Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:25

İsa Qəmbər: «Son 18 ildə bir qrup şəxs bu ölkəni sanki işğal edib»


İsa Qəmbər
İsa Qəmbər
- İsa bəy, 2011-ci il Azərbaycanın təkrar müstəqilliyə qovuşmasının 20 ili tamam olur. Sizcə 20 ili bir igidin ömrü hesab etmək olar ya yox?

- Bu, hesablayandan asılı olan məsələdir. Burada önəmli olan rəqəm deyil. Önəmli odur ki, istər uzun bir ömrü, istərsə də qısa bir günü doğrudan da ləyaqətli yaşayasan. İnsan üçün də, dövlət üçün də önəmli bu olmalıdır.

- Dövlətin müstəqilliyinin atributları bəllidir. Bəs cəmiyyətin müstəqilliyinin atributları hansılardır?

- Cəmiyyətin müstəqilliyi dedikdə təbii ki, azadlıqlardan söhbət getməlidir. Təəssüf ki, bu gün Azərbaycanda ictimai azadlıqlar, şəxsi azadlıqlar yox dərəcəsindədir. Azadlıqlar çox ciddi şəkildə məhdudlaşdırılır və bunun da məhsuliyyəti Əliyev rejiminin üzərindədir.

- Kimdi bu ölkənin indi faktiki sahibi ?

- Bu ölkənin real sahibi Azərbaycan xalqıdır. Ancaq son 18 ildə bir qrup şəxs bu ölkəni sanki işğal edib. Öz şəxsi mülkiyyəti, şəxsi müəssisəsi kimi istifadə edir. Ancaq mən inanıram ki, bu müvəqqəti bir haldır. Azərbaycan xalqı öz dövlətinə, öz ölkəsinə sahib çıxacaq.

- İsa bəy, bu dediyiniz vəziyyətə görə, kim kimi qınamalıdır? Xalq hakimiyyəti qınamalıdır, xalq müxalifəti qınamalıdır və yaxud sizin öz variantınız...

- Qınamaq problem deyil. Hamı bir birini qınaya bilər. Amma ilk növbədə bu kəmfürsət, görməmiş insanları qınamaq lazımdır ki, özlərinin şəxsi rifahları, zənginlikləri üçün bu dövləti işğal ediblər. Və öz şəxsi sərvətləri kimi ondan yararlanırlar. Təbii ki, bütün ictimai qınaq məhz bu şəxslərə-1993-cü ilin iyununda qiyam nəticəsində hakimiyyətə gələn və bu müddətdə bütün seçkiləri saxtalaşdıran hakimiyyətə yönəlməlidir. Amma eyni zamanda təbii ki, bu vəziyyəti dəyişmək bizim xalqımızın, cəmiyyətimizin,bizim hər birimizin vəzifəsidir. Biz bu vəziyyəti dəyişmək uğrunda mübarizə aparmalıyıq. Sadəcə bir birimizi qınamaqla məsələ həll olunmayacaq...

- Əvvəl soruşduğum məsələyə, indi bir qədər fərqli yanaşmaq istəyirəm. Sizcə 20 il əvvəl müstəqillik aktına atılan imzanın mürəkkəbini indi qurumuş hesab etmək olar ya yox?

- Öz zamanında Məhəmməd Hadi deyirdi ki, “Yox millətimin imzası imzalar içində”. Önəmli olan odur ki, hazırda millətimizin imzası var imzalar içində. Və bu umza daimi, əbədi olacaq. Nə bu ölkəni işğal etmiş hakim ailənin, nə də bu ölkənin önəmli bir hissəsini işğal etmiş nankor qonşularımızın gücü yetər ki, bu dövləti, bu ölkəni xalqımızdan alsınlar. Xalqımız əvvəl axır bu torpağa, bu vətənə sahib çıxacaq, bu məmləkətdə azadlığı, ədaləti, firavanlığı bərqərar edəcək....
XS
SM
MD
LG