkillərinə baxdım. İndi onlarda heç bir sehr və gözəllik yoxuydu. Bütün bunlar mənə saxta gəldi.

Bəlkə də həmin sehrli və gözəl bacısı ilə bağlı macəranı özündən uydururdu. Uydururdu ki, hansısa kişiyə bağlanmasın. Belə həyat onunçün rahat olardı.

Mən şəkilləri yandırdım. Köhnə xatirələrdən qurtulmaq üçün. Qəribədir, şəkillər yananda, sanki kimsə ocağın içində inildəyirdi.

İstəyirsən inan, isrəyirsən inanma,-köhnə tanışım dedi və qəribə şəkildə güldü, sanki ağzı əyildi.

Mən həyacanımı boğmaq üçün çaydan bir qurtum almaq istədim.

Çay soyumuşdu.

- Bəlkə çayını təzələsinlər?-o dedi və bic-bic gülümsədi.

- Lazım deyil,-dedim və onunla xudahafisləşərək ofisdən çıxdım.

May 2007
XS
SM
MD
LG