Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Rotşild, Nobel kimi milyarder olmaq istəyən azərbaycanlı kim idi?


QANTƏMİR "Ağıl dəryası" (Hekayə)

-

Beş yüz kravatlı bir xəstəxana tikdirərdi... öz adına

Min evdən ibarət bir əmələ kəndi yapdırardı... arvadının adına.

Avropaya iki yüz tələbə göndərərdi... atasının adına.

Bayıl burnundan Nargin cəzirəsinə bir körpü qudurardı... qardaşının adına



QANTƏMİR


AĞIL DƏRYASI

(Hekayə)

Türkcə oxur və yazardı, çünki onun ana dili idi.

Ərəbcə yazardı, danışa bilməzdi.

Rusca danışardı, yaza bilməzdi. O bir kərə də olsun təhsildən fariq olmamışdı.

Böyük adamların həmişə elmlə, fənlə məşğul olduğunu bilirdi. Zehni açıq, fikri də aydın idi.

Çalışmağı sevərdi, ancaq çalışmaq üçün vaxt tapa bilməyirdi.

O, vətənə, Azərbaycanına böyük xidmətlər etmək istəyirdi! Marks, Mirabo, Danton, Robespyer kimi inqilabçıların şöhrətini, Böyük Fridrixin, Prins Bismarkın, Pyotrun, Səlimi-Salisin nə sürətlə tarixə keçdiyini oxumuş, ağzı sulanmışdı.

Ancaq bu, onların heç biri ola bilməzdi.

Zəmana özü onların böyüklüyünü tələb etmişdi. İndi o zaman deyil idi.

Bir iş də vardı: elə böyük adam olmaq üçün Azərbaycan ölkəsi kafi gəlməyirdi.

- Yox, -deyirdi, -zaman o adamları böyük yaratmış, onların böyüklüyü təsadüfidir. Həqiqi deyil. Məsələn, ikinci Vilhelm, general Moltqe və alman əsgəri olmaya idi, Bismarkın nə əhəmiyyəti ola bilərdi? Halbuki insan özü öz başına böyük olmalı!

Saatlarca belə düşünürdü, heç bir şeyə qərar verməyirdi.

Bir arada fəlsəfə ilə iştiqal edərək, Azərbaycan filosofu olmaq istədi. Çünki Azərbaycanda hər şey, hər şey vardı, bircə «filosof» yox idi. Vicdanən razı olmayırdı ki, onun vətəni belə filosofsuz qalsın. Attika kimi kiçik bir şəhər bütün «fikir» aləminin dimağına öz fəlsəfəsilə «hakim» olmaq şərəfini qazansın da, Azərbaycan nə üçün bu şərəfdən məhrum qalsın? O öz vətəninə belə bir şərəfi qazandırmalı idi. Bu böyük bir xidmət deyilmi idi? Filhəqiqə o bir neçə gün fəlsəfə ilə məşğul oldu. Lakin bir müddət sonra bu fikrindən haqlı olaraq vaz keçdi.

- Fəlsəfə,-deyirdi,-çıplaq, soyuq bir elmdir. Bütün köhnə əsərləri, köhnə əqidələri, köhnə fikirləri oxumaq, araşdırmaq lazımdır. Halbuki əsrimiz bir “təcəddüd” əsridir, bir “yenilik” devridir. Hər şey yenilik tələb edir. Belə kiflənmiş fikirlər arasına düşmək ağılsızlıqdır.

O, öz ağlını, zəkasını, biliyini vətəninə faydası olmayan yerlərə sərf etməkdə çox xəsis idi. Filosofluq fikrini bu sürətlə tərk etdikdən sonra böyük bir tacir olmaq qayğısına düşdü.

Külli pul qazanacaq, ticarəti genişləndirəcək, Avropa və Amerika maliyyəçiləri, bankirlərilə münasibətə girişəcək, “Azərbaycanın məşhur taciri” olacaqdı. Bu heç fəna fikir deyil. Nə olursa-olsun, nəticə Azərbaycana xidmətidir! O, məsələn, Nobel, Ford, Rotşild kimi dünyanın məşhur zənginlərindən biri olsa idi, nə yapmazdı!

Beş yüz kravatlı bir xəstəxana tikdirərdi... öz adına

Min evdən ibarət bir əmələ kəndi yapdırardı... arvadının adına.

Avropaya iki yüz tələbə göndərərdi... atasının adına.

Bayıl burnundan Nargin cəzirəsinə bir körpü qudurardı... qardaşının adına. Bakı dənizilə Bəhri-siyah arasında bir kanal açdırardı... Azərbaycan kanalı.

-Nə var ki? Elə milyarder olunca bu kimi işlər uşaq oyuncağı kimi gəlir. Nə çarə ki, bu işlərə başlaq üçün onun azı min manatı da yox idi. Hələlik bu fikri tərk etdi.

-Nə etməli? İnsafsız təbiət çevmərdligi, səxavəti, himməti mənə vermiş, paranı başqasına, -deyirdi.

O həmişə düşünürdü! Onun özünə məlum idi ki, düşünmək özü çalışmaqdır”. Məşhur alim Nyuton cazibə qanunlarını daima düşünməklə bulmamışmı idi?

Düşündükcə bulduğu fikir, onun başında 3-4 gün qalırdı. Sonra yenə yeni düşüncələr, yeni arzular oyanırdı.

Bir gün:

-Vətənə xidmət üçün məşhur olmaq, məşhur olmaq üçün də mühitin xaricinə çıxmanın lazım gəldiyinə qənaət etdi.

O hansı kitabda isə oxumuşdu ki, «dahilər, mühitin xaricinə çıxanlardır». Mühitdən kənara çıxmaq iki cürə ola bilirdi:

1.Mühitdən zahirən və xaricən aralanmaq.
2.Mühitdən fikrən, elmən aralanmaq.

O, hələlik xaricən aralanmaq istəyirdi. Məsələn: son moda kastyumların heç birini bəyənməzdi. O belə gəzirdi: başı açıq, saçları da iki tərəfdən boynunun ardına tökülmüş. Buna fəlsəfə ilə məşğul olmaq istəyən zamandan başlamışdı.

Sonra:

Qabardinvari rubaşkanın üzərindən tolstoyvari qaytan. Ayaqqabı intixabında müəyyən qərara gələ bilməmişdi. Bir neçə lotkaya bənzər ayaqqabıdan iyrənirdi. Yastı burundan xoşlanmayırdı. Dikdabandan zəhləsi gedərdi.

-Canım! Hər şeydə bir dəyişiklik var, hər şeydə-bir yenilik var, ayaqqabılarımızsa hələ əski biçimini tutub enli durur,-deyə şikayətlənirdi.

Bir gün Fizuli küçəsində bir çəkməçiyə müraciət etdi. Barmaqların yerləri ayrı-ayrı bir növ ayaqqabı tikdirmək arzusunu bəyan etdi. Baş usta, bu biçimdə ayaqqabı üçün «qalıb» olmadığını bəhanə edərək nazikanə bir sürətdə bu təklifi rədd etdi. Dükəndə işləyən xırda-xuruş uşaqlar dodaq altından gülməyə başladılar. Bu onların gülməyini görməməzlik kimi bir böyüklük göstərdi. Çünki:

Kütlə hənuz avamdır. Hər yeni fikrə daima etiraz edər, -deyirdi.

Əgər kütlənin avamlığı bu dərəcədə şiddətli, bu dərəcə masxaraamiz olmasa idi, o çoxdan qaşlarını qırxdırmışdı.

-Biz şərqlilər nə qədər geridəyik, -deyirdi .-Burada bilənlər bilməyənlərə tabe olmalıdır, nə qədər icad və ixtira olunmalı şeylər var ki, avamın qorxusundan insan yaxın dura bilməyir. Bununla belə, daima o, qəzetlərdə çıxan yeni şeylərin əleyhinə gedirdi. Məsələn: bir arada mətbuatda qızların ərə getmək yaşı müzakirə olunurdu. 16 deyən vardı, 18 deyən vardı, 20 deyən vardı. Bu müzakirə və münaqişələri oxuyub:

-Məncə heç qızları ərə verməməlidir,-deyirdi.

Amma qızları nə etməlidir, onu «qəsdən» söyləməyirdi. Bununla belə, on altı yaşındakı bacısı Züleyxanın bir tələbə ilə qoşulub qaçdığını xəbər alırkən, bütün hökumət dairələrini bir-birinə çaxnaşdırmış, bütün şəhəri araq-varaq etmişdi.

Filosofluqdan əbədilik, tacirlikdən “hələlik”, müvəqqəti olaraq əl çəkdikdən sonra “Azərbaycanın ən məşhur bir müəllimi, ən dəyərli bir pedaqoqu” olmaq istədi.

-Dəyərli və məşhur bir müəllim olmaq üçün elmlərin birindən mütəxəssis olmalıdır, -dedi.

Ümumi-riyaziyyəni intixab etdi.

Çalışdı, çapaladı, qoltuq-qoltuq dəftər korladı. Müadələlər, düsturlar həll etdi. Doğrusu, bu elmdə irəlilədi. Öz döşündən hesab məsələləri yazdı. Birinci dərəcəli məktəbin lap son sinfinə müəllim təyin olundu. Məsləkini, elmini sevdi, bəyəndi. hətta bütün tələbələrin özü kimi riyaziyyatçı olmasını istədi. hər gün dərsə girəndə münasib bir söz tapıb riyaziyyata nə cürə çalışdığını, uşaq vaxtı bu elmə nə qədər həvəsi olduğunu və axırda belə bir “mərtəbəyə” nə cürə çatdığını bir-bir şərh edərdi.

Elmi-heyətə ilə maraqlandı. Hansı ulduzun hansı ildə və kimin tərəfindən kəşf olunduğunu öyrəndi.

Get-gedə riyaziyyatdan da usanırdı. Bunun səbəbi vardı. O deyirdi ki:

-Göydə kəşf edilməmiş ulduz qalmayıbdır. Elmi-heyətə çalışmanın nə faydası var? O istəyirdi, lap yeni bir ulduz kəşf etsin, onun hərəkətini, məhrəkini təyin etsin və «filan ulduzu Azərbaycanın filan müəllimi filan tarixdə kəşf etmişdir» desinlər. Burada öz nəfsini deyil, Azərbaycanın şərəfini düşünürdü.

Professor Malinovski Azərbaycanda insanın birinci boyun fəqərəsində bu vaxta qədər elmi-təbabətcə məlum olmayan bir “bağ” tapmış, Bazel şəhərindəki Tibb Akademiyasında bu «bağı» Azərbaycan naminə adlandırmamışdımı?

Bir də o, geniş zəkasını, bol istedadını riyaziyyat kimi məhdud və dar çərçivə içərisində həbs etməyi insafsızlıq saydı. Təbiyyətə çalışmaqla Azərbaycan üçün daha çox fayda gətirəcəyinə iman etdi. Nəbatat qismində çalışacaq idi. Heyf olsun ki, buna vasitə yox idi.

- Bir şeyi natamam bilməkdənsə, heç bilməmək daha yaxşıdır,-demişdi. Bütün nəbatatı tədqiq etməli. halbuki Azərbaycanda başı-ayağı iki yüz cür nəbatat ola bilərdi. O, boş durmayırdı. Boş durmağı qeyrətsizlik, himmətsizlik sayırdı. Odur ki, bir gün qəzetə bir məqalə yazmaq istədi. Çox düşündü. Məqalənin mövzuunu tapa bilməyirdi. Onun aradığı ictimai və ciddi bir mövzu idi. Aradı... aradı... tapdı: məqalənin sər-lövhəsi “Azərbaycanda ədəbi-müaşərət” olacaqdı, yenə düşündü:

-Yazı yazarkən, kütləni, oxucunu mülahizə etmək lazım. Onların ruhuna uyğun yazılar yazmalı.

Həftəlik məcmuələri tökdü, aradı, məqalələri, hekayələri, şeirləri oxudu. Əlbəttə, bunları yazanlar xalqla hesablaşmaya bilməzdilər. Əlbəttə, xalqın ruhuna, arzusuna müvafiq yazılar yazmışdılar. Bu bir dəfə o yazılarla tanış olmalı idi. Qələm-kağız çıxartdı, not tutdu və aşağıdakı kəlmələri ayrı bir kağıza qeyd etdi: həyati-ictimaiyyə, Mikel Anjel, şüurlu dissiplin. Xarakter. Taqor. Lirik. Sentimentalizm. Qüdrəti-elmiyyə. İdeoloji. Yesenin. Xalqçılıq. Tədqiqati-fənniyyə və iləx... Tamam. Azərbaycan xalqına xidmət üçün qabağında geniş bir meydan açılmışdı. Bu da bu kəlmələri bir münasibət tapıb yazdığı məqaləyə, hekayəyə yerləşdirəcəkdi.

Ancaq burada bircə şey vardı: bu kəlmələrdən quraşdırılan məqalənin sərlövhəsi
“Azərbaycanda ədəbi-müaşərət” olmazdı.

Bu, yaramayırdı. Məqalə üçün ayrı və özü də ədəbi bir sərlövhə tapmaq lazım idi.

“Ədəbiyyatımızın cığırları”

Xeyr, bunu bəyənmədi.

«Bizdə ədəbiyyat»

Tamam. Bu yenidir. Qələmi yerə atdı. Ağır bir yük altından qurtarmış kimi rahatca papirosunu alışdırıb çəkməyə başladı. Bir saat sonra yenə qələmi götürdu. Bir neçə dəfə mürəkkəbə batırıb-çıxardı. Qabil deyil. Olmur ki, olmur. Böyük fikirlərin hamısı birdən beyninə hücum edər kimi... bunları düzüb quraşdıra bilməyirdi. Gecədən də çox keçmişdi.

Eyi çalışmaq üçün eyi istirahət etmək lazım olduğunu bilirdi. Qalxdı, rahatca yatdı.

Sabahı, duran kimi, axşam tapdığı sərlövhəyə baxdı:

-Bizdə ədəbiyyat.

Bunu da bəyənmədi. Bu ahəngdar deyildi. “Bizdə” ilə “ədəbiyyat” arasında kiçik bir fasilə vardı. Qulağa yaxşı gəlməyirdi.

Ədəbiyyatımız!

Bu daha sadədir. Axşam onun yorğun zehninə bu gəlmə gəlməmişdi. Yazmağa başladı.

-Bizdə hənüz xalq ədəbiyyatı təşəkkül...

Bir az dayandı. Əcaba, təşəkkül etmişmi yazsın? Etməmişmi yazsın? Axşam oxuduğu məcmuələri xatırladı. Bu məcmuələrdən görünürdü ki, hər kəs bizdə xalq ədəbiyyatının nəinki varlığına, hətta tərəqqisinə belə qayildir. Amma bu özünü hər kəsə bənzətmək istəmədi.

Hənüz bizdə xalq ədəbiyyatı təşəkkül etməmişdir, deyə yazacaq. Bunun üzərinə hər tərəfdən bir etiraz tufanı yağacaq, onu tənqid edəcəklər. Bu da cavab yazacaq, bununla da şöhrətlənəcək və bu surətlə mətbuatda nüfuzunu artırıb, gözəl fikirlərilə, iti və kəsgin zəkasilə vətənin avam xalqına “xidmət edəcəkdir”. Nə ali bir məqsəd!

-Çox yaxşı, bunu nə yol ilə isbat etməli? Fikrini daha dərinləşdirdi.

-Mirzə Fətəli, Hacı Qara, bir də Vaqif. Bir qədər düşündükdən sonra Hüseynzadəyə intiqal etdi.

-Nəhayət, Füyuzat məcmuəsi. Sabir! Əvət Sabir? Burada bir az durdu. Durdu. Qələmi buraxdı. Gözlərini bir nöqtəyə dirədi. Sonra öz-özünə beləcə söyləməyə başladı.

-Sabir şairdir. Bakıda bir heykəli, adına bir bağça və bir kitabxana var. Onu kəndlilər də, işçilər də, uşaqlar da, arvadlar da tanıyır. Bütün ədəbiyyat yıqıncaqlarında ondan bəhs edilir. İkinci qisim məktəblərdəki tələbə onun tərcümeyi-halını, Təbrizə nə vaxt getdiyini, uşaqlıqda Seyid Əzimdən nə cürə ilham aldığını bilməsə imtahandan keçməz. Bununla belə onun o qədər təhsili yox idi.

-Sabir olmağı istəmək ayıb deyil ki!

Məqaləni yazmalı olmadan tacirlik, filosofluq, müəllimlik, mühərrirlik... hamısı başından çıxdı. İndi də o, Sabir olmağa çalışacaq, həm də Sabir kimi deyil, onun zamanı başqa idi. İndi dörd qat ondan artıq olacaq. Çalışacaq, şeirdə xariqələr yarada Heça vəznilə, əruz vəznilə yazacaq. Əmələ həyatından köylü məişətindən, fabrikdən, zavoddan bəhs edəcək Futurizm məsləkini təbliğ edəcək. Nələr olmayacaq, nələr?!

Bütün məcmuələrin idarələri ona şeirlər ismarlayacaq, əsəri ruscaya tərcümə ediləcək, Moskva məcmuələri Azərbaycanın bu yeni şairi haqqında ədəbi tənqidlər, müsahibələr açacaq. Biz şərqlilərdə hər şeyi fəna görməyə alışan ingilislər bu şeirləri də mütəssib bir fikirlə tənqid edəcəklər, söz Avropaya yayılacaq, elə bir hala gələcək ki, onun qələminin ucundan, axan şeirlər bütün dillərə keçəcək və sonra bu şeirləri toplayıb - «Rayihati-bədiyyə» adlı bir kitab nəşr edəcək, tərcümeyi-halı, şəkli, heykəli, bağça... hamısı olacaq və son əsərini nəşr etdikdən sonra qışın soyuq bir günündə intihar edəcək, bütün məktəblər, bütün idarələr ona təntənəli bir təziyə alayı düzəldəcək yüzlərcə yerdən göndərilən güllərə, çiçəklərə, buketlərə bürünüb qəbrə girəcək, nitqlər...

Bu vaxtadək tacirlik, filosofluq, müəllimlik ədiblik kimi xırdapara şeylərlə fikir yorduğuna və necə olub da əvvəldən bu iş yadına düşmədiyinə . təəccüb edirdi. Artıq heç şəhərə çıxmayaçaq, bü gün evdə oturacaq, cümə günləri bulvarda:

- Bəy əfəndi, görünmürsünüz? -sualına çox təvazö və yumşaqlıqla:

- Yazım çoxdur, çıkamıyorum, çalışıyorum,-deyəcək.

İkinci həftə:

“Keçən gün... məcmuəsində çıxan şeiriniz ənfəni asardandır” dedikləri zaman əlini ovuşdurub:

-Yox, canım! Çox əhəmiyyət verirsiniz. Bu hər kəsin yaza biləcəyi bir şeydir,-deyəcək. Arkadaşlarının və tanımadığı bir-iki Şərq fakultəsi tələbəsinin çox təkidindən sonra bulvarın qəhvəxanasında bir masa başına oturacaq. Tələbə qızlar, gənc mühərrirlər, tanışlar tərəfindən verilən salamlara çox təvazö ilə baş əyəcək. Zərif bir qız gəlib:

-Nə içərsiz?-deyəcək. Hamı yoldaşları bunun üzünə baxacaq.

-Bir istəkan limonlu çay.

-Çay daha yoxdur, pivə var, marojna var, şişlik var.

-Çayın ucuz olması belə zərif bir məxluqu yalan deməyə məcbur edir,-deyəcək. Bu şux zarafata və bu, hazırcavablığa hər kəs təqdir oxuyacaq, sonra məcmuədə ayrı bir yoldaşının şeirini vüquflu və ətraflı bir sürətdə təhlil edəcək. O biri həftə o yoldaşı da bunun haqqında qəzetlərə “mabədi var”lı məqalələr yazacaq. Nə olar? “Xeyr və şər borc olar” deyərlər.

“Ədəbiyyatımız” sərlövhəsini yazdığı birinci səhifəni cırdı, atdı. Papirosunu yandırdı. Axşamkı məcmuələrin bu dəfə şeir qismini mütaliəyə başladı. “Əsərin kütləyə yaxın” olmasını istəyirdi. İstəmirdi ki, kütləyə qeyri-mənus bir kəlmə ilə xitab etsin. Özündən əvvəlki şairlərin şeirlərini oxudu. Karandaşı çıxarıb, bu kəlmələri yazdı; şu, bu, çiçək, ruh, incə, tez, qabarlı əl, zindan, ərs, təsəlli, əvət, divar, rənbə, xeyir, qızcığaz, yanıyorum, mələk, tul qadın...

Gənc şairim əşar və ədəbiyyata daha ətraflı vaqif olmaq üçün köhnə şairlərimizin də əsərlərini, şeirlərini oxudu. Bunların üstündə gözlərinin qorasını axıtdı. Evirdi, çevirdi. Qələmi götürüb aşağıdakı kəlmələri qeyd etdi: qiyamət, buxaq, zənəxdan, dodaq, külfən, şərabi-nab, qədəh, şəhidi-Kərbəla, hamam daşı, sultan, məşqin, pivə.

Artıq çalışmanın, hərəkətin, səyin, əzmin, yolunu, irizini, ləpirini bulmuşdu. Xalqın köhnə fikirli qisminə köhnə üsulla, yeni fikirlərə yeniliklə xitab edəcəkdi.

Heç bir fərdi, heç bir kəsi öz xidmətindən məhrum etməyəcəkdi. O həm köhnələr, həm yenilər tərəfindən seviləcək və oxunacaq idi. Məsələ ciddiləşmişdi. Xidmət və şöhrət qapısı açılmaq üzrə idi. Amma burada yenə bir iş, özü də çox mühüm iş aralığa çıxırdı. O da xalq arasındakı bayatıları, əski kəlmələri, müxtəlif ləhcələri toplamaq işi.

Azərbaycanın bu sevimli şairi bütün unudulmuş kəlmələrimizi canlandıracaq, paslanmış bayatılarımızı cilalandıracaq, qarışıq ləhcələrimizi birləşdirəcək, ədəbi bir dil, şeir dili yaradacaqdı.

O günlər qəzalarda “kooperativ kampaniyası” aparmaq üçün mərkəzdən bir heyət göndərilirdi. Bunu Nuxa ,qəzasına göndərmək istədilər, getmədi. Çünki profes-sor Aşmarin gedib Nuxadakı ləhcələrin altından girib üstündən çıxmış və öz qiymətdar əsərini nəşr etmişdi. Quba qəzasına getməyi arzu etdi. Çalışdı, çapaladı, özünü ora saldı ki, saldı.

Gündüzlər saat ikiyə qədər kooperativ işlərinə məşğul olur və sonra axşama qədər çayçı dükənlərini dolaşır, sual edir, müqayisə edir, tutuşdurur, yazırdı. Dəftərində iki sütun açaraq belə yazmışdı:

Mənim ləhcəm Quba ləhcəsi

gediyorım gedədəm

gəliyor gələtdi

doğa doyuğa

xəngəl xınqal

Quba çayı Qudyal çayı

əkin yeri mərc

iməcilik (subbotnik) ev-rəz

türk moğal


Belə kəlmələrdən daha çox yazdı, hara çatırdı dəftərini çıxarıb yazırdı. Yerli camaat bunun bu zəkasına, fərasətinə diqqət verib və çalışqanlığına heyran olurdu.
Bir dəfə çayçı dükanında bir el aşığının ağzından bu bayatını yazmışdı.

Dərdin aldı çanımı
Ay gözü göyçək gəlin,
Qırmızı birçək gəlin.

On beş gün Quba qəzasında dolaşdıqdan sonra Bakıya qayıtdı və şeirlərini yazmağa başladı. Onun şeiri hələ mətbuata keçmədi. Buna da səbəb özüdür. Bu “sirri” hər kəsə də deyir. Yorulmadan, usanmadan şairliyə məşğuldur və səyahət xatirələrini belə nəql edir:

“Əzizim, mən Quba şivəsini tədqiq edərkən, gördüm xalqımız avamsa da, yenə adamına qiymət qoyur. hər kəsə müraciət etdimsə, zəngin məlumat topladım və bu işlə xalq özü maraqlanırdı. Vaxtilə gedilməmiş, zəhmət çəkilməmiş, getdim, zəhmət çəkdim, səfasını da gördüm və hələ görürəm. Bilirmisiniz, camaat mənim fəaliyyətimi görüb nə deyirdi?

Kişi ağıl dəryasıdır. Ağıl dəryası...”

1927
XS
SM
MD
LG