Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:15

Elnarə Tofiqqızı. Oxunduğu anda da unudulan "Quqark"...


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Seymur Baycanın "Quqark" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı


BƏDBİN YAZIÇININ AVTOBİOQRAFİK QEYDLƏRİ

«Əgər mənim doğulduğum bölgədə məktəbləri, fermaları, zavodları, xəstəxanaları, evləri, kitabxanaları ermənilərin atdığı top-tank mərmiləri dağıtmışdısa, burada – ermənilərin yaşadığı kənd, qəsəbə və rayonlarda həyatla zamanın özü məşğul olmuşdu» («Quraqk», Bakı-2011, s., 18).

Bu cümlə Seymur Baycanın «Quqark» romanında demək istədiklərini kifayət qədər dolğun surətdə özündə əks etdirir.

Xarici donor təşkilatların maliyyə dəstəyi ilə keçirilən konfransda iştirak məqsədilə Ermənistanın «Quqark» istirahət mərkəzinə səfər edən müəllifin həm müşahidələri, həm də aldığı təəssüratlar içərisində «ermənilərin top-tank mərmilərinin dağıtdığı» doğma bölgəni xatırlaması müharibənin qarşılıqlı yaralarını aydın göstərir.

Bu baxımdan roman son illər müharibə mövzusunda yazılan əsərlər içərisində «ən səmimisi» olaraq adlandırıla bilər. Amma bu əsəri bütövlükdə müharibəyə həsr olunmuş roman adlandırmaqda ciddi səhv etmiş olarıq.

Güclü müşahidənin alınmayan nəticəsi

Romanda ən çox diqqəti çəkən xatirələrdə yaşayan yurdun və insanların təsvirləridir. Müəllif Quqark düşərgəsində dostlaşdığı düşmənlərin səs-küyündən qaçıb özünü meşənin içərisinə, çəmənliyə salır və ayrı-ayrı küçələri, fərqli insanları, bazarı, dələduzu, xarakterik obrazları olan dağıdılmış doğma şəhərini xatırlayır.

Müqayisə üçün uğurlu məkan seçilib və müəllifin səmimiyyətinə oxucu bir dəfə də şübhə etmir. Bu xatirələrin içərisində elə obrazlar var ki, cəmi bir neçə cizgi ilə bütöv xarakteri açılır.

Məsələn, söyüşlə danışan, yaslarda mollaları dolayan, məclislərdə əhalini əyləndirən və camaatın yardımı ilə yaşayan, bir dəfə də olsun rayondan kənara çıxmayan, heç əsgərliyə də getməyən «əsl klassik»in hamı ev-eşiyini tərk edəndə rayondan çıxmaması və «Körpüdən o tərəfdə bir əclaf da məni tanımır, mən hara gedim?» fikri işğalın dəhşətini psixoloji olaraq yaşama fürsəti verir; və yaxud, müəllifin rayon xəstəxanasında tanış olduğu əsgərin Bakının qaranlıq küçəsində onu soyması, tramvay işığında bir-birini tanımaları və bu tanımanın hər iki tərəfə verdiyi əzabda müharibənin sarsıntısı cəmləşib və s.

Ancaq bu və keçmiş tibb işçisi olan ananı övladının əziz xatirələrini satan alverçiyə çevirən müharibə təsvirləri əsərin roman olmasına yardım edə bilmir. Çünki əvvəla, «Quqark» az qala böyük bir reportajı xatırladır.

Müəllif tələsmədən bütün səfər təəssüratlarını qələmə alır və ən çox diqqəti cəlb edən də yeməklə bağlı təsvirlərdir.

Bəlkə də «aclıq» kompleksinin müəllifin uşaqlıq illərində çörək növbələrinə durması (çörəyin vaxtında gəlib çıxmaması səbəbindən ailənin acsız qoyması da müəllifin xatirələrindən yer alır) ilə izaha cəhd etmək olardı. Amma müəllif digər detallı təsvirləri ilə buna imkan vermir və yeməklə bağlı təfərrüatların sadəcə «Gündəlik» həvəsindən yarandığı təəssüratı güclənir.

İkinci, müəllifin azadlıq hərəkatı ilə bağlı təsvirlərində bu hərəkata qoşulan uşaqların əyləncə axtarışlarını verməsi normal xatirələrdir.

Heç bir yeniyetmənin təfəkkürü bundan artığını anlamağa kifayət etməz və doğrusu, müəllif daha müdrik görünməyə cəhd etdiyi anda qeyri-səmimi və pafoslu təsir bağışlayardı.


Ancaq təsvirlərdən ayrılaraq publisistik qələmlə bu gündən və indiki müşahidə qabiliyyəti ilə həmin dövrü qiymətləndirmə istəyində subyektivlik həddindən artıq qabarıq şəkildə özünü göstərir və müəllifin hərəkat haqqında yanlış təsəvvürlərini üzə çıxarır. Əlbəttə, romanın tarix dərsliyi deyil, bədii əsər olması səbəbindən subyektivliyi müəllifə güzəştə getmək mümkündür.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Seymur Baycanın peşəkarlığı oxucuda səmimi iz buraxır və bu səmimiyyət nəticə etibarilə təhrifə xidmət etməməlidir.

Bəzi tarixi həqiqətlər var ki, onların üstündən 20 ilə yaxın bir dövr adlayandan sonra müəllifin məhz bu gündən həmin dövrə nəzər salmaq istəyi və o eyforiyanı işıqlandırmağa cəhdi fərqli mənzərə yaradır və bu təsvirlərdə də uşaqlıq baxışlarından ayrılmaması və böyük bir dövrə primitiv yanaşması diqqət çəkməyə bilməz.

Ən azı həmin illərdə Azərbaycan xalqının «İlin xalqı» elan olunması «hansısa yapon jurnalının» təşəbbüsü olmayıb və bu faktı eşitdiyi xatirələrin üstünə yıxmaqla dəyərləndirmək hətta bədii əsərdə də qəbul olunmur.

Maraqlıdır ki, müəllif bu publisistik dəyərləndirmələrində yanıldığını istisna etmir, hətta eyforiya dövrünü yazmağın «mümkün olmamasını» gətirdiyi sitatlarla əsaslandırır, (s., 85), amma buna baxmayaraq, qiymətləndirmədən çəkinmir.
Üçüncü, xatirələr heç bir ölçü tanımır, onların bir çoxunu nəinki mövzu, heç coğrafi məkan da birləşdirmir və bu fakt da əsəri müharibə gerçəkliklərini ifadə edən roman olmaqdan çıxarır.

Müəllifin Quqarka səfər etməsi və orada həm də doğulduğu bölgənin müharibə öncəsi xatirələrini yada salması, qonşusu, Bakı ermənisi və s. rastlaşması hələ əsərin müharibə haqqında yazılmış olduğunu təsdiqləmir.

O ayrı məsələdir ki, müəllifin, istəyib-istəməməsindən asılı olmayaraq, uşaqlıq xatirələri Qarabağ müharibəsinin başlanması dövrünə təsadüf edir və müharibə onun uşaqlığını oğurlayan bir faktdır. Ancaq bu «oğurluq» heç bir halda müəllifin psixoloji yaşamında özünü göstərmir.

Dördüncü, təzadlı mülahizələr vaxtaşırı təkrarlanır. Məsələn, əsərdə müəllif kifayət qədər tərəfsiz görünməyə çalışıb və əksərən hadisələrin fövqündə durmağa nail olub. Nəzərə alsaq ki, yazıçının yurdunu erməni mərmiləri dağıdıb, onda müəllifin bu istəyini reallaşdırmaq üçün az əziyyət çəkmədiyini qəbul etməliyik.

Ancaq maraqlıdır ki, xalqlar dostluğu ilə bağlı tədbir keçirənlərin özlərinin belə heç vaxt Azərbaycan və erməni xalqlarının barışığının olmayacağına inandıqları romanda dəfələrlə vurğulanır və belə tədbirlər «mənasız» kimi xarakterizə olunur.

Əgər düşmən ölkənin «ortabab yazıçısı» belə tədbirlərdə «yalnız qonorar almaq və darıxmaqdan qurtulmaq üçün» iştirak edirsə, ermənilər də «qonorar» naminə bu cür konfranslar keçirirlərsə və müharibə vəziyyətində olan ölkənin tanınmış isimləri arasında «ümumi şəxsi qazanc» naminə dostluq səviyyəsində münasibət qurulursa,
Seymur Baycan
Seymur Baycan
hətta övladlarının öldüyü-qaldığı bilinməyən, azərbaycanlılara nifrət edən «qara paltarlı analar»la eyni masada oturulursa, onda niyə «şəxsi gəlirlərin» düşmənçilik münasibətlərini ortadan qaldırmayacağı hökm olaraq irəli sürülür?

Görünür, «kolxoz bazarı»ndakı səliqəli görünən rus zabitinin (hərbi elitanın) xanımı və s. epizodlarda reallığın daha amansız təsviri ilə tərəfsizlik sərhədlərini aşan müəllifin, əslində, milli kompleksdən o qədər də uzaqlaşa bilmədiyini iddia etməliyik. Bura erməni qızının azərbaycanlı yazara özünü qurban vermək dərəcəsində sevgisi də əlavə etsək, dediklərimiz bir daha təsdiqlənər.

Başladığı anda bitən roman

Erməni qızı Anuşun (o, hətta Aynur adını götürməyə də cəhd edir) fədakarlığını əks etdirən məktubları da oxşar süjetlərdən çox fərqlənir. Əslində, həcminə baxmayaraq, roman bu məktublarda başlayır və maraqlıdır ki, bu məhəbbət romanını nə aradakı düşmənçilik bitirir, nə də «heç vaxt xalqların barışığı olmayacaq» qənaəti.

Anuş-Seymur münasibətlərini anoloji süjetlərdən fərqləndirən fakt təkcə bu deyil. Bu sevgi oxucuda bədii təxəyyül təəssüratı doğurmur, bütün əsər boyu yaradılan səmimiyyət təsəvvürünü daha da genişləndirir və müəllif növbəti dəfə özünü hədəfə çıxarır: o, qorxaqdır, həyatın məhv etdiyi insandır, bir qarın pulsuz yemək üçün yaşayan və əslində, «əsl rayon klassiki» deyə təsvir etdiyi şəxsdən fərqlənməyən ümidsiz yazıçıdır.

Əsərin bu cür finalı romana tam ayrı baxışı zəruriləşdirir.

Uğursuz tale qeydləri

Müəllifin qələmə aldığı xatirələri birləşdirən yalnız bir məqam var: özü!

«Quqark»da Seymur Baycan öz adıyla iştirak edir, təhsili, səfərləri ilə bağlı müxtəlif xatirələrini bölüşür, vərdişlərini, iş yerini olduğu kimi yazır, bir sözlə, heç nəyi artırıb-əksiltmədən bütün düşüncələrini və yaşantılarını təqdim edir.

Romanda müəllifin güclü müşahidəsinin bəhrəsi olan bəlkə də yüzlərlə hekayənin və onlarla povestin mövzusu yatır. S.Baycan heç nəyə əhəmiyyət vermir, bir-birindən maraqlı novellaların, hekayələrin üstündən xətt çəkib ədəbiyyat naminə göstərə biləcəyi ciddi xidmətlərdən özünü məhrum edir.

Əsərdə hansısa obrazların adının əvvəlcə baş hərfləri ilə verilməsi xüsusi ədəbi yanaşma təəssüratı yaratsa da, sonradan bəlli olur ki, (bəzi adlar açılır) bu yalnız real obrazların adını çəkməməkdən irəli gələn adi vasitədir. Seymur Baycan heç nəyə baxmadan bu romanda bütün müşahidələrini sanki bundan sonra bir daha yazmayacağını hesablayaraq qələmə alıb.

Romana da məhz bu baxımdan yanaşılması daha doğru olar, nəinki müharibədən bəhs edən əsər kimi.

Bu romanda bir tale var: cəmiyyətdə özünə yer edə bilməyən, zamandan geri qalan, həyat qayğılarandan qaçıb ədəbiyyatda sığınacaq axtaran və burada da «uğursuz tale» yaşadığını düşünən insan!

Müəllifin «dəhşətli darıxmağında» Kafka darıxmağı, intihardan yazı ilə xilas olmasında «ədəbiyyata sığınan Markes qorxaqlığı» var. Əslində, «Quqark» - roman kimi təqdim olunsa da, Seymur Baycanın tənhalıq, bədbinlik, uğursuzluq gündəliyidir. Səmimi etiraflar, ayrı-ayrı uğursuzluqların qələmə alınması yazıçını narahat edən və onu yaşamağa qoymayan xatirələrdən birdəfəlik qurtarmaq istəyi kimi diqqət çəkir.

Ancaq təəssüf ki, «Gündəlik» mövzusu olan bu ayrı-ayrı hisslərin, xatirələrin, düşüncələrin, müşahidələrin ədəbiyyata çevrilməsi üçün müəllifin cəhdləri hiss olunmur – necə ki, yaşamaq, həyatını dəyişmək istəyi yoxdur. İddiasızlıq müdrikliyin ilk şərti sayılsa da, yazı prosesində müəllifin iddiasızlığı yalnız uğursuzluq vəd edir. Ona görə də «Quqark» bütün güclü müşahidələrə və yazıçı duyumuna baxmayaraq, oxunduğu anda da yaddan çıxır və unudulur. Müəllif kədəri, dərdi də qətiyyən oxucunu sarmır, çünki bu kədər və dərd yaşanmır; əksinə, bu «dəhşətli darıxmaqdan» qaçmaq üçün təhkiyəçinin bütün çabaları görünür.

Dil və üslub

Seymur Baycanın məxsusi dil və üslub xüsusiyyəti olmasa da, o, dilin lüğət tərkibindən minimal istifadə və peşəkar sadəliklə özünü ifadə edir.

Vaxtaşırı olaraq xatırladılan və ilk baxışda təkrar kimi görünən söz, ifadə və fikirlər isə dünya ədəbiyyatında geniş istifadə edilən üslubdur ki, bu vasitədən Seymur Baycan da yararlanıb. Müəyyən nöqsanları isə (məsələn, s., 173) diqqətsizlik və redaktə xətası kimi qiymətləndirmək olar.

Xarakterik problem yalnız müəllifin təqlidçilikdən hələ də xilas olmamasıdır. Sitatlar, gətirilən nümunələr yazıçının əsasən ilk yazılarında özünü göstərə bilər və əsərdə fikrini əsaslandırmaq (və ya əks mülahizə söyləmək) naminə ədəbi simalardan saysız-hesabsız misallar gətirməsi 4 kitab müəllifi üçün keçilmiş mərhələ olmalıdır.
XS
SM
MD
LG