Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:45

«Türkiyə 146 azərbaycanlı ziyalını Stalinə verməyə məcbur idi, əks halda...»


Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
-
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan deyir ki, 1946-cı ildə Türkiyə ona sığınan 146 azərbaycanlı ziyalını SSRİ-yə qaytardı və onlar güllələndi...

Yeni çıxan kitabın müəllifi: «1945-ci ildəki Türkiyənin vəziyyətini başa düşmək lazımdır. Stalin hər vəchlə Türkiyədən Dardanel boğazını və sair bölgələri tələb edir. İsmət İnönü də manevr edir ki...»


«Osmanlının zəifləməsi, Osmanlının daxili təlatümlərə başının qarışması və Avropa dövlətləri ilə müharibədə olması Azərbaycanı Gülüstan-Türkmənçay faciəsinə gətirib çıxardı».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Osmanlının çöküşünə Rusiyadan baxış» kitabının müəllifi yazıçı Adıgözəl Məmmədov söylədi.

HAKİMİYYƏT HƏVƏSİ ONLARIN GÖZÜNÜ BAĞLAMIŞDI

Onun dediyinə görə, istər Səfəvilər, istər Əfşarilər, istərsə də Qacarilər dövründə Osmanlı ilə türk xaqanlarının bərabər ola bilməmələri türk düşmənlərinin işinə yarayıb:

«Hətta zaman-zaman, məsələn, ingilislər Osmanlıya təsir göstərmək üçün Qacarilərin yanında olub. Yaxud da ruslar Osmanlıya təsir göstərmək üçün Nadir şahın yanında olub. Hakimiyyət hikkəsi, şəhvəti ümumtürk məfhumuna onların gözünü bağlayıb. Bu da nəticədə Gülüstan və Türkmənçay faciəmizə gətirib çıxarıb. Ancaq 1918-ci ildə Nuru Paşanın köməkliyi ilə Azərbaycanın müstəqilliyi bərpa oldu. İki il sonra müstəqilliyimizin itirilməsinin ən böyük səbəblərindən biri də Osmanlının çöküşü idi...».

AZƏRBAYCAN ÖZ GENOLOJİ KODUNA QAYITMALIDIR

Müəllifin fikrincə, «Osmanlının çöküşünə Rusiyadan baxış» kitabının özəlliyi müasir Azərbaycan üçün də aktual olmasıdır:

«Azərbaycan keçmiş postsovet ölkəsi olmasına baxmayaraq, həm mədəni irsinə, həm də genoloji koduna görə Osmanlı coğrafiyasına aiddir. Düzdür, müəyyən bir müddət İstanbul sazişinə görə, Osmanlı Azərbaycanda məskunlaşmışdı. Sonradan Nadir şah Əfşar bu müqaviləni tanımadı, Gəncə müqaviləsi bağlandı və Osmanlı buradan çəkildi. Amma bu o demək deyildi ki, bizim Osmanlı mənəvi irsinə aidiyyətimiz yoxdur. Bizim genoloji kodumuz var, biz oğuz türkləriyik. Ona görə də, bizim dövlətçilik ənənələrimiz məhz tarixi keçmişimizdəki bu mədəni irslə bağlıdır.
Osmanlının sonuncu sultanı Mehmet Vahdettin Dolmabahçe Sarayını tərk edir. 1922
Osmanlının sonuncu sultanı Mehmet Vahdettin Dolmabahçe Sarayını tərk edir. 1922
Azərbaycan-türk xaqanları bu mədəni irsdən uzaqlaşdıqca, ona yad olan fars dövlətçilik quruluşuna daha çox üstünlük verdikcə, bu, milli bütövlüyümüzə, ümumilikdə isə türk varlığımıza həmişə zərbə olub. Odur ki, biz tarixdən dərs almalı və öz genoloji kodumuza qayıtmalıyıq».

146 AYDIN... VƏ RƏCƏB TAYYİB ERDOĞAN

Adıgözəl Məmmədov ötən həftə Türkiyə Baş nazirinin 146 azərbaycanlı ziyalı ilə bağlı açıqlamalarına da münasibət bildirdi:

«Recep Tayyip Erdoğan usta siyasətçidir. İncə məqamlardan, zərif nöqtələrdən məharətlə istifadə edir—bu, siyasi mübarizədə işlədilən üsullardan biridir. Amma dövrün reallıqlarını da yaddan çıxarmayaq. 1945-ci ildəki Türkiyənin vəziyyətini başa düşmək lazımdır. Stalin hər vəchlə Türkiyədən Dardanel boğazını və sair bölgələri tələb edir. İsmət İnönü də manevr edir ki, Almaniyanı əzmiş, bütün dünyaya meydan oxuyan Stalinin bu iddialarından qurtulsun. Ancaq sonrakı illərdə Türkiyə NATO-ya üzv olur və bu çətir altında sovet ekspansiyasından özünü qoruya bilir».

ONLARDAN BİRİ MÜHARİBƏ ELAN ETMƏK ÜÇÜN YETƏRDİ...

Qonağımızın fikrincə, belə çətin bir vaxtda ovaxtkı Türkiyə rəhbərliyi bu qərarı vermək məcburiyyətində qalıb:

«Bəlkə də o 146 aydının biri SSRİ-yə qayıtmasaydı, bu hadisə SSRİ-nin Türkiyəyə müharibə elan etməsi üçün bəs edərdi... O başqa məsələ ki, hansı məqsədlə söylənməsindən asılı olmayaraq, bu, hamımızın ürək acısıdır və Erdoğan’ın nə qədər məharətli, usta bir siyasətçi olduğunun göstəricisidir».

«İz» proqramını burada dinlə.


XS
SM
MD
LG