Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:52

Əkrəm Əylisli "Ulduz" jurnalını "yıxıb-sürüdü"


Ədəbiyyat qəzetləri və jurnallarının oxucu dərdi... Bədii sözə maraq azalıb, yoxsa qəzet-jurnalların keyfiyyəti aşağıdır.

Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirəyə sovet dövründə "Azərbaycan" jurnalının baş redaktoru olmuş yazıçı Əkrəm Əylisli, "Alatoran" jurnalının baş redaktoru, şair Rasim Qaraca, "Ulduz" jurnalı baş redaktorunun müavini, şair Qulu Ağsəs və "Kultaz" saytının rəhbəri, şair Zahir Əzəmət qatılıblar.

Əkrəm Əylisli:

İndi dostum, qardaşım Qulu Ağsəs istəyir «Ulduz» jurnalının obyektiv mövqedə durduğunu bizə sübut eləsin. «Ulıduz» jurnalı siması olmayan, Azərbaycan ədəbiyyatının içindən danışmayan, Azərbaycan mənəviyyatının enerjisinin bir zərrəsini belə daşımayan belə bir orqandır. Ondansa "Alatoran" yaxşıdır...


Qulu Ağsəs:

Əkrəm Əylisli
- 2004-cü ildən sonra mən "Ulduz"da «duel» rubrikası açdım və siz idə dəvət etdim. Duel olaraq bir nəfər bu tərəfdən, bir nəfər də qarşı tərəfdən dəvət edirdik. Gəlmədiniz. Biz Rasim Qaraca ilə xeyirdə-şərdə görüşürük, söhbətləşirik. Amma işə gələndə bir-birimizi inandıra bilmirik. Rasim jurnalının başında yazıb ki, «AYB üzvləri bizdə çap olunmasın»...


Rasim Qaraca:

- Siz bizi çap etməyin. Siz 18-20 yaşlı gənclərə yol açın, sərbəst gəlsinlər, «hörmətsiz» orada çap olunsunlar...


Zahir Əzəmət:

- AYB istəsə də dərgilərini yaxşı buraxa bilməz. Çünki orada kifayət qədər azad ruhlu insanlar yoxdur ki, işindən keçib də dirəşib bu işi görsünlər. Yaxud AYB-nin rəhbərliyi, bunu etmək üçün çalışsa, onu işdən çıxaracaqlar...


(VERİLİŞİN MƏTNİNİ (ƏSAS MƏQAMLARI) AŞAĞIDA OXUYA BİLƏRSİZ, PROQRAMIN AUDİOYAZISINI İSƏ BURADA DİNLƏ)

davamı


Qulu Ağsəs:

- Keçmişlə bu günün arasında olan fərqi demək istəyirəm. Əvvəllər biz verdiyimiz yazı (yaxşı yazı) çap ediləndə redaksiyaya minnətdar olurduq.

Amma indi vəziyyət o dərəcədə dəyişib ki, redaksiya minnətdarlıq edir ki, ona yaxşı yazı verilib.

Görün son 15 il ərzində naşirlik işi haradan hara gəlib çıxıb.

AzadlıqRadiosu:

-Yaxşı yazı azdır, ya redaksiyaya gətirən yoxdur?

Qulu Ağsəs:

- Yaxşı yazılar azdır. Ona görə azdır ki, nədənsə istedadlı adamlar az yazırlar. Amma bu o demək deyil ki, çox yazanlar istedadsızdılar. İndi yazanlar daha çox publisistik, köşə yazıları, redaktə, tərcümə və sairə ilə donanırlar.

Problem ondadır ki, əvvəllər bizim şəraitimizdə olan adamlar sabaha ümidlə baxırdılar. Bu gün nə AYO –da olan, nə AYB-də olan adamların sabah lazımi şəraitlə təmin olunacağına heç bir ümidi yoxdur.

Vaxtilə Sabir Rüstəmxanlı yazmışdı ki, «Bakıda milyonlarla işıq yanır. Niyə o işığın biri mənim olmasın».

Dərhal Mərkəzi Komitə o yazıya reaksiya verib onu evlə təmin etmişdi. Amma indi ədəbiyyata belə güzəştlər yoxdur. İndi biz ədəbi yaradıcılığımızı publisistikadan, redaktədən, film mətnlərindən qazandığımız pulla davam etdiririk.

Halbuki, yaxşı yaşayışın, yaxşı təminatın özü yaxşı ədəbiyyatın qarantisidir.

Hər bir insanın yaxşı yaşamaq haqqı var. Yazıçının isə məncə daha çox yaxşı yaşamaq haqqı var.

Rasim Qaraca:

- AzadlıqRadiosunun «Oxu zalı»nın təcrübəsi göstərdi ki, kifayət qədər yazarlar, əsərlər var. Və istedadların da ardı arası kəsilmir. Yəni bu fikirlə mən razı deyiləm ki yaxşı əsərlər yoxdur. Jurnalın vəzifəsi yaxşı yazıçıaları yetişdirmək və ya tapmaqdır. Biz gündüz əldə çıraq istedadlar axtarırıq.

AzadlıqRadiosu:

Qulu Ağsəs
- Yəni sizin jurnala yaxşı yazılar verirlərmi?

Rasim Qaraca:

- Biz onları tapırıq. Bu bizim borcumuzdur, missiyamızdır. Biz şikayətlənə bilmərik ki, yazı vermirlər.

Biz qapıları açırıq, normal demokratik şərait yaradırıq, ən yaxşılar gəlib bizi tapırlar. Və təsadüfi deyil ki, ədəbi proses hazırda «Alatoran» jurnalının ətrafındadır.

O ki, qaldı yazıçının təminat məsələsinə, şəxsən mən nə jurnal buraxanda, və ya şeir, hekayə yazanda, tərcümə ilə məşğul olanda belə şeyləri fikirləşmirəm.

Vaxtilə mənim ev problemim olanda Rusiyada çalışıb bu məsələni həll etmişəm. Amma təəssüf ki, gözünü açandan həm yazıçılıq, həm də təminat baxımından gələcəyini Yazıçılar Birliyinin ümidinə bağlayan və bəzi şeylərə nail olan dostlarımız da var.

Bizim yaşadığımız yeni əsrdə yeni dövrdə bu şeylər olmamalıdır. Gənclər özlərinə tənqidi yanaşmalıdırlar.

Bu sövet dönəminin dövrümüzə sirayət edən çox pis əxlaqdır.

Zahir Əzəmət:

- «Ulduz» böyük tarixi olan klassik bir jurnaldır. Amma o təmsil etdiyi qurumla birgə yeni dövrə adaptasiya oluna, oxucu ilə, yazarla ünsiyyət yarada bilmədi.

Bu gün «Alatoran» jurnalında, AzadlıqRadiosunun «Oxu zalı»nda, bizim təmsil etdiyimiz «Kultaz» dərgisində bir interaktivlik var. Ən azı, yazıların oxunmasının və ona reaksiyanın səviyyəsini bilmək olur.

Amma «Ulduz» jurnalı və AYB-nin digər orqanlarında, nəşrlərində bu məsələ böyük bir problem olaraq qalır.

Müəllif də görəndə ki, az da olsa qanorar verən «Ulduz» jurnalında dərc olunan yazısı heç bir reaksiya doğurmadı, heç kim oxumadı, üz tutur «Alatoran»a, «Kultaz»a, «Oxu zalı»na. Halbuki, biz müəllifə qonorar vermirik.

Heç bir maliyyə dəstəyi olmadan, cibimizdən xərcləyərək bunları saxlayırıq. «Ulduz» jurnalı, «Ədəbiyyat» qəzeti belə baxanda böyük məbləğdə maliyyələşdirilirlər. Amma yenə də ədəbi prosesə təsir edə bilmirlər.

Məncə bunun günahı dərginin özündə deyil. Elçin Hüseyinbəyli (Baş red.), Qulu Ağsəs «Ulduz»u hətta çox yaxşı buraxmağa cəhd etsələr də bunun qarşısı alınacaq.

AzadlıqRadiosu:

- Qonorarlı jurnalla qonorarsız jurnalın dərc etdiyi yazıları hansı baxımdan müqaisə etmək olur?

Zahir Əzəmət:

- Burada mövqe fərqi var. Sən hansı cəbhədəsən. O mənada cəbhə ki, öz daxili azadlığını təmsil edirsən, ya planlı, nəzarətli sistemi. Bu gün AYB – nin orqanlarında kifayət qədər azad olmaq mümkün deyil.

AzadlıqRadiosu:

- Amma Qulu Ağsəsin şeirlərində sistem, plan müşahidə olunmur.

Zahir Əzəmət:


- Məsələ sistemdə deyil. sadəcə onlar məsələn, ən azı AYB - nin problemlərini öz dərgilərində müzakirə edə bilərlərmi? Edilmir.

Qulu Ağsəs:

– Rasim bəyə rəğmən deyim ki, mən demirəm istedadlar yoxdur. Mən deyirəm ki istedadlar var, amma azdır. Təmsil elədiyim «Ulduz» jurnalına gələn yazılar məni təmin etmir.

Rasim Qaraca:

- Bəlkə sizə gətirmirlər?

Qulu Ağsəs:

- Əlbəttə gətirmirlər. Gətirməyənin biri elə siz - Rasim Qaraca və Zahir Əzəmət. Halbuki, biz bu işə başlayanda - 2004-cü ildən sonra mən «duel» rubrikası açdım və siz idə dəvət etdim. O tərəfdən gələn bir Aqil Abbas oldu.

O «Ulduz» jurnalını, yıxıb sürüdü. Bizə «komsomolun orqanı», «komsomolçu» dedi. Jurnalın baş redaktoru Elçin Hüseynbəylini də, məni də tənqid elədi.

Biz də bunun hamısını jurnalda verdik. Duel olaraq bir nəfər bu tərəfdən, bir nəfər də qarşı tərəfdən dəvət edirdik. Gəlmədiniz. Əvəzində hərə bir təklif elədi.

Hamısına təklif etdik ki, gətirin bizə yazı verin, bu gənclik orqanıdır, qoy rəngarənglik olsun.

Vermədilər. Biz Rasim Qaraca ilə xeyirdə-şərdə görüşürük, söhbətləşirik. Amma işə gələndə bir-birimizi inandıra bilmirik. Rasim jurnalının başında yazıb ki, «AYB üzvləri bizdə çap olunmasın».

Rasim Qaraca:


- O bizim prinsipial mövqeyimizdir.

Qulu Ağsəs:

- Amma biz, sizə baxanda xeyli prinsipsizik.

Rasim Qaraca:

- Siz bizi çap etməyin. Siz 18-20 yaşlı gənclərə yol açın, sərbəst gəlsinlər, «hörmətsiz» orada çap olunsunlar.

Qulu Ağsəs:

- Gənclərə jurnalın iki sayını verdik. Bu uşaqların əksəriyyəti yazı yaza bilmirlər. Bu adamlar «şəms» sözünü «shems» kimi yazırlar. «Kultaz»a baxın görəcəksiniz. Zahir redaktə eləmir.

Rasim Qaraca
Necə var elə də verir. İndi də deyir ki, çox istedadlıdırlar. Bu uşaqları redaktə edib qurtarmaq kifayət qədər çətindir. Adlarını da səhv yazırlar.

Zahir Əzəmət:

– «Kulaz» internet proyektidir və orda da biz hər kəsi müdaxilə etmədən, necə var elə də yerləşdiririk. Əlbəttə ki, bunun istedadlısı var, istedadsızı var. Bir dərgi yüz səhifə ilə çıxar. Amma bir materialla partlaya, bazara girə bilər.

Siz o dərgidən o qədər az maaş alırsınız ki, məcbursunuz vaxtınızı başqa işə də sərf edəsiniz. Amma halbuki, o dərgiyə kifayət qədər maliyyə ayrılır.

Əkrəm Əylisli:

– Mən vaxtilə «Azərbaycan»jurnalına gələndə mənə çox adam deyirdi bu qədər şair haradan çıxdı.

Əvvəl orada xüsusi qayda qoymuşdular ki, gənc şairin filan miqdarda yazısını çap etmək olar.

300 misra olmaz. Amma mən şairin gözə görünməsi, onun imzası ilə seçilməsi, şair portretini yaratması üçün 500-700 misra da cavan şairin şeirini verirdim. O da öz işini görürdü.

Məncə jurnalın baş redaktoru şəxsiyyət olmalıdlır, xarizmatik olmalıdır.

Jurnalının taleyi redaktorunun kimliyindən asılıdır. Jurnala mənəvi qüvvənin, mənəvi enerjinin daxıl olması, yığışa bilməsi üçün bu çox vacib amildir.

Bunu mən indiki nəşrlərin rəhbərliyində açığı görmürəm.

Mən AYO-AYB qarşıdurmasını ədəbi proses üçün çox lazımlı bir iş bilirəm. Və bunu məişət səviyyəsində çürük mənasız söhbətlərə gətirib çıxartmağın əleyhinəyəm.

Nə yaxşı ki, AYO var. Onun hesabına mən xeyli istedadlı gənci tanıdım. İndi dostum, qardaşım Qulu Ağsəs istəyir «Ulduz» jurnalının obyektiv mövqedə durduğunu bizə sübut eləsin.

«Ulıduz» jurnalı siması olmayan, Azərbaycan ədəbiyyatının içindən danışmayan, Azərbaycan mənəviyyatının enerjisinin bir zərrəsini belə daşımayan belə bir orqandır. Ondansa Alatoran yaxşıdır.

AzadlıqRadiosu:

- Niyə elədir ki, nədi səbəb?

Əkrəm Əylisli:

- Çünki jurnalın rəhbəri özünü təbliğatla, özünü reklamla məşğuldur. O biri jurnalların da əksəriyyəti belədir.

Mən deyə bilmərəm bunlara kimlər yazı gətirir, ya gətirmir. Axı jurnal özü elə bir maqnit qüvvəsi yaratmalıdır ki, o qüvvə yazarı çəkib gətirsin.

Mən deyə bilmərəm ki, «Ulduz» jurnalına bir istedadlı əsər gəlsə, onu çap etməyəcək. Amma əgər jurnal öz görünməmiş kimliyini təsdiqləyə bilmirsə, bu heç nəyi həll etməyəcək.

Yaşım 70-i keçib, AYB-nin içində sovet dövrü gördüklərimin hamısının daha eybəcər şəkildə yenidən təkrar edildiyini, bərpa olunduğunu görürəm.

60-cı illərdə - Yusif Səmədoğlunun, Cabir Novruzun vaxtında «Ulduz» jurnalı bundan qat-qat ədəbi, vicdanlı və cəsarətli idi.

Qulu Ağsəs:

Zahir Əzəmət
- Mən arxivlərlə müəyyən qədər tanışam. Əvvəllər də zəif materiallar olub. Metro işçisinin, sağıcının dilindən hansısa bir hekayəyə münasibət bildirilib və bunlar çox ironikdir. İndi də biz daha çox cavanların burada çap olunmağına çalışırıq.

Deyim ki, keyfiyyət sarıdan olmasa da kəmiyyət baxımından heç bir qıtlıq yoxdur.

İlin sonunadək çap üçün yazılar var. bu axının qarşısına nə qədər səmimiyyətlə çıxırsansa o qədər də davamlı olur. Biz bu ab-havanı yaratmağa çalışırıq.

Və bu məsələdə şəxsən məndən kimin şikaəti varsa, buyursun. Təbii ki, Rasim Qaraca «Ulduz» jurnalı oxumur, yəqin Zahir də oxumur. Əkrəm müəllim də ola bilsin hərdən baxır.

Amma bizim maraqlı (məni təmin edən) materiallarımız olur. Amma bu bütövləşə, tama çevrilə bilmir, digər dərgilər kimi ədəbi polemikalara qatılmır, fəallıq nümayiş etdirmir, o artıq başqa söhbətdir. Yəni hər bir jurnal onun sahibinin sifətidir. Mən öz mətbu orqanımı tamam başqa cür görürəm.

Onu da - bərabər şərait yaradılsın, istər daxili layihə, istərsə də interaktivliyi baxımından - hansı həddə qədər desə istənilən naşiri qovub bağrını çatlada bilərəm.

Amma «Ulduz» ənənəsi əvvəldən belə ağır olan məlum bir jurnaldır.

O vaxt 50 min çıxanda da guya onu çox adam alırdı? Camaatı abunə yazdırırdılar də. Yəni şərəfli keçmişimizdən danışanda gərək belə şeylər olduğunu da etiraf edək.

Rasim Qaraca:

- Əkrəm müəllim bayaq düz dedi. 80-ci illərdən bu yana «Ədəbiyyat» qəzeti, AYB-nin digər orqanlarında ildən-ilə təkrarlanan, dərc olunan imzalar var ki, onları tanıyırsan, amma içində bir qığılcım görmürsən.

Bilirsiniz prinsiplər dəyişməlidir. Dövlət hazır pulu ədəbiyyat jurnalının çap olunması üçün ayıranda nəticə belə olmalıdır. Ədəbiyyat jurnalı müstəqil olmalıdır. Onun başında ədəbiyyatın təəssübünü çəkən, içində qığılcım olan biri dayanmalıdır.

Əslində əgər biz demokratik təşkilatlanma istəyiriksə, «Ulduz», «Alatoran» və digərləri də bərabər hüquqlu şəkildə layihələr hazırlayıb verməlidir.

Mədəniyyət Nazirliyinə, başqa yerə yox. Nazirlik isə özü bu qığılcımları, oyanışı görüb dəstəkləməlidir.

AzadlıqRadiosu:

- Rasim bəy, indiyədək heç nazirliyə layihə vermisiniz?

Rasim Qaraca:

- Biz onların qrantlarına yaxın dura bilmirik. Bu qədər iş görən bir mədəniyyət faktı olduğumuz halda Mədəniyyət Nazirliyinin bizimlə heç bir əlaqəsi yoxdur. Əslində biz onları yox, onlar bizi axtarmalıdır.

Cəhd də etmişik, nazirin özü ilə də görüşmüşəm. Söz veriblər, amma nəticəsi olmayıb. Konkret işə gələndə öz dostlarına imkan yaradırlar, bizə yox.

Mən müstəqil Azərbaycan dövlətinin ədəbiyyat jurnalını buraxıram.

Amma inanmıram ki, «Ulduz», «Azərbaycan»və digərləri qlobal mənada müstəqil dövlətçilik üçün iş görürlər.

Əkrəm Əylisli:

– Nəyə lazımdır jurnalın biri gənclər üçün, o biri uşaqlar üçün. Bu sovet dövründən qalma və əhəmiyyətini itirmiş standartlardır. Ayrı ayrı ədəbiyyat yoxdur, ədəbiyyat bir şeydir.

«Ulduz»la «Alatoran»ın fərqi onların təfəkküründədir. «Ulduz»da təfəkkür heç yoxdur.

Bunlar bir balaca islahatçılıq ruhu ilə yaşasaydılar, ümumi maliyyəni vahid bir jurnala - məsələn “Qobustan”a sərf edib hamı üçün bir jurnal buraxardılar. Cavan da, qoca da orada çap olunardı.

Zahir Əzəmət:

- Bizim platformamız odur ki, sadəcə kim dərc olunmaq istəyirsə, orta həddən bir az o tərəfə, fərq qoymadan dərc edirik. Və onu müzakirəyə buraxmaqla kimin necə olduğu seçimini oxucunun ixtiyarında saxlayırıq.

AYB isə istəsə də dərgilərini yaxşı buraxa bilməz. Çünki orada kifayət qədər azad ruhlu insanlar yoxdur ki, işindən keçib də dirəşib bu işi görsünlər. Öz problemlərini işıqlandırsınlar və sairə.

Yaxud AYB-nin rəhbərliyi, bunu etmək üçün çalışsa, onu işdən çıxaracaqlar. Sistem o qədər orada eybəcər hörülüb ki, bilmirəm o dərgiləri xilas etmək barədə müzakirəyə dəyərmi.

AzadlıqRadiosu:

-Belə çıxır ki, Qulu Ağsəs qonorar almaq istəyirsə öz şeirlərini «Ulduz» jurnalına, oxunmaq istəyirsə «Alatoran»a göndərməlidir?

Qulu Ağsəs:

– Burada vəziyyət nə o dostlarımın istədiyi kimi yaxşı, nə də düşmənlərin ürəyindən keçən kimi pisdi. Yəni nə jurnal mən istəyən kimi yaxşıdır, nə də bayaqdan deyilən kimi faciəvidir, bizim qapını açan yoxdur və sair deyil.

İnanın bizim qapını sındırırlar. Gənclər də, yaşlılar da gəlirlər. Hərçənd mənim özümün bir naşir olaraq bəyənmədiyim şeylər də çap olunur.

Öz dəyərləndirməmlə deyirəm ki, bəli, məni təmin etmir o yazılar. Bizdə yaxşı yazılar gedir. Və inanıram ki, müqayisə etsək heç kim də pullu yeri qoyub, pulsuz yerə getməz.

Yəni ən azı qonorar naminə bizə gələnlər «Alatoran»a və «Kultaz»a gedənlərdən çoxdur.

Deyirsiniz AYB-də adamı asırlar, kəsirlər, belə şey yoxdur. Mən ümumiyyətlə AYB-də yeyintilər və sair olduğu barədə söhbət eşidəndə, o dəqiqə maaş kartımın ay başa çatmayanadək dolmayacağını xatırlayıram.

Guya ki burada dövlətin büdcəsi mənimsənilir. Jurnalda yeyinti olmasını demək gülməli şeydir. Allah da göydən ensə məni hansısa yeyintidə, kiminsə qəpiyinə göz dikməkdə ittiham edə bilməz.

Zahir Əzəmət:

-Jurnalın ayrıca mühasibatlığı yoxdur ki, ümumi sistemin maliyyəsi var. yeyintini də biz sizdə yox, sistemdə axtarırıq...

(VERİLİŞƏ TAM ŞƏKİLDƏ YUXARIDA QULAQ ASMAQ OLAR)

Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya
XS
SM
MD
LG