Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

BALAXAN "Mərc-şou" (Hekayə)


Lyoxanı bizə «Aral»ın üstündə pay vermişdilər.

Bu hadisənin qalan şahidləri adamda yalan tutmaqdan ötrü ölürlər deyə, sözümüzə düzəliş edib, - Lyoxa özü «Aral»dan ayrı qala bilməyəcəyini bəhanə gətirib, 40 uzunu, 7 metr eni olan bu barca tipli gəminin köhnə heyəti ilə geri – Həştərxana qayıtmaq istəməmişdi, – desək daha düz olar.

Rusiya -Azərbaycan ikitərəfli sövdələşməsinin bəndlərindən birinə uyğun olaraq, Azərbaycan tərəfinə satılan, üstündə müxtəlif laborator analizlərin aparılması üçün müasir avadanlıqlar olan barcanın(qeyd edək ki, bu tipli gəmilər suda ancaq yedək gəmilərin köməyilə hərəkət edir) təzə heyətinin tam şəkildə bizimkilərdən təşkil olunacağı isə onun vecinə də deyildi – Lyoxa köhnə dənizçi idi, harda və kiminlə olursa olsun, suda özünü balıq kimi hiss edirdi.

Yaşı 40 - 45 arasında, orta boy və bədən quruluşunda olan bu adamı bütün qalan rus dənizçilərindən fərqləndirəcək sən deyən elə də antropoloci və ya digər xarakterik fərqi yox idi.

İçib şellənməyi sevən və bir şüşə araqdan ötrü inanılmaz trüklər edib, nəyini desən qurban verməyə hazır bir ayı idi.

Hətta… dişini də. Hə, hə, bir dəfə pulu olmadığından gecələr limanda Lyoxa kimi «alkaş»lara arağı birəbeş qiymətə satan çoxsaylı araq alverçilərindən birinə ağzından çıxarıb qızıl dişini vermişdi.

Qanlı dişi Lyoxanın ovcunda görən alverçinin az qalmışdı ki, ürəyi getsin.

Qiyafəsi… burda yaddaş gücsüzdür, hamı onu elə bu qiyafədə – axırıncı dəfə gördüyü kimi xatırlayır.

Çəhrayı «plavki»də. Kişi üçün qeyri-adi olan bu rəngdə çimərlik tumanı geyinmiş Lyoxa min metrədən tanınırdı. Bütün yayı əynindən çıxarmadığı bu tumanla yeknəsəq – tünd geyinmiş bizimkilərin arasında seçilən Lyoxa ətrafa şənliyi toxum kimi səpirdi.

Limanda çimmək təhlükəsiz deyildi. Ümumiyyətlə qadağan olunmuşdu. Daim ora - bura vurnuxan gəmilərdən – suda üzən bu ətçəkən maşınlardan birinin iri, ülgücdən iti pərinə ilişib, balaca tikəni qulağın boyda tapardın.

Yayda limana qonaq gələn suiti balalarının burda asan ov etmək arzusu çox vaxt bu gəmilərdən aldıqları iti zərbədən sonra tikə-parça olub, suyun üstündə qızaran çıqqılı qırmızı ürəklərində qalırdı.

Yeri gəlmişkən: Lyoxa deyərdi ki, suitinin qaraciyəri yeyilir. And içirdi ki, özü yeyib.

Guya nəyinsə dərmanıdı. Limandakılara isə elə gəlirdi ki, Lyoxa sadəcə dənizlə bağlı nə vardısa, hamısını müqəddəs, kimyə, dərman bilir. Əlinə xırda balıq keçəndə, diri-diri mədəsinə buraxardı.

Balıqların onun qida borusunu qıdıqlaya-qıdıqlaya vurnuxmasından xüsusi zövq alırdı. Lyoxanın belə oyunbazlıqları çox idi.

Bir dəfə günorta üstü yenə başına adam yığmışdı. Lütlənib başlarına vedrə - vedrə sərin dəniz suyu əndərsələr də, istidən dilləri bir qarış çölə çıxmış bu adamların sonradan danışdığına görə, bir-iki əl domino çırpandan sonra başına içki düşmüş Lyoxa bir şüşə araqdan mərc gəlib ki, suyun altı ilə gəminin bu başından girib, o biri başından çıxa bilər. «Nə olsun?» deyənlər, bu sizə asan gəlməsin.

Düzdü, suyun altı ilə nə qədər desən üzmək olar. Bir şərtlə ki, istədiyin vaxt suyun üzünə çıxmaq imkanın olsun.

Bəs başının üstündə «Aral» boyda – uzunu 40, eni 7 metr olan qara, bədheybət bir qaloş varsa və üstəlik bu əcdaha özü boyda yerə çətir tutub, bir ovuc gün işığına tamarzı qoyubsa, dibi günün günorta çağı da zülmət qaranlıqdırsa, onda necə? Bacararsınızmı?

Mərc gəlmək olar ki, suyun altında – bu mistik yarıqaranlıqda başınızı qaldırıb, gəminin on illər boyu dənizdən bala-bala yığıb altına yapışdırdığı saysız-hesabsız balıqqulağı və yosundan ibarət kələ-kötür, sallaq qarnını görsəz, qorxudan canınız elə orda da çıxar.

Sözsüz ki, bu mərcə qoşulan başqa bir dəli də tapılıb. Və Lyoxa sanki mərcdə udacağı araq şüşəsini sudan başqasının tapıb çıxaracağından qorxub, tələm-tələsik dənizə tullanıb.

Ağzını ayırıb tamaşa edənlər də elə onda – kifayət qədər risqli olan bu işin baş tutub, gerçəkləşdiyini görəndə diksinib, ayılıblır.

Və bir neçə dəqiqədən sonra – gəminin o biri başından Lyoxanın cod dəniz suyu görüb pırpız dayanmış kirli kürən saçlı başı görünəndə mərcdaşlarının ürəyi yerinə gəlib.

Seviniblər. Amma yadlarına düşəndə ki, Lyoxa bu trüklə onlardan bir şüşə araq udub…

Onlardan biri indi xatırlayır: «istədim əclafın başına bir daş çırpım».

Lyoxa elə yaş-yaş, əli əsə-əsə, dərman asılılığında olan xəstə adam kimi arağın qapağını açıb, süzüb, saçlarından daman duzlu dəniz suyuna qarışan arağı içib, hələ üstəlik mərcdaşlarını qonaq da edib. Sözsüz ki, bir şüşə araq az olub.

Bir oturuma, özü də ancaq doğma Azərbaycan məhsulu olmaq şərtilə üç-dörd şüşə boşaldan adam üçün bir araq nədi ki. Özünüz yaxşı bilirsiz.

Və bu -- bir trük-bir araq-bir trük-bir araq məsələsi bir də, bir də, bir də təkrar olub. İçkidən beyni dumanlanmış məclis əhlindən artıq heç biri bu qorxulu trükün «olmadı elə, oldu belə» tərəfini düşünmək halında deyilmiş.

Axırıncı dəfə, növbəti şüşəni boşaldandan sonra göyərtə ilə səndələyə-səndələyə suya tullanmağa gedən Lyoxaya indi heç kəs fikir vermirdi.

Lyoxa bu dəfə artıq ətalətlə suya tullanıb və əldəqayırma masa arxasında içməkdən sifəti çuğundura dönmüş adamlar bir də ayılıblar ki, «Lyoxa - Amfibiya» yoxdu. Yoxdu, vəssalam.

- Yoxdu, a kişi, yoxdu. Vallah yoxdu. Kayuta da baxmışam, qalyuna, salona da baxmışam. Heç yerdə yoxdu.

Hamı da çox yaxşı bilirdi ki, Lyoxa sudan çıxmadı. Gücnən deyil ki, çıxmadı da, çıxmadı. Amma «çıxmadı» ilə də heç kəs barışmaq istəmirdi.

Məgər bilmirdilər ki, ayıq başlı adamın suyun altı ilə bu qədər məsafəni üzməsi faktı özü bir fantastik hadisə olduğu halda, üç-dörd şüşə boşaldan üçün bu ümumiyyətlə mümkünsüz bir işdi? Bilmirdilər?

Həmin axşam hamı özünü aldada-aldada qaldı. Səhər açılanda bu barədə bircə limandakı it-pişik bilmirdi ki, buna da böyük şübhə var. İndiyə kimi burdakı heyvanatın qeydinə qalan vardısa da, o da bircə Lyoxa idi.

Səhər açılandan adətən Lyoxanın onlar üçün yemək qalıqları atdığı yerin boş olduğunu görüb, ətrafda narahat-narahat dolaşan it-pişik məgər bilmirdi ki, nəsə var? Bilirdi! Dördayaqlısı da bilirdi, ikiayaqlısı da.

Vəzifəsindən qorxan liman rəhbərliyinin üzü elə tutulmuşdu ki, elə bil dədələri ölüb.

İşə dalğıcları qoşdular. Adətən qaranlıqda meyiti görüb diksinməsinlər deyə, onları da içirdirdilər. İndi də belə oldu.

Dünən Lyoxanın arağı araq dalınca boşaltdığı əldəqayırma masanın ətrafında bu gün onun meyitini sudan çıxarmağa hazırlaşanlar əyləşmişdilər. Hamısı da rus. Yox, onları xüsusi olaraq bu iş üçün seçməmişdilər, sadəcə gəlirgətirən sahələrə bizdə həmişə başqa millətlər cəlb edilir axı.

Keyləşənə qədər vurdular, sonra da «S Boqom» deyib başladılar hazırlaşmağa. Birinci kərə suya baş vuranda deyəsən «Boq»un bir köməyi dəymədi. Çıxıb əllərini yellədilər ki, yoxdu, tapa bilmirik.

Axtarışın bir saatı üçün direktora nə qiymət oxumuşdularsa, hər «tapmadıq» kəlməsindən sonra kişi az qalırdı ki, doğsun. Bir də, bir də baş vurdular. Səmərəsiz. Lyoxa ilim-ilim itmişdi.

Dalğıclar bellərindəki balonlarda havanın tükəndiyini bəhanə gətirib çıxmaq istədiklərini əl işarələri ilə göstərəndə, biri dözmədi ki, yalan danışırlar: «Köpəyuşağının meylindən deyəsən vurmaq keçir».

Amma bu həna o hənadan deyildi. Və nə qədər ki, Lyoxanın ölüsünü görməmişdilər, onun ölümünü təsdiq edən əşyayi-dəlil yox idi, dənizçilər özü özlərini aldadırdılar ki, bəlkə…

Lyoxa isə bu vaxt harda olsa yaxşıdı? Yox, hələ tezdi.

Bu minvalla bir neçə gün keçdi. Bir ətək pul alan dalğıclar da çıxıb getdi, ordan-burdan səs eşidib maraqlananlar da. Amma Lyoxa tapılmalıydı – ya ölüsü, ya da dirisi.

Düzdü, Bakıda heç kəsi olmadığından qanını batırmaq olardı. Və artıq hadisədən bir neçə gün keçəndən sonra onu tapıb, adam kimi torpağa tapşırmaq həvəsindən çox, başqa – «adə, bu köpəyoğlu hara yox oldu?» sualına cavab tapmaq istəyi adamlara rahatlıq vermirdi.

Hava isti olduğundan bəzi «ağıllılar» məsləhət görürdülər ki, gözləyək, şişib, özü suyun üzünə çıxar. Gözlədilər. Çıxmadı.

Bir az da ömründə dəniz görməyib, dağdan-dərədən qaçqın düşüb, limanda candərdi işləyənlər haqqında.

Bir neçəsi də «Aral»da işləyirdi. Biri əvvəldən ölüdən, özü də Lyoxa kimi «kirli urus» ölüsündən qorxduğunu bəhanə gətirib, heç o həndəvərə dolanmırdı. Başqa birisi «Şişib özü suyun üzünə çıxar» söhbətindən sonra ümumiyyətlə, öz gəmisindən də suya baxmağa ehtiyat edirdi.

Suda gördüyü hər qaraltı – istər kağız parçası, taxta, istərsə də kiminsə hansısa çimərlikdə itirdiyi, küləyin bizə pay gətirdiyi tuman olsun, ya ip, kəndir, hər nə varsa gözünə Lyoxanın gəmilərdən birinin iti, ülgüc pərinə ilişib, tikə - parça olmuş meyit qalıqları kimi dəyirdi.

Və bir gün kiminsə ağlına gəldi ki, «Aral»ı başqa bir gəminin yedəyinə alıb, kənara çəksinlər – bəlkə bu gəminin altı qaranlıq olduğundan dalğıclar onu görə bilmir? «Başqa bir gəminin yedəyinə alıb çəksinlər»ın qiymətini bilirsiz?

Bir saatının icarəsi yüzlərlə dollar olan yedək gəmisini də işə qoşandan sonra sağlığında vücüdü üç qəpiyə dəyməyən Lyoxanın ölüsünün qiyməti kəllə -çarxa qalxdı. Lyoxanın diri-diri başladığı «Mərc-şou» davam edirdi. Və heç kəs bilmirdi ki, bu zaman Lyoxa…

Səhər saat 8.00-da hamı öz yerində idi – «Neptun» yedək gəmisi «Aral»ın böyründə kəndirləri bərkidir, dalğıclar onları daha çox nədənsə illərlə ac qalıb, çöpə dönmüş qurbağaya oxşadan bədənə kip yapışan kostyumlarında, hazır vəziyyətdə, limanın bütün heyəti tamaşaçı qismində yerlərini tutmuşdu. 9.30 olardı, ya olmazdı «Neptun»un bacasından tüstü marşrutda adam içində qaytarmaq istəməyib, uzun müddət ögüməyini saxlayıb-saxlayıb, axırda dözməyən adamın ağzından püskürən qusmaq kimi fantan vurdu.

Qara tüstü gəminin əsas mühərrikinin gücəndiyindən xəbər verirdi. Nəhayət, «Neptun» «Aral»ı eşşək ölüsü kimi sürüməyə başladı. Barcanın yeri boşalan kimi hamı ora axışdı. İt-pişikdən başqa – hamı hadisə yerinə, onlarsa əksinə limanın o biri başına tərəf götürüldülər.

Əvvəlcə buna heç kəs fikir verməsə də, bir qədər sonra onların hürüş-ulartısı diqqət çəkməyə başladı. Xüsusilə itlərin canfəşanlıqla suya baxıb hürməsi şübhələndirirdi.

Lakin dalğıcların hansı xəbərlə suyun üzünə çıxacağı marağı hamıya güc gəldiyinidən, o başa keçib, işin nə yerdə olduğu ilə maraqlanan yox idi. Tamaşaya gecikənlərdən birinin itlərin hürdüyü yerdə ləngiməsi təkcə «Aral»ın mexaniki Dördgöz Cəfərin gözündən yayınmadı.

Kişinin suda nəyəsə diqqətlə baxıb, sonra da xərçəng yerişiylə dalı-dalı getməsi ilə Cəfərin o tərəfə götürülməyi bir oldu. Dalınca da qalanları. Dönüb, hamının ona tərəf qaçdığını görəndə isə kişi lap özünü itirdi.

- Ay camaat, burdadı e, Lyoxa burdadı!

İndi qayıdaq geriyə. Axırıncı dəfə Lyoxa suya tullananda nəinki üzməyə, heç yeriməyə də taqəti qalmamışdı.

Demək olar ki, heç suya tərəf niyə getdiyini də anlamırmış. Hələ bir xeyli dayanıb, matdım-matdım suya da baxıb. Yadına nə düşübsə, buraxıb özün suya. Dərinliyi birtəhər təyin edib, qaranlıqda əks istiqamətdə üzməyə başlayıb.

Gəlib çıxıb düz gəminin göbəyinə -- kinqstona (gəminin su altında qalan hissəsində gəmiyə su buraxan və gəmidən suyu bayıra çıxaran qapaq).

Burdan o yana, nə də geriyə qayıtmağa taqəti qalmadığından nə əl atıb, nə də qol. Gəmiylə göbəy göbəyə qalıb bədbəxt Lyoxa bu bir neçə həftəni.

Hamı onu aşağıda – bütün suda boğulanların ola biləcəyi yerdə axtarıb. O, isə «Aralın» yastı-yapalaq qarnından sallanıb, onu tapmaq bəhanəsilə direktorumuzdan beş-altı yeşik arağın pulunu alan dalğıclara baxa-baxa analarına söyürmüş yəqin. Lyoxanın azərbaycanca bildiyi yüz əlli sözdən yüzü söyüş idi.

Hə, bir də yəqin arağı icad edəni söyürmüş. O vaxta qədər ki, «Aral»ı yerindən tərpədiblər.

Onda Lyoxa eni 7, uzunu 40 metr olan dəmir dostundan ayrılıb, çıxıb suyun üzünə.

Yedək gəminin pərindən burulub çıxan dalğalarsa, onu aparıb çıxarıb limanın o başına.

Onu belə gördülər: üzü üstə suda ləngər vuran yerdə. Əynindəki çəhrayı çimərlik tumanı suda qalmaqdan ağarmış, ölçüləri isə sahibinin bədəni şişdiyindən ən azı birə üç artmış, nazilmişdi.

Hamının gördüyü orta bədən quruluşlu Lyoxadan əsər-əlamət qalmamışdı. Şişib öküz boyda olmuş meyitin dərisi tünük parça kimi içalatını bayıra tökülməkdən güclə saxlayırdı.

Kimsənin suya tullanıb, qalmış meyiti ehmalca, əlləri üstündə çıxaracağından söhbət belə gedə bilməzdi.

Köməyə adətən sudan müxtəlif üzən əşyaları çıxarmaq üçün istifadə edilən üç metrlik ucu qarmaqlı nizələr – baqorlar gəldi. Onların vasitəsilə Lyoxanı limanın kələ-kötür divarına tərəf çəkəndə meyit ağır-ağır göbəyi yuxarı vəziyyət aldı.

Məhz elə bu an – tamaşaçılardan bir xeylisi onun sifətini görməmək üçün üzünü yana tutdu. Macal tapıb görənlər isə hələ uzun müddət yuxularında Lyoxanın söyüşlərini eşitməli oldu.

Elə birinci cəhddə kimsə baqoru ehtiyatsızlıqdan meyitin qarnına sancdı. Dərinin cırılmağı ilə göyərmiş adam içalatının suya dağılmağı bir oldu.

Ətrafa bir qaça-qaç düşdü ki. Ağıllı adamlardan xali olmayan limanın işçilərindən kimsə məsləhət gördü ki, qəsəbədəki bomcları gətirək, onlar da çıxarsın. Bəh, bəh, siz bir cağbacağ direktor QAZ-31-ndə saçı-saqqalı, üstü-başı suda iylənən Lyoxadan da çirkin bomcların sifətinin ifadəsini görəydiz.

Nə baş verdiyini anlamayan, axırıncı dəfə maşında çox güman ki, analarının qarnında «roddoma» gedərkən gəzdikləri bomcların qapı açılanda bu xoşbəxtlikdən belə tez ayrılmaq istəmədiklərini pox basmış gözlərindən aydın oxumaq olardı.

Və bir az sonra tapşırığın nədən ibarət olduğunu eşidəndə birinci tələbləri o oldu ki, onlara içki verilsin. İçkiylə başlayan şou içki ilə də bitdi.

2003-cü il, noyabr

Alatoran
XS
SM
MD
LG