Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:06

Bəxtiyar Hidayət "Toy qazanları eşşək arabasında"


Hacı müəllimin kəndində qəribə bir adət var - eşşəyi arabaya iki-iki, üç-üç və hətta dörd-dörd qoşarlar.

Bu eşşək adətləri kimi qəribə də toy adətləri var Acıdərələlilərin.

Kimin ki toyunda dava düşmədi onun özü kişi sayılmaz, toyu da toy sayılmazdı. Hətta bu barədə rayonda bir lətifə də düzəltmişdilər-bir nəfər “boyevik” kasseti istəyir. Satıcı deyir:

- “Boyevik”imiz yoxdu, amma Acıdərənin toy kasseti var.

İndi isə Hacı müəllim arabaya üç eşşəyi qoşub kəndi kədərli-kədərli dolanmaqdaydı.

Arabada day nə yoxuydu - bir dolma qazanı, bir bozartma qazanı, iki kasset araq, sok, fanta, kola selofan torbalarda çörək, bir ləyən lülə kabab, bir ləyən tikə kabab və s.

Nəvəsi balaca Hacı da hoş-hoş deyirdi. Hara gedirdilər, kimə gedirdilər, eşşək arabası hara, dolma hara, bozartma hara, araq hara - bunu indi bilərsiniz.

***

Dünən Hacı müəllim nəvəsi balaca Hacıya sünnət toyu elətdirmişdi. Hacı müəllimin gözünün ağı-qarası bircə qızının oğluydu balaca Hacı.

Elə dəvətnamələr də Hacı müəllimin kürəkəni Eyvazın adına yox, Hacı müəllimin adına yazılmışdı.

Eyvaza qalsa o yüngülvari bir məclislə də işi yola verərdi. Çün kənddə toylarda az olmuşdu - özü demiş dolanma dərdindən hər yola baş vurduğuna görə.

Amma Hacı müəllim buna razı olmamışdı. Necə yəni Hacı müəllim qızının toyundan sonra gör neçə ildi toylara gedir.

Borcludumu camaatın dədəsinə? Hələ qızını Eyvaz qaçırdanda da qızın qarnı burnuna dəyə-dəyə toy çaldırmışdı Hacı müəllim:

- 20 ildi bu kənddə toylara gedirəm, indi borcları batıraqmı? Qız qız olmaqla yanaşı həm də bangdı-pul qoyduğum bang. Indi pulları bangda öldürümmü?

Beləcə də Hacı müəllim onda yaxşı bir toy çaldırmışdı. Elə dünənki toya da yaxşı hazırlaşmışdı.

Iş beləydi ki kənddə Hacı müəllimdən əvvəl Ələsgər müəllim toy elədi və bu tərəflərin ən bərkgedən müğənnisi Vaqifi toya gətirdi.

Hacı müəllim də onun acığına Vaqifi də toya gətirdi , hələ üstəlik aşıq Şamoyu da. Amma yığılan pul heç Şamoyun pulunu ödəmirdi. Bunun ətpulu var, çadırpulu var, araqpulu var, yağpulu var...

Bəs köpəkuşağı niyə gətirib kişinin borcunu qaytarmır? Axı uşaq bu gün kəsiləsi idi əslində. Amma Hacı müəllim dəlləyi bir gün ləngidib borcları bu gün yığıb işi sabah başa çatdırmaq istəyirdi.

Özgə vaxt olsa balaca Hacı indi eşşəkləri səyirdirdi. Amma indi mümkün deyildi-qazanlar tərpənməməli idi. Bu məqsədlə qazanların qulpu yanmış məftillə arabanın cağlarına bağlanmışdı.

Eşşəklər yavaş-yavaş irəliləməkdə olsunlar biz də görək dünənki hadısələr Hacı müəllimin gözünün qarşısında necə cərəyan eyləyir.

***

Hacı müəllim Ələsgər müəllimlə bəhsə girərək az qala bütün maarif işçılərini toya çağırmışdı.

Onlar bir ayrı, kənd camaatı da bir ayrı oturmuşdu məclisdə. Toy başlayan kimi kənd camaatı hiss elədi ki onlara “qalstuklular” kimi qulluq olunmur, analıq gözü ilə baxılır. Tarapp qulluqçunun biri aşdı böyrüüstə.

Sonra o qulluqçunun qohumları onu döyənin üstünə düşdülər. Bəziləri də maarif işçılərini əzişdirdilər. It yiyəsini tanımadı. Polislər də gəlib çıxdı.

Qan araq yerinə axdı bir sözlə. Indi kənddən neçəsi damda idi. Hələ çox adam da davanı bəhanə eləyib siyahıya düşməyin dərdindən aradan çıxmışdı.

Bəzisi də maarif işçılərinin kənd adamlarından yaxşı ağırlandığını bəhanə edib qırmızıcasına əcəb eləyib yazılmadığını etiraf eləmişdi.

***

Hacı müəllim fikirdən ayılıb siyahıya bir də baxdı. Hələ 50-60 xarabaya dəyəsi idi.

Hər evə bir qab dolma, bir qab bozartma, bir araq, bir su, bir pomidor,bir xiyar, bir lülə, bir tikə verib 10 manatını bağırda-bağırda alacaqdı.

Bu iş bu gün qurtarmlı idi. Yoxsa siyahıya düşməyənlər sabah uşaq kəsiləndə gəlib ovcuna 1-2 şirvan qoyub aradan çıxacaqdılar. Hələ bəlkə yenə dava düşə bilərdi.

Yolunun üstə qoyun Mürsəlin evi idi ki bu qoyun adını da müəllim özü qoymuşdu ona. Son vaxtlat qulağı ağır eşidən Mürsəl bir gün mərəkədə fərq etdi ki söhbət zəmanənin dəyişməyindən gedir. O da söhbətə qoşuldu:

- Düz deyirsiniz, zəmanə dəyişib. əvvəl qoyun mələyəndə səsi çıxardı, indi eləcə ağzını açıb yumur. Elə o söhbətdən sonra adı qalmışdı qoyun Mürsəl.
Balaca Hacı başladı səsləməyə:

- Ay qoyun Mürsəl baba, ay qoyun Mürsəl baba, heeyy...

- Kiri it oğlu, hürkütmə qoyun oğlu qoyunu.

Müəllim özü qaz turbasını döydü. Handan hana Mürsəl çıxdı bayıra. Hacı müəllim salamsız –kəlamsız:

- Qulağını bəri tut əə, bəri tut qulağını. Üç dəfə veranxanana gəlmişəm. Niyə gətirib mənim pulumu vermirsən? Haayh? Kişiliyiniz yoxdumu, niyə məni ziyanda qoyursunuz? Haayh?

- Nağayrım, eləmi vələmə- şüvən düşdü ki!

- Mən bilmirəm, pulumu ver.

- Yaxşı-yaxşı, qoy gedim gətirim.

- Bir-iki tarelka da gətir, toypayını apar.

- Nəə?

- Gözünü döymə, sən havayı pul versən adamı ardıkösöylü eliyərsən.

Qoyun Mürsəl evdən pul və iki boşqab gətirib gözünü döyə-döyə toypayını alıb siyahıya düşdü və bir-Böyük toyuna gələk dedi dilucu.

Sonra növbədə Təşviqat Bayram idi.

Bu Təşviqat adının da qəribə tarixçəsi var - Bayram Təşviqat ayamasını almamışdan əvvəl Bayram müəllim kimi tanınırdı. Hacı müəllimin kolleqasıdır.

Di gəl ki günlərin bir günü parlament seçkisi öncəsi hamının siyasətdən danılşdığını görüb o da söhbətə qoşulur:

- Camaat , mən Təşviqat partiyasına səs verəcəm.

Düzdü ordakıların əksəri elə bilir belə bir partiya var. Amma Hacı müəllim başa salır ki təşviqat nə deməkdi ordakılara. Sən demə adam ekranın küncündə yazılmış “təşviqat kompaniyası” yazısını oxuyubmuş “təşviqat partiyası”.

Orda danışan da müəllimlərin maaşının artırılmasının vacibliyindən dəm vururmuş.

Beləliklə Bayram müəllim olur Təşviqat Bayram.

Təşviqat Bayram bayıra çıxan kimi Hacı müəllim kəsdi onun üstünü:

- Yekə kişisən, ciyar axşamında, zəhərin osun, tıxamısan, xaşda tıxamısan , toyun da pulunu vermirsən. Neçə dəfə gəlmişəm xarabana? Məni niyə yazıq eləyirsən?

- Adamsan salamın hanı.? Sən bizim toyda bir həftə qarın-qarta dartışdırdın-mən ona dilləndimmi? Pulunu da gətirib uşağın özünə verəcəkdim. Niyə darqursaqlıq eləyirsən?

- Yox bir süfrə də orda asacam sənə. Gəl zəhərini götür ver mənim pulumu

Təşviqat Bayram qazanları görəndə çox qah-qah çəkdi. Cıbindən bir 10 manatlıq çıxarıb siyahıya düşdü. Onun gülüşünə Hacı müəllim özü də qoşuldu.
Sonra araba Komnisgilə buruldu. Komnis bir xeyli güləndən sonra Hacı müəllimin qanını lap it qanına döndərdi:

- Müəllim sən yadındadısa bizim toyda o qədər yemişdin ki sinirə bilmirdin.

Axırda özünü qusdurdun. Sonra yenə oturdun. Indi mən sənin toyunda heç bir tikə də ağzıma almamışam. Hələ qalstuklulardan bizi seçməyini demirəm.

Indi sənə mən niyə pul verməliyəm. Ziyanlıqdı ziyanlıq olsun. Kişi döysənmi. Arvad müəllim, özün müəllim-ikiniz də aylıqdan aylıq pensiyadan pensiya alırsınız.

Qız da müəllim, göyün biznesmen. Hökmət sizə işləyir, mənim öyümdə bir kartı olan yoxdu. Get işinin dalınca.

- İtaparanın olsun, eləbilərəm sədəqə vermişəm.

- Yox narahat olma, vallah mən o pulu üstümdə qoyan döyəm. Balacanın böyük toyunda yazılaram. Əgər sən o günləri görsən görəcəksən yazıldığımı, görməsən də bu toyun pulunu sənin yasında yazılaram.

- Mən çoxlarını öldürüb öləcəm

Arabanın ağzını Arxaclı məhləsinə döndərmişdilər ki hardansa qızışmış bir erkək eşşək peyda oldu. Arabaya qoşulan ana eşşək başladı soncuqlaya-soncuqlaya qaçmağa . Anqırışma kəndi başına götürdü. Qazanlardan dolma-bozartma tökülməyə başladı.

- Tut qazanların ağzını, köpəkoğlu, tuut.

- Tuturam baba, tuturam.

Nə qədər əlləşdilər qazanların dönməsini əngəlləyə bilmədilər. Qızışmış eşşək də bir yandan onları karıxdırırdı. Az qalırdı arabaya minsin.

Balaca Hacı qorxub arabadan düşdü. Köməyə bir-iki adam gəldi. Erkək eşşəyi məftillədilər bir işıq dirəyinə. Hacı müəllim qırılan butulkalara, tökülən dolma-bozartmaya baxıb az qaldı ağlasın.

Elə yola təzə düzəlmişdilər ki ...

Sən demə kürsəkdəki itlər ətin iyini alıblarmış. Qancıq az qala özünü arabaya verəcəkdi. Bir dəstə it hürüşə-hürüşə onların dalınca düşdü. Bayaqdan hürkmüş ana eşşək götürüldü.

Toqquş,toqquş deməyin nə xeyri. Hələ erkək eşşək də məftili qırıb anqıra-anqıra onların dalınca qaçmağa başladı. Erkək eşşək onları yaxalayanda Hacı müəllim arabadan yıxılmış, balaca Hacı isə bir ağaca çıxmışdı.

İtlər qazanlara girişmişdilər. Hacı müəllim qırılmış qolunu tutub bağırırdı, kömək istəyirdi.

Sonra araba da aşdı. Camaat artıq köməyə yetişmişdi. Hacı müəllim ağlayırdı.
XS
SM
MD
LG