Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:43

İran qadını zəlzələni necə edəcək?


İnqilabdan sonra hicab geyinmək məcburi oldu
İnqilabdan sonra hicab geyinmək məcburi oldu
«Mən Höcətülislam Kazim Sədiqinin şərhini oxuyanda təəccüb eləmədim. O deyirdi ki, qadının abırlı geyinməməsi kişiləri yoldan çıxarır, hətta zəlzələyə gətirir. Mən fikirləşdim ki, Sədiqinin qeyri-adi təxəyyülü var, ancaq təəcüblənmədim. Çünki mən inqilabdan sonrakı İranda böyümüşəm. Sədiqinin fikirlərinə oxşar fikirləri dövlət televiziyasında və qəzetlərində tez-tez görmək olar».

Bu sözləri AzadlıqRadiosunun baş müxbiri Gülnaz İsfəndiyari deyir.

O xatırlayır ki, inqilabdan sonra hicab geyinmək məcburi oldu. Bu, cəmiyyətdəki bütün iblislərdən qalxan elan olundu. Qızlara, gəlinlərə deyilirdi ki, bu, onların öz rahatlığı üçündür.

BƏLKƏ KİŞİ QARA EYNƏK GEYİNSİN

Gülnaz İsfəndiyarı xatırlayır: o, uşaq olanda televiziyada bir molla çox ciddi şəkildə izah edirdi ki, qadın saçları xüsusi şüa buraxır, bu şüa düz kişilərin gözünə gedir.

Sonralar İsfəndiyarı gənc qız olanda həmişə anasından soruşurdu ki, şüa düz kişilərin gözünə gedirsə, qadınlar niyə saçlarını örtməlidirlər? Bəlkə kişilər qara eynək geyinsinlər?

İsfəndiyarı o vaxt fikirləşirdi ki, bu, ədalətsizlikdir. Sonralar isə bu nəticəyə gəlib ki, bütün bu deyilənlər inqilabi İranın baza prinsipləridir: qadına qiymət qoymamaq, cəmiyyətin qadını qorumaması, qadına ikinci dərəcəli insan kimi baxılması. Halbuki hər gün bar-bar bağırılır ki, qadınların statusu təmin olunur, Məhəmməd peyğəmbər qadınlara necə hörmət edib.

İRAN DƏRSLİKLƏRİ

İranda qadınlara həmişə deyilir ki, onlar yaxşı ana və həyat yoldaşı olmalıdırlar. Dərsliklərin hamısında evdə oturan, hicab ütüləyən qızlar, gəlinlər təsvir olunur. Onlar oturub atalarının, ərlərinin işdən qayıtmasını gözləyirlər. Kişi evə gələndə masanın üstündə yemək hazır olmalıdır. Qadınların üzlərində də təbəssüm olmalıdır.

Vaxtaşırı düzgün geyinməyən qadınları tutub-saxlamaq üçün reydlər keçirirlər
Qadınlara deyilir ki, hicab Allahın hədiyyəsidir. Hicab onları mirvari kimi qoruyur.

İsfəndiyarı deyir ki, ancaq o və dostları bu hicabdan yaxa qurtarmaq, Qərb jurnallarında, televiziyalarında gördükləri kimi geyinmək istəyirdilər.

Hər cümə günü Sədiqi kimi mollalar təpədən-dırnağa kimi bürünən qadınlara tərif yağdırırlar. Kim ki belə geyinmir, onları mollalar lənətləyirlər. Hətta İran cəmiyyətinin bütün xəstəliklərində onları günahlandırırlar.

İNQİLAB BÜTÜN QADINLARA HİCAB GEYİNDİRƏ BİLMƏDİ

Ancaq İran islam inqilabından keçən bu 31 ildə inqilabi qvardiya və bəsiclər qadınların hamısına hicab geyindirə bilmədilər.

Vaxtaşırı onlar düzgün geyinməyən qadınları tutub-saxlamaq üçün reydlər keçirirlər. Ancaq faydası yoxdur.

İsfındiyari deyir: «Bir gün gələcək, qadınlar cümə günü doğrudan da zəlzələ yaradacaqlar. Növbəti cümə günü isə zəlzələdən də pisi olacaq. Mollaların bütün bu dedikləri onların qadınlardan qorxusunu göstərir. Onlar qadınları nəzarətə ala bilmirlər. Qadınlar isə universitet tələbələrinin 60 faizidir. Onların çoxu ikinci dərəcəli vətəndaş olmaq istəmir. Bəlkə də Sədiqi bildiyindən çox dedi. İran qadını doğrudan da zəlzələ yaratmaq iqtidarındadır. Bu zəlzələ qadına çadra geyindirib, evdə oturtmaq istəyənləri silkələyib, yıxacaq».
XS
SM
MD
LG