Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:45

26 milyon manata “Səadət Sarayı”nda nəyi bərpa ediblər?


“Səadət Sarayı”nın binası
“Səadət Sarayı”nın binası
26 MİLYON MANATA NƏ İŞ GÖRÜLÜR?

Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər “Səadət Sarayı” kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasına dörd il lazım olur. 2007-ci ildən başlayan təmirə 2009-cu ilə qədər Nazirlər Kabinetinin sərəncamları ilə 26 milyon manat pul ayrılıb.

Bərpa işləri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır. Nazirliyin məlumatına görə, müayinə zamanı binanın zirzəmisində və fasad divarlarında çatlar aşkarlanıb. Yanğından sonra isə dam örtüyündə qüsurlar yaranıb.

Amma İçəri Şəhərin baş rəssamı Mir Teymur deyir ki, binanın içində nə baş veridiyini öyrənmək mümkün deyil: “Bəlkə, divarlarda çat var, armatur salırlar? Mən bunu bilmirəm, çünki 2005-2006-cı ildə nə qədər çalışmışam ora girim, yoxlayım, məni buraxmayıblar. Elə bil bu hərbi obyektdir.

DÖRD AYLIQ “SERBAZ” ÇOXMİLYONLUQ LAYİHƏNİ NECƏ “UDDU”?
Mir Teymur


Binada bərpa işlərini “Serbaz” Layihə və Tikinti şirkəti aparır. Bu şirkət sifarişini aldığı Gənclər və İdman Nazirliyinin nəzdində olan mərkəzin həyətində yerləşir.

Vergilər Nazirliyinin bu il fevralın 16-da bizə verdiyi məlumata görə “Serbaz” Layihə və Tikinti MMC Azərbaycanda 2007-ci il martın 16-da qeydiyyata alınıb. Təsisçisi Böyük Britaniyanın Akora Business LTD şirkətidir.

“Serbaz” dövlət qeydiyyatına alından dörd ay sonra Gənclər və İdman Nazirliyinin Səadət Sarayı“nın bərpası kimi çoxmilyonluq layihəsini əldə edib. Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində Gənclər və İdman Nazirliyinin “Səadət Sarayı” ilə bağlı keçirdiyi heç bir tender elanı tapılmadı. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

- Tenderə müraciət edən təşkilat özünün əvvəlki beş illik fəaliyyəti ilə bağlı məlumatlar təqdim etməlidir. Belə çıxır ki, o şirkət məhz elə bu sifarişi icra etmək məqsədilə yaradılıb. Onun bərpa işlərində təcrübəli olduğunu necə sübut etmək olar?

"Dövlət satınalmaları haqqinda" qanununda isə deyilir ki, əgər dövlət sifarişi 50 min manatdan çoxdursa, mütləq tender keçirilməlidir.

Yenə də Qubad İbadoğlu:

Qubad İbadoğlu


- Tenderlərin keçirilməməsi ona gətirib çıxarır ki, ayrılmış vəsait birbaşa icraçıya ötürülür. İcraçı da vəsaitin bir hissəsini təyinatından kənarlaşdırır. Xərclərə nə ictimai, nə dövlət nəzarəti olmadığından pulun müəyyən hissəsi mənimsənilir.

Azad İqtisadiyyata Yardım İctimai Birliyi bu şirkət haqqında ətraflı məlumat vermək üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Nazirlik Birliyə belə cavab verib: "...bərpa işləri üzrə ixtisaslaşmış, təcrübəli şirkət kimi layihələrin "Serbaz” Layihə və Tikinti MMC tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab olunub. ...bu şirkət tərəfindən Nazirliyin sifarişi ilə bir sıra digər analoji işlər aparılıb".

FƏHLƏLƏRİ KÖLƏ KİMİ SAXLAMIŞ HƏMİN “SERBAZ”...

“Serbaz” şirkətinin gördüyü işlərdən “Buta Palace”ın, Mingəçevirdə Kür Olimpia mərkəzinin, metronun 28 May stansiyası yaxınlığındakı ticarət mərkəzinin adı çəkilir.
İçəri Şəhərin baş rəssamı Mir Teymur isə kataloqların heç birində “Serbaz” adında peşəkar bərpaçı şirkətə rast gəlmədiyini deyir:

- Kataloqlarda adı yoxdur, bərpaçı deyil o, tanımıram onu. Bəlkə o gözəl şadlı evi tikir, qoy, tiksin də. Amma bərpaçı deyil, qeyri-peşəkardır.

Sarayın bərpasında hansı mütəxəssislərin çalışdığı məlum deyil. Bu haqda nə “Serbaz” şirkəti, nə də Nazirlik məlumat vermir.

Serbaz şirkətinin köməksiz qalmış bosniyalı fəhlələri bu villada saxlanırdı, Badamdar qəsəbəsi 23 oktyabr 2009

Keçən ilin oktyabrında AzadlıqRadiosu həmin şirkətin fəhlələrinin acınacaqlı vəziyyətdə, ac-susuz Badamdar qəsəbəsindəki ikimərtəbəli villada kölə kimi saxlandığını üzə çıxarmışdı. 90 nəfərin qaldığl evin mətbəxində yeməyə quru çörək və soyuducudakı bir neçə yüz qram kolbasadan başqa heç bir çey yox idi. Villada yaşayan fəhlələr Bosniya və Hersoqavina vətəndaşları idi.


Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, AzadliqRadiosunun bu xəbərindən sonra beynəlxalq təşkilatlar bu işə qarışdı və “Serbaz” təcili şəkildə fəhlələrin əməkhaqlarının 60-70 faizini ödədi və onların ölkələrinə qayıtmalarını təmin etdi.

“SƏADƏT SARAYI”NA VERİLƏN MİLYONLARIN SİYAHISI

Nazirlər Kabinetinin sərəncamları:

  • 2007-ci il 19 fevral tarixli 42 “s” nömrəli sərəncamına əlavə ilə - 10 milyon manat.
  • 2008-ci il 6 fevral tarixli 44 “s” nömrəli sərəncamına əlavə ilə - 12 milyon manat.
  • 2009-cu il 2 fevral tarixli 22 “s” nömrəli sərəncamına əlavə ilə - 4 milyon manat.
Cəmi 26 milyon manat.

Maliyyə Nazirliyindən sorğu ilə aldığımız məlumatda isə deyilir ki, “Səadət Sarayının bərpası üçün 2007-2009-cu illərdə Gənclər və İdman Nazirliyinə 15 milyon manat məbləğində vəsait ayrılıb”.

ÜÇ İLDİR BƏRPA İŞLƏRİ GEDİR, AMMA HƏLƏ GÖRÜLƏN İŞİN LAYİHƏSİ MƏLUM DEYİL

Gənclər və İdman Nazirliyi “Səadət Sarayı”nın təmir-bərpa işləri ilə bağlı layihə və smeta sənədlərinin hələ tam hazır olmadığını bildirir. Bu sənədlər tam hazır olmadan aparılan işlərin nəyə səbəb ola biləcəyini İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu cür izah edir:

- Sifarişçi həmin obyektin təmiri ilə məşğul olursa, onun üçün ilk sənəd layihə və smeta sənədləri olmalıdır. Layihə-smeta sənədlərinin olmaması o deməkdir ki, istənilən məbləği şişirdə, ayrılan vəsaitlər düzgün uçota alınmaya bilər. Çünki burda hər hansı bir çərçivə yoxdur ki, sonradan onun əsasında monitorinq aparılsın.

Azadlıq Radiosu olaraq iki ay müddətində Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etsək də, “Səadət Sarayı”nın içərisinə daxil olmağa icazə ala bilmədik. Bizə yalnız “işi təhvil verəndən sonra baxarsız” dedilər. Layihə üzrə hesabatlarla tanış olmaq üçün sorğu ilə Gənclər və İdman Nazirliyinə iki dəfə müraciət etdik. Nazirlikdən bildirildi ki, “Səadət Sarayı” ilə bağlı heç bir informasiya verilməyəcək.

Media Hüququ İnstitunun rəhbəri Rəşid Hacılı isə deyir ki, tarixi abidələrin təmir-bərpası ilə bağlı bütün məlumatlar- hansı bərpa işləri görülür, bunu görən şirkət, o işlərin vəziyyəti, ora xərclənən pullar - açıqdır. "Heç bir məhdudiyyət yoxdur ki, bu şəffaf olmasın," Rəşid Hacılı belə deyir.

Hazırda binada havalandırma və soyutma kanallarının, elektrik və kommunikasiya xəttlərinin çəkilməsi işləri aparılır. Sarayın bərpasının nəticəsini görmək isə bizə bir ildən sonra nəsib olacaq. Bunu Gənclər və İdman Nazirliyi Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sorğusuna cavabda bildirib.

Videoreportaja baxın:

XS
SM
MD
LG