Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:25

Elxan Zal Qaraxanlı. Virtual gecə, Yaquar yerişli zaman


Virtual gecə

Bayquş baxışlı gecə,
Susqun fortopiano.
Nə Esxil qapı döymür,
Nə Berjerak Sirano.

Ulduzlar boşalmada,
Ürək dolu, Ay kəsik.
Duyğuların dərvişi
Getdi tələm-tələsik.

Gözləyişin tumanı
Durub dizdən aşağı.
Şikar həsrətindədir,
Vəhşi həvəs vaşağı.

Tellər dağım-dağımdır,
Ritmi yığammıyor bant.
Sürtülmüş boyalardan
Klip çəkir Rembrant.

İşıqların üzündə
Mürgüləyən pərdə var.
Macəralar saytını
Axtarır bilgisayar.

Araq su qiymətində,
Şer də getmir pula.
Virtual gəzintiyə
Gedirəm, İstanbula.


2002


Yaquar yerişli zaman

Gecənin uzunluğu
Göydələndən yekədir.
Kipriyimin ucunda,
Yuxu bircə tikədir.

Ay yanıb ağarmayıb,
Hələ körükləyir dan.
Ömrün budaqlarında
Yel qovur oranqutan.

Xoruzların səsində,
Nə tikiş var, nə sırıq.
Tənəklər damcı tökür,
Sallananda mısmırıq.

Quşlar hava çalmıyor,
Saata sığınıb takt.
Caynaq çəkir üstümə
Yaquar yerişli vaxt.

Gecənin uzunluğu,
Rezindən də elastik.
Mürgüsünü tutammır,
Nə mütəkkə, nə yastıq.

Mən səni düşünürəm,
Sükut titrəyişində.
Gecə öz işindədir,
Düşüncə öz işində.

2002


Alatoran
XS
SM
MD
LG