Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:29

Amerika dərgisi Salman Rushdie-ni "yıxıb-sürüdü"


Salman Rushdie "Şeytan ayələri" kitab ilə, 2006, ABŞ
Salman Rushdie "Şeytan ayələri" kitab ilə, 2006, ABŞ
-

Qalmaqallı Britaniya yazıçısı Salman Rushdie-nin son kitabı – “Cozef Anton” Amerikanın “The New York Review of Books” dərgisində sərt tənqid edilib.

Məqalənin müəllifi, jurnalist, yazıçı Zoë Heller düşünür ki, S.Rushdie-nin ölüm fitvası altında yaşadığı illər barədə yazdığı memuar ziddiyyətlidir.

Xüsusən də onun İslama yaşaşması.

Z.Heller yazır ki, İranın ali dini lideri Xomeyni 1989-cu ildə S.Rushdie haqda ölüm fitvası verəndən, onun “Şeytan ayələri” kitabında Məhəmməd peyğəmbərin təhqir edildiyini iddia edənlər müsəlman ölkələrində etiraz aksiyaları keçirəndən sonrakı illərdə yazıçı İslam haqda ehtiyatla danışırdı, İslam dininin özünü hədəfə almırdı. İslamla radikal islamçılığı fərqləndirirdi.

Məsələn, 1995-ci “The Paris Review” jurnalına verdiyi müsahibədə o demişdi ki, İslam fundamentalizmi dini hərəkat yox, siyasi fenomendir: “Bu, bir növ müəyyən dini leksikondan istifadə edən siyasi faşist hərəkatıdır”.

Amma son kitabında S.Rushdie İslamın özünü də şər qüvvə gözündə görür.

Yazıçıya görə, necə ki Qərb marksistləri “əsl” marksizmi Sovet tipli kommunizmin dəhşətlərindən fərqləndirmək yönündə cəhdlər edirlər, İslamın da eynicinsli təsisat olmadığını idda etmək, onu İslam təməlçiliyindən fərqləndirmək cəhdləri yolverilməzdir:

“İslam iyrənc, ölümsaçan bir monolitdir və Qərbin bu dinə “hörmət”i – bu gülünc sözü həmişə dırnaqda yazmaq lazımdır – olsa-olsa “Tartüfsayağı riyakarlıqdır”.

Z.Heller yazır ki, İslamın islamçılıqla bu cür eyniləşdirilməsi “vicdansız və yanlış” yanaşmadır:

“Bu yanaşma kitabın digər yerlərində Rushdie-nin fitvadan sonra onu dəstəkləmiş müsəlman yazarlar barədə işlətdiyi xoş sözlərlə bir araya sığırmı? Yaxud da onun sənətkarın bəşəri tolerantlığı təbliğ etmək missiyası haqda dedikləri ilə uyuşurmu? Memuarın son səhifələrində o bizlərə yol da göstərir, deyir ki, ədəbiyyatın missiyası
Hindistanda Salman Rushdie-yə qarşı etirazlarda onun müqəvvası yandırılır, 1999, Dehli
Hindistanda Salman Rushdie-yə qarşı etirazlarda onun müqəvvası yandırılır, 1999, Dehli
insanların bir-birini anlamasına, sevməsinə, insanın özünü ona bənzəməyənlərin yerinə qoymasına dəstək verməkdir”.

S.Rushdie memuarında fitva dövründə “Şeytan ayələri” romanının amerikalı və britaniyalı naşirlərinin davranışını da tənqid edir. Onları “dişsiz” adlandırır. Xatırladır ki, “Penguin”in rəhbəri Peter Mayer və “Knopf”dan Sonny Mehta fitvadan sonra kitabı birmənalı şəkildə müdafiə etməmiş, daha sonra isə onun çapını davam etdirmək istəməmişdilər.

Məqalə müəllifi isə düşünür ki, nəşriyyat rəhbərlərinin o zamankı hərəkətinə anlayışla yanaşmaq lazımdır. Onlar öz işçilərinin təhlükəsizliyi barədə düşünməli idilər. Ölüm fitvası həm də kitabı çap edənlərə qarşı yönəlmişdi. Amma S.Rushdie-dən fərqli olaraq polis onları 24 saat qorumurdu.

Z.Heller onu da yada salır ki, “Şeytan ayələri” ilə bağlı qalmaqaldan sonrakı iğtişaşlarda 50-dən çox adam ölmüşdü. Buna görə də, naşirlərin kitabın çapını dayandırmasına o zaman da, elə indi də bəraət qazandırmaq və insani hərəkət kimi yanaşmaq lazımdır.

Məqalə müəllifi oxucuların diqqətini başqa bir ziddiyyətə də yönəldir.

S.Rushdie bir tərəfdən hesab edir ki, “Şeytan ayələri” haqsız tənqid edilir, yazar öz əsərində istənilən din haqda istədiyini deyə bilər, sadəcə romanı anlamaq lazımdır.

Amma o biri tərəfdən bu mövqe onun fitvadan 5 il əvvəl yazdığı essedəki fikirlərlə uyuşmur.

“Outside the Whale” (Balinanın çölündə) adlanan həmin essedə S.Rushdie Britaniya yazarlarının Hindistanın müstəmləkə olduğu dövrlərdən yazarkən imperialist miflərdən, stereotiplərdən qurtula bilməməkdə, həmin yanlış təsəvvürləri daha da dərinləşdirməkdə ittiham edir.
Məsələn, onun fikrincə, Paul Scott-un “Rac kvarteti” əsəri “ehtirasının qulu olan” yerlilərin guya ağ qadınlar üçün təhlükə törətməsi haqda irqçi sterotipləri dəstəkləyir.

S.Rushdie həmin essedə yazır ki, əsərin bədii olması onun tənqid edilməməsi üçün əsasa çevrilə bilməz, sənət əsəri həm də həqiqətlə yalanı bir-birindən ayırmalıdır.

Salman Rushdie memuarında fitva zamanı Britaniya hökuməti tərəfindən yetərincə müdafiə edilmədiyini də yazır. Z.Heller isə bununla razılaşmır, deyir ki, düzdür o zaman Britaniyanın baş. naziri olan Marqaret Tetçerin S.Rushdie-dən xoşu gəlmirdi (“Şeytan ayələri”ndə Tetçerə Mrs. Torture (İşgəncə xanım) deyilir), amma onun kabineti açıq şəkildə öz vətəndaşını müdafiə etmiş, başqa ölkənin ruhani liderindən gələn hədələrə cavab vermişdi.
XS
SM
MD
LG