Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:11

Əli Həsənov: «Yazmalıdırlar ki, İlham Əliyevdən üzr istəyirik»


Əli Həsənov
Əli Həsənov
«Hesab etmirəm ki, «Azadlıq» qəzeti prezident İlham Əliyevin qol saatı haqda yaydığı yalan informasiyaya görə təkzib verib, üzr istəyib».

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov aprelin 27-də «Media forum» saytına açıqlamasında belə deyib.

Əli Həsənov bildirib ki, «Azadlıq»ın yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı təkzib və üzrxahlıq saymırlar. «Azadlıq» qəzeti «Kütləvi informasiya vasitələri haqqında» qanuna əməl etmir: «Qəzet açıq formada qanuna əməl etməkdən yayınır. Yalan, özü də bilərəkdən yayılmış yalan informasiyanı hələ ki, təkzib etməyiblər. «Azadlıq» qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, «Azadlıq» qəzetinin filan sayında prezident İlham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və prezident İlham Əliyevdən üzr istəyirik. Əks halda qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik».

«AZADLIQ» QƏZETİNİN AÇIQLAMASI

«Azadlıq» qəzeti prezidentin mətbuat xidmətinə müraciət edir ki, ölkə başçısının istifadə etdiyi qol saatının qiyməti və markası haqda məlumatı açıqlasın. Qəzet bu məlumatı dərc etməyə və ölkə başçısının qol saatı haqda rəsmi məlumatla özünün yaydığı məlumat arasında uyğunsuzluq olarsa, buna görə üzr istəməyə hazırdır.

Bunu «Azadlıq» qəzeti Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dediklərinə cavab olaraq bəyan edir. Qəzetin elektron səhifəsində yerləşdirilən açıqlamada qeyd olunur ki, «Prezidentin mətbuat xidməti məlumatla əlaqədar daha çox ümumi sözlərdən ibarət açıqlama yayıb. Açıqlamada prezidentin hansı markalı qol saatından istifadə etdiyi, onun hansı qiymətə olduğu haqda məlumatlar olmayıb. Bu isə «Azadlıq» qəzetinə tirajladığı məlumatın həqiqətən də yalan olduğunu aydınlaşdırmağa imkan vermir».

Qəzet hesab edir ki, «Prezident Administrasiyası adından «Azadlıq» qəzetinə qarşı Əli Həsənovun səsləndirdiyi tonda qəti şərt irəli sürməyin ən azı bu mərhələdə heç bir əsası yoxdur. Belə ki, yayılan məlumata prezidentin adından indiyədək hər hansı dolğun və qaneedici aydınlıq gətirilməyib».

«Azadlıq» qəzetinin 24 aprel sayında «İlham Əliyev 800 min dollarlıq saat taxır» başlıqlı xəbər dərc olunub. Həmin gün prezidentin mətbuat xidməti bu xəbərlə bağlı təkzib məlumatı yayıb: «Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.

«Azadlıq» qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək».

Mətbuat xidmətinin məlumatı yayılandan az sonra «Azadlıq» qəzeti məsələyə reaksiya verib. Qəzet bildirib ki, qərəz və qəsdən yalan məlumat yaymaq «Azadlıq»ın iş prinsipi deyil, redaksiya məlumat və məqalələrindəki təsadüfi yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir: «Lakin prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb. Üstəlik, bu istinad olunmuş xəbər bir neçə gün sosial şəbəkələrdə və bəzi informasiya portallarında tirajlanıb».
XS
SM
MD
LG