Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:28

37-ci ildə yazıçıları "şəxsi həyat silahı" ilə vurmaq...


Seyfulla Şamilov
Seyfulla Şamilov
“ Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” adlı məqaləsi dərc edilib.

“Kontrrevolusion trotskiçi mərkəzin və ikiüzlü xain sağ uklonistlərin, habelə murdar millətçilərin ölkəmizdə apardıqları gizli pozuculuq və xəyanət işlərinin üstü açılması ilə əlaqədar olaraq, yazıçılar da öz sıralarını bolşevik sayıqlığı ilə yoxlamalı idilər.

Azərbaycan sovet yazıçıları ittifaqı sıralarında, ciblərində Maksim Qorkinin imzası ilə üzvlük kitabçasını daşıyan ikiüzlüləri də ifşa etmək lazım idi.

Lakin təəssüflə qeyd etməliyik ki, bizim ittifaqın rəhbərliyi bu sahədə olduqca az iş görmüşdür.

Uzun müddət qadın azadlığından dəm vuran Əli Nəzmi əxlaq pozğunluğu və sərxoşluğa tutularaq, nihayət öz arvadını ən alçaq cani kimi öldürdü.

Haman Əli Nəzmi ilə qələm yoldaşı olan Əli Razi (həqiqətdə isə molla Əli) 1919-cu ildə kontrrazvedkada çalışmış, vaxtı ilə Müsavatın orqanı olan “Azərbaycan” qəzetində daimi muxbirlik etmiş, kontrrazvedkanın naçalniki Şıxzamanovun ən yaxın dostu, məşvərətçisi olub, Azərbaycan xalqını soymaq işində və milli qırğını qızışdırmaqda bu murdar quldurlara və müsavat juliklərinə vaizlik etmişdir.

Bu düşkün və xalq düşməni yazıçı maskası altında xeyli müddət yazıçılar ittifaqının Kirovabad filialında “rəhbərlik” etməyə müvəffəq olmuşdur.

Molla Əlinin çox qəribə tərcümeyi halı vardır. Revolusiyadan əvvəl köhnə kapitalist Azərbaycanında bu adam qrammafon şirkətində agent imiş. İranda furqonçuluq etmiş, Gəncədə mollalıqla məşğul olmuşdu və daha nələr etməmişdir!

Molla Əli Kirovabadda gənc yazıçıları həcv, qaravəlli və yaramaz şeylər yazmağa təşviq etmişdir.

Böyükağa Talıblı, rəsmən yazıçılar ittifaqında üzv olmadığına baxmayaraq, hər yerdə aferistcəsinə öz millətçi fikirlərini və millətçilik ideyası ilə zəhərlənmiş əsərlərini dərs kitablarına və jurnallara soxmağa çalışmışdır.

Başqa zaman isə, yazıçılar arasında qeybətçilik, araqarışdırma ilə məşğul olmuşdur. Bu adamın ədəbiyyatımız haqqında və xüsusən revolusiyadan sonra yaradılmağa başlayan gənc qızıl qələmlər haqqındakı fikirləri hər bir yazıçıya məlumdur.

O zaman Talıblı - Səməd Mənsurları, Cabbar Əfəndizadələri, Əhməd Cavadları və başqalarını öz qanadı altına alaraq, sovet ədəbiyyatının və gənc qızıl qələmlər ittifaqının baş tutmayacağını iddia edirdi.

O, ədəbiyyatdakı sinfi mübarizəni qətiyyən anlamayaraq, ədəbiyyatımızın böhran içində olduğunu həyasızcasına söyləyirdi.

O bəzi millətçi və burjia fikirli yazıçılarla həqiqi poputçikləri və proletar yazıçılarını bir-birindən seçə bilməyir və ümumiyyətlə ədəbiyyatımızın böhran içində olduğunu yazırdı.

Lakin sonralar prinsipsiz, yaltaq və həqiqi sovet ədəbiyyatı ilə heç bir münasibəti olmayan bu adam yenidən sovet yazıçıları sırasına soxulmağa başladı.

Hər yanda müvəffəqiyyətsizliyə düçar olduqdan sonra Talıblı öz karyerasını ədəbiyyat sahəsində möhkəmlətməyə səy etdi.

Lakin bunların hamısı maska idi. Nihayət, məlum oldu ki, Talıblı öz alçaq, mürtəce millətçilik fəaliyyətini Sovet Azərbaycanına və Azərbaycan xalqına qarşı yönəldərək, ölkəmizdəki sosializm quruluşunun sarsılmasına çalışırmış. Azərbaycan xalqının bu ikiüzlü düşmənləri nihayət öz layiqli cəzalarını almalıdırlar.

Lakin yazıçılar ittifaqı bu üç nəfərin ifşa edilməsi ilə öz vəzifəsini bitmiş hesab edə bilməz. Azərbaycan yazıçıları bu gün bütün sovet xalqları ədəbiyyatının müəyyən aktiv bir hissəsi olduğunu unutmayaraq, ədəbiyyatımızın inkişafına mane olan və öz ikiüzlü fəaliyyətləri ilə ədəbiyyatımızın inkişafına zərbə vuran elementlərin hamısını ifşa etməlidir.”

S. Şamilov
(məqalənin ardını oxu)


Talıblı Natalya Mixaylovna
Böyükağa Talıblı Mirqasım oğlu
1897-ci il martın 21-də Salyan şəhərində anadan olub. “Hüriyyət” qəzeti redaksiyasının əməkdaşı olub, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilib.

9 yanvar 1937-ci ildə "əksinqilabi-millətçilik fəaliyyətinə görə" vətən xaini kimi Azərbaycan SSR XDİK tərəfindən həbs edilmiş və SSRİ Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 12 oktyabr 1937-ci ildə birinci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Onun həyat yoldaşı Talıblı Natalya Mixaylovna 14 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi həbs olunmuş və SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.


Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində doğulub. Bir çox satirik əsərlərin müəllifidir, eyni zamanda "Yeni yol", "Kommunist" qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləyib. 1946-cı il yanvarın 4-də Bakıda vəfat edib.

Əli Razi 1886-cı ildə Gəncə şəhərində anadan olub. Əli Nəzminin çox yaxın dostu olub. 1934-cü ildə Azərbaycan Yazıçılar ittifaqının Gəncə şöbəsinin məsul katibi seçilib. 1941-ci ildə cəza tədbiri illərində həbs olunaraq güllələnib.

Məqalə müəllifi Seyfulla Şamilov
bundan əvvəl - 1936-cı ildə Yazıçılar İttifaqı idarəsinin sədri olub. 1936-37-ci illərdə isə o, «İnqilab və mədəniyyət» jurnalının, «Ədəbiyyat qəzeti»nin məsul redaktoru işləyib. Repressiya dövründə onun özü də həbs edilərək sürgün olunub. 1974-cü ildə vəfat edib.
XS
SM
MD
LG