Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

Şah İsmayılla bağlı polemikaya prof. Nəsib Nəsibli də qoşuldu


Nəsib Nəsibli
Nəsib Nəsibli
"Xomeyni rejiminin tarixi kökləri Səfəvilərə gedib çıxır; günümüz Türklərin İranda məzlum durumda qalmağının əsas səbəblərindən biri də məhz Səfəvilik düşüncəsidir".

"Hörmətli Əkbər Nəcəfin kitabın müəllifi Güntay Gəncalp haqqında öfkəli-qəzəbli, təhqirli-aşağılayıcı fikirləri heç cür qəbul edilə bilməz".


Tarix professoru, Azərbaycanın İrandakı səfiri olmuş Nəsib Nəsibli "Oxu zalı"na göndərdiyi bu məqalə ilə Güntay Gəncalpın "Səfəvilər" kitabı ("Qanun" nəşr.) ilə bağlı açdığımız polemikaya qoşulur. Bu, tarixi mövzuda bir müzakirədir və hansısa inanc sisteminə və topluma qarşı yönəlməyib.


Nəsib Nəsibli

SƏFƏVİ MÜƏMMASI

Bu kitab milli tariximizin kilid məsələlərindən biri haqqındadır. Ona reaksiya olmalıydı. Oldu da. Az oxuyan, az düşünən, ondan da az yazan bizim toplumumuz üçün bu cür dartışmaların olmasına da şükür etməliyik. Buna görə “Oxu zalı”na borcluyuq.

Oxucuların kiçik şərhləri Sovet dövrü rəsmi tarix konseptinin güclü təsir qoyduğunu göstərir. Sovet dönəmində akademik Saxarovun bir məqalə, ya kitabını oxumayan zəhmətkeşlər onu lənətləyən bəyanatlar verirdilər, müəssisə və idarələrdə təbliğat kampaniyaları keçirilirdi. Bu qəzəbli şərhlər də onu xatırladır. Sanki bağımsız olmamışıq, sanki XXI yüzil deyil.

Güntay Gəncalpın “Səfəvilər. Səfəvi kimliyinə fərqli baxış” adlı yeni kitabının əsas ideyası budur: Səfəvi dövləti totalitar hakimiyyət yaratdı; zor və kütləvi qətllərlə Şiəliyin yeganə rəsmi məzhəb olaraq qəbul etdirilməsi tolerant dini-düşünsəl ortamı aradan apardı; bu hadisədən ən çox zərər çəkən Türklük oldu; Xomeyni rejiminin tarixi kökləri Səfəvilərə gedib çıxır; günümüz Türklərin İranda məzlum durumda qalmağının əsas səbəblərindən biri də məhz Səfəvilik düşüncəsidir.

Əslində, Səfəvilər mövzusu bizim milli tarix və düşüncəmizdə çoxdan dartışmalı mövzu olub. Qısaca ondan bəhs etsək, faydalı olar. II Şah İsmayılın (1576-78) mövcud dini-siyasi rejimi islah etmək, Şiə ruhanilərin siyasi həyata təsirini azaltmaq, “təbərra” deyilən dini cəza dəstələrini cəzalandırmaq, Sünnü-Şiə ixtilaflarını yumşaltmaq cəhdi məlum tarixi faktdır. Bilindiyi üzrə, Sünnü-Şiə ixtilaflarını yumşaltmaq cəhdi uğursuzluqla - Şiə üləmasının fitvası ilə şahın öldürülməsi ilə nəticələnmişdir.

Nadir Şahın (1736-47) Sünnü-Şiə ixtilaflarını yumşaltmaq sahəsində cəhdi də başqa tarixi hadisələrdən biridir. Onun Səfəvilərə münasibəti ”Fərmani şahi” adlı əmrində əksini tapıb: “Biliniz ki, Şah İsmayıl Səfəvi, 906-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün, Müsəlmanlar arasına fitnə və fəsad soxdu. Əshabi kirami söyməyi, Şiəliyi ortaya çıxardı. Böyləcə Müsəlmanlar arasına böyük bir düşmənçilik saldı. Münafiqlik və saldırmaq bayraqlarının açılmasına səbəb oldu. Elə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır, Müsəlmanlar isə bir-birlərini yeyir.”

Ağa Məhəmməd Şah gerçək güc hesab etdiyi ruhanilərlə münasibət qurmağa, onunla dil tapmağa çalışmışdır. Yeni hakimiyyət Şiə ruhanilərinin rəğbətini qazanmaq üçün nüfuzlu din xadimlərinə mütəmadi olaraq hədiyyələr göndərirdi.

Eyni zamanda ilk Qacarlar ruhaniliyi dövlət idarəçiliyindən uzaq tutmağa çalışmış, hətta onların əsas gəlir mənbəyi olan vəqflərin bəzisini ələ keçirməyə müvəffəq olmuşdu. Tehran sarayı bütün böyük şəhərlərə hökumətdən yüksək maaş alan şeyxülislam və imam-cümələr təyin edir, onları yerlərdə siyasətinin müdafiəçisinə çevirməyə çalışırdı. Bununla belə ruhani təbəqəsi özünün iqtisadi gücünü və nüfuzunu qorumağı bacardı. Ümumilikdə o, Qacarların hərəkətlərini narahatlıqla izləyir, əhali ilə hakimiyyət arasında orta mövqe tutmağa çalışır, hətta Qacar hakimiyyətini ara-sıra tənqid etməkdən belə çəkinmirdi. Bu da ruhaniyyətin nüfuzunu daha da artırır, Şiəliyin güclənməsinə şərait yaradırdı.

XIX yüzildə ruhanilərin yuxarı dairələri bir neçə dəfə şah hakimiyyətinin maraqları ilə üst-üstə düşməyən təşəbbüslərdə bulunmuş, bəzən hətta onunla birbaşa münaqişəyə girməyə belə özündə güc tapa bilmişdi. Məşrutə inqilabı dövründə Fars Şiə liderlərinin fəal iştirakı ilə Qacarların hakimiyyəti məhdudlaşdırıldı, daha sonra isə yenə onların fəal iştirakı ilə Fars irqçiliyinin nümayəndəsi Rza Pəhləvi ilə əvəzləndi. İslam Cümhuriyyətinin tarixi köklərinin Səfəvi teokratiyasına gedib çixması mütəxəssislərin vurğuladığı gerçəklikdir.

Milli fikir tarixində zamanında Səfəvi mövzusu diqqətçəkən mövzulardan olmuşdur.
Düz 100 il öncə Məmməd Əmin Rəsulzadə məşhur “İran Türkləri” silsilə məqalələrində İran Türklərinin farslaşmasından bəhs edərək, bu prosesdə iki amilin – Fars dili və Şiəliyin xüsusi rol oynadığını bildirmişdir. İkinci amil haqqında o yazmışdır: “Şiəlik İran Türklərini o qədər farslaşdırmışdır ki, indi onlar özlərini Türkləşmiş Fars, yə’ni əslən İranlı tələqqi edərlər!” Şiəliyin də rəsmi məzhəbə çevrilməsi Səfəvi dövrünün olayıdır. Bunu heç kim inkar edə bilməz.

Əhməd Ağaoğlu hələ 1900-cu ildə (14 apreldə) “Kaspi” qəzetində yazdığı məqalədə göstərirdi ki, Farslar İslam dünyasını böldülər, “ən dağıdıcı sosial-dini meyllərə malik sektalar yaratmaqla İslamı içindən gəmirdilər”. Əhməd Ağaoğlunun çeşidli əsərlərində üstündə xüsusi durduğu məsələlərdən birisi də Şiəliyin İslam aləmində, bu sıradan İran coğrafiyasında oynadığı roldur. Səfəvilər dövründə Şiəliyin zorla yeganə məzhəb elan edilməsi böyük bir coğrafiyada etnik-kültürəl prosesin yönünü dəyişdirdi. Bu, Əhməd Ağaoğluna görə, “Şərq və bilxassə Türk tarixi üzərinə dərin və fəlakətli təsirlər icra etdi.” Şiəliyin zorla dövlət məzhəbinə çevrilməsi həm də “İranın fikri və hissi qaynağını qurutdu. Zira bundan sonra artıq bütün fikri və hissi qüdrətlər bu məzhəbi doğrulamağa, onun əsaslarını və nəzəri qismini qüvvətləndirməyə həsr ediləcək, məntiq sxolastiki və səfsətə bir əməlin vasitələri olacaq!”

Milli şairimiz Sabirin Sünnü-Şiə ziddiyyətlərindən içi yana-yana yazması, Molla Nəsrəddin məktəbinin başqa üzvlərinin eyni məsələdən bəhs etmələri, Nəriman Nərimanovun Nadir Şah mövzusuna müraciət etməsi kimi faktlar gərək təsadüf sayılmasın.

Xarici Türkologiyada və İranşünaslıq ədəbiyyatında bu mövzu çoxdan özünə yer edib. Bir neçə örnək verək.

Böyük tarixçi Zeki Velidi Togan Səfəvilər dövrünü, ilk növbədə Şah Abbasın hakimiyyət illərini “Türk topluluğu üçün bir fəlakət dövrü” saymışdır.

Tarixçilər radikal Şiəliyin Farslığın işinə yaradığını, Türk okeanında əriməmək üçün onların Şiəliyə sarılmalarını qeyd edirlər. Ünlü şərqşünas Vladimir Minorski yazır ki, Şiəlik olmasaydı Farslar “Türk hücumlarının dalğaları altında boğulub gedərdi. Vəcd xarakteri daşıyan bu yeni din, mərkəzi hakimiyyətin gücləndirilməsinə yardım etdi. Digər yandan, əsasında İran (Fars nəzərdə tutulur-N.N. ) milllətçiliyi ilə heç bir əlaqəsi olmayan bu yeni doktrin İranlıların (Farsların – N.N.) mücərrəd İslamiyyət içində, daha doğrusu, gerçəklər baxımından Türk okeanı içində əriməsinə qarşı qoyma haqqını təmin edən bir ada vəzifəsi gördü.” Tarixin paradoksu ondadır ki, Farsları bu okeanda əriməkdən xilas edənlər elə Türklərin (Qızılbaş Tərəkəmələri, Türklüklərini qəbul etdiyimiz təqdirdə Səfəvilər) özü oldu.

Akademik Bartoldun Şüubiyyə hərəkatının Farsların keçmişində oynadığı rol haqqında məqaləsi güvənilir qaynaq sayılmaqdadır. İranın özündə bu hərəkat haqqında çox araşdırma var. Ən son örnək olaraq məşhur İran tarixçisi Nasir Purpirarın əsərlərini göstərmək olar.

Əski İran dövlətinin bərpasında Səfəvilərin oynadığı rol haqqında Qərb tarixçiliyində yüzlərlə qaynaq var. Daha dəqiq ifadə etmiş olsaq, xarici tarixçilik əski İran dövlətinin bərpasını Səfəvilərlə izah edir. Ən son örnək Andrew J. Newman’ın “Safavid Iran: Rebirth of a Persian Empire” (Səfəvi İranı: Fars İmperiyasının Yenidən Doğuşu) kitabıdır. Üstəgəl, indiki İran İslam Respublikasının tarixi köklərinin Səfəviliklə bağlı olduğunu yazırlar. Onların hamısını Orientalist saymaq doğru olmazdı. Demək olarmı, dünyanın bütün tanınmış tarixçiləri Fars irqçisidir? Deyil!

Biz isə deyirik ki, onların yazdığı yalandır, Səfəvilər “Azərbaycan dövlətçiliyinin
Şah İsmayıl
Şah İsmayıl
əsaslarını qoydular”, “Azərbaycan dilini dövlət dili elan etdilər”, “iki milyon kvadrat kilometlik imperiya qurdular” və s. yersiz, əsassız, faydasız iddialar.

Ümumiyyətlə, rəsmi tarixçiliyimizə münasibət, daha vacibi isə onun özü dəyişməlidir. Son 40-50 illik keçmişi deməyə heç ehtiyac yoxdur, bu, siyasi məsələdir. Heç olmasa əski və orta çağlar dövrü tarixi konsepti dəyişməlidir. Sovet dövründə onlarla zəhmətkeş, savadlı tarixçimiz yetişdi. Amma total nəzarət neçə-neçə istedadın parlamasına, faydalı məhsul verməsinə mane oldu. Əlbəttə, bunların arasında düşüncə qulları da vardı. İndi də var – həyatını hansısa problemin araşdırılmasına sərf edib, ayrıntılarına qədər hadisəni, prosesi bilir, amma bu problemin dəyərləndirilməsində tələbədən də zəifdir.

Bizim bugünkü siyasi düşüncəmizin əsas suallarından biri budur: İndiki İran əhalisinin ən azı yüzdə qırxının Türk olmasına baxmayaraq, bu gün belə Türklər Fars kültür orbitindən çıxa bilməyiblər. Niyə? Yuxarıda adını çəkdiyim siyasət və elm adamları bunun izahını verməyə çalışıblar. Güntay Gəncalp da bu iztirablı suala cavab aramış, nəticədə bu kitabı ərsəyə gətirib. Bu kitabın mahiyyətini anlamaq üçün onu bir deyil, bir neçə dəfə oxumaq lazımdır. Həm mövzu qəlizdir, qatıb-qarışdırılıb, həm də müəllifin dili, ifadə manerası adət etdiyimiz dil və manera deyil. Əlbəttə, yazarın dili çətin ola bilər, ayrı-ayrı yanlış fikirləri də ola bilər. Ancaq bu, kitabı önəmsiz edə bilməz.

Bu əsər daha ciddi, akademik dartışmaya layiqdir. Həqiqətin tapılması üçün məhz konstruktiv dartışmanın olması gərəkdir. Arzu etdiyimiz akademik dartışma olmasa da bu kitab təsir qoyacaq. Ən azından şüurlarda rəsmi tarix konseptinə şübhə yaradacaq, suallar doğuracaq. Bu da böyük işdir. Bu xidmətinə görə Güntay Gəncalpa minnətdar olmalıyıq. İndi də olmasa yaxın gələcəkdə minnətdar olacağıq.

Bir neçə kəlmə də kitabın tənqidi haqqında. Tənqidin tənqidi doğru sayılmaya bilər- hər kəs öz fikrini azad şəkildə ifadə etmək haqqına sahibdir. Amma hörmətli Əkbər Nəcəfin müəllif haqqında öfkəli-qəzəbli, təhqirli-aşağılayıcı fikirləri heç cür qəbul edilə bilməz. Bildiyim qədərincə, o gəncdir, “Homos sovietikus” deyil. Amma maraqlıdır, o, elmi düşüncə azadlığına niyə belə düşməncəsinə yanaşır?

Kitabdakı və dartışmalarda hallanan ayrı-ayrı faktların önəmini azaltmaq fikrindən uzağam. Amma məncə, dartışmalar Səfəvi dövrü dediyimiz XVI-XVII yüzillərdə siyasi, hüquqi, dini-ideoloji həyatdakı taleyüklü dəyişmələrin milli tariximizdə oynadığı rol ətrafında getməlidir. Onda milli tariximizin dərkində bir addım irəli gedə bilər, Səfəvi müəmmasını çözə bilərik.

Əkbər Nəcəfin Şüubiyyə ilə Səfəvilik arasında əlaqənin daha əsaslı, tutarlı şəkildə izahı haqqında iradı qəbul edilməlidir. Şüubiyyəni anlamadan milli tariximizi anlamaq mümkün deyil. Bizim tarixçilikdə bu barədə heç nə yoxdur.

Hələlik kitabın əsas ideyası haqqında deyil, ayrı-ayrı faktlar üzərində durulur. İttihamedici, aşağılayıcı üslub isə dartışmaları soyudacaq. Təklif edirəm: müəllifin savadlı, ya savadsız olması deyil, hansı fikrinin nəyə görə həqiqətə uyğun gəlmədiyi, ya şübhəli olduğu təhlil edilsin. Tarix əsəri də, onun tənqidi də ittihamedici olmamalıdır, bu işin anlamı da yoxdur. Analizdir, müqayisədir, keçmiş təcrübədən dərs almaqdır onun missiyası.

Nəsib Nəsibli, tarix professoru.
XS
SM
MD
LG