Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:57

Islamçılar yenidən Salman Rüşdiyə qarşı hərəkətə keçdilər


Salman Rüşdi
Salman Rüşdi
İranın keçmiş ali dini lideri Xomeyninin 22 il qabaq onun ölümünə verdiyi fitva getdikcə unudulurdu.

Amma radikal islamçılar hind əsilli Britaniya yazıçısı Salman Rüşdiyə yenidən xəbərdarlıq ediblər.

Yazıçı bu ayın axırında Hindistandakı Jaipur Ədəbiyyat Festivalına dəvət alıb.

Hindistandakı müsəlman təşkilatları buna etiraz edərək hökumətdən S.Rüşdiyə viza verilməməsini tələb ediblər.

Hindistanın şimalında – Uttar Pradeş ştatında yerləşən “Darül-ülum” Seminariyası müsəlman dünyasında ən böyük və nüfuzlu dini ocaqlardan sayılır, onun fitvaları milyonlarla müsəlmanın həyatında mühüm rol oynayır.

Seminariyanın rektor müavini Mövlanə Əbül Qasim Nomani deyib ki, “dünya böyu on milyonlarla müsəlman hələ də Salman Rüşdinin İslamı təhqir edən “Şeytan ayələri” əsərinin ağrılarını hiss etməkdədir. Müsəlmanlar onu heç bir halda bağışlamamalıdırlar!”

Salman Rüşdi isə Twitter-də yazıb ki, “Hindistana getmək üçün ona viza tələb edilmir”.

Hindistan qəzetlərinə əsasən, Rüşdinin PİO (Person of Indian Origin), yəni Hind Əsilli Şəxs kartı var və belə şəxslər istədikləri vaxt Hindistana vizasız səfər edə bilərlər.

Nomaninin dediklərini seminariyanın yerləşdiyi Uttar Pradesh ştatının siyasi partiya liderləri də dəstəkləyiblər.

Ştatda tezliklə seçkilər keçirilməlidir və ölkənin əsas partiyaları buradakı çoxlu sayda müsəlman seçicinin simpatiyasını qazanmağa açlışırlar.

Uttar Pradesh Hindistanın əhalisi ən sıx olan ştatıdır. Burada 200 milyon (!) insan yaşayır. Bunun təxminən 18,5 faizi müsəlmandır.

Darül-Ülum
Darül-Ülum
Müsəlman seçicilərin səsi ştatdakı seçkilərdə həlledici ola bilər.

Hakimiyyətdəki Konqres Partiyası onların səsini qazanmaq üçün hətta dövlət işləri və universitetlərdə müsəlmanlar üçün kvota yaradılacağını da vəd edib.

Samajwadi – regional partiyadır, Uttar Pradeşdə fəaliyyət göstərir, gücünə görə ştatda ikincidir. Onun baş katibi deyib ki, “icmalar arasında gərginlik yaradan” yazıçının səfərinə “Hindistan müsəlmanlarının təhqir edilməməsi üçün” yol verilməməlidir.

Hakimiyyətdəki Konqres Partiyasından sonra Hindistanda ikinci böyük siyasi qurum sayılan, hazırda müxalifətdə olan Bharatiya Janata Partiyası isə bildirib ki, Salman Rüşdinin Uttar Pradesh-dəki seçki kampaniyası dövründə Hindistana gəlməsi “məqsədəuyğun deyil”.

Dövlət rəsmiləri hələ ki məsələyə münasibət bildirməyiblər.

Jaipur Ədəbiyyat Festivalının həmdirektoru William Dalrymple isə deyib ki, Salman Rüşdinin əsərləri “multikulturalizm, plüralizm və dinc yanaşı yaşama kimi dəyərlərə” böyük töhvələr edib:

“O, Hindistanın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir və hər bir ölkə vətəndaşı, o cümlədən müsəlmanlar onunla fəxr etməlidir”.

Jaipur Ədəbiyyat Festivalının təşkilatçıları deyirlər ki, Salman Rüşdi 2007-ci ildə də festivala qatılmışdı, amma heç bir insidentsiz...

Salman Rüşdi müasir ingilisdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən sayılır.

O, 1981-ci ildə “Gecəyarı uşaqları” əsərinə görə ingilisdilli ölkələrin ən ali ədəbiyyat mükafatı olan “Man Booker”ə layiq görülüb.

oxuzali.az
XS
SM
MD
LG