Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:40

Azərbaycan Rəsulzadəni yetərincə anlaya bilirmi?


Səbahəddin Şimşir
Səbahəddin Şimşir
Səbahəddin Şimşir Balıkəsir Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölümündə çalışır. Türkiyədə Azərbaycan mühacirətinin araşdırıcılarındandır. Onunla ilk müsahibəmiz bu ilin yanvarında—Məhəmməd Əmin Rəsulzadənin 127-ci doğum günü ərəfəsində baş tutdu. Söhbətin sonunda mayın sonlarında Bakıya gələcəyini bildirən Səbahəddin bəylə təkrar görüşmək barədə razılaşdıq və mayın 26-da Səbahəddin Şimşir AzadlıqRadiosunun «İz» proqramının qonağı oldu.

-- Səbahəddin bəy, xoş gördük! Sizi həm Bakıda, həm də AzadlıqRadiosunun Bakı Bürosunda görmək çox xoşdur. Təşəkkür edirəm gəldiyiniz üçün. Necəsiniz, Bakıda günləriniz necə keçir?

--Yahşiyiz...(Gülüşmə). Bakı da bizim yaşadığımız şəhərlə, bu aylar xaric, çox bənzərdir.

BİR TƏK DƏNİZİMİZ YOXDUR

--Hansı şəhəri deyirsiniz?

-- Balıkəsir şəhərini. Ankarayla İstanbulun arasındadır. Bir tək dənizimiz yoxdur. Ondan başqa istisi də, soyuğu da, küləyi də eynidir. Amma bu il Balıkəsirdə yaz gəlməyib. Hələ isti yoxdur, yağmur çoxdur. Ondan dolayı sıxıntımız var. Bakıda isə artıq yaydır.

-- Düzdür, qonaqdan soruşmazlar ki, niyə gəlmisən? Amma yenə də, Bakıya budəfəki səfərinizin məqsədi nədir?

--Azərbaycan Tarix Qurumunun «Türk dünyasının dünəni və bu günü» mövzusunda konfransı keçirildi. 140-a yaxın çıxış oldu. Türkiyədən, Belarusdan, Gürcüstandan, Qafqazlardan gələnlər vardı. Onlar türk tarixinin müxtəlif dönəmləri barədə məruzələr etdilər. İki gün qayət gözəl danışıqlar oldu. Bunlar kitab halında çıxsa, daha yaxşı olacaq. Sabah isə (mayın 27-də) Xəzər Universitetinin «Dünya ədəbiyyat və mədəniyyətində Azərbaycan» mövzusunda konfransı olacaq. Orada da çıxış edəcəyəm. Azərbaycanın fərqli dönəmləri danışılacaq, müzakirə ediləcək. Gəlişimizin məqsədi bu iki konfransa qatılmaq idi.

ƏN BÖYÜK GÜN, ƏN BÖYÜK BAYRAM!

-- Amma Azərbaycan 93-cü İstiqlal Günü ərəfəsindədir. Siz də Cümhuriyyətimizin araşdırıcısınız...

-- Elədir. Böyük gün ərəfəsindəyik. Azərbaycanda bu bayramı ürəyində hiss etməyən adam olmasın gərək! Çünki Azərbaycanlıların ən böyük günü, ən böyük bayramıdır! İnşallah, dünya durduqca, bu tarix Azərbaycan türklərinin ən böyük günü olaraq həp qalacaq!

--Bəs bu günlə bağlı heç bir tədbirə dəvət almadınız?

-- Bu günlə bağlı bizi dəvət edən elə AzadlıqRadiosu oldu... (Gülüşmə). AzadlıqRadiosunda Bayramı, İstiqlalı, Cümhuriyyəti konuşacağız...

BU GƏNCLİK AZ KİMİ GÖRÜNƏ BİLƏR...

--Elə isə, mətləbə keçək. Səbahəddin bəy, ötən telefon söhbətimizdə araşdırmalarınız barədə kifayət qədər bilgi verdiniz. Müsahibədən sonra sizə xeyli təşəkkür mesajları da gəldi. Onlarla da tanışsınız. Necə bilirsiniz, Azərbaycan gəncləri öz Cümhuriyyətlərinə sahib çıxa bilirlərmi?

--Gənclərin öz Cümhuriyyətlərinə sahib çıxa bilməməsi üçün heç bir səbəb yoxdur. Mən gələn mesajları oxudum və onların içindəki İstiqlal atəşinin söndürülə biləcəyinin mümkün olmadığını duydum.
Səbahəddin Şimşir və Sevda İsmayıllı
Bəlkə küçəyə çıxdığımızda bu gənclik az kimi görünür. Amma dünyanın hər tərəfində savadlı gənclik, oxuyan gənclik azdır və onlar İstiqlalı qorumaq üçün əllərindən gələni yaparlar. Mən Azərbaycan gəncliyini bu istiqamətdə görürəm. Gələcəkdə Azərbaycanın nə iqtisadi, nə siyasi sıxıntıları olacaq. Mən son 12-13 ildir Bakıya ildə bir-iki kəs gələn birisiyəm. Hər gəldiyimdə də Bakının dəyişimə uğradığını, inkişafının sözlərlə ifadə edilə bilməyəcək qədər gözəl olduğunu görürəm. Bu gün iqtisadiyyatın gətirdiyi bir gözəllik, sabah bu ehtiyaclar bitdiyində mədəniyyətə, tarixə, kitaba, ədəbiyyata yönəlik çalışmaların artmasına səbəb olacaqdır. İnsanlar evlərində televizyonlarını qapadıb kitab oxuyacaqlar. Ağsaqqallar nəvələrini başına yığıb onlara tarixi, ədəbiyyatı, sənəti anladacaqlar. Bu düşüncələr olduqdan sonra Azərbaycan Cümhuriyyətinin istiqlalının mühafizə edilməsi məsələsində heç bir tərəddüd olmayacaqdır.

NİYƏ CİDDİ ARAŞDIRMALAR ÖLKƏ XARİCİNDƏ OLUR?

--Səbahəddin bəy, ötən müsahibənizdə söylədiyiniz bir fikir birmənalı qarşılanmamışdı. Demişdiniz ki, «mən indi Azərbaycanda Əmin bəyin yetərincə anıldığı qənaətində deyiləm. Bu da normaldır. Çünki yeni bir dövlətdən, yeni bir sistemdən söhbət gedir...».

--Dinləyicilərin, oxucuların xoşuna gəlməyən həqiqətlər hər dövrdə olur. Söz düşmüşkən, Türkiyədə də alimlərimizin bir qismi İstanbulun fəthinin 1453-cü il olmadığını, Ulubatlı Hasanın İstanbul surlarına Osmanlı bayrağını sancmadığını söylərlər, yazarlar. Amma bu, tarixi həqiqəti dəyişdirməz. Mənim orada Rəsulzadənin Azərbaycanda yetərincə anılmadığını ifadə etməmə səbəb nə idi? Dünyanın bir çox ölkəsində dövlətə xidmət edənlər adına muzeylər olur, arxivlər olur, kitabxanalar olur, küçələr olur. Bunlar xalqa tarixi-psixoloji dəstəkdir. Bununla yanaşı, ziyalıların ortaya qoyduğu fəaliyyətlər də var. Son 3-4 ildə Azərbaycanda Rəsulzadə araşdırmalarında gəlişmə var. Amma bu gəlişmələrə baxdığınız zaman görürük ki, araşdırmaların ciddi olanı ölkə dışında olur. Məsələn, Moskvada çıxan iki-üç kitab var. Mən bu gün kitab dükanlarında gördüm, məsələn, Rəsulzadənin «Prometey» hərəkatındakı çıxışları, yazıları və məktubları çap olunub («İz istorii Azerbaydjanskoy emiqratsii», tərtibçi və önsöz-- S.M.İsxakov, Moskva, 2011--S.İ.).

AZƏRBAYCAN RƏSULZADƏNİ YETƏRİNCƏ ANLAYA BİLİRMİ?

-- Hətta Polşada da çıxıb. Vilayət Quliyevin tərtib etdiyi «İz naslediya politiçeskoy emiqratsii Azerbaydjana v Polşe» kitabını deyirəm.

--Amma bunların olması gərəkən yer Azərbaycandır! Hətta Azərbaycanın rəsmi məqamlarının mətbəəsində çap olunması daha yaxşı olardı. Amma bu olmayanda, biz düşünürüz ki, əcəba, Azərbaycan Rəsulzadəni hələ yetərincə anlaya bilirmi? Bu sorunu öz-özümüzə sorduğumuzda, anlayamadığı qənaətinə gəlirik...Adi gənclər—Rəsulzadə sevdalıları internetdən bilgi alır. Amma onların aldığı bilgilər elm adamlarının sayını artırmırsa, demək, bu yetərli deyildir. Bir dəfə Bakıya gəlişimdə qəhvəxanada bir şairlə rastlaşdım. Çox gözəl şeirlər oxuyurdu. Soruşdum ki, Sizin şeir kitabınız varmı? Dedi, yox, şeir kitaba gələndə ölür. Şeirlərimi xalq söyləsə, yaşar... Bu, küçədəki adam üçün normaldır. Amma elm adamları bildiklərini, araşdırdıqlarını çap etdirməlidir. Bu nöqtədən baxanda, Azərbaycandakı Rəsulzadə çalışmaları yetərli deyildir. Azərbaycan universitetlərinin tarix bölmələrində Rəsulzadə dövrü tələbələrə neçə dərsdə öyrədilir? Tələbələr bu dövrün xarici, daxili, maliyyə, mədəni siyasətini və digər məsələləri nə qədər bilirlər? Bu siyasətin fəlsəfəsini bilmək lazımdır! Bu çalışmaları elm adamlarının yapması lazımdır! Bu yoxdur, ya da azdır... Bir sıxıntı da kitabların 200-300 ədəd çap olunmasıdır. Məncə, Rəsulzadə kitablarının sayının bir əlin barmaqlarından çox olması gərəkdir. Amma çox deyildir. İnşallah, olacaq!

BİZİM BİR ÜSTÜNLÜYÜMÜZ SEÇKİDƏDİR...

--Səbahəddin bəy, Türkiyədə bu sahədə vəziyyət necədir?

-- Siz 10 il öncə bizə bənzəməyə çalışırdınız. Biz bu gün sizə bənzəyiriz... Son üç-dörd ildə Türkiyədə dövlətin fəlsəfəsi dartışılır. Anayasamızın bəzi maddələri dartışılır. Bəlkə 12 iyun seçkilərindən sonra Anayasanın bir qismi də dəyişəcəkdir. 70-80 ildir dövlət olmağımıza baxmayaraq, bizdə də sıxıntılar bitməmişdir. Dünyaya inteqrasiya sahəsində baxdıqda əskikliklər böyükdür.
Səbahəddin Şimşir
Hədəfimiz dünya dövləti olmaq, modern dünyanın qaydalarını öz içimizdə uyğulaya bilməkdir. Bunun üçün radikal qərarlar gərəkdir. Bəs radikal qərarları nə qədər yapa bilirik? Bizim bir üstünlüyümüz demokratiyanın kurallarından birinin seçkidə yaxşı işləməsidir. İnsanımız sandığa gedib hürr iradəsi ilə öz səsini verir və ordan çıxan qərara uyulur. Amma qanunların dəyişməsi, Anayasanın dəyişməsi, mədəni dünya ilə uyum halında yaşamaq—bütün bunları yapmaq üçün, məsələn, bir partiyanın iqtidara gəlməsi yetərli deyildir. Qanunun yazdığı sayda deputat olması gərəkdir. O yoxsa, xalqı referenduma götürəcək bir saya ulaşmaq gərəkdir. Bunlar dartışılırsa, demək, sıxıntılar bizdə də var. Və bu gün Türkiyədə Atatürk də dartışılır...Odur ki, mən Azərbaycanda Rəsulzadə və 1918-20-ci illər Cümhuriyyəti məsələsində çox böyük problem olduğu qənaətində deyiləm. Problem alimlərin araşdırmalarındakı azlıqdır.

HARADA 28 MAYIS VAR, MƏN ORADAYAM...

-- Bir neçə aydır xəbərimiz yoxdur, bəs sizin araşdırmalarınızda hansı gəlişmələr var?

--Hazırda mən Rəsulzadə və məsləkdaşlarının 1922-ci ildən 1955-ci ilə kimi çıxardığı qəzet və jurnallardakı yazıları bir-bir təsnif edib toplamağa çalışıram. Bunlardan bəziləri ərəb əlifbasındadır. Latın əlifbası ilə türkcə olanlar da var. Polyak, fransız, alman dillərində olanlar da var. Ancaq Azərbaycan mühacirəti ilə məşğul olduğumdan, bu günə qədər qonşu türk topluluqlarının qəzetlərinə, dərgilərinə xüsusi diqqət yetirmədim. Məsələn, tatarların bir «Jana milli yur» dərgisi vardı. 30-cu illərin başlanğıcından axırına kimi—10 il çıxıb. Orada, bəlkə də, Rəsulzadənin öz adı ilə yazısı yoxdur. Amma Mirzə Bala Məmmədzadənin, Məhəmməd Sadiq Aranın yazıları vardır. Bunların içində də 28 Mayıs vardır. Və ya Quzey Kafkasiyanın «Kafkas» dərgisi, ya da türküstanlıların «Türküstan» dərgisi. Bu yazıların da toplanması lazımdır. İndi mənim ağlımdan bir şey də keçir. O dönəmlərin türk topluluqlarının mətbuatında 28 Mayıs nədir? Doğu türküstanlılar bu məsələyə necə baxıblar? Qazaxlar, özbəklər, qırğızlar necə baxıblar? Tatarlar, başqırdlar və Rusiya içində türk olmayıb da, müsəlman olanlar necə baxıb? Onları araşdırmağa çalışıram. Bir də, 1921-29 illəri arasında çıxan Ufa müftiliyinin jurnalları mənim əlimdədir. Bu jurnallarda da zaman-zaman «28 Mayıs—Azərbaycanın İstiqlal günündə nə yapıla bilər» –kimi oxucu məktubları var. Bunlardan nələr çıxara bilərik? Allah qoysa, önümüzdəki illərdə bunları sizlərlə paylaşacağız.

--Rəsulzadə ilə bağlı kitabın bu il təkrar basqısı olacağını demişdiniz. Kitab çıxdımı?

--Yox. İndi mətbəədədir. Çox istərdim özümlə Bakıya gətirim, çatmadı. 10 günə çıxacaq və Bakıya növbəti gəlişimdə baqaj haqqımız olan 20 kilonu gətirərik. Bu gəlişimdə də yanımda yüzədək kitab gətirmişdim. Dostlara payladıq.

--Səbahəddin bəyin Cümhuriyyətin Azərbaycandakı araşdırıcıları ilə əlaqəsi varmı? Qonağımız kimlərin adını çəkdi?

--Rəsulzadənin həyatının Türkiyə dönəmi barədə daha nələr danışdı?

--Əmin bəy «Azərbaycan Cümhuriyyəti» əsərini nədən yazdı? Kitabda hansı önəmli mesaj vardı?

--Səbahəddin bəy Rəsulzadənin mühacirətdə buraxdığı dərgiləri necə qiymətləndirdi? Əmin bəy bu dərgilərdə hansı fəlsəfəni verməyə çalışıb və bu kimləri narahat edib?

--Qonağımız Rəsulzadənin fəaliyyətinin birinci Türkiyə dönəminin ən böyük uğurunun nə olduğunu söylədi?

--Bəs Türkiyədən çıxarıldıqdan sonrakı 17 illik fasilədə Rəsulzadənin nəyə izn vermədiyini heyrətlə bildirdi?

--Səbahəddin Şimşir hansı dönəmi insanların zehniyyətinin dəyişdiyi dönəm adlandırdı və bunun indi Azərbaycanın ayaqda qalmasına səbəb olan atəş olduğunu dedi?


«İz» proqramını elə bu səhifədən dinləyə bilərsiniz.
XS
SM
MD
LG