Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:02

«Tunisdən İlham Əliyevə mesaj var»


Əli Kərimli
Əli Kərimli
«Tunisdən İlham Əliyevə mesaj var». AXCP sədri Əli Kərimli öz bloqunda belə yazıb. Yazıda deyilir ki, Tunis əhalisi butun əzilən xalqların timsalında dünyanın avtoritar hakimiyyətlərinə mesaj göndərib ki, onlar yanılırlar.

Əli Kərimlinin fikrincə, dünyanın əksər avtoritar rejimlərində belə təsəvvürlər var idi ki, inqilablar yalnız alternativ siyasi qüvvələrin olduğu, az-çox mətbuat azadlığının qorunduğu ölkələrdə baş verir.

AXCP sədrinin məntiqinə görə, bu mesajın mahiyyətində o durur ki, hətta müxalifəti sıradan çıxaran, mətbuat azadlığını tamamilə yox edən hakimiyyətlər də özlərini arxayın hiss etməməlidirlər.

«YADA AZƏRBAYCAN DÜŞÜR...»

Əli Kərimlinin fikrincə, diqqətli oxucu Tunisdə baş verənləri öyrənərsə, yadına Azərbaycanla da bağlı çox nəsnələr düşər:

- Tunisdə Ben Ali 23 il idi prezidentin səlahiyyətini yerinə yetirirdi. Hakimiyyətə çevriliş yolu ilə gəlmişdi. Real müxalifəti əzib ölkədən didərgin salmışdı. Özünə parlamentdə yalançı, konstruktiv müxalifət yaratmışdı. Ölkənin bütün biznes sferalarını özünün, həyat yoldaşının və qohumlarının nəzarətinə vermişdi...

«XALQIN SƏRVƏTİNİ ƏBƏDİ YEMƏK OLMAZ...»

Vəfa Quluzadə
Əli Kərimli deyir ki, Tunisdə bir gəncin polis özbaşınalığına dözməyib özünü yandırmasından başlayan bu inqilab göstərir ki, oxşar hadisələr Azərbaycanda da baş verə bilər. Onun fikrincə, Tunis prezidentinin xanımı Milli Bankın qızıllarını ölkədən daşıyıb aparmağa müyəssər olsa belə başa düşməlidirlər ki, xalqın sərvətini əbədi yemək olmaz.

«TUNİSƏ GÖZ DƏYDİ...»


«Tunisə göz dəydi...». Bunu isə sovetler dönəmində bir sıra ərəb ölkələrində çalışmış politoloq Vəfa Quluzadə deyir.

O qeyd edir ki, öz stabilliyinə görə, daim bir çox ərəb ölkələri Tunisə həsəd aparıb.

Demokratik ölkələri çıxmaqla bu hadisələrin hər bir ölkədə baş verə biləcəyini istisna etməyən keçmiş diplomat deyir ki, bu heç nəyin əbədi olmadığını bir daha təsdiq etdi:

- Qiymətlər başladı dəhşətli sürətlə artmağa, maaşlar aşağı, əhalinin dolanışığı da getdikcə çətinləşdi. Bu, Tunisdə fitri bir üsyan idi baş verdi...

Ancaq Azərbaycan hakimiyyətinin tərəfdarları ölkədə belə hadisələrin təkrarlanacağını zənn etmirlər.

Deputat Gülər Əhmədova deyir ki, həm Azərbaycanın Avropaya inteqrasiyası, həm də əhalinin dolanışığ belə hadisələrin təkrarlanmasını istisna edir:

Gülər Əhmədova
- Keçmiş sovet respublikalarını götürsəniz ən yaxşı vəziyyət bizdədir.

Azərbaycanda sosial proqramlarla bağlı kifayət qədər işlər görülüb.

Bu, tək paytaxtda deyil, regionların inkişafı da təmin edilib.

«DAŞIYIB APARIBLAR DA, NƏ QALIB Kİ?»

Ancaq paytaxt küçələrində söhbət etdiyimiz sadə vətəndaşların bir çoxu isə Tunisdə baş verənlərə taleyin hökmü kimi baxırlar. Taksi sürücüsü olan 45-50 yaşlı bir kişi Tunisin devrilmiş prezidentinin xanımı Leila Trabelsinin özü ilə 1 ton yarım qızıl aparması ilə bağlı məlumatlara toxunaraq deyir:

- Azərbaycanda qızıl da, brilyant da daha çoxdur. Allahın işidir hər şey baş verə bilər...

Validə Hacıyeva adlı bir kitabxanaçı isə Tunis hadisələrinin Azərbaycanda təkrarlanacağına inanmır:

- Çünki sabitlik var...

Rəşad Mustafayev adl 40-45 yaşlı paytaxt sakini isə Azərbaycanda vəziyyətin daha ağır olduğunu deyir:

- Bunların onsuz da xarici banklarda kifayət qədər sərvətləri var. Daşıyıb aparıblar da, nə qalıb ki?

Ancaq o da Tunis hadisələrinin tezliklə Azərbaycanda təkrarlanacağına inanmır. Rəşad Mustafayevə görə, torpağını qorumayan xalq haqqını da qorumur.
XS
SM
MD
LG