Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

Quba hadisələrində yeni adlar


Quba hadisələri zamanı, 1 mart 2012
Quba hadisələri zamanı, 1 mart 2012
Quba hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilən daha 4 nəfərin adı məlum olub. Bunlar Samit Talıbov, Mətləb Dadaşov, Sərvin ÇobanovSəxavət Ələkbərovdur.

Bu barədə AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının şimal bölgəsi üzrə əməkdaşı Aftandil Məmmədli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin adları ilk dəfə avqustun 22-də Quba hadisələri ilə bağlı keçirilən birinci məhkəmə prosesində açıqlanıb.

«İndiyə qədər bu 4 nəfərin adı heç yerdə çəkilmirdi, heç biz də bilmirdik. Onların hamısından rayonu tərk etməmək barədə iltizam alınıb».

Avqustun 22-də onlarla birgə daha 4 nəfər təqsirləndirilən şəxslə bağlı ilk məhkəmə prosesi keçirilib. Bəzi şəxslərin vəkilləri olmadığından proses avqustun 28-ə qədər təxirə salınıb. 8 nəfərin hamısı Cinayət Məcəlləsinin 3 maddəsi ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhvetmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla əmlakı qəsdən məhvetmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə ittiham olunurlar.

3 İLDƏN 7 İLLƏDƏK

İttihamlar təsdiqlənsə saxlanılanları üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılmışdı.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hadisələrə görə 30-dan çox adam istintaqa cəlb olunub. Onlardan bəziləri haqqında həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin arasında Qubadakı Xəyal TV-nin baş direktoru və redaktoru da var.
XS
SM
MD
LG