Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:36

Hafiz Hacıyev İlham Əliyevi baş nazir təyin edə biləcəyini deyir


Hafiz Hacıyev
Hafiz Hacıyev
-

Müasir Müsavat Partiyası bu yaxınlarda öz sədri Hafiz Hacıyevi payızda keçiriləcək prezident seçkisində namizəd irəli sürüb. Bundan əvvəl də prezident və parlament seçkilərində iştirak etmiş və daha çox müxalifət liderlərinin ünvanına təhqiramiz ittihamları ilə diqqət çəkmiş Hafiz Hacıyevlə yeni seçki planları barədə danışmışıq.



- Hafiz bəy, sədri olduğunuz Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyiniz irəli sürüldü. Necə qarşıladınız bu təklifi?

- Mən bu təklifi dəstəkləmişəm. Qalır məsələnin rəsmiləşdirilməsi, ya mart ayında Siyasi Şurada, ya da apreldə qurultayda müzakirə olunub təsdiqlənəcək. Sonra seçki qərargahım yaradılacaq, səlahiyyətli nümayəndələrim müəyyən ediləcək.

- Sizdən əvvəl Müsavat Partiyası da başqan İsa Qəmbərin namizədliyni irəli sürüb. Onu özünüzə nə dərəcədə rəqib sayırsınız?

- O, mənə heç vaxt rəqib olmayıb. O, teledebatlarda heç vaxt mənim arqumentlərim qarşısında duruş gətirməyib və gətirə də bilməyəcək. O, mənim üçün çox zəif rəqibdir. Bu il o, mənim əlimlə siyasi səhnədən gedəcək. Mənim əlimdə onunla bağlı ciddi faktlar var və hamısını seçki ərəfəsində açıb-tökəcəyəm. Hələ bu məsələləri tam açıb demirəm ki, indidən üstümə düşməsinlər.

- İsa Qəmbəri özünüzə rəqib görmədiyinizi deyirsiniz. Bəs Yeni Azərbaycan Partiyasının sədrini – prezident İlham Əliyevi özünüzə rəqib sayırsınız? YAP funksionerləri namizədlərinin yenə də İlham Əliyev olacağını deyirlər...

- Əlbəttə, İlham Əliyev Azərbaycanda və dünyada nüfuzu olan və dövlətə 10 ildir rəhbərlik edən bir şəxsdir. Desək ki, İlham Əliyevdən güclüyük, düz olmaz.

- Deyirsiniz İsa Qəmbərlə bağlı əlinizdə xeyli faktlar, kompromatlar var. Bəs, İlham Əliyevlə bağlı nə var əlinizdə?

- Vallah, İlham Əliyev haqqında elə bir fakt bilmirəm. İlham Əliyevin bu gün Azərbaycanda apardığı müəyyən uğurlu işlər də var. Həmin işlərə kölgə salanlar da var. Bunu da inkar etmək olmaz.

Biz deyə bilmərik ki, hakimiyyətdən kimlərsə onun haqqında kompromatlar verəcək, ya verməyəcək. Axı hər bir insan haqqında kifayət qədər kompromat toplamaq olar. Biz siyasi mübarizə aparırıqsa, gərək elə bir addım ataq ki, rəqibimizi zərərsizləşdirə bilək. Mənə elə gəlir ki, hər halda İlham Əliyev seçkiöncəsi ciddi islahatlara getsə, xalq onun yenidən seçilməsindən ötrü müəyyən fikrini ortaya qoyacaq. Amma indi davam edən qalmaqallı hadisələr yenə davam etsə, çətinlik yaradacaq. Mən açıq deyirəm ki, bu qüvvələr onun ətrafındakı qüvvələrdir.

- İlham Əliyev siz dediyiniz addımları atmasa necə?

- Xahişlə, minnətlə, necə olursa-olsun, onun baş nazir olmasına çalışardım.

İlham Əliyev ciddi bir insandır, onu itirmək olmaz. O, böyük bir şəxsiyyətdir. Lap belə deyək, mən prezident səlahiyyətlərimdən bir hissəsini də kəsib, baş nazirə verərdim ki, siz bu sahəni daha yaxşı bilirsiniz, 10 ildir ölkəni idarə edirsiniz, burda da kömək edin bu işi görək.

5 il sonra lazım olarsa, İlham Əliyev yenidən prezident seçilə bilər. Burda elə bir problem yoxdur.

- Belə başa düşürəm ki, prezident seçkisi öncəsi bu addımları atacaq və atmalıdır. Xalqın bu qədər narazılığı var, bu narazılığı görməməyin özü də düzgün iş deyil. Cənab prezident istəməz ki, özünün imicinə bu qədər zərbə vuran adların üzərində duruş gətirsin.

- “Ətrafı” deyəndə kimləri nəzərdə tutursunuz?

- Hələ ad çəkə bilmirəm, indidən düşərlər üstümə. Bu, hamıya bəllidir.

- Elşad Abdullayev video yayır. Rüşvət və korrupsiya qalmaqalında hakimiyyətin ən yuxarı eşelonunda oturanların adları çəkilir. Bu deyilənlərə nə qədər inanırsınız?

- Bu, Azərbaycan reallığıdır. Azərbaycan reallığında nə olmayıb ki? Bu videolar hamısı həqiqətdir. Mən vaxtında bundan da çox faktlar açıqlamışam.

- Prezident seçkilərində qalib gəlsəniz, İlham Əliyevə hansı vəzifəni verəcəksiniz?

- Xahişlə, minnətlə, necə olursa-olsun, onun baş nazir olmasına çalışardım. İlham Əliyev ciddi bir insandır, onu itirmək olmaz. O, böyük bir şəxsiyyətdir. Lap belə deyək, mən prezident səlahiyyətlərimdən bir hissəsini də kəsib, baş nazirə verərdim ki, siz bu sahəni daha yaxşı bilirsiniz, 10 ildir ölkəni idarə edirsiniz, burda da kömək edin bu işi görək.

5 il sonra lazım olarsa, İlham Əliyev yenidən prezident seçilə bilər. Burda elə bir problem yoxdur. Onun ətrafındakıların onu top atəşinə tutdurmağına baxmayaraq İlham Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var.

- Siz İlham Əliyevin ətrafından danışırsınız. 100 faizlik şkala ilə götürsək, yanındakı adamların nə qədəri onun əleyhinə işləyir?

- Ətrafındakı adamların 70-80 faizi onun çörəyini yeyib, həm də ona xəyanət edir. İstənilən auditoriyada, teledebatda bunu birmənalı şəkildə sübut etməyə hazıram və mənim buna kifayət qədər imkanlarım var. İlham Əliyev də bunu bilir. Amma neyləsin...

İlham Əliyevi qorxutmaq üçün müxalifət yaradırlar və deyirlər ki, cənab prezident, icazə verin onu sakitləşdirək və bununla ona təzyiq edirlər. Əgər İlham Əliyevin yanındakılar bunun qarşısını alırsa, onlara dəymək lazım deyil. İlham Əliyevin ətrafındakı rüşvətxor məmurların bu günə qədər qalıb işləməsinə yardımçı olan birbaşa müxalifətin içərisindəki satqın qüvvələrdir. Misal da çəkim, Əli İnsanovu hakimiyyət həbs edən kimi, müxalifət onu müdafiə etməyə başladı.

- Hafiz bəy, sizin haqqınızda da deyilir ki, əslində, elə siz də müxalifətin qarşısına hakimiyyətin çıxardığı bir adamsınız. Bu fikirdə həqiqətin payı nə qədərdir?

- Elə bir qəbahət işləri yoxdursa, Hafiz Hacıyevdən niyə qorxurlar? Çıxaq teledebatlarda sözümüzü deyək, xalq kimə inanacaqsa inansın. Bunu deyən qüvvələrə görə mən öz mübarizəmdən geri çəkilməliyəm?.

- Deyirsiniz bəzi müxalifət partiyaları hakimiyyətdən pul alır. Bəs, rəhbərlik etdiyiniz Müasir Müsavat Partiyası necə maliyyələşir?

- Bizim partiyanın idarə heyətinin əksər üzvü vaxtilə böyük vəzifələrdə olmuş adamlardır. Çoxunun biznesi, xalqa xidmət edən istehsal sahələri var və biz öz partiyamızı bununla maliyyələşdiririk.

- Hakimiyyətdən sizə pul verilir?

- Bizə heç bir tərəfdən pul verilmir. Biz heç kimin sifarişi ilə hərəkət etmirik. Azərbaycanda müxalifətin birliyini pozan iki nəfər var və bu prezident seçkisində biz çalışacağıq ki, onları təmiz sıradan çıxaraq.
XS
SM
MD
LG