Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:18

«Wikileaks» yenidən 400 min sənəd sızdırır


Julian Assange
Julian Assange
39 yaşlı Julian Assange bu günlər özünü əsl ov kimi hiss edir. Londonda səs-küylü Efiopiya restoranında da ağzını örtüb, pıçıltıyla danışır. Az qala gündə bir neçə dəfə telefon nömrəsini dəyişir, otellərdə uydurma adlarla qeydiyyatdan keçir, saçını rəngləyib, kredit kardları yerinə tanış-bilişindən borc adlığı nağd pulla hesablaşır. Özünün “New-York Times”a dediyinə görə, onu ovlamağa çalışan Qərbin xüsusi xidmət orqanlarından qorunmaq üçün belə edir.

ÇOXLU DÜŞMƏNLƏR

Julian Assange – Wikileaks saytının banisi 12 həftə əvvəl Əfqanıstan, bu günlərdə isə İraq müharibəsi ilə bağlı gizli sənədləri açıqlayandan sonra doğrudan da çoxlu düşmənlər qazanıb. Çünki onun son açıqladığı 400 minə yaxın sənədlərdə İraq müharibəsi zamanı Amerika əsgərləri və İraq polisi tərəfindən 15 mindən çox işgəncə, məhbəsdə ölüm, 109 min dinc iraqlının müharibənin başlamasından bu yana qətli iddiaları yer alır.

Düzdür, həmin sənədlərin hələ həqiqiliyi sübut edilməyib. Çünki amerikalılar iddia edir ki, onlar dinc sakinlərin itkiləriylə bağlı rəsmi qeydlər aparmayıblar. Wikileaks-ın açıqladığı sənədlər isə bilavasitə döyüş bölgəsindəki əsgərlərin gündəlik qeydlərinə əsaslanır.

İnsan haqları təşkilatları nə olursa olsun bu iddiaların araşdırılmalı olduğunu bildirir, İraqın Daxili İşlər naziri Cavad əl-Bolani isə onsuz da bu cür iddiaları daim araşdırdıqlarını deyib.

İraq polisinin qanunsuz dəstələr yaradıb adamları tutması, onlara işgəncə verməsi, öldürməsi iddialarına rəsmi Bağdadın reaksiyası isə çox sərt olub. İraqın Baş naziri Nuri-əl-Malikinin müşaviri Əli əl-Musəvi AzadlıqRadiosuna deyib ki, bu iddialar yalandır və başqa məqsədlərə xidmət edir:

BU, BELƏ DEYİL

“Xüsusi həbs dəstələri haqda iddialar adamda belə təəsürat yaradır ki, həbslər qanunsuzdur. Amma bu belə deyil. Biz medianın yaydığı hətta bircə adamın da qanunsuz həbsiylə bağəlı iddiaları təkzib edirik”.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Ceff Morell isə deyib ki, İraqdakı dinc sakinlərin ölümündə onları ittiham etmək düzgün deyil:

“Biz dinc sakinlər arasında itkiləri minimuma endirmək üçün əlimizdən nə gəlirsə etmişik və etməyə davam edirik ki, heç olmasın”.

“MƏSULİYYƏTSİZ VƏ İNSANLARIN HƏYATINI RİSKƏ ATAM ADDIM”

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Mike Mullen isə Wikileaks-ın sensasiya xatirinə bu cür sənədləri yayımlamasını “məsuliyyətsiz və insanların həyatını riskə atam addım” adlandırıb.

Britaniyanın Baş nazirinin müavini, 2003-cü ildə İraqa ökəsinin də hücum etməsini qanunsuz adlandıran Nik Kleqq deyib ki, Amerika əsgərləri haqqında son iddia yetərincə ciddidir.

GEMƏYƏ YER YOXDUR

Britaniya rəsmisinin Wikileaks-ın iddiaları haqda bu cür açıqlamasına baxmayaraq, saytın təsisçisi Julian Assange Londonda qalmağın onun üçün təhlükəsiz olmadığına inanır. Amma getməyə başqa yeri yoxdur. Çünki siyasi sığınacaq istədiyi İsveç hökuməti onun müraciətini rədd edib, üstəlik, İsveçdə ona qarşı zorlama iddiaları ilə bağlı istintaq başlayıb.

Assange-in sözlərinə görə, öz ölkəsində, ABŞ-ın yaxın müttəfiqi olan Avstraliyada isə ona bildiriblər ki, o artıq sərhədləri çoxdan keçib, qaydasız oynayır, odur ki, ona qarşı da qaydasız oynayacaqlar.

Wikileaks-ın Əfqanıstanla bağlı yaydığı 77 mindən çox sənəddəki iddiaları indi təkcə rəsmilər yox, Taliban da araşdırır. Taliban bildirib ki, orda adı keçən insanlara qarşı özləri tədbir görəcəklər. O ki qaldı yeni - İraq müharibəsi ilə bağlı iddialara iraqlıların münasibətinə, Bağdadda Salah adlı bir şəxs “Reuters”ə deyib ki, burda təzə heç bir informasiya yoxdur:

“HAMIMIZIN BİLDIYI ŞEYLƏRDİR”

“Çünki bütün iraqlılar ölkəyə təcavüz başlandan bu cür şeylərin şahididirlər. Hər ailədə qohum-qardaş arasında az adam var ki, Amerika ya iraqlı polis tərəfindən tutulmayıb, işgəncəyə məruz qalmayıb və ya müttəfiq, yaxud İraq qüvvələri tərəfindən günahsız öldürülməyib. Bu, bizim hamımızın bildiyi şeylərdir. Bizə bundan ötrü sənəd lazım deyil. Sadəcə bu sənədlər bildiklərimizin rəsmi təsdiqidir”.
XS
SM
MD
LG