Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:37

Məsudi Dövran. Şeirlər


-

Yadıma düşdü

Eşitsin səsimi Talış dağları,
Narıngi bağları, limon bağları.
O toylu-büsatlı bahar çağları
Məhsulun ilk payı yadıma düşdü.

Saçaxlı söyüdlər sahili bəzər,
Ləpələr telinə mirvari düzər,
Əl-ələ tutuşar, sındırar, süzər,
Qızların halayı yadıma düşdü.

Gözəllik - bu yerin yaraşığında,
Tarlalar yeddi rəng qarışığında,
Xəzəri dinlədim ay işığında,
Anamın laylayı yadıma düşdü.

Gecə də, gündüz də nur yağır göydən,
Çeşmələr məst olur yanıqlı neydən,
Ləzizdir, dadlıdır hər cürə meydən,
Ətirli tünd çayı yadıma düşdü.

Astara - yurdusan şöhrətin-şanın,
Bahar səfalıdır qarın-boranın,
Birləşən qolların dağın-aranın,
Yolların dolayı yadıma düşdü.

Səndə gəncliyimin dağ gürşadı var,
Qəlbimin ilk eşqi, ilk muradı var,
Doğma torpağında ömrün dadı var,
Hər ili, hər ayı yadıma düşdü.

Sırdərya, 1977


Talıstan

Gəzdim səni başdan-başa,
Gədiklərdən aşa-aşa,
Necə varsan, elə yaşa,
Talıstanım, Talıstanım!

Keçmək olmur sıx ormanı,
Çiçəklərin can dərmanı,
Başında tut asimanı
Talıstanım, Talıstanım!

Çaylarını dinləyərəm,
Ayrı düşüb inləyərəm,
Göydən ulduz dənləyərəm,
Talıstanım, Talıstanım!

Sən Məsudu qonaq bilmə,
Camalından uzaq bilmə,
Yar gözütək çıraq bilmə,
Talıstanım, Talıstanım!

Cizak, 1979


Ay talış qızı

Sanki tərlan kimi qanadlanırsan,
Mağarda süzürsən, ay Talış qızı.
Bu toyun-büsatın yaraşığısan,
Baxıb can üzürsən, ay Talış qızı.

Bu yaylaq sənindir. bu dağ sənindir,
Gözüntək dupduru bulaq sənindir,
Min bir çiçək açan oymaq sənindir,
Naz ilə gəzirsən, ay Talış qızı.

Əlik səsi gəlir sıx meşələrdən,
Həmişə uzaq ol əndişələrdən,
Dəstə bağlayırsan bənövşələrdən,
Saçına düzürsən, ay Talış qızı.

Gözaltı baxırsan ceyran sayağı,
Çəkirsən sinəmə dağ üstən dağı,
Bu lalə yanağı, bəyaz buxağı
Kimə görkəzirsən, ay Talış qızı.

Dilim gəlmir deyəm: səni yanasan,
Məni görə-görə baxma yana sən,
Göz yaşım bir göldür, sən bir sonasan,
Çalxanıb üzürsən, ay Talış qızı.

Bakı, 1971


Görürsən

Çoban qardaş, dağ başından baxanda,
Qardaş eldə Savalanı görürsən.
Bu torpaqda iki dünya qurulub,
Bu cahandan o cahanı görürsən.

Duman deyil, ahdır dağı bürüyən,
Sal buz deyil, candır hər gün yeriyən,
Əyri yolda dalğa-dalğa yeriyən
Zınqırovlu bir karvanı görürsən.

Min bir aslan qalıb dəmir tələdə,
Qız-gəlinlər qəm daşıyır şələdə,
Qayaların gözlərindən hələ də
Bulaq olub axan qanı görürsən.

Qoyun-quzu o tay-bu tay mələşir,
Oğul uşaq su tullayıb çiləşir,
Buynuz vurur, buğa dağla güləşir
Kənd üstündə boz xırmanı görürsən.

Səs verirsən orda dinən tütəyə,
Arı gəlir bu taydakı çiçəyə,
Ayrılıqdan xal düşməzmi ürəyə,
Yaxın, uzaq bir hicranı görürsən.

Bakı, 1971


Dedilər, dedim

Dedilər gözlərindən axan bu qan-yaş nədir?
İgid şəhidlərimin qızıl qanıdır dedim.
Dedilər yurdundakı amansız savaş nədir?
O xain qonşumuzun bir böhtanıdır dedim.

Dedilər bilirik ki, sizinkidir Qarabağ,
Ala yaylaq, ala dağ, diş göynədən buz bulaq.
Bəs niyə qaniçənlər əl-qol açır bu sayaq?
Bu döyüş millətimin imtahanıdır dedim.

Dedilər nə çox imiş öz yurdunu satanlar,
İblisin kölgəsində daldalanıb yatanlar,
Dedilər bəs varmıdır bunlara toy tutanlar?
Vardır, o, dar günlərin qəhrəmanıdır dedim.

Gülüstan, 1988


Bilə-bilə mən

Bir dəli sevdanın oduna düşdüm,
Onun bəlasını bilə-bilə mən.
Yandım Kərəm kimi qəm nəşəsində,
Yarım görə-görə döndüm külə mən.

Doyunca dolanıb gəzmədik qoşa,
Yuxusuz gecələr gəlmədi başa.
Həsrət acısını torpağa-daşa
Tökdüm gözlərimdən gilə-gilə mən.

Ağıl yola getməz sevən ürəklə,
Alov səngiyərmi çılğın küləklə?
Kiritdim könlümü şirin diləklə,
Çıxdım qarşısına gülə-gülə mən.

Məsud bir vüsalın təmənnasında,
Nə qədər qalacaq hicran yasında?
Hər gün çırpınıram qəm dəryasında
Hələ çıxmamışam bir sahilə mən.

Cizak, 1991


Şair

Kim məlhəm qoyacaq sinənin üstə,
Səhralar yorğunu yaralı şair.
Hanı Şahağacı, hanı Lənkəran,
Elindən, yurdundan aralı şair?!

Nolar yuva qursan, abad eyləsən,
Sən də daş-divarı bir şad eyləsən,
Məgər eşitməzmi fəryad eyləsən,
Harda itirmisən maralı, şair?!

Qərq olub axarsan hicran seliynən,
Göz yaşın silinməz həmdəm əliynən,
Can-ciyər olsan da özbək eliynən,
İndi haralısan, haralı, şair?!

Cizak, 1991


Özbək gözəli

Tökülür gərdənə yeddi hörüyün,
Ey xumar baxışlı şahanə gözəl.
Araqçın qoymusan, xara geymisən,
Buxağın altında dürdanə gözəl.

Lalə yanaqların bulaq altında,
Birçəyin qıvrılıb qulaq altında,
Xırda çapıq yeri dodaq altında
Dəcəl günlərindən nişanə gözəl.

Gözün gülümsəyir çeşmə gözündə,
Sular surətini saxlar özündə.
Varmı bərabərin bu yer üzündə,
Səni doğan ana Fərqanə gözəl.

Səsin qulağımda mələk səsidir,
İlahi bir eşqin təranəsidir.
Könlüm ayrılığın viranəsidir,
Səninlə görünər viranə gözəl.

Yoxdur sənə layiq dürrüm, gövhərim,
Göndər, Şah dağından gül-çiçək dərim.
Bəlkə də yuxudur bu gördüklərim,
Əfsanə gözəlsən, əfsanə gözəl.

Cizak, 1991


Ana məzarı

Məkkədən, Kəbədən artıqsan mənə,
Ey əziz, ey doğma ana məzarı!
Bizi ayrı saldı ruzigar yenə,
Daşından öpmədim doyunca barı,
Ana məzarı!

Yoxmu bir gələnin, yoxmu həyanın.
Məni görməyinə varmı gümanın?!
Bəlkə yatağında üşüyür canın,
Buludlar tökməsin üstünə qarı,
Ana məzarı!

Sənmisən gözünü yollara dikən,
Baş daşı ağlayıb qanlı yaş tökən?!
Özbək səhrasında hər səhər erkən
Üzümü tuturam Xəzərə sarı,
Ana məzarı!

Üzümə güldükcə yuxuda üzün,
Necə də nurlanır mələk bənizin,
Sanıram başımın altdadır dizin,
Oğlun bu xülyayla uyusun barı,
Ana məzarı!

Daşların yatmayıb, oyaqdır indi,
Ayrılıq sinənə bir dağdır indi,
Məsudun yolları uzaqdır indi,
Gödəlmiş ömürsə yarıdan yarı.
Ana məzarı!

Cizak, 1991
XS
SM
MD
LG