Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:58

Hollandiyada dövlət ədəbiyyatı necə dəstəkləyir


Heyf səndən sovet hökuməti!.. Kitablarımızı çap da edirdi, qonorar da verirdi... Yəqin yazıçı, şairlər arasında da sovet dövrünün xiffətini çəkənlər az deyil.

Bu yəqin həm də kapitalist ölkələrində yazarların necə yaşaması haqda təsəvvürlərin azlığından irəli gəlir.

Və əgər kimsə düşünürsə ki, Avropada bütün şairlər və yazıçılar qaz vurub-qazan doldurur, öz kitablarının satışı ilə dolanır, böyük səhv edir.

Məsələn, yüzilliklərdi bazar iqtisadiyyatının qanunları ilə yaşayan Hollandiyada dövlətin yazarlara yardımı olmasaydı, yəqin ki, onların bir çoxu indi ayrı peşə sahibləri idilər.

Hollandiyada yazıçılara sadəcə bədii mətn yaradanlar kimi baxmırlar, onlar da həm də dövlət dilini yaşadanlar kimi yanaşırlar.

Hollandiya Ədəbiyyatının İstehsalı və Tərcümə Fondunun işi xaricdə Hollandiya ədəbiyyatını təbliğ etməkdir.

Fonda Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi dəstək verir.

Fondun xaricdə çoxlu sayda nəşriyyatlarla əlaqələri, beynəlxalq kitab yarmarkalarında, o cümlədən Frankfurt, London kitab yarmarkalarında daimi stendləri var.

TƏRCÜMƏ QRANTLARI

Əgər hansısa xarici ölkənin nəşriyyatı Hollandiya ədəbiyyatının nümunələrini, şeir, nəsr, publisistik əsərləri öz dilinə çevirib nəşr etmək istəyirsə, tərcümə xərclərinin ödənməsi üçün Hollandiya Ədəbiyyatının İstehsalı və Tərcümə Fonduna müraciət edə bilər

Fond xarici nəşriyyatın müraciətinə baxarkən çap olunacaq əsərin bədii dəyərini, tərcümənin keyfiyyətini nəzərə alır.

Əgər əsərin tərcüməçisi yetərincə tanınmırsa, onda Fond həmin şəxsin əvvəlki tərcümələrindən nümunə istəyə bilər. Bu işdə məsələhət üçün Fond əcnəbi mütəxəssis də cəlb edir.

Ədəbiyyat Fondu nəsr və publisistik əsərlərin tərcümə xərclərinin maksimum 70, şeirlərin tərcümə xərclərinin isə maksimum 100 faizini ödəyir.

Hansısa əsərin xarici dilə təkrar tərcüməsi üçün maliyyə ayrılmır.

YAZIÇILAR ÜÇÜN PROQRAMLAR

Xaricdəki ədəbiyyat qurumları, universitetlər və nəşriyyatlar - onların ölkəsinin dilinə tərcümə edilmiş əsərlərin təbliği üçün niderland yazarlarının səfərlərinin maliyyələşdirilməsi üçün də Fonda müraciət edə bilərlər.

Bundan başqa Fond özü də yazarları ezamiyyətə göndərir.

Belə proqramlar çərçivəsində xaricdəki universitetlərdə mühazirələr oxuyan yazarların səfər və xarici ölkədə qalmaq xərcləri ödənir.

Hazırda Fond London, Paris, Berlin, Vyana, Budapeşt və başqa şəhərlərə belə ezamiyyətlər təşkil edir.

TƏRCÜMƏ EVİ

Amsterdamda Tərcümə Evi də fəaliyyət göstərir.

Onun saxlanmasını Hollandiya Ədəbiyyatının İstehsalı və Tərcümə Fondu maliyyələşdirir.

Tərcümə Evi niderland dilindən xarici dillərə tərcümə ilə məşğul olan şəxslər üçündür.

Onlar burada kurslarda iştirak edib niderland dili və mədəniyyəti ilə bağlı biliklərini artıra bilərlər.

Tərcüməçilər burada həm də əsərini tərcümə etdikləri müəlliflərlə görüşə, onlarla məsləhətləşə bilərlər.

Tərcümə Evində eyni vaxtda 5 tərcüməçi yaşaya bilər. Onlar burada 2 həftədən 2 aya qədər müddətdə qala bilərlər.

Nəşriyyatlarla Hollandiya ədəbiyyatının tərcüməsi haqda sazişləri olan tərcüməçilər Tərcümə Evində qalmaq üçün müraciət edə bilərlər.

Onlara 1000 avroluq aylıq qrant verilə bilər. (Tərcümə Evində qalmaq pulsuzdur, qonaq yalnız qaz, işıq və s. xərcləri ödəyir ki, buna görə, o, aldığı qrantdan 115 avro aylıq ödəniş etməlidir).

Tərcümə Evində qalanlar buradakı fəaliyyətləri haqda sonda hesabat yazmalıdırlar.

Beş mənzildən ibarət Tərcümə Evində həm də yetərincə geniş Niderland ədəbiyyatı kitabxanası var.

Həmçinin oxu
Isveç dövləti ədəbiyyata necə yardım edir?
XS
SM
MD
LG