Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Elmar Məmmədyarov: «Azərbaycanda demokratiya tərəqqi edir»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Azərbaycanın «Eurovision 2012» Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi müstəqillik qazanandan bu yana ona əldə etdiyi tərəqqini dünyaya nümayiş etdirmək imkanı verib. Xəzər dənizindən təbii qazı Avropa bazarlarına nəql edəcək kəmərin tikilməsi barədə Avropa Birliyi ilə 2011-ci ildə imzalanmış sazişin, eləcə də ölkəmizin Britaniya ilə əlaqələrinin bu tərəqqidə xüsusi rolu olub».

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Wall Street Journal» qəzetindəki məqaləsində yazır ki, Azərbaycana qoyulan birbaşa investisiyaların yarısı Britaniyaya məxsusdur. Bakıda olan əcnəbilərin çoxu da britaniyalılardır.

AZƏRBAYCANIN PROBLEMLƏRİ DƏ VAR

E.Məmmədyarov məqaləsində sonra da yazır:

«Əlbəttə, Azərbaycanın problemləri də var. İlk növbədə korrupsiya. Ancaq bu, həm də qlobal fenomendir. Təəssüfləndirici haldır ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizəsində əldə etdiyi mühüm nailiyyətlər barədə danışılmır. Misal üçün, Azərbaycan Britaniyanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulan ilk ölkə olub. Bu təşəbbüs enerji sektoru ilə bağlı bütün gəlirlərin və xərclərin açıq olmasını tələb edir.

2010-cu ilin oktyabrında Azərbaycan gəlirlərin şəffaflığı indeksində (Revenue Watch Index) enerji istehsal edən 41 ölkə arasında 9-cu yeri tutdu. Bu siyahıda ABŞ Azərbaycandan iki pillə arxadadır».
21 may aksiyası
21 may aksiyası

Məqalədə deyilir ki, Azərbaycanda bəzi problemlər var, korrupsiya onların arasında axırıncı sırada deyil:

«Ötən ilin yanvarından başlanmış antikorrupsiya kampaniyasında bir çox vəzifəli şəxs, o cümlədən yüksəkvəzifəli şəxslər rüşvətə görə cəzalandırılıb, ya da vəzifələrindən azad edilib. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin və gömrük rüsumlarının toplanmasının yeni sisteminin tətbiqi bu sahədə rüşvət hallarını xeyli azaldıb».

ƏN BÖYÜK POZUNTUNU GÖZARDI EDİRLƏR

Nazir bununla belə yazır ki, Azərbaycan bəzi Qərb qeyri-hökumət təşkilatlarının kəskin tənqidinə məruz qalıb:

«Qəribədir ki, tənqidçilər müasir zamanda insan hüquqlarının ən böyük pozuntusunu gözardı edirlər. Azərbaycanlıların Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla köçürülməsi kimi ən böyük insan hüquqları pozuntusunu görmürlər».

Qarabağda hərbi təlimlər
Qarabağda hərbi təlimlər
Azərbaycanın Xarici İşlər naziri düşünür ki, Qarabağ münaqişənin həll olunmamasına baxmayaraq, Ermənistanın «Eurovision» Mahnı Müsabiqəsində iştirak etməmək qərarı yanlışdır:

«Bu tədbir musiqi tədbirdir, siyasi jest yeri deyil».

DEMOKRATİYA ÜÇÜN GÖRÜLMƏLİ İŞLƏR VAR

Məqalədə deyilir ki, Azərbaycanda demokratiya tərəqqi edir:

«Hər parlament və prezident seçkisi əvvəlki ilə müqayisədə daha təkmil olur. Müxalifət qəzetləri hökuməti tənqid edə bilir və edir. Toplaşma azadlığı təmin olunub. Bir çox başqa ölkələrin, o cümlədən Avropa ölkələrinin təcrübəsinə uyğun olaraq biz siyasi nümayişlərin razılaşdırılmış ərazilərdə keçirilməsini tələb edirik. Biz inanırıq ki, demokratiyanın ən yaxşı beşiyi sabit və fəaliyyət qabiliyyətli dövlətdir».

EVLƏRİNDƏN KÖÇÜRÜLƏNLƏR
Bayraq Meydanında söküntü
Bayraq Meydanında söküntü

Elmar Məmmədyarov «Crystal Hall»un tikilməsi üçün Bakı sakinlərinin köçürülməsi haqqında da yazır. Bildirir ki, Azərbaycanı tənqid edənlər vəziyyəti düz başa düşmürlər:

«Tikinti ərazisinin çox hissəsi keçmiş Hərbi Dəniz Donanmasının ərazisinə düşür. Evindən köçürülənlər köhnə evlərdə və pis şəraitdə yaşayırdılar. Həmin evlər istənilən halda tezliklə söküləcəkdi. Onların hamısına bazar qiymətlərindən xeyli yüksək kompensasiya təklif olunub».

Elmar Məmmədyarov məqaləsində yazır ki, sıravi azərbaycanlılar bütün bunların hamısını bəzi Qərb müşahidəçilərindən daha yaxşı başa düşürlər:

«Ötən il Britaniyanın «Populus» şirkətinin keçirdiyi rəy sorğusuna əsasən, azərbaycanlıların 70 faizi ölkənin son 15 ildə azadlıq və demokratiya baxımından inkişaf etdiyini düşünür. 80 faizi isə aparılan siyasətin ümumi kursunu dəstəkləyir».
XS
SM
MD
LG