Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

Şərif Ağayarın tənqidlərə münasibəti: “Mən Umberto Eko deyiləm ki…”


Şərif Ağayarın tənqidlərə münasibəti
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

Şərif Ağayarın tənqidlərə münasibəti

.
Mənim Elçin Hüseynbəylini yamsılamağım qəti şəkildə mümkün deyil.
“Yolayrıcında qaçış” romanını “Haramı”nı yazandan sonra oxudum. Açığı yadımda ciddi heç nə qalmadı…



CAVİD ZEYNALLININ "ŞƏNBƏ QONAĞI" YAZIÇI ŞƏRİF AĞAYARDIR.


- Şərif bəy, bəzən eyni vaxtda üç xəbər portalında köşə yazınızı görürəm. Bu nə ilə bağlıdır? Dolanışıq və qonorar xətrinə yazırsınız, yoxsa bu yazılar imzanızın daha çox görünməsinə, məşhur olmağa hesablanır?

- (Uzun-uzadı düşünüb, dərindən köks ötürür...) Yox, yüz faiz məşhurluğa hesablanmış yazılar deyil!

Amma dolanışığın payı var: qonorar alır, müəyyən ehtiyaclarımı ödəyirəm. Məncə, yazıçı çayxanada, yeməkxanada danışdığı söhbətləri, dediyi fikirləri yazmağı eyib bilməməlidir.

Saytlara vaxtaşırı yazdığım yazılara köşə deməzdim. Bu yazıları ciddi mənada esse də hesab etmirəm. Sadəcə, oxucularla dərdləşirəm. Çalışıram, mümkün qədər yüngül, rahat dillə yazım, fikirlərimi aydın çatdıra bilim.

- Yazılara görə aldığınız qonorarı ciddi məbləğ hesab etmək olarmı? Yəni zəhmətinizə dəyirmi?

- Azərbaycan reallıqlarını nəzərə alsaq, normal qonorar alıram. Amma hamı bilir ki, bizdə qonorar dolanışığa bəs eləmir.

- Siz də hesab edirsiniz ki, köşə yazıçının potensialını xərcləyir, heç edir?!

- Məncə, bu fikri dolanışıq xətrinə gündəlik köşə yazan həmkarlarımıza aid etmək olar. Və daha çox o imzalara ki, ədəbiyyat adamı ola-ola, tamam başqa sahələrdən yazmaq məcburiyyətində qalırlar. Məsələn, siyasətdən, sosialdan, idmandan... Razıyam, bu adamı yorur, tükəndirir.

Yaşının müəyyən bir dövrünə qədər ədəbiyyat adamının jurnalistika ilə məşğul olması yaxşıdır. Yazı səriştəsi artır, insanları, cəmiyyəti daha yaxşı tanıyır, ünsiyyət qurmağı öyrənir və. s.

Amma müəyyən bir yaş dönəmi var ki, artıq jurnalistika yazıçıya mane olur. Müəyyən təcrübəyə yiyələnmiş yazıçının, sırf ədəbiyyatla məşğul olsa daha çox xeyr verə biləcək insanın başqa sahələrdən gündəlik köşə yazması təbii ki, ona mane olur.

Çox yazanda həm enerji gedir, həm də insan içindəki əhval-ruhiyyəni daha yüngül qələmlə ifadə edib, üstündən keçir.

- Belə başa düşdüm ki, içinizdə tükənmək xofu var...

- Gərək ki, Heminqueyin sözüdür, deyir, çoxlu romanlar yazacağam, çünki çoxlu adamlar tanıyıram. Ətrafımızda ədəbi haqqını vermədiyimiz bu qədər adam varsa, mövzu baxımından tükənmək mümkün deyil.

Ola bilər, enerji, səhhət baxımından axsamalar olsun. Elə qayğılar var ki, adamı yorur, usandırır. Vaxt və dolanışıq mənasında qorxuram ki, ömrü elə bu cür də küləyə verərik gedər...

- Deyirlər, yazıçılıq jurnalistikadan bir pillə yuxarıdadır. Siz də bu cür fikirləşirsiniz?

- Bir-birindən yuxarı-aşağı sənət olmur. Jurnalistika və yazıçılıq fərqli sahələrdir.
Cavid Zeynallı
Cavid Zeynallı
Jurnalistika məsələyə birbaşa münasibət bildirən peşədir, daha çox gündəmlə bağlıdır. Ədəbiyyat isə daha uzağa vuran, sabaha hesablanan düşüncə tərzidir.

Bu mənada bir-birindən ciddi fərqlənirlər. Amma son dövrün ədəbi yazıları publisistikaya yaxındır. Mən bunu normal qəbul edirəm!

Hətta ədəbiyyatın üstünlüyü sayıram. Publisistika ilə yaxınlıq ədəbiyyatın həyata yaxınlığı deməkdir.

Simvollar üzərində pərvəriş tapan klassik ədəbiyyatı daha çox bəyənsəm və ədəbi ölçü kimi qəbul etsəm də, bu gün həyatdan uzaq olan yaradıcılığı gərəksiz sayıram. Ətrafdakı insanlara, sosial bəlalara, haqsızlığa laqeyd qalan yazıçı mənim üçün maraqsızdır.

- “Haramı” romanının “Oxu zalı”nda müzakirəsi keçirildi. Tənqidçilərin fikrini ümumi necə qiymətləndirirsiniz?

- Düzü, “Haramı”nın bu cür rezonans doğuracağını gözləmirdim. Düşünürdüm, bu müzakirədə məni daha çox tənqid edəcəklər. Nədənsə, tənqidçilər çox humanist davrandılar (gülür - C.Z.).

Romanda çox ziddiyyətli məqamlar var. Hətta altına girib qaldıra bilmədiyim mətləblərdən bəhs etmişəm. Əsərdə hər hansı qüsur varsa səbəbini mənim zəifliyimdən daha çox, girişmək istədiyim mətləbin böyüklüyündə axtarmaq gərək.

Ən başlıcası tənqidi yazılarda özümə qarşı böyük bir hörmət gördüm. Hətta deyim ki, mən özüm özümə o tənqidçilərin inandığı qədər inanmıram (təbəssüm – C.Z.).

Nəzərə alaq ki, əsər haqqında yazanlar sıradan olan imzalar deyillər. Amma bunu deməyi özümə borc bilirəm: bu yazıların içində xüsusi tapıntım Elnarə Akimova oldu.

Bütün əsərlərdə altıncı hisslə duyulası bir enerji olur. Yəni bunu normal məntiqlə izah etmək mümkün olmur. “Haramı”dakı altıncı hiss üçün ötürülən enerjini Elnarə xanım daha dəqiq tutmuşdu.

Bu mənada çox maraqlı bir imza kəşf etdim. Elnarə Tofiqqızı əsərdəki semiotikanı dəqiqliklə açmışdı. Amma razılaşmadığım bir məqam var.

Elnarə xanım yazır ki, Herakl əhvalatları ilə intertekstuallıq qurulubsa, bu bütün məqamlarda bir-birinə bağlı olmalıdır. Ancaq mənə Heraklla bağlı iki keyfiyyət kifayət idi: qəhrəmanlıqlar və qadını tərəfindən qısqanclıq zəminində qətlə yetirilməsi... Mən Zevsin oğlu ilə yetim bir çoban arasında başqa hansı üzvi əlaqələri tapmalıydım ki?!

- Nərmin Kamalın yazısında hansı tənqidi qeydlər sizi qane etmədi?

- Nərmin Kamal müasirlik məsələsinə xüsusi canfəşanlıqla etiraz etmişdi və bütün yazısını bu nüans üzərində qurmuşdu.

Sanki “Haramı”nın müasir mətn olmadığını sübut etmək üçün kimdənsə öhdəlik götürmüşdü. Yaxşı, deyək ki, müasir roman deyil, bununla nə dəyişdi ki? Ortada mətn qalır axı...

Bu var, mövcuddur və insanlara təsir edir. Bir də, istənilən yerdə, istənilən tənqidçiyə sübut edə bilərəm ki, “Haramı” müasir roman texnikası ilə qələmə alınıb. Ola bilsin, kimə görəsə bu fəndlərdən bacarıqla istifadə edə bilməmişəm.

Nərmin xanımın fikirləri ilə bağlı başqa bir vacib məqam da var. Bizim məsələlərə və hadisələrə münasibətimizdə, təfəkkür tərzimizdə ciddi fərqlər var.

Onun yazısının cövhərində bu fikir dayanır ki, “Haramı”nın qəhrəmanı nəyə görə dekonstruksiyaya məruz qalmayıb, yenidən dəyərləndirilməyib.

Nərminin qaldırdığı bütün məsələləri çox yaxşı bilirəm və romanı yazanda bu məsələləri gözə almışdım. Nərmin Kamal şəhərdə böyümüş xanımdır, Azərbaycan kəndini yaxşı bilmir. Ona Səməndər kimi obrazı başa salmaq mümkünsüzdür. O, Səməndər kimi və Səməndərə bənzər adamları təsəvvür belə edə bilməz.

Bax, əsas ziddiyyət burdan başlayır. Əslində, Nərmin Kamalın Səməndəri müsbət qiymətləndirsəydi, düşünərdim ki, ya qeyri-səmimidir, ya da bizimlə zarafat edir.

- İradə Musayeva yazır ki, kitabın əvvəlində yarlıq kimi romanın boğazından asılmış reklam xarakterli ““Haram”ı müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb… Romanda detektiv xətt, pornoqrafik elementlər də vardır” tipli anonsla sanki Şərif Ağayar demək istəyir ki, mən Əbülhəsən, S.Rəhimov, Ə.Vəliyev kimi köhnə romançılardan deyiləm. ...

- Əlbəttə, mən Əli Vəliyev, Süleyman Rəhimov deyiləm. İradə xanım buna şübhə edirsə, bir az da bərkdən deyə bilərəm (gülür – C.Z.). Əbülhəsən kimi, İsmayıl Şıxlı kimi roman yazmamışam.

Bir daha qeyd edirəm, “Haramı” həqiqətən də müasir roman texnologiyası ilə yazılıb. Mətnlərarası əlaqə, qəhrəmana ikibaşlı münasibət, ən mühüm hadisələrin sona qədər şübhə içində buraxılması, semiotika, simvolizm, dilin qəsdən olduqca sadə verilməsi, ənənəvi təhkiyəçilikdən uzaq nəqletmələr, jarqon və ləhcələrin, vulqar ifadələrin qəhrəmanların dilində olduğu kimi saxlanılması, rəqəmlərin mənalandırılması, eyni vaxtda 3 mətndən istifadə, mətbuatda gedən müvafiq məqalə və araşdırmaların redaktəsiz verilməsi, qaçaq, oğru və çoban obrazlarına fərqli yanaşma və s. bunlar müasir roman xüsusiyyətləridir.

Yenə deyirəm, kimsə bunu yaxşı bacarmadığımı iddia edə bilər, ancaq mütləq şəkildə yarğılamaq yolverilməzdir.

Əlbəttə bütün saydıqlarım “Haramı”nın yalnız forma məsələləridir. Ən əsası mətnin təsiretmə qabiliyyəti – içindəki enerjidir.

Struktur baxımından bütün tələblərə cavab verən əsərlər ola bilər ki, ədəbiyyat deyildir. Və ya əksinə, struktur həllini tapmayan çoxlu ədəbi nümunələr tapmaq olar. Bir sözlə bu bir az qəliz söhbətdir. Ən qəliz tərəfi isə odur ki, qiymətləndirmək və kiməsə sübut etmək üçün konkret meyar yoxdur. Zövqdən də çox şey asılıdır.

- Cavanşir Yusifli başqa məqama toxunur: Don Kixot və Rəcəb İvediklə bağlı yerlər və yardımçı əhvalatlar zəif işləndiyindən bir obraz kimi Səməndərin üzərinə həddən ağır yük düşür... Əhvalatlar, pritçalar kitabın həcmini artırmaq üçün deyil ki? Yaxud bu hissələr artıqlıq edər deyən olubmu?

- Axı bu tənqidçilər yaxşı şeylər də yazmışdılar, deyəsən siz yalnız iradları seçmisiniz (təbəssüm – C.Z.).

Qəhrəmanıma ironik münasibət göstərməməyimin köklü səbəbləri var. Bu fikirləri Don
Şərif Ağayar oxucuları üçün kitabını imzalayır
Şərif Ağayar oxucuları üçün kitabını imzalayır
Kixot və Pəcəb İvedik obrazlarına münasibətimlə vermək istəmişəm. Bu, bilməzlikdən doğan bir şey deyil. Məqsədlidir.

Cavanşir bəyin dediyi kimi hansısa məqam zəif işlənə, qəhrəmanın üzərinə həddən artıq ağır yük düşə bilər. Amma sizə deyim, dünyaca məşhur olan son romanların bir çoxunda əsərə yamaq kimi görünən çoxlu fəndlər göstərə bilərəm.

- “Şərifin bir çox işarələri yaxşı niyyətlə düşünülsə də, ifadə baxımından qüsurludur, “ilan balası” ilə bağlı passaj şitdir”. Bunu da Cavanşir bəy yazıb...

- Bilmirəm yadınızdadır yoxsa yox, o risklə yazılmış səhnədir. Bu səhnə ilə bağlı mənə çoxlu iradlar olub. Amma məsələ budur ki, “Haramı” haqqında danışan adamların çoxu o məsələlərdən bəhs edir.

Şit deməzdim, ola bilər Cavanşir müəllimə belə görünüb, bir az açıq-saçıqdır. Məncə belə şeylər hərdən lazımdır. Bizdən həmişə masterlik gözləməsinlər. Hərdən eksperiment də etmək gərəkdir.

Roman elə bir şeydir ki, orda yazıçının zəif yeri də görünməlidir. Mən Umberto Eko deyiləm ki, kompüter proqramı kimi dəqiq roman yazıb ortaya qoyum. Romanda yamaq yerlər də görünə bilər, dil baxımından qüsurlar da ola bilər.

- Azərbaycan romançılığında hadisə hesab etdiyiniz əsərlər hansılardır?

- Hə, bir az çətin sual oldu (düşünür – C.Z.). Məsələn, İsa Hüseynovun “İdeal”ının son nəşrini oxuyub bəyənmədim. Bu əsərin dilində də, məntiqində də kifayət qədər ziddiyyətlər və qüsurlar gördüm. Ümumiyyətlə, bizim ədəbiyyatda son 50-60 ildə ideal saydığım yazıçı yoxdur.
- Sualı ideal yazıçınız kimdir şəklində qoymaq istəmədim, sadəcə...

- Anladım. Demək istəyirəm ki, bizim ədəbiyyatda “İdeal” adında əsərin özü də ideal deyil (gülür – C.Z.).

Bizdə gözəl nasirlər olub. Hətta deməzdim ki, bizim nəsrimiz az inkişaf edib. İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm Əylisli, İsi Məlikzadə, Anar, Elçin... bu adamlar Azərbaycan nəsrində kifayət qədər iş görüblər.

Son vaxtlar Anar barədə suyu o qədər bulandırıblar ki, bilmirsən, səmimi adam kimdir, yarınmaq istəyən kim. Anarın “Dantenin yubileyi” əsərinin altına məmnuniyyətlə imzamı atardım. Çox gözəl, çox bəyəndiyim əsərdir.

Anarın bəzi əsərlərini qəbul etmirəm. Məsələn, biz gəlib mavilər əsrinə də çatdıq, ancaq serrozdan ölən teleaparıcı görmədik. Yəni Təhminənin ictimai funksionallığı yoxdur. Elçinin eksperiment hekayələrini çox bəyənmişəm. Sabir Əhmədli yaxşı oxumadığım müəllifdir. Bu da onun dilinin ağır olması ilə bağlıdır.

Amma bu yaxınlarda Sabir Əhmədlinin külliyyatını təzədən və əsaslı oxuyacağam. Buna ehtiyac duyuram. İsa Hüseynovun povestlərini çox bəyənirəm. Məncə, sırf ədəbiyyat baxımından bu yazıçını məhz imtina etdiyi əsərlərdən oxumaq lazımdır. Çoxu özünü intellektual göstərmək üçün “İdeal”dan yapışır, amma “Tütək səsi”ndəki o fəlakəti belə ustalıqla vermək başqa məsələdir... İsa Hüseynov ömrü boyu o povestdən gözəl əsər yaza bilmədi.

Mənim üçün müasir ədəbiyyat yazıçının hoqqabazlığından daha çox, insana münasibəti ilə maraqlıdır.

Mehriban Ələkbərzadənin “Məhkumlar” filminə baxan bir xarici rejissor demişdi ki, dəhşətə gəldim, sanki Azərbaycanın bütün problemləri həll olunub, indi Avropanı düşündürən cüzam xəstələri haqqında film çəkilir.

Bizim gözümüzün qabağında bu boyda problemlər var, durub cüzamlılardan film çəkirik. Qoy bu haqda ən vacib problemlərini çoxdan yoluna qoymuş fransızlar, ingilislər çəksin. Onlar artıq öz “tütək səslərini” yazıb, çəkib qurtarıblar.

Bu mənada ictimai aktiv, funksional əsərlərə ehtiyac var. Qurama əsərlər oxuya bilmirəm. Mənə çatmır ki, yazıçı əsəri maraqlı alınsın deyə, kiminsə anasını öldürür, cavan qızı intihara vadar edir. Bu, gülməlidir. Ətrafımızda o qədər dramatik hadisələr var ki, nəyisə uydurmağa ehtiyac yoxdur.

“Sosial bərabərsizlik” sözü Azərbaycandakı vəziyyəti dolğunluğu ilə ifadə eləmir. Bizdə sosial zülmkarlıq var.

Azərbaycan heç nəyi olmayan və hər şeyi olan insanlardan ibarət bir ölkəyə çevrilib. İnsanın bu qədər qiymətsiz olduğu zamanda yazıçıların quraşdırmaq üçün nəsə axtarması mənə çatmır.

- Tehran Əlişanoğlu deyir, indi durub desəm, Şərif Ağayar müasir romançılıqda Elçin Hüsenbəylini yamsılayır, deyəcəksiz, qəsddir; bəs postmoderndə bu adicə üsuldur... Doğrudanmı Elçin Hüseynbəylidən təsirlənmisiniz?

- Yəqin bu Tehran müəllimin yüngül ironiyasıdır. Elçinin “Yolayrıcında qaçış” romanından söhbət getmişdi... Mən bu əsəri “Haramı”nı yazandan sonra oxudum. Açığı yadımda ciddi heç nə qalmadı. Bir qız gedir Türkiyəyə, onu öldürürlər... Sonra da kimsə onu axtarmağa gedir. Nəsə belə bir şey idi. Mənim Elçin Hüseynbəylini yamsılamağım qəti şəkildə mümkün deyil. Xahiş edirəm, bunu böyük hərflərlə, qara şriftlə yazın: QƏTİ ŞƏKİLDƏ!
XS
SM
MD
LG