Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Qubanın icra başçısı: «Qubada tam sakitlikdir, polisə çağırılan da yoxdur»


Mübariz Ağayev
Mübariz Ağayev
«Qubada tam sakitlikdir, polisə çağırılan, həbs edilən də yoxdur».

Bunu AzadlıqRadiosuna Quba rayonunun yeni icra başçısı Mübariz Ağayev deyib. Onun sözlərinə görə, evləri yandırmaqda və dövlət əleyhinə addım atmaqda ittiham olunanlardan yalnız 3 nəfəri indi həbsdədir.

«7 nəfər idi, onların 4-ü buraxılıb. Qalan 3 nəfər də evləri yandıran, dövlət əleyhinə addım atanlardır, onlarla da söhbət aparılandan sonra buraxılacaqlar».

Mübariz Ağayev rayonda geniş abadlıq işlərinə başladıqlarını deyir. Bildirir ki, bu işlərin əsas hissəsi sentyabr ayına qədər yekunlaşacaq.

«500 min kvadrat metr yerdir, bunu bir saata, bir günə görmək mümkün deyil».

Mübariz Ağayev 1 mart hadisələrindən sonra Quba rayon icra hakimiyyətinin başçısı təyin edilib.

Rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin noyabrında icra hakimiyyətində qubalılarla bağlı dediyi fikirlər internetdə yayılandan sonra martın 1-də bu rayonda etiraz aksiya keçirilib. Dinc aksiya sonradan icra hakimiyyətinin yardımçı binasının və sabiq başçının evinin yandırılması ilə nəticələnib. Martın 2-də Rauf Həbibov vəzifəsindən çıxarılıb.

Baş prokurorluqla Daxili İşlər Nazirliyinin martın 29-da birgə yaydığı məlumatda həmin hadisələrlə bağlı həbs edilənlərin 12 nəfər olduğu göstərilir. Həbs olunanlardan 2-si Qubadakı «Xəyal» Televiziyasının əməkdaşlarıdır.

Aprelin 4-də Qubada səfərdə olan hüquq müdafiəçiləri ilə görüşdə yerli sakinlər bildirmişdilər ki, 1 mart hadisələrinə görə ümumilikdə 200-ə yaxın şəxs istintaqa cəlb olunub, onlardan 30-dan çoxu həbsdədir.
XS
SM
MD
LG