Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:54

AŞ PA-da Azərbaycanda medianın vəziyyəti haqda danışılacaq


Yanvarın 27-i Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda medianın vəziyyəti haqda danışılacaq.

Yanvarın 27-də AŞ PA-da Avropada medianın vəziyyəti ilə bağlı keçirləcək dinləmələr ərəfəsi bir sıra Avropa ölkələrini və Azərbaycanı təmsil edən 15-ə yaxın qeyri-hökumət təşkilatı Assambleyada bəyanat yayaraq, şuranın qurumlarının rəhbərlərini, eləcə də, BMT, ATƏT və başqa beynəlxalq təşkilatları Azərbaycanda insan haqlarının pozulması hallarına münasibətdə daha qətiyyətli mövqe tutmağa, pozuntuların dərhal aradan qaldırılmasını tələb etməyə çağırıblar.

Bəyanatda deyilir ki, bu ilin yanvarında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 ili tamam olsa da, ölkədə insan haqları geniş miqyasda pozulmaqda davam edir.

Bəyanatda bildirilir ki, seçki komissiyaları balanslı deyil, hakimiyyətin tam nəzarətindədir, məhkəmə hakimiyyəti müxalifəti və medianı boğmaq üçün bir alət kimi istifadə edilir, «Azadlıq», BBC, «Amerikanın Səsi» kimi xarici radiostansiyalar FM tezliyindən məhrum edilib, jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahidov, eləcə də bloqqerlər Emin Milli və Adnan Hacızadə saxta ittihamlar və ədalətsiz məhkəmələr vasitəsilə həbs cəzasına məhkum ediliblər, Naxçıvanda mülki cəmiyyət nümayəndələri daim qorxu altında saxlanır, təzyiqə məruz qalır. Bənənyar kəndində polis özbaşınalığına etiraz edən sakinlər həbs edilib.

Bəyənata Norveçin Helsinki Komitəsi, «İnsan Haqları Evi» fondu, Rafto Fondu, Beynəlxalq İnsan Haqları Federasiyası, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Media Hüquqları İnstitutu, Naxçıvandakı İnsan Haqlarının İnkişafı Resurs Mərkəzi və başqa qurumlar imza atıblar.

Norveç Helsinki Komitəsinin sədri Berit Linderman və «İnsan Haqları Evi» Fondunun rəhbəri Anne Bonde AŞ PA-dadırlar və öz mövqelərini Avropa Şurasının və Assambleyanın rəhbər şəxləri ilə görüşlərində ifadə edəcəklər.

Bu gün Bakı vaxtilə saat 6-da ATƏT-in media hüquqları üzrə nümayəndəsi Mikloş Haraşti AŞ-dakı həmkarları ilə birgə AŞ PA-da Avropada media azadlığının vəziyyəti haqda mətbuat konfransı keçirəcək. Daha sonra AŞ PA-da məsələ ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə B.Linderman və A.Bonde və Naxçıvandakı İnsan Haqları Resurs Mərkəzinin nümayəndələri Məlahət Nəsibova və İlqar Nəsibov da iştirak edəcəklər.

Dinləmələrdə Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm və Təhsil Komitəsinin hazırladığı hesabat oxunacaq. Hesabatda deyilir ki, axır illərdə Avropada media azadlığının vəziyyəti pisləşib. Hesabatda tənqid edilən ölkələr arasında Azərbaycan da var.
XS
SM
MD
LG