Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:32

«Azərbaycan xalçası» macar dilində çıxdı


«Azərbaycan xalçası» kitabı
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə tanınmış xalçaçı alim Röya Tağıyevanın «Azərbaycan xalçası» kitabı Macarıstanın paytaxtı Budapeştdə nəşr edilib. Səfirliyin mədəniyyət məsələləri üzrə attaşesi Lalə Quliyeva ilə atüstü müsahibəni sizə təqdim edirik.

--Lalə xanım, «Azərbaycan xalçası» kitabının macar dilində nəşri hansı istəkdən doğdu?

--Biz çoxdan hiss edirdik ki, macarlar arasında Azərbaycan xalçasına böyük maraq var. Müxtəlif tədbirlərdə heyranlıqla baxırdılar, bizə yaxınlaşıb soruşurdular. Ona görə də, belə bir kitab hazırlamağa qərar verdik.

-- Kitab Macarıstanın hansı nəşriyyatında işıq üzü gördü?

-- Kitab «Korvina» nəşriyyatında çıxdı. Bu, Macarıstanın məşhur nəşriyyatlarından biridir. Özünəməxsus kitab mağazaları şəbəkəsi də var. 1795-ci ildən fəaliyyət göstərir. Müxtəlif nəşrlər üzrə ixtisaslaşıb. Mədəniyyətlə bağlı nəşrlərə xüsusi diqqət yetirir. Xalçalar barədə kitablar buraxıb, mebellə, mətbəxlə bağlı nəşrlər olub. Nəşriyyat əsasən sənətşünaslıqla bağlı əsərlərin, dünya rəssamlarının albomlarının, təsviri sənət nümunələrinin və s. çapı üzrə ixtisaslaşıb.

-- «Azərbaycan xalçası»nı macar dilinə kim tərcümə etdi?

-- Andraş Şoprone adlı peşəkar tərcüməçi çevirdi. Onun bu sahədə kifayət qədər təcrübəsi vardı.

--Eşitdik ki, kitab Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin yazdığı ön sözlə açılır?

--Elədir. Önsöz «Ayrılmaz yol yoldaşımız --Azərbaycan xalçası» adlanır. Əsasən Azərbaycan xalçasının xalqın maddi-mədəni həyatında, məişətində oynadığı rol barədə danışılıb, həmçinin kitabın müəllifi Röya Tağıyeva haqqında məlumat verilib.

--Kitab nə qədər tirajla çıxıb?

«Macarlar bizə yaxınlaşıb xalçalarla bağlı suallar verirdilər»
--Hələlik 1000 tirajla çıxıb. Kitaba böyük tələbat olsa, nəşri davam etdiriləcək.

--Kitab satışa çıxarılacaq?

--Bəli. Nəşriyyat tərəfindən satışa da çıxarılacaq. Üstəlik, səfirlik hədiyyə kimi paylayacaq. Çünki gözəl kitab alınıb. Hədiyyə kimi əvəzsizdir. Rənglidir, 100-dən çox şəkil var. Həm də çapı keyfiyyətlidir. Mən düşünürəm ki, kitab macarlar üçün çox maraqlı olacaq. Çünki əvvəlcə dediyim kimi, onları maraqlandıran mövzudur. Apreldə burada böyük kitab festivalı keçirildi. Səfirliyimiz orada Azərbaycan kitablarından ibarət stend qurmuşdu. Stenddə xalçalarımızla bağlı Azərbaycan, rus və ingilis dillərində kitablar qoyulmuşdu. Gördük ki, stendə yaxınlaşanların çoxu həmin kitablara diqqət yetirir. Soruşurdular ki, xalçalarınızla bağlı macarca kitab varmı? Onu haradan ala bilərik? Hətta biz Macarıstanın başqa şəhərlərində olanda belə, bizə yaxınlaşıb xalçalarla bağlı suallar verirdilər, belə bir kitabın olub-olmamasıyla maraqlanırdılar. Bu istəyi hiss etdiyimizdən, belə bir kitab çap etməyə qərar verdik. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevaya müraciət etdik. O, da sağ olsun, sorğumuzu qısa zamanda cavablandırdı. Kitabı hazırlayıb bizə göndərdi. Onu da deyim ki, nəşriyyat özü də təşəbbüs göstərdi. Dediyim kimi, bu elə bir nəşriyyatdır ki, hər mövzunu deyil, onu maraqlandıran mövzunu üzərinə götürür.

--Budapeştdə kitabın təqdimatı olub?

--Xeyr. Kitab bir neçə gündür çıxıb. Təqdimatını payız aylarına planlaşdırırıq. Çünki yayda macarlar tətildə olur. Hər hansı genişmiqyaslı tədbirin keçirilməsi məqsədəuyğun deyil. İnşallah, təqdimat payızda baş tutacaq.
XS
SM
MD
LG