Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:55

Adil Şirin. Qırmızı duman, Tanımadığımız insan, Qum saatı...


Qırmızı duman


Xatirələr
qonağım olur
qar yağışa dönəndə
xatirələrin
uçub gəldiyi dağlar indi
itib qırmızı dumanda.

Orda
uzaqlarda
o dumanlı dağlarda
gövdəsinə bir qız adı yazdığım
bir nazənin ağac qalıb –
o ağacdan nigaranam bu axşam
bu axşam
yenə
xatirələr qonaq gəlib
mənə.

Bir dərdli ah çəkdi
xatirələr
söndü
yandırdığım şam…


Tanımadığımız insan

O, son tikəsini
düşmənlə belə bölməyə hazır
və dost ölümüynən
ölməyə hazır
çiçək ləçəyinə
gül yarpağına
şeh damlalarıyla şerlər yazır.

Arzuları
ümidləri
son dənizdə
doqquzuncu dalğada çırpınan
bir talesiz gəmiydi
qırx ildi dünyanın dörd fəsli
ona
dörd qara qış kimiydi.

Tanrı
üz döndərmişdi ondan
unutmuşdu
hardan gəlib hara getdiyini
qara sevda tutmuşdu gözünü
könüllücə
çarmıxa çəkmişdi özünü.

Hardan gəlib hara getdiyini
xatırlasaydı
elə o an
o saat
çəkilərdi göy üzünə
ağrısız
rahat.

Sarılmışdı
qaranlığın boynuna
yaşayırdı
qaranlıqla qol-boyun
bir cüt mərcan balığı tək
çırpınırdı gözləri.

İşarırdı
yanağında bir cüt göz yaşı –
o bir cüt göz yaşıyla
çıxırdı
canından ayrılığın yanğısı…


Qum saatı

Tanrı unutmuş səhrada
Talesiz Məcnunam mən.
Çevirdim qum saatımı
Axıb getdi ömürdən.
Geri fırlatdım zamanı
Yenidən doğulmaq üçün,
Qum saatı içrndə
Boğuluram bax bu gün.
İçimdə qumlar axır
Sinəmdə söz çırpınır,
Qum dənələri şüşəyə
Qanadlarım taleyimə çırpılır.
Qum saatı, qum saatı,
Hanı gənclik büsatım?
Hər zərrədə bir xatirə,
Onlarda da qum dadır.
Çevirdim qum saatımı
Baxıb gördüm qan damır.

Alatoran, 2004
XS
SM
MD
LG