Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:35

Seyid Ramin. Kəfənə bürünən çılpaq adamlar


Seyid Ramin
Seyid Ramin
-

Bu şeirlər son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Seyid Ramin


YENİ ŞEİRLƏR


Kəfənə bürünən çılpaq adamlar

Özgənin tutduğu şam işığında,
Ömrümüz şam kimi əriyib gedir.
Özümüz dünyaya bata bilmirik,
Nurumuz dünyanı bürüyüb gedir.

Allah dərgahına əl aça-aça,
Tikanlar böyüyür gül aça-aça,
Ayaq tuta-tuta, dil aça-aça,
İndi də yalanlar yeriyib gedir.

Sirrini kiməsə aça bilməyib,
Heç vaxt kölgəsindən qaça bilməyib,
Ömrümüz dünyadan köçə bilməyib,
Qalmış qızlar kimi qarıyıb gedir.

Çürümüş adamlar, alçaq adamlar,
Qəbirin altında torpaq adamlar,
Kəfənə bürünən çılpaq adamlar,
Cəsədin dünyaya sırıyıb gedir.


Ruhum əynimə böyükdür

Hələ yeriyə bilmirəm,
Belə yeriyə bilmirəm,
İçində itib batıram,
Bədən əynimə böyükdür.

Əynimə biçdiyim ruhum,
İçinə keçdiyim ruhum,
Niyə boyumdan balaca,
Nədən əynimə böyükdür?!

Ay molla, qadanı alım,
De bir balacasın alım,
Axı boyuma biçdiyin
Kəfən əynimə böyükdür.


Vaxt öldürürən qatil

Bu yollarda qoyaraq iz,
Səliqəli, səliqəsiz,
Sürücülük vəsiqəsiz,
Hələ də ömür sürürəm.

Məni qatil bilir çevrəm,
Qatillər olsa da dövrəm,
Amma mən qatil deyiləm,
Mən yalnız vaxt öldürürəm.

Bəxtimə yas saxlayaraq,
Gözlərimi bağlayaraq,
Öz dərdimə ağlayaraq,
Camaatı güldürürəm.


Bəxtim olsa idi, bəxtim olardı

Məndən öz bəxtimi borc istəyən dost,
Buna mən yazığın yoxdu imkanı,
Mən bədbəxt insanam məndə bəxt hanı?
Bəxtim olsa idi, bəxtim olardı.

Qoy mənə dərs olsun keçdiyim bu dərs,
Bədbəxt tənliyimin yox xoşbəxt həlli,
Görən necə olar belə təsəlli?
Mən xoşbəxt bədbəxtəm, bədbəxt xoşbəxtəm.

Mən belə dünyanın nəyini deyim?
İşsizlik vaxtında düşmüşəm işə,
Gələndə mənimlə axı görüşə,
Nə üçün bəxtimi bəxtim gətirmir?

Bəxtimiz belədi bizə həmişə,
Xoşbəxtlər yad olar, bədbəxtlər qonşu.
Gəlsə biz tərəfə xoşbəxtlik quşu,
Qonar başımıza batırmaq üçün.


Özümdən uzağa getmir

Mənim böyütdüyüm əcəl,
Bir az sakit, bir az dəcəl,
Gözün açıb məni görüb,
Gözümdən uzağa getmir.

Sən demə bu xəyanətdi,
Mən deyərdim əmanətdi,
Sən mənə verdiyin çörək,
Dizimdən uzağa getmir.

Bağışla məni, bağışla,
Bu küləkdə, bu yağışda,
Sənə atdığım hər addım,
Özümdən uzağa getmir.
XS
SM
MD
LG