Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Afaq Məsud: "Rüstəm İbrahimbəyov qorxunc çağırışlar edir, bunu qəbul etmirəm"


Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: "Bu gün bizim dövlətimiz işğal olunmuş ərazi kimi idarə olunur" (Debat)

-


Cəmil Həsənli:

- Yəni Rüstəmə qarşı kimliyi bəlli olmayan birisi aqressiv, söyüşlə danışa bilər, amma Rüstəm danışa bilməz?

Afaq Məsud:

- Danışsın. Saytlar açıq, qəzetlər açıq. Ona qadağa qoyan var? Danışığın da çərçivəsi var. Mənim üçün vacib məsələ Azərbaycanda əmin-amanlığın qorunmasıdır.


Ziyalı kimə deyilir və o, nəylə məşğul olmalıdır? Sənət adamı yalnız sənətlə məşğul olmalıdırmı?

“Pen klub”dakı debata Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli və bu günlərdə forumun fəalı, kinodramaturq Rüstəm İbrahimbəyova açıq məktub yazmış yazıçı Afaq Məsud (telefonla) qatıldılar.


“SABAH BİZDƏN SORUŞMASINLAR Kİ...”

Cəmil Həsənli:

- O yerdə ki demokratik təsisatlar işləyir, yetkin vətəndaş cəmiyyəti formalaşıb, orda ziyalının missiyasına ehtiyac qalmır. O yerdə ki anti-demokratik rejimlər qalmaqda davam edir, insanların haqları pozulur, Konstitusiyada təsbit olunan hüquqlara ciddi əngəllər yaradılır... (ardı aşağıda)

PROQRAMIN AUDİOYAZISI



VİDEOYAZISI


Məsələn, Azərbaycan Konstitusiyasında deyilir ki, xalq hakimiyyəti formalaşdırmaq haqqına malikdir. Faktiki bu maddə işləmir. Azərbaycan xalqı hakimiyyətin formalaşmasından uzaqlaşdırılıb.

Belə yerdə ziyalı sözünə ehtiyac var. Belə yerdə ziyalı səsini qaldırmalıdır. Əgər ziyalı vaxtında avtoritarizmə, diktaturaya gedən yolun qabağında dayanmırsa, öz sözünü demirsə, onda o ziyalı üçün də, xalq üçün də, o avtoritarizmə meyl edənlər üçün də ciddi problemlər yaranır. Bir də mən hesab etmirəm ki, biz böyük ziyalıyıq. Böyük ziyalı Mirzə Cəlil idi, Həsən bəy Zərdabi idi, Əli bəy Hüseynzadə idi, Əhməd bəy Ağaoğlu idi, Əlimərdan bəy Topçubaşı idi, Məhəmməd Əmin Rəsulzadə idi.

Biz sadəcə vicdanımızın hökm etdiyi bir sıra məsələlər var ki, onları etməyi vacib sayırıq. Ən azı ona görə ki, sabah bizim öz uşaqlarımız, nəvələrimiz, öz yaxınlarımız bizə baxıb sağ qalsaq özümüzdən, qalmasaq ruhumuzdan soruşmasınlar ki, axı siz bu cəmiyyətdə yaşayırdız, bu rüsvayçılıqları görürdüz, niyə etiraz etmədiz?.. Mən hesab edirəm ki, Rüstəmlə bağlı məsələ təsadüfən ortaya atılmayıb. Axı bundan daha vacib məsələlər var.

Şahnaz Bəylərqızı:

- Məsələn?

Cəmil H:

- Parlamentin rüşvətlə formalaşdırılması, məhkəmə hakimiyyəti ilə bağlı ortaya çıxan video materiallar... Axı, bu, milli faciə kimi bir şeydir. Bəzən deyirlər ki, nəyisə söyləmək dövlətçiliyə ziyandır. Deməli, müharibə aparan ölkədə hakim elita bu dövləti korrupsiya bataqlığına yuvarlada bilər, bu, dövlətçiliyə ziyan deyil, amma beş-altı ziyalının bunu dilə gətirməsi dövlətçiliyə ziyandır?.. Bu gün Azərbaycanda kimi topuğuna, kimi dizinə, kimi də xirtdəyinə qədər korrupsiyanın içindədir, dövlətçiliyimizlə bir yerdə.

Afaq Məsud
Afaq Məsud


Şahnaz B:

- Və siz də hesab edirsiz ki, ziyalı buna etirazını bildirməlidir...

Cəmil H:

- Bildirməsə də, ən azından bildirənlərə etiraz etməməlidir.

“SINAQ TƏCRÜBƏLƏRİ APARMAĞA HAQQIMIZ YOXDUR”

Afaq Məsud:

- Ziyalı işıqlı deməkdir, yəni qaranlıqlara işıq saçan, aydınlıq gətirən. Lakin istənilən halda ziyalını da, sənətçini də ölkənin sabitliyi və əmin-amanlığı düşündürməlidir. Cəmil müəllimin dediyi ziyalı mövqeyinə gəlincə, mən bilirəm ki, bu mövqe heç də siyasiləşmə, insanlarda çaşqınlıqlar yaradan çıxışlar və bəyanatlar deyil. 1990-cı illər Allaha şükür hamının yadındadır. Çörək və yanacaq qıtlığı, zülmət küçələr, gecələr uzaq məhəllələrdən eşidilən gülləbaran səsləri, iqtisadi, siyasi, hərbi iflas, anarxiya və sairə və ilaxır. Bütün bunlar mənim “Azadlıq” romanımda var. Biz bu tarixi dərsi almışıq. Yenidən sınaq təcrübələri aparmağa haqqımız yoxdur.

Şahnaz B:

- Amma Cəmil Həsənli inqilablara, iğtişaşlara çağırmırdı. Sadəcə deyirdi ki, ölkədə...

Afaq M:

- Məni o məktubu yazmağa vadar edən məqamlar var. Rüstəm müəllim müsahibəsində açıq-aydın deyir ki, mənə münasibət dəyişməsə burda vəziyyət daha da gərginləşəcək, bilmirəm axırı nəylə qurtaracaq bu inqilabların, amma bu inqilablar labüddür... Ölkədə, əlbəttə xoşagəlməz hallar var və bunlarla mübarizə aparmaq vacibdir. Ancaq məsəl var, bit düşən başı təmizləməkdən ötrü bütövlükdə başı yandırmaq olmaz axı. Bu gün Azərbaycanın dağıdılmasında maraqlı qüvvələr var. Bunu hamımız yaxşı bilirik. Buna bir tərəfdən özümüz də təkan veririksə, onda vay bizim halımıza. Mənim anlamımda ziyalı mövqeyi vətəninə, xalqına təmənnasız xidmətdir. Bu eyni zamanda, əqidəni, məsləyini şəxsi nümunənlə göstərməkdir. Şəxsən mənim ictimai həyata marağım müxtəlif dövrlərdə yazdığm əsərlərdə var. 1980-ci illərdə “Suiti”, “Cəza”, 1990-cı illərdə “Azadlıq”, “Dahi”, “Prezident”, 2005-ci ildə “İkinci İoann”, “Can üstə”, son illərdə yazılan “Qatar altına atılan qadın”. Təhsil, əlifba haqda yazdığım məqalələr var. Yəni belə də etmək olar. Mən üsyançılığın, aqressivliyin tam əleyhinəyəm. Bir də məni dəhşətə gətirən Rüstəm müəllimin “mən, mən” deməyidir, öz maraqlarından çıxış edərək hədə-qorxu ilə danışmasıdır. Bu, ziyalıya yaraşan iş deyil.

Cəmil H:

- Mən Afaq xanıma da, onun yaradıcılığına da böyük hörmət bəsləyən adamlardan biriyəm. 90-cı illərin bədii ifadəsini əsərlərində gözəl verib. Mən o adamlardan deyiləm ki, soruşum siz bunu niyə yazmısız? Afaq xanım yetkin adamdır, nə yazıb-yazmadığını özü yaxşı bilir. Ancaq burda Azərbaycanın böyük fikir adamı, çox az-az yetişən Rüstəm kimi adam haqqında cəmiyyətin tör-töküntüləri – bunun Afaq xanıma dəxli yoxdur – nələr yazmırlar. Bu, yolverilməzdir.

Afaq M:

- Bu gün ziyalıların çoxu haqqında yazırlar. Mənim haqqımda da yazılır...

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“MƏN HEÇ KİMİN DİQTƏSİ ALTINDA YAZAN ADAM DEYİLƏM”

Cəmil H:

- Siz hansı informasiya mənbələrinə istinadla yazmısız bu məktubu, bax o mənbələrdə yanlışlıq var. Bu gün hakimiyyət, onun nəzarətində olan mətbuat Rüstəm haqda yalan istehsal edir. Siz torpaq haqda danışırsız. Kino evinin tikilməsinin nəyi pisdir?

Afaq M:

- Ay Cəmil müəllim, mən Rüstəm müəllimin “Azadlıq”, “Yeni Müsavat”a verdiyi sonuncu müsahibələrini oxudum. Bax, ondan dəhşətə gəldim və yazmaq qərarına gəldim. Təəssüflənirəm ki, siz də elə hesab edirsiz ki, mən hansısa mənbəyə istinad edirəm. Axı siz məni yaxşı tanıyırsız. Mən heç kimin diqtəsi, təsiri altında yazan adam deyiləm. Mən hakimiyyətdə olan sistem haqda fikirlərimi demişəm də, yazmışam da, özü də çox cəsarətlə. Buna məəttəl də qalıblar ki, mənə cəza üsulu filan tətbiq olunmayıb. İstəyirsiz inanın, istəyirsiz inanmayın. Bu məktub siyasi mətn deyil, bu bir ziyalının başqa ziyalının mövqeyinə münasibətidir. Məncə, ziyalı öz xalqı, dövlətçiliyi, ziyalıları, məmurları (bu məmurların içində yaxşıları da var axı) bu qədər təhqirlə, hədə-qorxu ilə, aqressiv danışa bilməz. Ola bilər o gün Rüstəm müəllimin ovqatı pis olub...

“İŞIQLI ZİYALI GƏRƏK DÜNYANIN ÇİRKAB LAYI İLƏ MƏŞĞUL OLMASIN”

Şahnaz B:

- Afaq xanım, siz Rüstəm müəllimin mətbuata verdiyi son müsahibədən danışdız. O müsahibədə AzadlıqRadiosunun əməkdaşı olaraq mən də iştirak edirdim. O müsahibədə Rüstəm İbrahimbəyov dəqiq belə demişdi: “Məqsədimiz ölkəmizi demokratik yola yönəltməkdir. Bunlar siyasətini dəyişməsələr, inqilab olacaq, dəhşətli inqilab olacaq”.

Afaq M:

- O müsahibə əlimin altında deyil. Amma yadımda qalan odur ki, Rüstəm İbrahimbəyov deyir: “Mənə qarşı münasibət dəyişşməsə, bundan da pis olacaq”. Ziyalı öz maraqlarını ortaya qoya bilməz. O ki qaldı, torpaq sahəsinə, mən Rüstəm müəllimin yazdıqlarından sitat gətirmişəm. Mən heç bilmirəm orda nə baş verir, kim alır, kim satır. Sadəcə, yazıçının dilində torpaq alqı-satqısı, restoran, şəbəkə-filan mənim üçün qəbuledilməzdir. Cəmil müəllim dedi ki, o, işıqlı ziyalıdır. İşıqlı ziyalı dünyanın çirkab layı ilə gərək məşğul olmasın. Məni narahat edən budur.

Cəmil Həsənli
Cəmil Həsənli


“AFAQ XANIM, SİZİN MƏKTUBA 80 RƏY GƏLİB”

Cəmil H:

- Kino Evinin, Festival Mərkəzinin tikilməsində hansı çirkabdan söhbət gedə bilər? Bu adam ölkəsi üçün Kino Mərkəzi tikirsə, orda festival keçiriləndə onun yanında kafe də olacaq ki, adamlar bir stəkan su alıb içsinlər. Burda hansı biznesdən söhbət gedə bilər? Afaq xanım, mənim əzizim, sizin yazını “Qafqazinfo” səhifəsinə qoyub, ora 80 rəy gəlib. Bu ictimai rəydir.

“MƏNİM İDARƏM BİLİRSİZ NƏ GÜNDƏDİR”

Afaq M:

- Bu, ictimai rəy deyil. İkincisi də, ictimai rəy məni heç vaxt maraqlandırmayıb. Mənim öz mövqeyim var, inamım var. O şərhlər atmacalardır, onu yazanların mənim haqqımda təsəvvürləri yoxdur. Biri deyir ki, deputat olmaq istəyir. Absurda bax. Mən deputat olmaq istəsəydim, namizədliyimi verərdim, siyasətlə məşğul olardım, mən əsərimi yazıram, mənim idarəm özünüz bilirsiz nə gündədir. Kasıb ədəbiyyat ərazisində yaşayan adamam. Bunlar yazırlar: “Aha, bu, “yaz” əmri alıb”, o biri yazır ki, bu, dövlətə yarınmaqdır. Bu, rəy deyil. Atmacadır.

“BU DÖVLƏT HOLDİNQ KİMİ İDARƏ OLUNUR”

Cəmil H:

- Siz yazınızda da dövlətçilik məsələsinə toxunmusuz. Dünyada hansı korrupsiya qalmaqalını, rüşvət məsələsini qaldırırlarsa, içindən Azərbaycan çıxır. Azərbaycanda parlamentin rüşvətlə formalaşdırılması, deputat mandatının alveri ilə bağlı görüntü dünyanı dolaşır. Bu gün açılan faktlardan aydın olur ki, hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını oğurlayıb onun yaxınlarından külli miqdarda pul tələb edir. Bu, dövlətin kriminallaşdırılmasıdır. Mən hesab edirəm ki, Rüstəmin dövlətçiliyə ziyan gətirməsindən daha vacib məsələlər var, biz ziyalılar ondan danışmalıyıq. Bu gün bizim dövlətimiz holdinq kimi idarə olunur, işğal olunmuş ərazi kimi idarə olunur. Azərbaycan müəlliminin, həkiminin əmək haqqı bir həftəyə çatmır. Amma Azərbaycan hakimiyyəti ən bahalı layihələri maliyyələşdirir.

Afaq M:

- Bunlar var. Bayaq dedim ki, ziyalılar buna münasibət bildirməlidirlər. Bu, ayrı şeydir. Mənim məktubumun mahiyyəti tamam ayrı şeydir. O münasibəti bildirməyin arxasında şəxsi maraqlar, incikliklər dayanmamalıdır. Ancaq orda qorxunc çağırışlar var. Mən bunu qəbul edə bilmirəm.

Cəmil H:

- Yəni Rüstəmə qarşı kimliyi bəlli olmayan birisi aqressiv, söyüşlə danışa bilər, amma Rüstəm danışa bilməz?

Afaq M:

- Danışsın. Saytlar açıq, qəzetlər açıq. Ona qadağa qoyan var? Danışığın da çərçivəsi var. Mənim üçün vacib məsələ Azərbaycanda əmin-amanlığın qorunmasıdır.

Şahnaz B:

- Afaq xanım, Cəmil müəllim dedi ki, Rüstəm İbrahimbəyovun dediklərinə münasibət bildirirsiz, ancaq ölkədə daha ciddi məsələlər haqda danışmırsız. Məsələn, onun dediyi Gülər Əhmədova məsələsi...

Afaq M:

- Qəribə danışırsız. Mən yazıçıyam. Mən oranı çirkab ərazi sayıram. Mən o işlərin içinə girib kim kimdən nə alıb, neyləyib... Bunun üçün prokurorluq var, MTN var. Mən öz ərazimizdə lazımi məqamlara, məni narahat edən məqamları deyirəm, yazıram. Mən bu işlərə qarışmaq üçün özümü “kompitentni” hesab etmirəm.

“RÜSTƏM HEYDƏR ƏLİYEV DÖVRÜNDƏ DƏ, SONRA DA SÖZÜNÜ DEYƏN ADAM OLUB”

Şahnaz B:

- “Rüstəm bəy Heydər Əliyevin zamanında niyə həqiqətlərlə bağlı susurdu?” Dinləyici soruşur.

Cəmil H:

- Rüstəm heç vaxt susmayıb. Heydər Əliyevin dövründə “Dalğaların düzümü” əsərini yazıb. Əminəm ki, oxucunun ondan xəbəri yoxdur. Postsovet dövründə Azərbaycandakı rüsvayçılıq, qətllər, mafioz qruplar bu əsərdə var. Tarixin elə məqamı olur ki, öz sözünü mətbuatda deyirsən və ya əsərində deyirsən. Rüstəm Heydər Əliyev dövründə də, sonra da sözünü deyən adam olub.

Afaq M:

- Mən Rüstəm müəllimin şəxsiyyətinə toxunacaq heç nə deməmişəm. Mən Rüstəm müəllimin nə istedadını, nə də əsərlərini danıram. Məni narahat edən onun ziyalı mövqeyidir.,,
Proqramdan sonra
Proqramdan sonra
XS
SM
MD
LG