Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:23

Aqil Abbas: “Kafka kimi insanları boğub öldürməliyik?!”


Aqil Abbasla parlamentin foyesində söhbətləşdik.
Aqil Abbasla parlamentin foyesində söhbətləşdik.
Bəli, Ağdam Nyu-Yorkdan da, Parisdən də varlı şəhər olub!..

Hansısa oxucu həmin yazıya şərh yazıb ki, "romandan xəbərim yoxdur, amma ürəyimdən tikan çıxardı, sevindim ki, Aqil Abbası tənqid edibsiniz". Oxumadığın əsər haqqında yazılan yazı sənin ürəyindən hansı tikanı çıxara bilər, bala?!..

Dörd dişimi öz əlimlə qırmışam səngərdə. Sevdiyim qəhrəman bir uşağın meyitini gətiriblər, dişimi-dişimə sıxmışam, qırılıb-tökülüblər. Sən bunu yaşamayıbsan, axı!..



Cavid Zeynallının "Şənbə qonağı" yazıçı, millət vəkili Aqil Abbasdır.

- Aqil bəy, yazarları Qarabağ mövzusunda az yazmaqda qınayırlar. Yaxud deyirlər, bu mövzudakı əsərlərin bədii keyfiyyəti zəifdir, yalançı vətənpərvərlik var. İstəyirəm, sizdən soruşum: Bu mövzudakı əsərlərin ümumi mənzərəsi necədir?

- Əvvəla, əsərlər yazılır. Demirəm, hamısı şedevrdi. Sadəcə, onu bilirəm ki, adamlar oxumurlar və oxumadıqları əsərlər haqqında rəy bildirirlər. Məsələn, elə sizin “Oxu zalı”nda “Dolu” romanım haqqında bir tənqidi yazı vardı.

Hansısa oxucu həmin yazıya şərh yazıb ki, "romandan xəbərim yoxdur, amma ürəyimdən tikan çıxardı, sevindim ki, Aqil Abbası tənqid edibsiniz". Oxumadığın əsər haqqında yazılan yazı sənin ürəyindən hansı tikanı çıxara bilər, bala?! Sən kimsən, nəçisən?! Oxu, sonra de ki, mənasızdı, Aqil Abbas yaza bilmir! Əlli dənə belə fakt sayaram!

Seymur Baycan oxumadan yazır ki, Hüseynbala Mirələmovun əsərləri "bezdarnı"dır. Nə tamaşasına baxıb, nə də oxuyub! İndi mən sizdən soruşuram: yazılan əsərlərdə patriotizm hardadır? “Biz qayıdacağıq”, “Yalan” filmlərində yalançı vətənpərvərlik hardadır, siz mənə izah edin? Əsər adama nikbin ruh aşılamalıdır, vəssalam! Kafka kimi insanları boğub öldürməliyik?!

O boyda Dostoyevski bütün faciələrin içində işıq axtarır. Bəlkə, belə deyil?! Mən sizinlə razıyam. Qarabağ mövzusunda yazılan əsərlərin səksən faizini müharibədən xəbəri olmayan adamlar yazır.

O həyatı yaşamadan qonşudan, əmidən, dayıdan eşitdikləri nağılları yazırlar. Nəticədə qurunun oduna yaş da yanır. Yaxşı bir mətn ortalığa çıxanda da, bunu görmürlər.

- 25-26 yaşında olan yazarları qınayırlar ki, niyə Qarabağ haqqında yazmırsan? Bu haqda nə fikirləşirsiniz?

- Bu, səhv yanaşmadır. O gün radioda 20 yaşında ağdamlı bir qız deyir, Qarabağ haqqında roman yazmışam. Qızım, sən Ağdamı görməyibsən axı, Qarabağ haqqında necə yaza bilərsən?!

Yəqin, əmisi, dayısı gopa basıb ki, ermənini belə qırdıq, belə qovduq. Adətən, adamlar müharibədəki qəhrəmanlıqlarını danışırlar, axı! Sənin də 25-26 yaşın var, düzdürmü?

- Bəli…

- Sən müharibədən yox, özün yaşda olan Qarabağ qaçqın uşaqlarının faciəsini görürsən, bundan yaza bilərsən. Onların keçirdiyi hissləri, çəkdiyi əzab-əziyyəti, atalarının övlad qarşısında necə sındıqlarını bəlkə məndən yaxşı görürsən, başa düşürsən, bunu yaz!

Sən o faciənin içində olmayıbsan, bu başqa məsələdir. Amma yüz il bundan əvvəl olan müharibələr haqqında yazılır, filmlər çəkilir.

Mən “Batmanqılınc” romanını yazanda Şərq tarixi, müharibə mədəniyyəti, o dövrün geyimləri, döyüş texnikaları haqqında yüzlərlə yazı oxudum, araşdırdım, arxivlərdə işlədim.

- Hansı romana daha çox oxucu, tənqidçi reaksiyası oldu – “Dolu”ya, yoxsa “Batmanqılınc”a?

- “Batmanqılınc” 1995-ci ildə çap olunub. Bu yaxınlarda təkrar nəşr olundu,
təqdimatına 20-25 adam çağırdıq. Günü sabah, bu kitabın piarını qursam, “Dolu” qədər satılar, oxunar. Amma burda zaman məsələsi var. “Batmanqılınc” o vaxt 20 min tirajla nəşr olunandan bir ay sonra, kitab mağazalarından tapmaq olmurdu. İndi ovaxtkı nəşrin özümdə 30 nüsxəsini zorla saxlaya bilmişəm.

O dövrdə oxucu marağı daha çox idi və bu roman böyük səs-küy salmışdı. İnişil “Batmanqılınc” Türkiyədə böyük tirajla nəşr olundu. Məni dəvət elədilər, oxucularla görüşdüm, avtoqraflar verdim. Böyük tirajla satıldı. Tarixi romanlara maraq həmişə olub, indi xüsusən artıb.

“Cavanşir Yusifli romanı bir də oxusun”

- “Dolu”nun “Oxuzalı”nda keçirilən müzakirəsində Cavanşir Yusifli yazmışdı, Qədir Rüstəmovun səsi romanın bir neçə məqamında boş yerə təkrarlanır, əlavə, yad səhifələr təsiri bağışlayır, müəllif “texniki işlərlə” məşğul olduğunun fərqinə varmır…

- Cavanşir Yusifliyə tənqidçi kimi böyük hörmətim var. Amma bu fikri ilə razılaşmıram. Qədir Rüstəmovun səsi boş yerə təkrarlanmır. Xahiş edirəm, romanı bir də oxusun. Başqa bir tənqidçi də yazmışdı ki, Allahı ya gərək dini tərəfdən təqdim edəsən, ya da nə bilim başqa tərəfdən...

- Elnarə Tofiqqızının fikridir. Yazır, Allah obrazı nə mifik yaddaşa əsaslanıb, nə dini dünyagörüşə, nə də kütləvi təsəvvürə… Müəllifin Allah, Əzrayıl, mələklərlə bağlı publisistik müdaxilələrində informasiya yox dərəcəsindədir…

- Allahı hansı tərəfdən tanıtmağımı mənə öyrədir?! Özü də, mən romanda Allah yox, Tanrı yazmışam. Xahiş edirəm, Elnarə xanım bunu qarışdırmasın. Mənim obrazımın dilindən Allah oxuya bilərsən, amma yazıçı Aqil Abbasın dilində Allah sözü yoxdur, əvvəldən axıra qədər Tanrıdır. Ona görə bu suala cavab verə bilməyəcəm. Yazsın Tanrı, mən də cavab verim. Bu, bir! İkincisi, romandakı “Tanrı qocalmışdı” ifadəsinə etiraz edirlər. Nitsşe deyir, Allah öldü. Mən də yazıram ki, vurğun vurmuş uşaqları müharibə qocaltmışdı, Tanrı da həmin uşaqlara baxıb qocalmışdı.

Bəli, Qədir Rüstəmov kimi insanların səsinə görə Allah bu yer üzünü dağıtmır. Bu texniki iş deyil. Bir publisistik yazımda Akif İslamzadənin səsini yazmışdım. Romanda dəyişib, Qədir Rüstəmovun adını yazdım. Akifə də zəng vurub üzr istədim ki, burda söhbət Qarabağdan gedir və o torpaqlarda Qədir başqa bir simvoldur, rəmzdir. Akif də dedi, canın sağ olsun!

Mənə irad tuturlar ki, roman tələsik yazılıb. Xeyir! Mən bu romanı “Hərb və sülh” boyda yaza bilərdim.

Bu günün əsəri bir az yığcam olmalıdır ki, oxucu həzm eləyə bilsin. İndi kimdən soruşsan, “Səfillər”i oxumusan, deyəcək hə, amma bir-iki kəlmə danış desən, məlum olacaq, əxz eləyə bilməyib.

- Obrazların adları ilə bağlı da sizi tənqid edirlər. Məsələn, Elnarə Akimova yazır, At belində olan adam guya istənilən bir adla adlandırılan məmur obrazı kimi verilsəydi, roman çox şeymi itirəcəkdi?

- Bəli, itirəcəkdi! Mənim son illərdəki roman və povestlərimdə adam adı yox-durr! Hamı deyir, Ağdamı yazıbsan. Nədi-nədi mən ağdamlıyam… Bir adam gəlib mənim əsərimdə Ağdam adı tapsın, görüm tapa bilir?!

Ümumiyyətlə, məni ən çox konkret ad yazmamaqda qısnayırlar. Mənim qəhrəmanım həm İbad Hüseynovdur, həm Fəxrəddin Qəmbərovdur, Vəzir Hacıyevdir, Maşallah Əhmədovdur, Fred Asifdir… Fikrimi çatdıra bilirəm?! Hamı mənim qəhrəmanımın kim olması haqqında mübahisə edir. Bir fakt deyim, bu əslində mənim qələbəmdir. Romanda bir Pələng var, bir Drakon… Pələng Drakonun qucağında ölüb.

Mənə Qazaxdan, Naxçıvandan, Qubadan, Lənkərandan, Tovuzdan məktublar gəldi ki, qardaş, Pələng mənim qucağımda ölüb. Hər birinə cavab yazdım ki, düz deyirsən, sənə qurban olum, elə sənin qucağında ölən Pələngi yazmışam. Çünki mən o insanları inandırmışam ki, qucaqlarında ölən oğlanlar Pələnglərdir. Bu, mənim qələbəmdir.

- İndiyəcən roman haqqında yazılan tənqidi yazılardan sizi qane edəni olmayıb?

- Allah rəhmət eləsin, Elçin Səlcuqun bir yazısında razılaşdığım məqam olub. Kitab nəşr olunanda mən onun qeydini romandan çıxardım. Qan Turalı bir məqamı qeyd eləmişdi, Vaqif Yusiflinin, Cavanşir Yusiflinin bəzi tənqidlərini çox səmimi qəbul etmişdim. Bir var, qərəzli münasibət, bir də var obyektiv tənqid. Roman haqqındakı razılaşdığım tənqidi qeydləri oxuyanda fikirləşdim ki, bəli, bu yerləri daha yaxşı işləmək olardı.

“Özümü dəstəbaşı kimi aparıb, kimə güllə atmışam?!”

- Sizi daha çox və sərt tənqid edən İradə Musayeva oldu: Aqil Abbas romanda özünü yazıçı kimi yox, dəstəbaşı kimi aparır. Ağdamın dünyanın ən varlı şəhəri adlandırmağınıza “mübaliğənin də ağıla söykənən bir nöqtəsi olmalıdır” deyə münasibət bildirir və xatırladır ki, dünyanın Nyu-Yorku, Londonu, Parisi var…

- Bəli, Ağdam Nyu-Yorkdan da, Parisdən də varlı şəhər olub! Nyu-Yorkda da olmuşam, Los-Angelesdə də! Ağdamda bomj yoxuydu, Ağdamda küçədə, körpünün
altında yatan adam tapa bilməzdin. Gedək, Nyu-Yorka baxaq, minlərlə adam küçələrdə yatır. Elə Almaniyanın özündə küçədə yatan neçə adamı don vurdu.

Belə şeylər Ağdamda olmayıb, hamı varlı idi, heç kəs heç kəsdən asılı deyildi. Başa düşdünmü?! İnsanlarda “sən mənim işçimsən” anlayışı yox idi. Fəhlənin də maşını vardı, zavodun direktorunun da! Mən bu mənada yaz-mı-şam.

Sovet vaxtı Azərbaycanın bir neçə rayonu, şəhəri vardı ki, orda kasıb adam yox idi. Məsələn, Tovuz, Gəncə, Lənkəran, Göyçay… Bu əyalətlərin kəndçisi də milyoner idi. Demək istəyirəm, dünyanın ən varlı şəhəri adı təkcə Ağdama aid deyil. İkincisi də, mən özümü dəstəbaşı kimi aparıb, kimə güllə atmışam, kimi soyub-talamışam.

- Düşünürəm, roman haqqında geniş danışdıq. Başqa məsələlər haqqında da sizin fikrinizi öyrənmək istəyirəm…

- Fürsətdən istifadə edib, bir iki məsələyə də toxunmaq istəyirəm.

- Buyurun…

- “Oxuzalı”nda şərh yazan adamların heç biri romanı oxumayıb, amma İradənin yazısında yazırlar, qələminə qurban olum, belə gözəl yazmısan. Həmin adamlara məsləhət görürəm, romanı oxuyub, şərh yazsınlar. Mənim şəxsiyyətimi müzakirə edirlər… Balam, sən əvvəla, bilmirsən mən kiməm, nəçiyəm. Müharibədəki xidmətlərimdən xəbərin yoxdur.

Ortalığa sənəd qoyaram ki, o dövrün pulu ilə cəbhəyə bir milyon dollarlıq silah-sursat, ərzaq aparmışam və müharibə qurtarana qədər cəbhədə olmuşam. (hiddətlənir) Cavan, imkanlı oğlan idim, bir ildən sonra bax, bu (protez dişlərini çıxarır) dişləri taxdım, hamısı cəbhədə töküldü – Qorxudan, yağışdan, sudan… Dördünü əlimlə qırmışam səngərdə. Sevdiyim qəhrəman bir uşağın meyitini gətiriblər, dişimi-dişimə sıxmışam, qırılıb-tökülüblər. Sən bunu yaşamayıbsan, axı! Hələ durub mənim haqqımda rəy də bildirirsən: deputatxanada oturub!

Bura deputatxana deyil, bura parlamentdir. Məni bura 44 min adam seçib. O adamlar məni bura seçiblər ki, gözümü açandan o camaatın içində yaşayıram və o camaatın bütün xeyir-şərində iştirak edirəm.

Mən şəhid vermişəm. Bacımın əri polis kapitanı idi, uşağını görmədən şəhid oldu. İmkanım vardı ki, onu Lənkərana dəyişim, getsin, kef eləsin. Bunu eləməzdim!
Çünki tüpürərdilər mənə. Ağdamlılar deyərdi, buna bax, imkanı var, qohumunu apardı burdan. Mənim atam Ağdam işğal olunanda kabinetində oturub. Başa düşdünmü?! Mən qaçan admları qəzetdə söyürdüm. Atam qaçsaydı, deyərdilər, oğraş, bəs öz dədən hanı, hə?! Yaxşı şeydir, öz dədən otursun da burda!

İradə yazır, romanda qüsurlu cümlələr var. Mənim mətnimdə qüsurlu cümlə tapmaq mümkün deyil. Yazıram, eyni göyü, eyni suyu paylaşsalar da, eyni şəhəri paylaşmırdılar. Niyə?! Çünki biri müdir idi, o biri küçədə su satırdı. Yazırlar ki, bu nə deməkdir? Necə yəni nə deməkdir, a bala?! Biz səninlə eyni göyü paylaşırıq, amma Cavid, mən parlamenti paylaşıram, sən Azadlıq Radiosunda işləyirsən. Mən 1400 manat maaş alıram, sənin əməkhaqqın uzağı 500-600 manatdır. Elədimi, dədə? Deməli mənim imtiyazlarım səninkindən çoxdur. Yaxud başqasının imtiyazı məndən də çoxdur. Birinin 40 binası var, biri yaşamağa daxma tapmır. Bu adamlar eyni şəhəri paylaşırlar?! Əlimdə gündəlik qəzet var, eləmi?! Bütün günü də televiziyalardayam.

Bundan başqa mənim belə deyək, qəzet mafiyam var. Gündəlik çıxan on qəzetin redaktoruna bu dəqiqə zəng edim, müəyyən bir fikri manşet etsinlər. Bir dəfə bir qəzetdə oxumusunuz ki, Aqil Abbas seçiciləri ilə görüşdü?! Yaxud televiziyada demişəm bunu?! Amma ayda ən azı iki dəfə seçildiyim yerə gedib, seçicilərimlə görüşürəm. Mən də manşetə çıxardaram da! Bunu eləyən adamlar var. Qardaş, seçici ilə görüşmək mənim adi vəzifə borcumdur. Canım çıxmalıdır, seçicimlə görüşməliyəm. İmkanım varsa, əlsiz-ayaqsıza kömək etmək insanlıq borcumdur. Dünən qəzetdə oxuyuram ki, guya Hacıbala Abutalıbov bir qaçqının evini beş-on min manata başqasına satır. Bu, adama şər atmaqdır.

Adamlar başa düşmürlər ki, qaçqına evi nə Ağdamın icra başçısı verir, nə də Bakının meri. Bu, icra başçılarının səlahiyyətində olan məsələ deyil. Bir də görürsən, bir döyüşçünü danışdırırlar: filan icra başçısı mənə dedi, cəhənnəmə vuruşubsan. İcra başçısı bunu heç vaxt deməz. Ola bilər, qəbul etməsin, amma cəhənnəmə vuruşmusan deməz.

- Bu əslində bizim mətbuatın günahı deyilmi?

- Bəli, mətbuatın günahıdır. Mənim bir xalam qaçqındır, Ağcabədidə yaşayır. Deyir, qaçqınlar üçün ev tikilir, kömək elə, mən də ev alım! Deyirəm, xala, sən Ağcabədidə kirayə evdə yaşayıbsan. Amma ev verilən adamlar çadırda, vaqonlarda, zirzəmilərdə yaşayanlardır. Prezidentin sərəncamı ilə birinci onlara ev verilir. Amma sən bir qohumunun evində rahat yaşamısan.

“Bəli, mən kiminsə ev növbəsini dəyişmişəm”

- Əslində, qohumunuzun növbəsini dəyişmək imkanınız var?

- Bəli, var! Amma eləmərəm. Onda mən Aqilliyimi itirərəm. O kəndin, o camaatın içində hörmətimi itirərəm ki, xalasını gətirib bizim başımızın üstündən aşırdı. Elə başa düşmə ha, özümü tərifləyirəm, yox, sadəcə faktları deyirəm.

Bəli, mən kiminsə növbəsini dəyişmişəm. Müharibədə iki qıçını itirən bir adam dörd
uşaqla neçə illərdir dözülməz vəziyyətdə yaşayırdı. Nazir Füzuli Ələkbərova məktub yazdım ki, xahiş edirəm, imkan varsa, bu adamın növbəsini dəyişin, tez ev alsın. Nazir də həmin adamın vəziyyətini yoxlatdırıb, görüb, birinci dərəcəli əlillərə bunu etmək olar, xahişimi yerə salmayıb.

- Gənclərdən kimləri oxuyursunuz?

- Hamını oxuyuram. Bəyəndiyim də var, tənqid elədiyim də! Biri elə sənin yazıların. Amma uşaqların özünə deyirəm, yazmıram. Məsələn, Şərif Ağayar, bu yer olmasaydı, əla romanın var idi. Kəramət, filan hissə olmasaydı, romanın gözəl olardı. Seymur Baycan, Əli Əkbər, Aysel Əlizadə, Kənan Hacı, Cəlil Cavanşir, İlqar Rəsul… bu adamları ləzzətlə oxuyuram.

- Oxucularımzdan biri soruşur ki, deyirlər, Aqil bəy söyüşlə danışır, bu belədirmi? Əgər belədirsə demək, ətrafındakı adamlar onu başa düşmürlər?

- Mən əsəbi danışan adamam. Bu da müharibədən qalan bir şeydir. Bir adama on dəfə bir şeyi başa sala bilməyəndə, deyirəm, ay eşşək, a bala, belə deyil də məsələ. (gülür) Bax, onda söyüş söyməyə məcbur oluram. Mənim haqqımda Əjdər Ol yazmışdı: dünyanın ən söyüşcül redaktoru. Bir dəfə Almaniyanın NATO-dakı səfirini söydüm, təhqir elədim. Çünki o bizim milləti aşağıladı və cavabını aldı. Nə olacaqdı, məni tutacaqdılar?

- Deyirlər, xanımınız İradə Tuncaya tapşırmısınız ki, “Dolu” haqqında “Ədalət” qəzetinə verilən yazıları dərc etməsin. Bu doğrudur?

- Bəli! Bir nəfər eyni yazını üç dəfə dalbadal göndərdi, çap etmədim. Axır, xahiş-minnətdən keçə bilmədim. Sicilləmə yazmışdı. Mənasız-mənasız təriflər vardı.

- Tərifi sevmirsiniz?

- Tərifi sevməyən kafirdir. Çox xoşlayıram. Amma dostlarıma da deyirəm, tərif bitdimi?! İndi deyin görüm, orda nə çatmır, gələn yazımda onu eləməyim.

Cavid Zeynallı

Həmçinin oxu
Bəhram Bağırzadə: "Səhnədə meymunluq etməklə ciddi yumor sənəti yaranmaz"
XS
SM
MD
LG