Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

“Səni sevirəm” dediyim zaman şübhəni siyasətçilərə burax...


Arazın o tayından


Ziba KƏRBASİ


Sevgimizin buludları


Sevgimizin göyləri buludludur
qoy yağsın.
Eşqimizin göyləri yağmurludur
qoy ağlasın.
Sonra göy qurşağını
boynuma as.
Çünkü yağdım bütün buludlarımızı.
Ağladım bütün yağmuru.
Bax...
Könlümün yaşıllığında qızıl gül bitmiş.


Sənin qucağında

Sənin qucağında,
yer titrəyir,
göy titrəyir.
Mənim könlümdə,
yer titrəyir,
göy titrəyir,
sənin baxışın, gövdən, könlün, əlin və ayağın da.
Qorxu quşları birdən içimdən uçmuşlar.
Sağaldıcı əllər
korluq gözlərini aydınlığa tərəf çəkir.
Ulduz gülür,
ay gülür,
günəş də.
Göy mavidir,
sənin qucağın da.


Anbaan sevgi

Pərişanlıq yatağına
öpüş-öpüş yağdığım zaman,
imtinanı zahidlərə burax.
Açıqca,
“səni sevirəm” dediyim zaman,
şübhəni siyasətçilərə burax.
Yalnız köksünün qaranlıqlarını mənə burax ki,
anbaan sevgi işiği ilə aydınladım.


Çocuqluq sevinci

Çocuqluq sevincim,
kağızdan düzəltdiyim son raket idi.
Buraxdım,
və haraya getdiyini bilməz oldum.


Anların yolçuluğu

Əlvida deyirsən!
Anların ayağı
zamanın dar ayaqqabısına sığmaz olmuş.
Anların ayağı şişərkən,
ağır dəqiqələr irəliləyir.
Və bəkləyiş,
saatdan divara dönüşür.
Mən saat əqrəbələri kimi öz çevrəmə fırlanıram,
mən və saat əqrəbləri öz çevrəmizə fırlanırıq,
mən pərişanlıq və tələskənliklə,
əqrəb isə arxayın və təmkinlə.
Qucaq anına qədər ki,
artıq mən dayanmışam
və anlar öz rahat ayaqqabılarını geyib,
davam edirlər...


Sağ ol

Mən də girdeydim
Sevilən, sevindirən
Yumru Yumşax, isti.
Top kimi uçan
Uçduran quşları
Mən də girdeydim
Sevən, vurulan, döyülən
Çapılan, yarılan
Ölməyən amma.

Bıçağı sən verdin əlimə
Sənin əlindən bıçaq əl aldı
Əlinin ölüm əllərindən
Aldın başımı
Həəəəə
Çırp yerə, göyə
Duvarlara, sahillərə, daşlara, qələmələrə,
Çırp taxtların narıncı böyrünə başımı yar.
Bıçağı sən verdin əlimə
Sənin əlindən bıçaq əl aldı
Əlinin ölüm əllərindən başımı alıb, yardın
Sağ ol.


Ölüm biboğlusuna bənzər

Adamın gözündən düşəndə
Da düşəndə
Düşər gözyaşı yaprax,
Adam, ki heeeeeeş adam deyil.
Ölüm qərə verni başmaxlarinan
Ağ dəsmalı əlində, Azər Xanım….
Qara ney çala-çala
Səfra günlər od üstündə çıqqaçıq, Azər Xanım…
Gözlərimin dörd dövründən tökür yuxulardan yuxulara
Kölgəsiz,
Kölgəsiz yuxulardan oyan, oyanax Azər Xanım.
Ölüm bibioğlusuna bənzər
Bir pəzəvəng treyli kimin
Yolları bütün əzib qaçar
Diyən, yazan, söz verən, aldadan, inandıran
Ağlayıb, ölürəm-ölürəm gəl gəlirəmlərin
Mən elə deyiləm, belə deyiləm, beləyəmlərin
Azıb bütün danar
Adamı danar ölüm
Dil anlamaz
Yazıların bucağında gizlənib
Ulduzsuz qaranlıx kimi
Diskindirər nəfəsləri
Ölüm,
Ölüm kimi nəfəs alar.

www.azerbaycanliyam.com
bizimki.org
XS
SM
MD
LG