Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Elmar Hüseynovun 45 yaşı olur


Arxiv foto: Elmar Hüseynovun qəbri ziyarət olunur
Arxiv foto: Elmar Hüseynovun qəbri ziyarət olunur
Atılan güllələr ömrünü 37 yaşda qırdı. Qırılan onun ömrü olmadı təkcə. Həm də ailəsinin, doğmalarının taleyi param-parça oldu. Bəlkə də əli qələm tutan kimlərinsə gözü qırıldı...

Yaşasaydı, bu gün 45 yaşı olacaqdı Elmar Hüseynovun, «Monitor» jurnalının redaktorunun. Amma bu gün doğmalar onu təbrik etmək üçün məzarı üstünə gediblər. Atası və qardaşı təbrikə gələnləri qarşılamağa hazırlaşırlar. Ona görə Sabir kişi danışmaq belə istəmir:

– Gözləyirəm, adamlar artıq gəlirlər. Ona görə danışa bilmirəm. Sağ olun.

Az sonra müxalifət partiyasının liderləri, ictimai qurumların rəhbərləri, jurnalistlər ürək sözlərini bölüşürlər.

«ELMAR YAŞASAYDI NƏ OLARDI?»

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
Elmar Hüseynovun dostu Şahbaz Xuduoğlu vətəndaş cəmiyyətini günahkar saydı ki, redaktorun qatillərinin həbsinə, bu qətlin sifarişçilərinin həbsinə hələ də nail ola bilməyib:

- Bizdə bir söz var: «Torpaq üstündə ölən varsa vətəndir». Məncə, Vətən odur ki, üstündə yaşaya biləsən. Təəssüf ki, Elmar kimi insanlar bizim vətəndə yaşaya bilmirlər. Ya burdan gedirlər, ya da torpağa gömülürlər. Elmar qalsaydı, yaşasaydı nə olardı? Onun bir Aslan yox, bir neçə aslan oğlu olardı. Həftəsonları ailəsiylə harasa gedərdi? Paralel olaraq yəqin bu eybəcərliklərə münasibət bildirərdi... Adam özünü günahkar sayır ki, niyə məhz Elmar qətlə yetirildi? Onun həyatı dağıldı... Elmar, ad günün mübarək! Sən qəbirdə daha düzsən. Biz isə əyriyik!.

«UZUN ÖMÜR ARZULAYARDIM»

Həmin tədbirdə çıxışçıların hamısı qatillərin tapılmasını istədi və bunu arzuladı. Bacısı Esmira Hüseynova isə deyir ki, onun Elmara bircə arzusu olardı.

- Mən Elmara? Uzun ömür... deyərdim. Bacı qardaşa nə deyə bilər. Əgər yaşasaydı, ona uzun ömürdən başqa nə arzulaya bilərdim? Bir neçə övlad və uzun ömür. Xoşbəxtlik...

«HARA KÖÇSƏM, İKİNCİ SORT OLACAM»

Esmira Hüseynova deyir ki, qardaşının yazılarını həmişə oxuyub. Həmişə də qorxub onun üçün:

Oxuyurduq da, qorxurduq da. Ən çox qorxan anam idi. Yaxşı ki ölümünü görmədi. Araları bir il bir ay çəkdi. Həmişə deyirdi ki, tərk elə Azərbaycanı, çıx get bu ölkədən, burda yaşama. Demirdi yazma, deyirdi köç burdan, sənə yazmağa, əməlli-başlı yaşamağa imkan verməyəcəklər. O da deyirdi ki, mən sizi ata bilmirəm. Həm də deyirdi ki, hara köçsəm orda ikinci sort olacağam, immiqrant kimi. «Orda özümü birinci sort adam kimi hiss edə bilməyəcəyəm» deyirdi. Necə deyim «ya tam nikoqda svoim ne stanu, tam svoimi stanut tolko mai vnuki» deyirdi.

– Bu gün Elmar Hüseynovun xanımı və oğlu da xaricdədir. Onlar həmin cəmiyyətə alışa biləcəklərmi?

Uşaq üçün asan olacaq. Köçəndə 2 yaşı vardı, ağlı kəsmirdi. Ruşaniyyə xanım isə həmişə köçmək istəyirdi. Həmişə Elmara deyirdi ki, köçək. Bir dəfə Elmar əsəbiləşib dedi ki, ancaq meyitimin üstündən keçib gedərsən. Elə bil hiss edirdi hər şeyi...

– Təəssüflənirsizmi ki, niyə o yazıları yazdı və...

Yox! Yazmaya bilməzdi. Yazmasaydı, yaşamazdı.

– Qatilləri hələ də azadlıqdadır.

Mən bu haqda danışmaq istəmirəm. Onsuz da xeyri yoxdur. Nə üçün danışım?...

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın blokunda öldürülüb. O zaman İlham Əliyev qatili tapmaq üçün istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli törədənlərin Tahir Xubanovla Teymuraz Əliyevin olduğunu, Gürcüstanda gizləndiklərini bildirdi. Amma həmin şəxslər bu gün də həbs olunmayıblar.

Arif Əliyev
Arif Əliyev
Bu il jurnalistin ölümündən 7 il ötdü. Qətlin üstünün açılmasına daha nə qədər vaxt lazımdır? «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

«Çətindir cavab vermək. Açığı, ölkədəki siyasi mühitlə, siyasi qərarla birbaşa bağlılığını görürəm. Təəssüf ki, başlıca şərt siyasi iradədir, siyasi rejimdir. Ona görə də suala indi cavab verməyə hazır deyiləm».

RƏBİYYƏT ASLANOVA: «QATİLLƏR CƏZALANDIRILACAQLAR»

Parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə deyir ki, Elmar Hüseynov da Azərbaycan vətəndaşı idi və onun qatillərinin tapılması çox önəmlidir:

«Bu gün hüquq-mühafizə orqanları onun qatillərini tapmaq üçün bütün işləri görürlər. Biz inanırıq ki, qatillər cəzalandırılacaq. Biz cəzasızlıq mühitində yaşamırıq. Hüquq-mühafizə orqanlarının işini yaddan çıxarmaq olmaz. O istintaqın işinə müdaxilə etməmək üçün biz daha geniş açıqlama vermirik. Amma qatillər cəzalandırılacaqlar».

İstintaqı aparan MTN-dənsə açıqlama ala bilmədik.

Elmar Hüseynovun atası Sabir kişisə ümidini üzməyib:

- Allah var yuxarıda. Bilirəm kimlərdir, nədir. Çox adam bilir, dostları da bilir. Cəzalarını alacaqlar. Bir az geci-tezi var.
XS
SM
MD
LG