Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:28

Kamran Nəzirli "QORXULU SEVGİ" (Hekayə)


“Bu da sənin azadlığın! Qorxudu başdan ayağa, qorxu!”.

Bu sözləri ürəyində pıçıldayan ucaboylu, arıq vücudlu adam qurtarmaq bilməyən kimsəsiz kənd yolunda bütün canını bürüyən qaranlıq xofundan qurtulmağa tələsirdi.

Bir az əvvəl heç belə düşünmürdü.

Hər şey qəbiristanlığın tinini burulanda baş verdi. Qəflətən onu arxadan çağırdılar, dönüb dala baxdı.

Heç kəs gözünə dəymədi. Yenə kimsə səslədi. Bu dəfə səs lap yaxından gəldi. Yenə də heç kəsi görmədi.

Sonra addımlarını yeyinlətdi və elə bu vaxt arxadan addım səsləri eşitdi. Qəfil arxaya döndü və Allaha and olsun, nə gördü-görmədi, elə bil ürəyinin başına buz qoydular, bundan sonra hövlləndi.

Türmədən çıxan adamlar azadlıqda olanlardan bir qədər cəsarətli olurlar, qorxuya-filana boş şey kimi baxırlar. Əvvəlcə o da bu cür düşünürdü... bu gecəyə qədər. Bir az əvvəl səs eşidəndə arxaya baxmağı şəninə sığışdırmadı.

Düşündü ki, gecənin bu vədəsində kimsə cürət edib onunla belə zarafat etməz.

Amma sonuncu dəfə arxaya baxıb dalınca gələn mələyəbənzər qanadlı adamın ondan iki dəfə hündür olduğunu, ağappaq libasa bürünüb az qala uça-uça ona yetişmək istədiyini görəndə, yenə deyirəm, Allaha and olsun ki, ayaqları əsdi, bədənini soyuq tər bürüdü.

Bundan sonra daha arxaya boylanmadı, demək olar ki, qaçmağa başladı. Dodaqaltı söyüş də söydü. Heç həbsdə olanda bu qədər qorxmamışdı.

On beş illik türmə həyatında kimsənin nə ixtiyarı vardı onu izləsin; daban-dabana, addımbaaddım düşsün dalınca.

Həm də bu yekəpər qanadlı adam ömründə görmədiyi, təsəvvürünə belə gətirmədiyi dərəcədə nəhəng idi; hardan gəlmişdi bu zalım və nə üçün məhz onun ardınca düşmüşdü? Vahimə bunda idi.

Kənd yolu uzun deyildi, kələ-kötürlü, çınqıllıydı. Bəlkə qaranlıq olduğu üçün bitmək bilmirdi.

Bəxtindən düz üç gün idi ki, kəndə işıq vermirdilər.

Hələ dünən axşamçağı türmədən çıxıb yol maşınına əyləşəndə düşündü ki, kəndə qaranlıq düşəndə, lap gec, gecə yarıdan keçəndən sonra gəlsə yaxşıdı; başı altından çıxmaq istəmirdi, yəni ki, camaat arasında görün¬məkdən çəkinirdi, görüb-bilən olar, tanıyarlar; kəndə səs düşər, deyərlər ki, Zahimənin nişanlısı Yavəri bıçaqlayan Mirzəmmədin oğlu türmədən qayıdıb.

Nə üzlə qayıdıb, niyə qayıdıb? Axı məhkəmədə (düz on beş il qabaqkı söhbətdi) qohum-əqraba, dost-tanış ona demədilərmi ki, bizi rüsvay elədin, üzümüzü qara elədin; adam da öz əmisi oğlunu bir qızdan ötrü öldürərmi?

Zahimə sənə “hə” demişdi, amma Yavər qabağa düşdü, qohumlar yığışıb nişan apardı.

Qız evi Yavərə üstünlük verdi, amma Zahimə onu sevirdi, ona könül vermişdi. Qızın sözünə baxan vardı bəyəm?!

Yavərin böyük qardaşı İlyas, anası (ona əmdostu deyirdi o günə qədər)

Kubraxanım iki ayaqlarını bir başmağa soxub qızı adaxladılar. Bundan sonra da... ortaya qan düşdü. Qohumlar arasına qan davası salmaq sənə qalmışdı? Hələ bu harasıdır?

Yavərin qardaşları, qızın qardaşları məhkəmədə sənə demədilər ki, türmədən sonra kəndə gəlmə, gəlsən, səni öldürəcəyik?

Bütün bunları götür-qoy etmişdi; əvvəla, kəndə gecə gəlməkdə məqsəd heç də həmin o məhkəmə zalındakı hədələr deyildi.

Daha heç kimdən qorx¬murdu. Türmə həyatı onu bərkitmişdi, avtoritet eləmiş¬di. Türmə yoldaşları hələ ona ləğəb də vermişdilər:

Dəmir Adam. Çünki onun əsəbləri dəmir kimiydi, Dəmir Adamı yoldan çıxartmaq, özündən çıxartmaq qeyri-mümkün idi.

O, ilk növbədə Zahiməni görmək istəyirdi; öz sevgisini on beş il idi ki, qəlbində həbs etmişdi, indi o dustaq sevgi azadlıq istəyirdi; qorxusuz-hürküsüz azadlıq. “Mənim qəlbimdə də, başımda da yalnız azad sevgi yaşayır. Mən o sevginin dalınca qayıtmışam kəndə”.

Bayaq qəbiristalığa çatanadək beləcə bəxtəvər-bəxtəvər düşünür, quş kimi uçurdu. Tənha anasına baş çəkəcək, Zahiməni götürüb elə gecəylə də çıxıb Rusiyaya gedəcəkdi.

Bilet də almışdı. Yoxsa nə işi vardı buralarda? Sevgiydi onu kəndə gətirən. Azadlıqdan da şirin olan sevgi! Görəsən indi nə edir? Görəsən?...

Bu “görəsənlər” onun kövrək qəlbinə bəzən qəzəb və nifrətlə qatışıq elə bir qısqanclıq duyğusu salmışdı ki, inan allaha, Zahimədən bir balaca pis xəbər eşitsəydi qabağına çıxanların hamısını bıçaqlayacaqdı.

O, ya öz sevgisini birdəfəlik öldürmək, ya da təzədən diriltmək istəyirdi. Vəssalam.

Yol da ki qurtarmaq bilmirdi. Qəribədi. Elə bil cırcıramalar da yatıb, itlər, pişiklər, çaqqallar gözə dəymir. Səs-səmir yoxdu, hər yan lal sükunət, hər yan zülmət içində. Belə də kənd olar?

Həmin o qorxunc kölgə növbəti dəfə arxadan onu səslədi: “Hələ məndən qaçan olmayıb! Dayan!”

Dəmir Adam yenə hövlnak geriyə baxdı, heç kəs görünmədi; qaranlıq və kimsəsiz yolun qorxusu şiddətləndi. Addımlarını bir qədər də yeyinlətdi. Yox, arxadan kimsə gəlirdi.

Kiminsə iri addım səsləri onu qarabaqara izləyirdi. Bu nədir, məni qara basır, yoxsa həqiqətən kimsə məni izləyir, məndən Yavərin intiqamını almaq istəyir?

“Sənə demirəm dayan, məndən qaça bilməzsən!?”

Yenə həmin səs, görünməz səs. Aman Allah! Səs hardan gəlir axı?

O qaça-qaça hər şeyi lənətləyir, qorxunc qanadlı adamın iri addımlarını arxasında hiss etdikcə qurşaqdan aşağı söyüşlər yağdırırdı.

- Məndən nə istəyirsən, lənətə gəlmiş? Nə vermisən ala bilmirsən, hə? Sənə deyirəm, mənlə işin olmasın, ananı ağlar qoyaram!.. - deyə özünə təskinlik verirmiş kimi donquldandı.

Sən bir işə bax! On beş il “avtoritet” ol, sonra gəl bir dılğır kənd yolunda hansısa bir qanadlı kölgədən, ya adam qırığından qorx?

Bu kimsə kim idi axı? Əl¬bəttə, gündüz olsaydı onun aşını bişirərdi. Əngini əzib çıxardı sinəsinin üstünə, qarnını yortub bağırsaqlarını tökərdi yerə.

Axır ki, həyət qapısına çatdı, özünü qapıdan yox, çəpərdən tulladı həyətə, elə bil bir az sakitləşdi, bura öz həyətləriydi, o qorxunc kölgə bura girə bilmədi. Hər halda ona elə gəldi ki, öz həyətləri daha təhlükəsiz yerdi.

Dəmir Adam çiy kərpicdən tikilmiş birmərtəbəli evin sol böyründəki yekə tut ağacının budağından qırıb geriyə boylandı; bir qədər toxtamışdı, əlində “silah” vardı. Bütün yol boyu onun arxasınca addımlayan o qorxunc qanadlı kölgədən əsər-əlamət belə yox idi.

Dəmir Adama soyuq tər gəldi. “Məni əməlli-başlı qara basır” düşündü. Evin dağlara baxan pəncərəsindən zəif lampa işığı gəlirdi. Dəmir Adam uşaq kimi sevindi; “nənəm yatmayıb”.

Qapını açıb içəri girdi, anası küncdəki sandığın böyründəcə, həsirin üstündə uzanıb yatmışdı.

- Nənə, mən gəldim, ay nənə! Dur ayağa!

Ana dik atıldı, ədyalı üstündən tullayıb hövlnak ayağa qalxmağa çalışdı. Dəmir Adam dizləri üstə yerə çökdü, anasının ayaqlarını qucaqlayıb başını yerə əydi, dedi:

- Nənə, məni buraxdılar!

- Başına dönüm, qadan alım, bə gələndə mənə bir xəbər eliyəydin də! On beş ildi gözümün kökü saraldı, nənə sənə qurban, bə bu zülmətdə necə gəldin? Üç gündü işığımızı kəsiblər, hər yan cin-şeytan qaranlığa bürünüb. Barı gündüz gələydin də...

- Nənə, heç nədən qorxmuram ha! De görüm Zahimə hardadı?
......

- Niyə susursan? Yoxsa.... Ərə gedib? Kimə gedib?
....

- Ürəyim partladı!!!... Danışsana!...

- Qonşu kənddədi...-ana udqundu.

- Deməli gedib? Kimin evindədi?-Dəmir Adam hirsindən yumruğunu döşəməyə çırpdı.

- Rəhmətlik Yavərin böyük qardaşına... İlyasgildə... - ananın səsi titrədi.

- Axxx... binamuslar! Mən ona göstərərəm!-deyə güllə kimi evdən çıxdı.

- Nənə qurban, getmə! Quyuya ipsiz enməzlər. Ədə, dayan, qan salma genə! Hara gedirsən axı?

Dəmir Adam bu sözləri eşitmədi, gözünə sataşan mətbəxdəki ət doğrayan baltanı götürüb yola düşdü. Bayaqkı qorxudan əsər-əlamət belə qalmamışdı; onun pələng gözləri gecənin zil qaranlığında işıldayırdı.

Bu saat o binamuslardan kimi görsəydi doğrayacaqdı.

Türmədə namus üstündə oturanlara pis baxmırlar.

Arvadına, anana-bacına, yaxud qızına sataşanların dərsini əməllicə vermisənsə buyur yuxarı başa; türmə həyatının buna oxşar qanunları səni daha cəsur və qorxmaz edəcək.

Qol-qanad açırsan, həbsdə olduğunu hiss etmirsən, ən əsası odur ki, sənə hörmətlə yanaşırlar, hüquqlarını və toxunulmazlığını təmin edirlər.

Dəmir Adamın cinayəti bir qədər fərqli motiv daşıyırdı.

İlk vaxtlar türmədə buna nə ad vermək lazım olduğunu heç kəs anlamadı. ARDINI BURDA OXU
XS
SM
MD
LG