Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:29

Nazim Hikmətlə tanış olanda Vera ərli qadın idi (Şairin son sevgilisinin xatirələri)


Vera Tulyakova və Nazim Hikmət
Vera Tulyakova və Nazim Hikmət

GÜNEL MÖVLUDun tərcüməsində...

-


Onların tanış olmasına... multfilm səbəb olmuşdu...

"Türklər çox qısqanc olur. Sənin ərdə olmadığını bilsə, bizimlə daha rahat işləyəcək. Ssenarini də daha tez yazacaq".

"Nazim, sən artıq neçə il idi ki, Moskvada yaşayırdın və inanılmaz dərəcədə məşhur idin".

"Valentina ilə mən bir-birimizə heç nə demədən düşündük ki, bu adam, Nazim Hikmətə nəzarət üçün təhkim edilmiş KQB casusudu".


Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


Müəllif barədə

...Mən ömrüm boyu Vera qədər həsədlərə tuş gələn ikinci adam tanımadım. Kənardan baxanda adama elə gəlir ki, o, həyat yollarında deyil, həsəd dənizinin dalğaları üzərində addımlayıb.

Qapının paslananda cırıldamağı nə qədər adi hadisədirsə, hətta ən gənc tələbə qızların da Veranün ünvanına həsəd dolu sözləri, qeybətləri də bizim üçün o qədər sıradan hadisə idi.

Bu həsədin səbəbini izah eləmək çətindir. Hikmət çoxdan dünyasını dəyişmişdi, onunla Avropa səfərləri, dünyaca məşhur adlarla görüşlər – hamısı arxada qalmışdı. İndi başa düşürəm ki, bu həsədin səbəbi onun özü,

Veranın həyata açıq-aşkar, nümayişkəranə xoş münasibəti idi. o elə bir ölkədə yaşayırdı ki, «İşlər necədir?» sualına hamı «Sağ ol, hər şey it günündədi» deyə cavab verirdi.

Belə bir ölkədə sevinc və fərəh cəzasız qalmırdı. Vera isə hətta yaşlananda belə gözəl, şux və həyatsevər idi. Onun qızı ilə bizim yanımıza, bağ kirayələdiyimiz İvanteyevkaya gəlməyi yadıma düşür.

Vera xəstəxanadan təzəcə çıxmışdı. O ölümcül xəstə idi və özü də bunu bilirdi. Biz də bilirdik. Ondan özünü necə hiss etdiyini soruşanda təəccüblə dedi:

- Hələ heç vaxt özümü belə gümrah hiss eləməmişəm. Mən Tanrının bəxş elədiyi hər dəqiqədən zövq alıram.

Bunu deyəndə Veranın üzündə bir damcı da gərginlik əlaməti yox idi. Onun təbəssümü də zorakı, əzab dolu təbəssümlərdən deyildi. Mən o vaxt Veraya inandım, indi də inanıram ki, o, düzünü deyirdi...

Veranın bu kitabını oxuyub, onun Hikmətlə söhbətini eşidəndən sonra, mən özümə artıq neçənci dəfə dedim:

- Biz insanlar haqda heç nə bilmirik. Hətta yaxından tanıdıqlarımız adamlar barədə də... Mən Veranın nəyin bahasına o qədər fərəhli, o qədər həyatsevər olduğunu düşünməmişdim, həmişə elə bilmişdim ki, bunlar onun anadangəlmə keyfiyyətləridir...

Nazim Hikmət
Nazim Hikmət
Vera bu kitaba, Nazim Hikmətlə o uzun-uzadı söhbətə görə belə, yəni bizm tanıdığımız Vera olubmuş. O ilk növbətə qorxu hissini itirmişdi və bu, Veranın bir növ fərəhinin, şuxluğunun sığortası olmuşdu.

Dünyasını dəyişmiş Hikmətlə söhbət, ilk oxuda görünəcəyi kimi, ədəbi fənd deyil… Bu doğrudan, əsl söhbədir, bu söhbətin hesabına Vera ilk vaxtlar öz dərdini unutmağa çalışırdı və sonralar davam edən, dərinləşən bu ünsiyyət Veranın həyatının gizli mənası olmuşdu. Vera xatırlamır, Vera xatırladır. Hikmətə olmuşları, birlikdə gördüklərini və yaşadıqlarını, birgə həyatlarının müxtəlf vaxtlarında Hikmətin ona danışdıqlarını xatırladır.

Bu söhbətin özünəməxsus bir cəhəti də var. Müxtəlif məsələlərə, hadisələrə münasibətdə əri ilə heç də həmişə razılaşmayan Vera onun mövqeyinə elə çılğınlıqla təsir etmək istəyir ki, adam Nazim Hikmətin indi də sağ olduğunu düşünür. Özü də o bunu birbaşa eləmir, düşünərək, doğma adamını incitməkdən ehtiyatlanaraq edir. Ritorika ilə deyil, epizodları bir-bir incələyərək edir...

Vera Hikmətdən xeyli gəncdir. Təbii ki, onların həyat təcrübələri arasında xeyli fərq var.

Amma elə şeylər var ki, Vera Nazim Hikmətdən daha müdrik görünür.

Həyat təcrübəsindən danışanda, Hikmət barəsində işlədilən şair-kommunist ifadəsini xatırlatmaq yerinə düşər. Hikmət kommunist-romantik idi.

Nazim Hikmət iyirminci illərdə, vətəndaş müharibəsindən sonra Şimali Rusiyada yaşayır, təhsil alır və dövrünün ən ciddi sənətkarları ilə məhsuldar ünsiyyətdə olurdu. Türkiyəyə qayıdandan sonra o, təqiblərə məruz qalmış, sonra on yeddi il həbsdə yatmışdı.

Bu on yeddi ilin payına iyirminci əsrin ən dəhşətli hadisələri düşmüşdü. SSRİ sərhədlərindən o yana hətta ən azad adamlar ölkəmizdə nələrin baş verdiyindən xəbərsiz idilər (hər şeyi görüb, amma özünü görmürmüş kimi aparan adamlardan söhbət getmir). Həbsxanada Nazim Hikmət nəinki qəzet, hətta kitab da oxuya bilməmişdi.

O, Türkiyədə baş verənlərdən belə, xəbərsiz idi. SSRİ-də baş verənlər barədə isə, Nazim ümumiyyətlə, heç nə bilmirdi. O ancaq arzulaya bilmişdi və arzulamışdı. Həbsdən çıxandan sonra Nazim Hikmət sovet səfirliyinə, «Kuban kazakları» filminin nümayişinə dəvət alanda, filmdəki hadisələri gerçək kimi qəbul eləməsi və arzularının həyata keçdiyini düşünməsi adama qəribə gəlir.

Onun SSRİ-yə ayaq basdığı gün, aeropotdan şəhərə gedəndə yol uzunu gördüyü kasıb komaları açıq səma altında qorunan inqilabaqədərki yaşayış muzeyi kimi qəbul eləməyi barədə söhbəti həm məzəli, həm də kədərlidir.

Axı o, köhnə dostu Meyerxoldu görmək istədiyini deyəndə, o vaxt güllələnməyinin üstündən iyirmi il keçən Meyerxoldun dağlı bölgələrin birində müalicə aldığı barədə cavab eşitdiyini nəzərə alsaq... Sadəlövh romantik Nazm Hikmətin sovet gerçəkliyin necə anlamağının tarixçəsi Volterin qələminə yaraşan məsələdir... Amma o, həqiqətə yaxınlaşırdı.

Onun bu gerçəklə toqquşması, onun bu gerçəkliyin iyrəncliyi ilə apardığı mübarizə, onun qorxusuzluğu və çarəsizliyi – bunları təsvir eləmək isə artıq Şekspirin işi olardı.

Verı Tulyakovanın kitabı isə ən azı diqqət və ehtiramla oxunmağa layiqdir.

Andrey DMİTRİYEV


Vera Tulyakova-Hikmət

NAZİMLƏ SON SÖHBƏTİMİZ


***

Qarşınızdakı kitab ədəbi xatirələrdən ibarət deyil, bu, Nazimlə bizm söhbətimizdir. Bu söhbətə biz o, dünyadan köçəndən iki-üç həftə sonra başlamışdıq – inanın, dünyada
Almaniya - alman yazar Stephan Hermlin və SSRİ-dən Almaniyaya səfər etmiş Nazım Hikmət, Berlin, 1952.
Almaniya - alman yazar Stephan Hermlin və SSRİ-dən Almaniyaya səfər etmiş Nazım Hikmət, Berlin, 1952.
eç bir şey bir-birinə doğrudan da doğma olan insanların münasibətlərini bitirməyə, onların ünsiyyətinə mane olmağa qadir deyil.

Bu söhbət 1963-cü ildən 1965-ci ilə qədər, gecələr uzunu (məncə belə daha rahat idi) sürmüşdü. Bu söhbətdən çoxlu yazılı vərəqlər qaldı və bunu, mənim qədər, Nazim də bilirdi. İndi əsas olan – budur.

Vera
Moskva, 1977


Keçən dəfə, mən sənin məzarının yanındakı mavi oturacaqda oturub, səninlə səssizcə pıçıldaşanda, yanımdan əzəmətli yerişi ilə adamı təəccübləndirən bir qarı keçdi. Qadın təkəbbürlə mənə baxıb, yoluna davam elədi. Sonra mən onun səsini eşitdim:

- Bir qadın vardı. Başına tac qoydular – kraliça oldu. İndi tacı başından çıxarıblar. Yerdə adi bir qadın qalıb.

Düzdü, o, «qadın» sözünə «gözəl» ifadəsini də əlavə elədi. Şairanə qarı idi. Heyif, o sözləri sən eşitmədin. Sənin xoşuna gələrdi. Bilirəm. Sənsə yanımda oturmuşdun, elə yaxın idin ki, dizlərimz bir-birinə dəyirdi və sən həmşəki kimi soruşurdun:

- Nə fikirləşirsən, Verusya? Nə fikirləşirsən?

Sənin məzarının yanında beynim açılır, yüngülləşirəm. Biz yenə bir yerdəyik. Mən tək deyiləm. Belə dəqiqələrdə mənim üçün heç bir problem, qayğı olmur, hər şey uşaqlığımdakı kimi rahat və işıqlı olur.

Dünya yerində dayanır və fikirlərim kimi, hər yeri rahatca dolanır. Biz sənin məzarının yanındakı mavi oturacaqda oturub, səssizcə pıçıldaşdığımız ərəfədə zamanlar bir-birinə qarışır, yollar qovuşur, məsafələr yaxınlaşır və bütün bu görüntülərin, obrazların arasından səsimizin əks-sədası eşidilir.

Biz 1955-ci ilin şaxtalı dekabrında tanış olmuşduq. Mən VQİK-i təzəcə bitirib, “Soyuzmultfilm” kinostudiyasında redaktor işinə düzəlmişdim. Aldığım birinci tapşırıq bir alban xalq nağılına film çəkmək idi.

Hansısa siyasi tarix yaxınlaşırdı və biz həmin filmi təcili təhvil verməli idik. Hər şey yolunda idi, mən çox gözəl bir alban xalq nağılı tapdım və biz ssenari hazırladıq. Amma işə əsas adamlar – rəssamlar (bu, əsl dəhşət idi!) başlayan kimi iş dayandı. Məlum oldu ki, kinostudiyada heç kimin Albaniya barədə zərrəcə təsəvvürü yoxdu.

Heç kim orada olmayıb və buna görə də heç kim nə oranın mənzərəsini, nə geyimlərini, nə məişətini, bir sözlə, hansısa millətin həyatını, ovqatını göstərə biləcək heçcə nəyini təsvir edə bilməyəcək. Biz məsləhətçi axtarmağa başladıq. Qarşımızda plan vardı, rəhbərlik narazılıq eləyirdi. Mənimlə birlikdə bütün həmkarlarım da məsləhətçi axtarırdı. Nəhayət, rejissorlardan biri az qala zarafatla təklif elədi ki:

- Gəlin, Nazim Hikməti çağıraq. Axı, türklər düz üç yüz il Albaniyaya rəhbərlik eləyiblər. Nazim bu şeyləri bilər.

Şöbə müdirimiz filosofyana dedi:

- Neynək, həyatda hər şey ola bilər, Vera. Ya Nazim Hikmət sizi başından birdəfəlik rədd eləyəcək, ya da kömək edəcək. Amma, bir məsələ var ki, onun nömrəsini hardan tapacaqsınız. Yəqin ki, ona yaxınlaşmaq mümkün deyil, nömrəsini də gizli saxlayırlar...
Günorta idi. Mən Yazıçılar İttifaqına zəng elədim və heç bir çətinlk çəkmədən sənin Peredelkinodakı bağ evinin və Moskvadakı mənzilinin nömrəsini aldım.

Nazim, sən artıq neçə il idi ki, Moskvada yaşayırdın və inanılmaz dərəcədə məşhur idin. Adın qəzet səhifələrindən, şəhər boyu yayılan teatr afişalarından düşmürdü. Kitab dükanlarında həmişə şeirlər kitabların olurdu. Tez-tez radioda, televiziyada çıxış eləyirdin. Sən əfsanəvi adam idin...

Sənə zəng eləyib, xahişimi deyəndə, dedin:

- Əzizim, gəlin, danışaq.

Qulaqlarıma inanmadım:

- Nə vaxt gəlim?

- İşiniz təcilidisə, elə indi gəlin.

Rejissor Valentina Brumberqlə sənin yanına gəldik. Qapını üzümüzə açanda, bizi təzə dəmlənmiş tünd qəhvənin ətri vurdu. Başımı qaldıranda sənin qızılı-qıvrım saçlarını gördüm. Sən bizə soyunmağa kömək elədin – bu vaxt mənim qoyun dərisindən olan şubamı az qala yerə salacaqdın.

Bizi böyük, az qala boş qonaq otağına ötürdün. Bura elə bil müvəqqəti, bir az da zarafatyana düzəldilmiş otaq idi.

Otağın ortasındakı böyük, dairəvi masanın üstü əlyazmalarla dolu idi. təxminən qırx yaşlarında, qaraqabaq br adam əlyazmalarla işləyirdi, bizi görəndə o, sadəcə başını
Nazim Hilmətin Moskvadakı məzarı
Nazim Hilmətin Moskvadakı məzarı
ərpədib, salam verməklə kifayətləndi. Bu adam – tərcüməçi Əkbər Babayev idi. Qara kostyumlu, qara köynəkli, tünd qara saçlı, bu qaraqabaq adam bizim multfimlərdəki tabut ustalarına oxşayırdı.

Valentina ilə mən bir-birimizə heç nə demədən düşündük ki, bu adam, Nazim Hikmətə nəzarət üçün təhkim edilmiş KQB casusudu.

İndi başa düşürəm ki, belə deyilmiş, qətiyyən belə deyilmiş...

Məlum oldu ki, telefonda danışana səndən nə tələb olunduğunu başa düşməmisən və bir türkün hansısa filmdə alban mədəniyyəti üzrə məsləhəçi kimi dəvət olunduğuna gülmüsən. Amma sən bizim bu filmi özlərinin kinosu olmayan alban uşaqlarına hədiyyə eləyəcəyimizi biləndə, bizə kömək eləməyə ürəkdən razılaşdın. Biz eskizləri bağlamalardan çıxarıb, döşəməyə düzəndə, sən marağını gizlətmədən bizim yanımızda vurnuxurdun. Sonra sən əyilib, eskizlərə baxmağa başladın. Biz kirimişcə baxırdıq. Sən diqqətlə baxırdın. Birdən qəzəblə qışqırdın:

- Mən naturalist incəsənətə nifrət eləyirəm!

İkimizin də rəngi ölü kimi ağardı. Dəhşətə gəlmiş Valentina Brumberq özünü ələ alıb, söhbəti bərpa eləməyə çalışdı:

- Nazim, əzizim, siz naturalizmi sevmirsiniz? Sizcə, naturalizm nədir?

Sən bircə an da düşünmədən cavab verdin:

- Baxın, əgər indi bu otağa köynəksiz bir adam girsə, bu realizm olacaq. Amma şalvarsız adam girsə – bunun adı naturalizmdi.

Bunu deyəndən sonra birinci özün güldün. Sonra karandaşı götürüb, nağılımızın süjetini çəkməyə başladın. Kasıb alban oğlanın necə geyinə biləcəyini, şalvarını, qurşaq bağlamığını, çoban torbasını çiyninə necə keçirdiyini, cürdəklərin naxışlarını, divardakı xalçaların motivlərinin necə ola biləcəyini göstərdin... Sonra söz verdin ki, filmin eskizləri hazır olanda, studiyaya gəlib, rəssamlarla görüşəcəksən.

Valentina ilə mənim işimiz qurtarsa da, sən bizi buraxmadın. Məni narıncı divarda o dəqiqə gözə çarpan bir rəsm əsərinin yanına apardın. Bu – qəribə bir rəsm əsəri idi. Elə bil güllələrlə eybəcər şəkildə dəlik-deşik edilmiş, bir parça torpağı taxta çərçivəyə salmışdılar. Topa-topa qurumuş yağlı boyanın üzəri başdan-başa köhnə dəmir parçaları ilə dolu idi. Sən dedin ki:

– Bu əsəri mənə Konstantin Simonov bağışlayıb. Onu bir rus əsgəri Stalinqrad döyüşündən sonra qalan qırıntılardan hazırlayıb.

Heyif, Nazim, biz o əsəri saxlamadıq. O əsər iki il bizim qonaq otağımızın divarında asılı qalaraq hər baxanda bizi riqqətə gətirdi. Bir dəfə evimizə bir keçmiş müharibə iştirakçısı gəldi. O adam bu şəklə uzun-uzadı baxdı. Çəkildi, sonra yenə qarşısına gəlib, dayanaraq uzun-uzadı baxdı. Sən əsəri divardan çıxarıb:

- Qardaş, götür, - dedin. – Bu əsər mənim də çox xoşuma gəlir, çox. Götür, götür.

O vaxt Babayevlə birlikdə üstündə işlədiyin pyesin adı mənə maraqlı gəldi: «İvan İvanoviç adlı adam olubmu?». Çəkinə-çəkinə səndən bu pyesin nə barədə olduğunu soruşdum. Dedin ki, istəsəm, Babayev rus dilinə tərcüməni qurtarandan sonra oxuya bilərəm. Amma Babayev üzümə çoxmənalı baxışlarla baxaraq, bildirdi ki, maestro zarafat eləyir...

- Həyatda ən təhlükəli şey hakimiyyətlə imtahana çəkilməkdi. Xüsusilə siyasi hakimiyyətlə. Stalin də buna bir nümunədir. Mən öz pyesimi yazanda bu barədə düşünürdüm. Bir sözlə, gözəl qız, - bunu deyəndə sən üzümə gülümsədin, - düzdü, bürokratlar bizdən inciyəcək, amma nə etməli? Qoy incisinlər! – Sonra zarafatyana soruşdun:

- Ümid eləyirəm ki, siz hələ bürokrat olmamısınız?

Hamı güldü. Hətta Babayev də bir az gülümsədi.

Aradan günlər, həftələr, aylar keçdi. Biz səninlə tez-tez görüşürdük. Gah Moskvada, gah Peredelkinoda. Bağ evinə həmişə Valentina Brumberqlə gəlirdik. Məlum oldu ki, ilk görüşümüz zamanı sən ondan mənim ərdə olub-olmadığımı soruşmusan. O isə:

- Yox! Siz nə danışırsınız? – deyə cavab verib.

Valentina zarafata salıb, sənə yalan dediyini mənə bildirdi. O bunu özünəməxsus sadəlövhlüklə belə izah elədi:

- Türklər çox qısqanc olur. Sənin ərdə olmadığını bilsə, bizimlə daha rahat işləyəcək. Ssenarini də daha tez yazacaq.

Axı ona ssenari lazım idi...

O hoqqabazın ağlına da gəlməzdi ki, dediyi bu yalan sonralar hər şeyi necə çətinləşdirəcək.


ARDINI OXU

«Oktyabr» jurnalı, 2007, № 8
Jurnal variantı
XS
SM
MD
LG